"Əhdim var,
anamın qəbrini Böyük Mərcanlıya
köçürəcəyəm"
CƏBRAYIL RAYONUNDAN OLAN TANINMIŞ ŞAİR
İSMAYIL İMANZADƏ: "SÖZ, POEZİYA OLMASAYDI,
BƏLKƏ MƏN DƏ DÖZMƏZ, BU GÜNLƏRİ
GÖRMƏZDİM"
Azərbaycan Ordusunun uğurlu əks-hücumu nəticəsində
düşmən işğalından azad olunan yurd yerlərimiz
sırasında Cəbrayıl rayonu və bu bölgənin
onlarla kəndi də var.
Müsahibimiz - tanınmış şair, Azərbaycan
Yazıçılar Birliyi Mingəçevir Bölməsinin
sədri İsmayıl İmanzadə də Cəbrayıl
rayonundandır və bu günlərdə o da doğma
el-obanın azadlığa qovuşmasının sonsuz sevincini
yaşamaqdadır.
İsmayıl müəllimlə Cəbrayıl rayonu
haqqında, ömrünün ən gözəl
çağlarının keçdiyi o yerlərin
işğaldan qurtuluşun təəssüratı barədə
söhbətləşdik.
- İsmayıl müəllim, hər şeydən
öncə Cəbrayılın işğaldan azad olunması
münasibətilə bir cəbrayıllılı kimi sizi təbrik
edirik. Gözünüz aydın olsun. Nələr
hiss edirsiniz?
- Belə
bir söz var, sonuncu ümid öləndə insan həyatdan əlini
üzür. 27 il az müddət deyil. Getmək mümkün olmasa da, eşidirdim ki, onlar
bizim torpaqlarımızda Araz boyu xurma, üzüm, nar
bağları salırlar, öz dədə malları kimi
istifadə edirlər. Adam istər-istəməz
içində düşünürdü ki, bu lənətəgəlmişlər
deyəsən, yerlərini möhkəmlədiblər. Torpaq qeyrətdir, namusdur, millətin gələcəyi,
varlığı, babalarımızın gorgahıdır.
Burda təxminən 500 nəfərdən artıq Cəbrayıldan
məcburi köçkün düşən insan var. Həmişə
onlara ümid verirdim, özüm də ümid edirdim. Xəbəri
eşidəndə inanın ki, illərlə anasına həsrət
qalan uşaq onu bağrına necə basırsa, mən də
xəyalən gəncliyimdə gəzdiyim, hər
daşına, cığırına bələd olduğum o
torpağı bağrıma eləcə basdım. Doğulduğum Böyük Mərcanlı kəndi
rayonun ən böyük kəndlərindən biridir. Çox məhsuldar torpağı vardı. Biz tərəkəmə idik. O torpaq bizim ulu torpağımız olub. İndi
də gözümü yumub o kəndləri, yerləri
sıra-sıra xatırlayıram. Kəndimizdə
2600-ə yaxın ailə, 13 minə yaxın əhali var. Təkcə
öz elim üçün deyil, azad olunan bütün
torpaqlarımız üçün çox sevinirəm.
Dörd il öncə Aprel
döyüşlərindən sonra Cocuq Mərcanlı kəndi
azad olunanda oraya getdim, fikirləşdim ki, burdan kəndimə
cəmi 7 kilometrdir. Öz yurduma kənardan
baxmalıyam. Bu qovuşma anlarını həmişə
yuxularımda yaşayırdım. Hər
zaman elinə, yurduna bağlı, həm də el arasında
sevilən olmuşam.
