Musiqinin nəfəsi mahiyyətcə
simfonikdir...
Bu yaxınlarda Sankt-Peterburq Rusiya İncəsənət
Tarixi İnstitutunda “Simfonizm məkanda və zamanda” adlı
beynəlxalq konfrans keçirilib. Nüfuzlu musiqişünas-alimlərin
iştirak etdiyi həmin elmi toplantında Azərbaycanı
Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının
professoru, müasir akademik musiqiyə dair tədqiqatların, o
cümlədən “Simfoniyanın fəzası”, “Azərbaycan
simfoniyası:1960-1980-ci illər (janrın əsas inkişaf təmayüllərinə
dair) kitablarının müəllifi Zümrüd Dadaşzadə
təmsil edib. Musiqişünas
konfrans haqqında fikir və təəssüratlarını
bizimlə bölüşüb.
Simfoniyanı haqlı olaraq janr-primo adlandırırlar.
Musiqinin
sırf immanent imkanları hesabına önəmli fəlsəfi, həyati
problemləri ümumiləşdirmək xassəsi ona janrlar
sistemində müstəsna yer qazandırıb. 2020-ci il janrın inkişafında mühüm xidmətləri
olan bir sıra bəstəkarların yubiley ilidir. İlk
öncə dekabrda 250-illik yubileyi qeyd olunacaq Lüdviq van
Bethoven kimi
möhtəşəm
simfonist xatırlanmalıdır. Eyni zamanda Şuman, Çaykovski, Malerin də
yubileyləri 2020-ci ilə təsadüf edir.
Məhz
bu yuvarlaq tarixlər öz çoxçeşidli fəaliyyəti
və zəngin ənənələri ilə seçilən
Sankt-Peterburq Rusiya İncəsənət
Tarixi İnstitutunu “Simfonizm məkanda və zamanda” adlı beynəlxalq konfrans keçirməyə sövq
etmişdir.
Konfransda
B.Asafyev tərəfindən tərifi verilmiş “simfonizm” termini, onun təkamülü
və transformasiyası, və ən əsası – XXI əsrdə
janrın nə kimi statusa
malik olduğu müzakirə edildi. Nə
üçün bu janr çağdaş dönəmdə
liderliyini itirdi? Nə səbəbdən XXI əsrin aparıcı bəstəkarları
simfoniyadan bir növ sərf-nəzər edir? Bu suallar konfransın əsas leytmotivi oldu.
Pandemiya
şəraitində konfransa yetişə bilməyən tədqiqatçılara
zoom vasitəsilə
forumun işinə qatılmaq şəraiti
yaradılmışdır.
Üç
gün ərzində keçən elmi toplantının qonaqları arasında Rusiyanın müxtəlif musiqi təhsil və elm
ocaqlarının – Moskva və Sankt-Peterburqdan tutmuş Saratov və Petrozavodska qədər -
aparıcı mütəxəssislərinin, habelə ABŞ, Almaniya
musiqişünaslarının adlarını görmək
olardı.
A.Klimovitski,
Y.Çiqareva, K.Zenkin, L.Gerver, M.Rıtsareva, N.Braginskaya,
L.Kovnatskaya, L.Braun, T.Naumenko, Y.Vlasova və digər tanınmış alimlər
(iştirakçıların ümumi sayı 30-u
adlayırdı) konfransda öz son elmi
axtarışlarının nəticələrini həmkarları
ilə bölüşdülər.
Mövzuların spektri olduqca geniş və rəngarəng
idi. Bethoven, Şuman, Skryabin, Qlazunov, Stravinski, Britten,
Prokofyev, Şostakoviç, Şnitke və başqa bəstəkarların
yaradıcılığı timsalında simfonizm
ideyasının çoxsimalılığı sərgiləndi.
Simfoniyanın başqa, məsələn, konsert və
süita kimi instrumental janrlar sistemində rolundan bəhs olundu. Totalitarizm ideologiyası kontekstində simfoniya
janrına həvalə olunan vəzifələr də nəzərdən
keçirildi. Teatr və
simfoniya arasında əlaqələr haqqında mövcud qənaətlər,
məsələn, Çaykovskinin “Qaratoxmaq qadın”
operasının ayrı-ayrı səhnələrinin təhlili
əsasında
nümayiş olundu: həmin əlaqələr təsdiqləndi
və bəzi məqamlarda təkzib
olundu.
