Erməni xisləti - "Daş yağan
gün" romanından...
"İlıq
yaz axşamı... Bağlı-bağatlı kənd alma, gilənar, gilas çiçəklərinə
bürünmüşdü. Naxır
örüşdən təzəcə qayıdırdı.
Adamlar mal-qarasını yerbəyer edirdi.
Çiyni sənəkli qız-gəlin şən əhval-ruhiyyə
ilə bulaq başına tələsirdi. Məscidlərin
minarələrindən azan səsi gəlirdi. Möminlər axşam namazına
hazırlaşırdılar. Güney məhəllədəki
həyətlərin birində toy məclisi qurulmuşdu.
Çal-çağır səsi kəndi
başına götürmüşdü. Aşıqların
sazı-sözü qəlbləri ehtizaza gətirirdi. Bir neçə saatdan sonra, gəlin atlanıb təntənə
ilə bəy evinə yola salınmalıydı. Bu əsnada,
aravermədən atılan top mərmilərinin
qulaqbatırıcı uğultusu kəndi təlatümə gətirdi.
Təpədən dırnağa qədər silahlanmış
ermənilər dörd bir tərəfdən qara
qarışqa kimi kəndi mühasirəyə aldı... Toy yasa döndü. Top mərmiləri evlərin
külünü göyə sovurdu. Güllü-çiçəkli
bağ-bağçaların xoş rayihəsi yayılan həyət-bacaları
barıt qoxusu bürüdü. Məscidlər,
mədrəsələr yerlə-yeksan edildi. Qadınların məşum naləsi,
uşaqların tükürpərdici
çığırtısı, mal-heyvanın mələrtisi,
itlərin ulartısı ərşə qalxdı. Minlərlə insan bir gecənin içində
evli-eşikli odlara qalandı. Kəsilən
toy qoyunlarının qanı insan qanına qarışıb,
balaca-balaca yumru daşları diyirlədirdi. Çiynində tüfəng, əlində dəyənək
olan bir neçə erməni kəndin mal-qarasını, ətrafdakı
at ilxılarını qabaqlarına qatıb hara isə
aparırdı. Coşqun dağ çayının
sahilində, yaşıllıqlara bürünmüş
alçaq təpələrin arasında minillərdən bəri
dinc həyat sürən və üç yüzdən
artıq evi olan Həsənli kəndi, XX əsrin əvvəllərində
bax, beləcə görünməmiş müsibətlərlə
üzləşdi..."
BƏRGÜŞADA
SÖZÜM VAR...
Dünyaya göz açdığım
Əliquluuşağı kəndinin kənarından bir
çay keçir Bərgüşad adlı. Uzaq-uzaq
dağlardan-dərələrdən, yal-yamaclardan
damcı-damcı, sısqa-sısqa, gilə-gilə, ovuc-ovuc
süzülüb bir məcrada qovuşur, gur axınla dərin-dərin
ümmanlara doğru baş alıb gedir. Daşlara
çırpılır, çilik-çilik olur, kükrəyib
şahə qalxır, gah bulanır, gah durulur, lakin məcrasından
kənara çıxmır Bərgüşad. Həzin nəğmələri ilə qəlbləri
ehtizaza gətirən, neçə-neçə el-obaya, kənd-kəsəyə
xoş ovqat, bin-bərəkət bəxş edən Bərgüşad.
Gəncliyimdə qənşər bir yerdə
dayanıb, uşaq heyranlığı ilə tamaşa etdiyim,
ahıllığımda yuxularımın qanadında hər
gecə görüşünə getdiyim, dəli bir həsrətlə
dalğalarını qollarımın arasına alıb dərinliyinə
baş vurduğum, duruluğunda durulub, dincəlib, rahatlıq
tapdığım Bərgüşad.