Cəbrayılın alındığını və
ordumuzun müxtəlif istiqamətlərdə irəlilədiyini
eşidən kimi onun haqqında yazı yazacaqdım. Amma adam
sevinəndə donub qalır. Cəbrayıl rayon icra
başçısının müavini Fəridə xanım
zəng edib gözaydınlığı verəndən sonra
dedi ki, istəyirik, sevincinizi oxucularla paylaşan bir yazı
yazasınız. Dedim, yazaram. Gəldim,
yazdım, eyni zamanda, "Əsgərə xitabən" və
"Türkiyə-Azərbaycan" şeirlərimi də
ayrı-ayrı parçalarla əlavə elədim və imza
qoydum: "Azərbaycan Yazıçılar Birliyinin Mingəçevir
Bölməsinin sədri, keçmiş Cəbrayıl rayon məcburi
köçkünü". İlk dəfə
idi orda "keçmiş" sözünü yazdım.
Yazı 15-dən çox mətbuat orqanında
çıxdı, adı "Yurd vüsalı
ayrılığın sonuymuş". Bu
27 ildə bir gözüm gülüb, biri həmişə
ağlayıb. Çox nadir hallarda ürəkdən
gülmüşəm.
Cəbrayıldakı evimizdə çox
yazıçılar, şairlər qonağım olublar, Cəbrayılı
gəzmişik, məktəblərdə, rayon mərkəzində
ədəbi görüşlər keçirmişik. Şeirlərimin
çoxu yurd həsrətli, nisgillidir. Dünyanın
dörd bir yanından dostlar, tanışlar zəng edib təbrik
edir, deyirlər ki, daha nikbin şeirlər yazarsan. İnşallah, daha qələbə ruhlu şeirlər
yazacam, ordumuzu vəsf edəcəm. Allah Azərbaycanı
və mənəvi dəstəyimiz Türkiyəni var eləsin.
- Azad
olunan kəndlər arasında Sirik də var. Bilirik ki, o kəndin
də sizin həyatınızda mühüm yeri olub. Bizim kimi oraları görməyənlər
üçün Siriki necə tanıdarsız?
- Deyərdim
ki, Sirik Cəbrayılın ən möcüzəli yerlərindən
biridir. Siriyi heç vaxt görməmişdim,
amma adamlarını tanıyırdım, çox
vuran-yıxan, cəsur insanlar idilər. Sonradan Sirik
çox şəhidlər verdi. Mən oranı pioner düşərgəsinə gedəndə
tanıdım. Sirikdə meşə kəndin
üst tərəfindədir. Kəndlə
arası heç yüz metr deyil. Kənd
yamacdadır, dərə boyu yerləşir. Yaz vaxtı getmişdik. Gördük
ki, hər yan çəmən, bulaqdır, çiçək
əlindən tərpənmək olmur. Dərədən
də Sirik çayı axır. Hər tərəfi
qarışıq meşə və qayalar idi. Qala dağının başında Sirik qalası
vardı. Onun tarixini İslamdan da öncəyə
aid edirlər. Qalanın başı sonradan bir az dağılmışdı. Deyirdilər
ermənilər dağıdıb.
Kənd adamlarının özünəməxsus ləhcəsi
var. Ağsaqqala, ağbirçəyə çox böyük
ehtiram göstərirlər. Deyərdim,
dünyanın ən qızğın futbol azarkeşləri
Sirik cavanları idi. Yamacda balaca futbol
meydançası vardı. Sirik həm də
dini-mənəvi mərkəz idi. Çələbi
Hacı Qaraman babanın ocağı orda idi. Cəbrayıl camaatının hamısı ona
inanırdı. Onun orda məscidi, mədrəsəsi
vardı. Şair Molla Vəli Vidadi bir
müddət həmin mədrəsədə işləyib.
Sirik Azərbaycanın özünəməxsus
gözəlliyi olan kəndlərindən biridir. Orda mənim ən gözəl günlərim
keçib. Oranın havası o qədər
soyuq idi ki, yayın qızmar vaxtlarında yorğansız
yatmaq mümkün deyildi. Bulaqlarının
buz kimi suyu vardı. Siriyin əvəzi yox
idi. O kəndin bir qəribəliyi də Novruz adətləri
idi. Cəbrayılda yeganə kənd idi ki,
özlərinə məxsus tərzdə keçirirdilər.