Mən
konfransda “Simfonizm və muğam: paralellərin kəsişməsi
(1970-2000-ci illər Azərbaycan simfoniyası timsalında)”
adlı məruzə ilə
çıxış edərək, Azərbaycan simfonik
musiqisinin bəzi səciyyəvi
təmayüllərinə diqqəti cəlb etməyə çalışdım. XX əsr bəstəkarlarımızın instrumental musiqisinin ali
forması sayılan simfoniya janrında qazandığı
nailiyyətlər bəllidir. Q.Qarayev, C.Hacıyev, S.Hacıbəyov,
F.Əmirov, Niyazi kimi sənətkarların əsərləri simfonik musiqi mədəniyyətində
layiqli yer tutur. Lakin, təəssüf, simfoniya haqqında fundamental tədqiqatlarda bəstəkarlarımızın
adlarına, demək olar ki, rast gəlmirik. Məsələn, Mark Aranovskinin zamanında
böyük rezonans doğuran “Simfonik axtarışlar” (1979)
kitabında cəmi iki əsər
– Q.Qarayevin və A.Əlizadənin simfoniyaları nəzərdən
keçirilir. Halbuki Azərbaycan bəstəkarları bu janra həmişə
xüsusi diqqət yetirmiş və onun özgün təfsirini
verməyə müvəffəq olmuşlar. Öz
məruzəmdə mən məhz həmin
özgünlüyü təmin edən başlıca amil –
milli ənənəvi musiqinin rolunu qabartmağa
çalışdım. Zənnimcə, XX əsrdə Şərq və Qərb təfəkkür
tipinin iki ali təzahür forması – muğam və simfonizmin
“görüşü” əlamətdar bir hadisədir. Həmin
“görüş”ün nəticələrini
mən Qara Qarayev, Arif Məlikov,
Aqşin Əlizadə, Fərəc Qarayev, Rəhilə Həsənova kimi
üslubca tam fərqli bəstəkarların
əsərləri timsalında nümayiş etdirdim. Xüsusi olaraq vurğuladım ki,
müasir musiqinin təklif etdiyi texnika və kompozisiya
metodları Azərbaycan musiqisinin köklü xüsusiyyətlərini
daha dolğun təcəssüm
etdirmək üçün geniş imkanlar açır. Sonda
Alfred Şnitkenin “janrlar sisteminin destabilizasiyası vəziyyətində
simfoniyanın
yaşaması
üçün yeganə
şans onun formasının
gözlənilməzliyi və təkrarsızlığıdır” fikrini sitat gətirərək, nəzərə
çatdırdım ki, muğam və simfonizmin
çarpazlaşması yolunda
da yeni bədii kəşflər
mümkündür.
Mənim
üçün çox xoş oldu ki, məruzəmi dinləyən
bir sıra alimlər Azərbaycan
bəstəkarlarının simfoniyaları ilə daha
yaxından tanış olmaq istəklərini
ifadə etdi. Bu, mənim əsas məqsədim
idi.
Konfransın
hər bir iş gününün sonunda musiqini yaradanlar – bəstəkarların
özü ilə görüşmək imkanı çox
önəmli oldu. Məsələn, beynəlxalq festivalların mütəmadi
iştirakçısı - tanınmış və müvəffəq bəstəkar Vladimir Rannev
çağdaş dövrdə
bəstəkarın qarşılaşdığı
problemlər haqqında söz
açdı, təhsildə
mövcud qüsurlara toxundu, “Bəstəkar
musiqisinin sonu” (Vladimir Martınovun
nəzəriyyəsidir) haqqında fərziyyələrin əsassızlığını
inandırıcı isbat etdi. Görkəmli bəstəkar
Aleksandr Knayfelin çıxışı toplantıya xüsusi rəng
qatdı. Onun monoloqu
simfoniya şərəfinə təntənəli bir oda kimi səsləndi. Knayfel,
simfoniyanı insanlara
bəxş olunan möcüzə adlandırıb, “musiqinin nəfəsinin mahiyyətcə
simfonik olduğunu” vurğuladı. Mənim Bakıdan
olduğumu eşidən peterburqlu bəstəkar sənət dostları Fərəc
Qarayev və Firəngiz Əlizadəyə salamlarını
çatdırmağımı xahiş etdi.