Taleyimizdə bir oxşarlıq var bu aşıb-daşan
çayla. Qələmimdən
süzülən qara mürəkkəb ağ
kağızlarda asanlıqla sətirlənməyib. Kitablarımdan sədası gələn
saysız-hesabsız məqalə, oçerk, felyeton, hekayə,
povest, qalın-qalın romanlar ərsə yetənə qədər
qələmimin yolu heç də rəvan olmayıb. Bərgüşad kimi başı daşdan-daşa dəyib,
sərt küləklərə, müxalif rüzgarlara, bəd
niyyətlərə məruz qalıb. Lakin
sarsılmayıb qələmim, səmtini dəyişməyib
sətirlərim. Yalana, yanlışa
uymayıb, bayağı hay-küydən, məddahlardan, məddahlıqdan
uzaq olub, Tanrının müqəddəs qanunlarına,
vicdanımın paklığına xilaf çıxmayıb qələmim.
Bərgüşadın yaşı neçədir,
bilinmir. Min ildir, milyon ildir, səhih xəbər verən
yoxdur. Qələmimin ömrü isə... Əsri başa vura, vurmaya. Lakin
mürəkkəbi tükənməkdə olsa da, sətirlər
cıdırında yorulmaq bilmədən, büdrəmədən
gedir. Ömrün yaxınlaşmaqda olan qürub
çağına doğru...
Bərgüşada
nə var ki?.. Yaranışdan
neçə yerdə bənd qurub bəndə salsalar da, qələmim
kimi başı daşdan-daşa dəysə də, ona təfavütü
yoxdur. Dünya binnət olandan gecə-gündüz
çağlayır, dağlardan-daşlardan gilə-gilə,
ovuc-ovuc süzülüb gələn saf, sərin suları
öz maviliyinə qatıb dərin-dərin dəryalara ərməğan
edir.
Məni təhdid
edən bir arzum, bir diləyim var, Bərgüşad!
Üzümü ulu göylərə tutub deyirəm: Tezliklə
erməni əsirliyindən xilas olasan, Bərgüşad! Məcrandan
kənara çıxmayasan, suyun qurumasın, yolun rəvan olsun,
Bərgüşad! Cahıllığımın sevinci,
ahıllığımın qəmi, kədəri Bərgüşad!
Yazıb-pozduğum bəyaz kağızlar kimi sahillərində
qalan izimi, sözümü, həsrətli
baxışlarımı əmanət saxla, Bərgüşad! Əsirlikdən zillət çəkən
kəndimə, dağlarımıza, bağ-bağçalarımıza həyan ol, Bərgüşad!
Qışda
suların buz bağlayanda, qərib ellərdən
quşların qonaq gələndə, baharda sahillərin əlvan
gül-çiçəklərlə bəzənəndə
gecə-gündüz həsrətini çəkən bu qələm
əhlini də yad et, Bərgüşad!
Bir də ki, yoxluğumda, yazdıqlarımı yozanların
güzarı o tərəflərə düşsə, həzin
nəğmələrinlə onların da könlünü
şad et, Bərgüşad!..
Bir də
ki... Bir də ki... bizim el-obanı tərk edib xan Araza
qovuşanda Çay bağlarında budaqdan budağa qonan rəngbərəng
quşların nəğməsini, ətir saçan
gül-çiçəklərin rayihəsini Tinli
çöllərinə ərmağan et
ki, Əmrahın ruhu şad olsun! Qoca dağlarımıza
nisgil olan Əmrahın!...
Neçə
il bundan əvvəlin söhbətidir. Onda Qarabağ zonasında xidmət edirdim. Bir payız çağı yaxın qonşum olan
Suvarma Sistemləri İdarəsinin rəisi ilə onun
maşınında Şuşaya gedirdik. Fermalar
dağdan arana qayıdır, köç əlindən tərpənmək
olmurdu. Şuşanın dolaylarında yenə
qoyun sürüləri ilə rastlaşdıq. Aşağı sürətlə gedən
maşınımız sürünü yarıb irəliləmək
üçün aramsız siqnal verirdi. Qarakərə
qoyun gözlənilmədən dazıyıb özünü
maşının qabaq fənərlərinə
çırpdı, yıxıldı və tez qalxıb
sürüyə qarışdı. Əlbəttə,
bu, bir təsadüf olsa da, peşmançılıq hissi
keçirdik. Tez maşını
saxladıq, vəziyyəti öyrəndik. Qarakərə
qoyunun ola bilsin ki, harasısa əzilsin, bir
balaca zədələnsin, ancaq əsaslı bir zədə
almamışdı. Arxayın düşüb yolumuza davam etmək
istəyəndə sürünün arxasından
üz-gözünü tük basmış, hündürboylu,
cantaraq bir çoban çıxıb, əlində dəyənək
kəsdi qabağımızı və
qışqıra-qışqıra:
- Ara,
permanın qoyununa vurub hara qaçırsınız e, getməyə
qoymuyacağam! Asma, getsəniz də, maşının
nömrəsini bilirəm...