Tamaşa, oyun kimi idi. Şah
seçir, dar ağacı düzəldirdilər, fərraşları
olurdu. Şərtləri də bu idi ki,
şah nə vaxt gülümsəsə, taxtdan enməlidir.
And içirdilər ki, orda bir kişi olub,
40 il onu taxtından düşürə bilən olmayıb. Çünki çox ciddi insan imiş.
İşğaldan sonra onların bir qrupu Beyləqanın
Örənqala kəndində toplaşdılar. Ora əvvəldən
onların məskəni idi, bir hissəsi oradaydı. Sonradan digər qismi də oraya getdilər.
- Bayaq
adını çəkdiyiniz pioner düşərgəsindən
nələr yadınızda qalıb?
- Deməli,
1981-ci ilin may ayında rayonun birinci katibi Fikrət Vəlixanov
məni çağırdı. Qurucu, çalışqan
insan idi. Cəbrayılı çox
gözəl abadlaşdırmışdı. Dedi ki,
Sirikdə uşaq pioner düşərgəmiz var. İndiki
dillə desək, uşaq-gənclər istirahət mərkəzi.
O düşərgədə vəziyyətin yaxşı
olmadığını, dağıldığını
bildirdi. Sonra da əlavə elədi ki,
büronun qərarıyla məni ora göndərir.
Dedim, mən yaradıcı adamam, işlərimə mane ola bilər. O da dedi ki, partiyanın adından
bir əsgər kimi göndərirəm. Razılaşdım.
Sadəcə xahiş elədim ki, icazə verin,
özümlə inandığım adamları aparım.
Düşərgə ikinövbəli idi, bir növbədə
250-dən çox uşaq olurdu. Avqustun axırına,
məktəb açılana yaxın
yekunlaşdırırdıq. Orda 4 il
işlədim. Həyatımın ən enerjili
vaxtını orda keçirdim. Əvvəldən
yazı-pozu əhli kimi insanların mənə etimadı
vardı. Orda da öz övladlarını
mənə etibar edirdilər. Müxtəlif
siniflərdə oxuyan uşaqlar vardı. Uşaqlarla
bizim yediklərimiz eyni qazandan olurdu, çox yaxşı təmin
olunurdular. Nəzarət, səliqə-səhman
yüksək səviyyədə idi. Hər
yay pedaqoji təmayüllü institut və texnikumların
2-3-cü kurs tələbələri ora təcrübəyə
gəlirdilər. O illərdə bizim Sirikdəki pioner
düşərgəmiz ölkəyə səs saldı. Mətbuatda dəfələrlə haqqımızda
silsilə məqalələr çıxdı. Rayon qəzetində bizim üçün daimi rubrika
açılmışdı.
-
Müharibədən sonra oraya qayıdanda yenidən belə
bir düşərgə yaratmaq istərdinizmi?
- Əlbəttə. Yol açılan kimi qayıdacam və
imkan olsa, ona bənzər düşərgəni yenidən
yaradacam. Orda biz "Ümid" ədəbi klubu
yaratmışdıq, sədri mən idim. Rayon
avqustda işğal olundu, maya kimi ayda bir dəfə
toplaşardıq. Bakıdan
qonaqlarımız da olurdu. Məclis
iştirakçılarının ədəbi nümunələrini
ölkənin ən tanınmış mətbuat
orqanlarında verirdik. Vaxtilə orda
olanların 14 nəfəri sonradan Azərbaycan
Yazıçılar Birliyinin üzvü oldular. Köçkünlük
zamanında Mingəçevirdə Birliyin bölməsinin
açılması da sanki onun davamı kimi oldu. Bu, mənə qucaq açan Mingəçevirə
töhfəm oldu. İkinci töhfəm isə
2008-ci ildə çap etdirdiyimiz "Mingəçevir
leysanı" adlı jurnal oldu. Üç
ayda bir dəfə çıxırdı. Jurnalın 3,
5 və 10 yaşlarını həm burda, həm də
Bakıda birliyin “Natəvan” klubunda keçirdik. Həmin vaxt
üç almanax da buraxdıq: "Aranın söz
sovqatı", "Uzaqdan gələn səs" və
"Bir ocağın şöləsiyik". Sonradan
jurnalın adını dəyişdik, "Bənövşə"
elədik. İki il yarımdır,
jurnal bu adla çıxır. İndi də,
inşallah, ömür vəfa eləsə, Cəbrayıla qayıdıb
həm yenidənqurma işlərində iştirak edəcəyik,
həm də bu ədəbi işlərimizi davam etdirəcəyik.
