Yaxşı mühitdə
yaşamağın düsturu - Müsahibə
Təhsil psixoloqu
Hüseyn Həsənov:"Yaxşı mühitdə
yaşamaq istəyirsənsə,o
mühit üçün öz
töhfəni verməyə də hazır olmalısan
Hüseyn Həsənov ingilis dili müəllimi, təhsil
psixoloqudur. Həm moderatorluğu, həm
dağçılıqla məşğul olması, həm də
təhsil sahəsindəki fəaliyyəti ilə fəal həyat
tərzi yaşayan və örnək müəllim modeli olan
Hüseyn müəllim həm də müharibə
dövründə etdiyi bir təşəbbüslə
tanındı.
O,
"Əsgərə məktub" layihəsi ilə arxa cəbhədən
ön cəbhəyə uzanan mənəvi bağları hər
birimizə əyani şəkildə göstərmiş oldu. Bəs nədir bu layihənin məğzi? Bu ideya ilə məktəblilər, azyaşlılar
cəbhə bölgəsində düşmənlə
üz-üzə dayanan igidlərimizə məktublar yazır,
onlara olan inam və dəstəklərini ifadə edirlər.
Hüseyn müəllim şagirdlərinin, başqa
azyaşlıların, hətta böyüklərin
yazdıqları bu məktubları toplayıb əsgər
sovqatı ilə birlikdə cəbhəyə aparır. Beləcə,
bu məktublar son bir ayda bütün xalqın döyünən
ürəyinin cəbhədə, əsgərlərimizin
yanında olduğunu onlara bir daha xatırladır.
Əsgərlərimiz bir daha əmin olurlar ki, bu sınaq
günlərində, səngərlərdə tək deyillər,
kiçikdən-böyüyə hər bir azərbaycanlının
duaları, sevgisi onlarladır.
Hüseyn Həsənovla söhbətimizi təqdim
edirik.
***
-
Hüseyn müəllim, son günlər hamı sizin göstərdiyiniz
bu gözəl təşəbbüsdən danışır.
"Əsgərə məktub" ideyası
necə yarandı?
- Tarixə
düşəcək bu günlərin şahidi olmaq bizə
bir çox hissi eyni anda yaşadır. Yeri gəlir
çox sevinir, yeri gəlir kədərlənirik. Amma əsasən qürur duyuruq. Bu
günlər arxa cəbhə olan bizim də üzərimizə
düşən müəyyən məsuliyyətlər var.
Dövlətimiz Ordumuzun lazım olan bütün
ehtiyaclarını yüksək səviyyədə təmin
edir. Buna baxmayaraq, bizim hər birimiz bu
mücadiləyə xalq olaraq mütləq bir töhfə vermək
arzusundayıq və bu arzu hər keçən gün daha da
artır. Biz də iş yoldaşlarımla birlikdə bu
istiqamətdə nələr edə biləcəyimizi
götür-qoy edərkən belə bir fikir yarandı. Qərara gəldik ki, əsgər məktubları ilə
cəbhədə mücadilə verən
döyüşçülərimizə mənəvi dəstəyimizi
göstərə bilərik. Əslində,
mən Türkiyədə işlədiyim dövrdə buna bənzər
bir təklif hazırlamışdım, amma müəyyən
səbəblərdən qəbul olunmamışdı. O
layihənin adı da "Uzaqdakı əllərimiz
üşünəsin" idi. Şəhərdəki
uşaqlar aldıqları əlcəklərin içinə məktub
yazıb qoyur, ucqar kəndlərə göndərəcəkdilər.
İnsanın əskik tərəfi hər zaman
təkcə maddiyyatla bağlı olmur. Mənəvi
çatışmazlıqlar da olur. Hətta
deyərdim ki, əksər hallarda mənəvi
çatışmazlıqlar daha çox və daha
böyük olur. Bizim bu ideyamızın da mahiyyəti
eyni idi: maddi dəstəyə ehtiyacı olmayan hərbi heyətə
xalqın dəstəyini, sevgisini, səfərbərliyini,
şükranlığını göstərmək istədik
və görünən odur ki, alındı.
Onu da qeyd edim ki, haqqında danışdığım
digər layihə hələ də nəzərimdədir, bəlkə
də, onu da bu qış həyata keçirdik. Təbii ki,
yenə məktublarla. Bu gedişlə
adım poçtalyon qalacaq (gülür).
- Həm
də bu məktubları cəbhəyə şəxsən
özünüz aparırsınız. Və beləcə,
əsgərlərin məktublara reaksiyalarını da
müşahidə etmiş olursunuz.