Rəis
maşından enib ona yaxınlaşdı, ədəb-ərkanla
salam verdi və soruşdu:
-
Bağışlayın, a kirvə, adınız nədir?
Erməni
rəisin salam-kəlamını vecinə almadan, təkəbbürlə:
- Ara,
adamı neynirsən e, - dedi. - Bu yolun içində mənə
angetimə dolduracaqsan?! Aşotam ha! Aşot Manukyan!
Demağına sözün nədi! Qoymuyacağam tərpənməyə,
qoynuma şikəstə eləmisən, cavabını ver!
Artığına, əysiyinə söz deməyə
faydasına yoxdu!
Rəis
xoş dillə:
- Aşot
kirvə, əvvəla qoyuna bir şey olmayıb, - dedi. -
İkinci də, əgər şübhələnirsənsə
ki, sonradan qoyun şikəst ola bilər və
ya ölər, onda tut gətir bura, cəriməsini çəkərik.
Neçəyə deyirsən, pulunu verək,
qoyun qalsın bizə.
Erməni
rəisin yumşaq danışığını, bizim də
susduğumuzu görüb özünü qaldırıb qoydu
dağın kəlləsinə və səsini bir az da qaldırdı:
- Ara, mənim
başıma xarabdı, burada xata çıxardacağam! Ay
müsəlman, bura bazardı, dükandı ki, sizə qoyun
satım? Bu, permanın heyvanıdı!
Rəis
çıxılmaz vəziyyətdə qaldı və yenə
də Aşot Manukyanı sakitləşdirib, razı salmaqdan
ötrü dil tökməyə başladı:
- A kirvə,
yaxşı, -
dedi, - onda gəl belə danışaq, heyvanın
qiyməti neçəyədi, de, pulunu verək, qoyunu da istəmirik,
qalsın özünə.
- Ara, yox
e, görürəm vəzifəniz də var, mən heç
kimə qorxmuram! Permanın qoynuna vurmusunuz! Sizə
qoymaram, bir addıma da gedəsiniz. Bu saat
maşına da azacağam. Siz qoynuma
vurmusunuz, mən də maşınına
sındıracağam.
Rəis
dedi:
- Aşot
kirvə, onda imkan ver, arxadan gələn fermalardan sənin
ürəyinə yatan saz bir qoyun alaq verək. Əl
çək, ayıbdı, gəlib-gedən bizə baxır.
Vurulan qoyunu da özün kəsib yeyərsən,
halalın olsun. - Rəis ermənini sakitləşdirib,
yola gətirməyə çalışdı.
- Ara,
ayıba sizə olsun ki, qoynuma vurmusunuz! Mənə
aldatmağına bacarmayacaqsınız. Dağdan
sağ-salamatına gətirdiyim qoyuna qıçına
qırmısınız, ha yalvarın, xeyrinə yoxdur. Mənə də Hadrutlu Aşot deyərlər.
Qabağıma tərpənə bilməyəcaqsınız...