Mən konfransın təşkilat
komitəsinin üzvləri – Rusiya İncəsənət
Tarixi İnstitutunun musiqi sektoru
müdiri Anna Porfiryeva və həmin şöbənin elmi
katibi Georgi Kovalevskinin zəhmətini xüsusən qeyd
etmək istərdim. Onlar dəyərli məruzələr də
təqdim etdilər,
bütün iclasların moderatoru rolunu da mahiranə
icra etdilər.
Konfrans Azərbaycanın öz
torpaqlarının azad olunması uğrunda apardığı haqq savaşı
günlərində baş tutdu. İnanın, belə bir gərgin və
dramatik zamanda sənət, musiqi
haqqında danışmaq o qədər də asan deyildi.
“Silahlar atəş açanda sənət susmalıdır”
ifadəsi hamıya bəllidir. Lakin məmnunam ki, Azərbaycanın
səsi də bu toplantıda səsləndi. A.Məlikovun Səkkizinci “Əbədiyyət”
simfoniyasının konsepsiyası
mənə
çağdaş tariximizin kolliziyaları haqda danışmaq imkanı verdi. F. Qarayevin “Xütbə,
muğam və surə” kompozisiyasının finalında Qurandan 75-ci “əl-Qiyamə” surəsinin səsləndirilməsinin (tape) nə
kimi məna daşıdığına da nəzər-diqqətə
çatdırdım: “Hər bir kəsi Qiyamət günü gözləyir. Həmin gün Allah Təalanın məhkəməsi
qarşısında cavab verməli
olacağıq. Mənəviyyata, haqqa
çağırış eşidilməzsə, faciə
labüddür”. Məncə, vicdanlı bəstəkarın bu fikri zülm, qəddarlıq, ədalətsizlik
içində boğulan
dünyamızda çox
aktualdır.
Bütün çıxışlar maraqlı müzakirələrə,
konstruktiv fikir mübadiləsinə
səbəb oldu. Məruzəçilərdən
birinin 30 ildən artıq davam edən Ermənistan – Azərbaycan
Dağlıq Qarabağ münaqişəsi ilə
musiqişünaslıqda müşahidə edilən müəyyən
prosesləri uğursuz və məsuliyyətsiz tərzdə
uyğunlaşdırmaq cəhdinə
mən elə diskussiya
zamanı öz etirazımı bildirməli oldum. Bir də
dərk etdim ki, beynəlxalq toplantılarda
iştirakımız olduqca önəmli olub, müəyyən
təxribatların qarşısını almağa imkan verir.
Konfransdan sonra
A.Porfiryevadan aldığım məktubda o, mənə müzakirələrdə
“ehtiraslı” iştirakıma görə minnətdarlığını
bildirib yazırdı: “Sevimli sənətimizə münasibətiniz bizim kiçik
elmi “icmamızda” gözəl
bir ovqat yaratdı”. Eyni zamanda alim, dahi Nizami Gəncəvinin 800 illik yubileyi münasibətilə
1941-ci ildə İkinci Dünya müharibəsi dönəmində
blokadalı Leninqradda baş tutmuş konfrans haqqında
xatırlatmama dönərək “ bu, heç də təəccüblü
deyil. Məhz böyük poeziya
insana ən ağır məqamda dəstək olur”, - deyə qeyd
edirdi. Bu fikrə şərik
olaraq əlavə edərdim: təkcə poeziya yox,
böyük incəsənət də, böyük musiqi də.
Vaxtilə M.Baxtin
roman janrını “daim axtarışda olan, daim
özü özünü tədqiq edən, öz təşəkkül
tapmış formalarını yenidən quran janr” adlandırmışdır. Bu sözləri simfoniyaya da şamil etmək olar. Odur,
bütün bədbin proqnozlara rəğmən simfoniya dünya sənətinin
yeni nailiyyətlərinin,
ideyalarının təsiri altında daim dəyişir, zənginləşir,
amma öz bədii vəzifələrini
icra etməkdə davam edir. Konfransda
təqdim olunan məruzələr, səsləndirilən əsərlər
bu fikri inandırıcı şəkildə isbat etdi.
525-ci qəzet.-
2020.- 28 oktyavr.- S.13.