- Cəbrayıla
qayıdanda ilk gedəcəyiniz yer hara olacaq?
- Kəndimizə
- Böyük Mərcanlıya gedəcəyəm. Bilirəm
ki, orda heç nə qalmayıb, amma olsun, dünya malı dünyada qalır. Ömür
vəfa eləsə, o evimizi təzədən tikəcəm.
Ordan Çoban bulağına qalxacam. Onun suyundan ovuclayıb içəcəm. Atamın, babamın qəbirləri Cəbrayıldadır.
Onların qəbrini tapacam, ruhlarına dua
oxuyacam. Nəslimizdən 14, kəndimizdən isə 100-dən
artıq şəhid var. Anam, bacılarım, qardaşım
isə köçkünlük zamanında
dünyasını dəyişdilər. Əhdim
var, dövlətdən icazə alıb, anamın qəbrini
doğma kəndimizə köçürəcəyəm.
Vətəndə qərib olmaq böyük bəladır.
Qərib qəbir isə insanı daha çox
yandırır. Söz, poeziya olmasaydı,
bəlkə mən də dözməz, bu günləri
görməzdim. Çünki dərdimi,
nisgilimi sözə yüklədim. Söz
mənim dərdimdən çat-çat oldu. Tək özümün yox, bütün bu xalqın
dərdini sözlə ifadə elədim həmişə.
Sonra da maşınla gedəcəyəm Cəbrayılın
mərkəzinə. Cəbrayılda 150-dən çox
tanınmış bulaq, 60-dan çox kəhriz vardı.
Onların hamısını ziyarət edəcəm,
dost-tanışa baş çəkəcəm, sevincimizi birgə
bölüşəcəyik.
- Sirikdən
sonra Turşsuya da bir şey qalmayıb...
- Bəli,
ordan ora nə yoldur ki? İnşallah, tezliklə
oraların da azadlıq xəbərini alacağıq. Sirik dağın döşündə idi, meşənin
üst tərəfində o zonanın ən böyük
dağı olan "Ziyarət" dağı yerləşirdi.
Ordan Kirs, Şuşa sanki ovcunun içində
imiş kimi görünürdü. Deyirdilər
ki, həmin dağdan Şuşaya at yoluyla 18, hava yoluyla isə
8 kilometr məsafədir.
Həmişə deyirəm ki, Cocuq Mərcanlının
qədəmləri yüngül oldu. Cəbrayıl, Zəngilan,
Füzuli, Qubadlı azad edildi. Digərlərinə də lap az qalıb. İnşallah,
Laçın dəhlizi də azad ediləndən sonra qələbə
bizim olacaq. Allah şəhidlərimizə rəhmət
eləsin! Ali Baş Komandanımıza Allah
cansağlığı versin. Əsgər
və zabitlərimizə bütün Azərbaycan xalqı kimi
mən də minnətdaram. Eyni zamanda,
Türkiyə başda olmaqla, bizi dəstəkləyən
ölkələrə təşəkkür edirəm.
Qəmər
YUNUSOVA
Şahanə
MÜŞFİQ
525-ci qəzet.- 28 oktyabr.- S.25.