Rəis nə qədər çalışdı ki, erməni
başa düşsün, mümkün olmadı. Aşot qan-qan
deyib durmuşdu. Öz-özlüyümdə
fikirləşirdim ki, belə bir adamın səviyyəsinə
enib ona baş qoşmağa dəyməz. Bir
də ki, axı, onun erməni toxunulmazlığı var. Bir
balaca o yan-bu yan olsa, bir ucu gedib çıxacaq Moskvaya. "Yan"ların başbilənləri gözlərini
yumub, ağızlarını açıb, aləmə car
çəkəcəklər ki, bax, erməniləri yola
vermirlər, onları gözümçıxdıya
salırlar. Zavallı çoban dinməz-söyləməz
qoyun otardığı yerdə, gör onun başına nə
müsibət açıblar. Onda da gəl cavab ver! Kimi
başa salasan ki...
Maşınımızın sürücüsü Rəşid
də bizdən keçib məsələyə müdaxilə
eləmirdi. Onun xasiyyəti də başqaydı.
İyirmi-iyirmi beş yaşı olan bu
adamla iki gün yol get, dindirsən danışacaq, dindirməsən,
kəlmə kəsən deyil. Necə deyərlər,
qızdan-gəlindən həyalı adamdı. O da
sükanın arxasında mat-məəttəl quruyub
qalmışdı. Ancaq hiss edirdim ki, Rəşidin içərisində
dişi bağırsağını kəsir.
Üç
nəfər adam, bir maşın Aşotun
cəngindən qurtara bilmirdik. Bəs nə edək,
- öz-özümə düşündüm. Aşot Manukyan ipə-sapa
yatmırdı. O, qovduqca rəis qaçırdı, biz də
dinmirdik.
Axır ki, sürücü özünü saxlaya bilmədi. Rəşid sükanın
arxasından çıxıb maşının
açarını rəisin üstünə ataraq:
- Yoldaş Məmmədov, - dedi. - Bu gündən
sizin işçi deyiləm, əmrimi verin,
çıxarın! Əşi, ölmək ölməkdir,
xırıldamaq nə deməkdir?! Bayaqdan qalmısınız
bu sırtıq, həyasız erməninin əlində! Siz bəlkə
vəzifənizdən qorxursunuz, mənim itirəcəyim bir
şey yoxdu!..
Rəşid hücum çəkdi erməninin
üstünə:
- Ə, vicdansız oğlu, vicdansız, - dedi. Bayaqdan bu kişilər abrına qısılıb, sənə
baş qoşmaq istəmirlər, sən də həyasızlığına
salıb, bizi girinc eləmisən, qoymursan sakitcə yolumuzla
gedək. Əvvəla, qoyununa heç nə olmayıb, olubsa
da, ya pulunu al, ya da əvəzinə qoyun veririk. Ta bu nə
həyasızlıqdı eləyirsən?!
Rəis sürücüyə təpindi ki,
çoban adamdı, onunla işin olmasın. Həmişə
özündən böyüyün qarşısında "bəli,
baş üstə"dən başqa kəlmə kəsməyən
sürücü bu dəfə rəisi eşitmədi.
Əlində maşından götürdüyü yarım
metrlik dəmirlə Aşotu yaxalamaq istəyəndə, erməni
arada heç bir şey olmayıbmış kimi,
şaqqanaq çəkib güldü və yüz ilin dostu,
qardaşı kimi sürücünün boynuna sarıldı:
- Va!
Ara! Bu dalıdı - nadı! Ara, məssəb haqqı, zarapat
eləyirəm eli! Ara, nə
danışırsan?! Sizi kimi kepinə
kök adamlara bir qoyun nədi ki?! Mənim
sürümün hamısı sizə qurbandı. A kibrə,
mən burda nə dedim ki, kepinizə dəydi ki, mənim bir səpim
olub, onda gərək günahıma
bağışlayasınız...
Sürücünün əl-qolu yanına
düşdü. O, xarakterinə xas olmayan hərəkət etdiyinə görə
xəcalət çəkə-çəkə geri
dönüb sükanın arxasına keçdi və bayaqdan bəri
qan-qan deyib qarşımızda meydan sulayan Aşot
Manukyanın arsız, yaltaq baxışlarının
müşayiətilə yolumuza davam etdik...
İldırımoğlu
Əli
525-ci qəzet.- 24 oktyabr.- S.-15.