- Bəli,
o anı ilk dəfə görəndə "Nə
yaxşı ki, bunu etdik", dedik. Bax, bizə
"nə yaxşı ki..." dedizdirən o mənzərə,
artıq bu təşəbbüsün davam edəcəyinə
bir xəbərdarlıq idi. Məktubları
bəzən şəxsən əsgərlərə
paylayırıq, əllərinə alar-almaz açıb
oxuyurlar. Kövrələn də olur, təsirlənən
də, balacaların yazdıqları maraqlı məktubları
oxuyub sevinənlər də... Hətta
"müharibədən sonra bu məktubu laminasiya edib evdə
divardan asacam" - deyən də olub. Bəzən
də məktubları əsgərlərimiz postdan qayıdanda
versinlər deyə, zabitlərə əmanət edirik.
Bir dəfə biz məktubları təhvil verəndə,
bir gizir də öz cibindən bir məktub
çıxardıb oxudu. Yəqin ki,
başqaları da gətirmişdilər və
görünür, o, həmin məktubu cibində
daşıyırmış. Bu zaman gizirin
gözlərindəki işıltını görən
dostumla bir-birimizə baxdıq və göz-gözə gəldik.
O an bir daha məktubun, mənəvi dəstəyin
nə qədər yerinə düşdüyünü, bunun
önəmini anlamış olduq.
- Siz həm
də, bu layihənizlə böyüklü-kiçikli
insanlar arasında ürəkdən-ürəyə olan
bağları əyani formada göstərməyin yolunu
tapmış oldunuz. Belə bir təşəbbüsü
ancaq içində həqiqi vətən sevgisi daşıyan
insanlar edə bilərdilər. Bu
baxımdan, həmin ideyanın ağlınıza gəlməsi
də təsadüfi deyil. Bir müəllim,
psixoloq, pedaqoq kimi, sizin üçün vətən nə
ifadə edir və gənclər üçün onun nə
ifadə etməsini istəyərdiniz?
- Əvvəla, vətənpərvər olduğumu ifadə
etdiyiniz üçün təşəkkür edirəm və
ümid edirəm ki, dediyiniz həqiqəti əks etdirir. Vətən
deyiləndə ağlıma ilk gələn ana torpaq və
qürurdur. Torpaqlarımızın
işğaldan azad olunması bizlərə sözlə ifadə
oluna bilməyəcək bir qürur verir.
Mən azyaşlılara, məktəblilərə vətən
anlayışını, xüsusilə də bu günlərdə
müharibəni uyğun dillə izah etməyə
çalışarkən, onlara aid hər hansı bir əşyanı
əllərindən alıram və indi nə edəcəyini
soruşuram.
Təbii olaraq, cavabları, "səndən geri alacam", -
olur. Bəs verməsəm? - deyə soruşuram, yenə də
alacağıq, deyirlər. O zaman onlara deyirəm ki, bu gün
bizim əsgərlərimiz də məhz bunu edirlər, bizə
aid olan əraziləri düşməndən geri alırlar. Onlara izah etməyə çalışıram ki,
biz haqqımız olan üçün savaşırıq və
haqqımızı alırıq. Bu yolla mən onlara iki
mesaj vermiş oluram: əsla haqqın olmayana əl uzatma və
əsla haqqın olana əl uzatdırma! Şagirdlərin
də vətənimizə, ana torpağımıza
qürurumuzun mənbəyi kimi baxmalarını istəyirəm.
Mən, mənə aid olanı sevirəmsə,
onun hər zaman yüksək tutulmasını istiyərəm
və bunun üçün çalışaram. Şagirdlər də vətəni bu cür sevərlərsə,
onun bayrağını hər zaman yüksəklərdə
dalğalandırmağa çalışarlar. Bəs nədir vətəni yüksək tutmaq?
Baxın, elə əsas məsələ də
budur. Vətən haqqında 7 səhifə
inşa yazmaqdırmı vətənpərvərlik? 13 bənd şeiri əzbərdən bilməkdirmi?
Yaxud, işğal tarixlərini əzbərdən
bilməkdirmi? Əlbəttə, onların
da olması bu uca hissə bir xələl gətirməz, ancaq
bu bilgilərlə məhdud qalanda vətənpərvərlik
anlayışı bərk ayaqda heç bir işə
yaramayacaq. Çalışmalıyıq
ki, övladlarımıza, şagirdlərimizə, tələbələrimizə,
gənclərimizə vətənpərvərliyi daha geniş
prizmadan izah edək ki, 3-5 şeir, inşa və pafoslu cümlələrin
içində itib batmasınlar. Vətənpərvərlik
ən sadə formada, vətəninin işinə yaramaq, ortaya
vətəninə fayda verəcək bir iş qoymaqdır və
öz işini haqqı ilə, vicdanla yerinə yetirməkdir.
-
Hüseyn müəllim, indi sizin qonaq olduğunuz bu layihəmizin
mövzusu gənc nəsildə milli mənlik şüurunun
düzgün inkişaf etdirilməsi ilə
bağlıdır. Bu günlərdə sizin bu
istiqamətdə verdiyiniz əmək göz
qabağındadır. Amma mən yenə də bu
sualı sizə vermək istəyirəm: bu mövzuda
ümumilikdə başqa nələr etmək olar və edilməlidir?
-
Düşünürəm ki, əvvəlki sualın
cavabında da bu mövzuya qismən toxundum. Bu
mövzuya daha ətraflı yanaşsaq, deyə bilərəm
ki, bizim birinci məqsədimiz əvvəlcə bu cəmiyyət
üçün faydalı insan yetişdirmək, şəxsiyyət
formalaşdırmaq olmalıdır. Buna
fokuslanmalı, bunun üçün
çalışmalıyıq. Əsas məqsədimiz
düzgün insan yetişdirmək olmalıdır.
Çünki bir vətəndaş yaxşı insan deyilsə,
o, yaxşı vətənpərvər də ola
bilməz. Düzgün şəxsiyyət kimi
formalaşmayan bir insanın səmimi və adekvat bir vətənsevər
olmaq ehtimalı da yoxdur. Buna görə də,
əvvəla, sadaladığım bu ilk pillələri qoymaq,
daha sonra isə növbəti pillə olan vətənpərvərliyi
aşılamaq lazımdır. İnsanın vətənpərvərlik
anlayışının özülündə bir fikir
dayanmalıdır: yaxşı cəmiyyətdə, mühitdə
yaşamaq istəyirsənsə, o mühit üçün
öz töhfəni verməyə də hazır olmalı və
bunun üçün çalışmalısan. Bu arzunun düsturu budur və biz bu düsturu gənc
nəsilə aşılamalıyıq.
Əgər toxum əkməsən, nəyin barını
dərəcəksən? Vətən də elədir. Onun üçün nəsə edəcəksən
ki, qarşılığında istədiyin kimi, azad, hürr
yaşaya biləsən. Düşünürəm
ki, istər şəxsi həyatda, istərsə də
dövlət səviyyəsində azad, hürr, kimsənin
haqqını yemədən və öz haqqını kimsəyə
yedizdirmədən yaşamaq istəyi insanın
şüurunda olmalıdır və biz də gənclərə
bunu aşılamalıyıq.
-
Hüseyn müəllim, layihənizdən bol-bol
danışdıq. İstəyirəm, bir az
da sizin özünüzdən danışaq. Siz
həm pedaqoq-psixoloqsunuz, eyni zamanda, öz zövqlərinizi, həyat
tərzini gündəlik yaşayışınıza əks
etdirməyi bacaran birisiniz. Ümumilikdə Azərbaycan təhsil
sistemi üçün siz yeni tip müəllim modelisiniz. Yəni təkcə danışmaqla yox, elə
duruşunuzla da özünüzü ifadə etməyi
bacarırsınız. Bir müəllimin
bu cür xüsusiyyətlərə sahib olması şagirdlərinə
necə sirayət eləyir?
-
Haqqımda dediyiniz fikirlər məni utandırdı. Bu dediklərinizi yaşayan bir müəllim yeniliyə
açıq, hər bir fikrə adekvat yanaşan, tənqidə
qucaq açan bir insan, bir müəllim modelidir. Ümid eliyirəm ki, mən həmin göstəricilərə
uyğun biriyəm. Əslində, bu
görünüşümün, bu yaşam tərzimin bir məqsədi
də "belə də olur" demək
üçündür. Beləcə bu ruh
halı, bu yanaşma şagirdlərə də
ötürülmüş olur. Necə ki,
mən uşaqlıqda qızların saçını
dartıb qaçırdımsa, onlar da mənim
saqqalımı dartıb qaça bilirlər (söhbət
üçüncü siniflərdən gedir). Həmin şagirdlərlə bir neçə dəqiqə
sonra daha ciddi bir şəkildə dərsə başlayanda
onlar başa düşürlər ki, hər şeyin öz
yeri və zamanı var. Şagirdlərdə öz əksini
tapmasını istədiyim xüsusiyyət doğru üslubla
tənqid etməyi və sorğulamağı bacarmaq qabiliyyətidir.
Bu model onlara daha geniş bir baxış tərzi
ilə daha geniş bir üfüqü görə biləcəklərini
göstərmək üçündür və ümid edirəm
ki, mən bunu göstərə bilirəm.
Natəvan
ABDULLAYEVA
525-ci qəzet.- 28 oktyabr.- S.18.