Həmsədrlərin erməni sevgisinin
tarixi kökləri
Zəngəzur
Cəmiyyətləri Birliyinin sədri, tarix üzrə fəlsəfə
doktoru
25 illik
fasilədən sonra bu günlərdə - 29 sentyabrda və 19
oktyabrda BMT Təhlükəsizlik Şurası Ermənistan-Azərbaycan
münaqişəsinə dair müzakirələr
keçirib.
Müzakirələrdən sonra Təhlükəsizlik
Şurasına hazırda sədrlik edən Rusiyanın
adından bəyanat layihəsi hazırlanıb, səsverməyə
çıxarılıb. Xoruzun quyruğu da bu zaman
görünüb; bəyanatda 1993-cü ildə BMT Təhlükəsizlik
Şurasının Azərbaycan ərazilərinin
işğalı ilə əlaqədar qəbul etdiyi 822, 853,
874 və 884 saylı dörd qətnaməsi tamam "yaddan
çıxıb", Ermənistanın təcavüzü,
işğalçılığı "unudulub". Halbuki,
ATƏT-in Minsk qrupu həmsədrləri həmin qətnamələrdə
Ermənistanın Azərbaycana qarşı gücdən
istifadə etməsini pisləmişdi,
Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz hissəsi
olduğunu vurğulamış və Ermənistan
qoşunlarının Azərbaycanın işğal edilmiş
bütün ərazilərindən qeyd-şərtsiz və tam
çıxarılmasını tələb etmişdi. Rusiya Federasiyası və Fransa tərəfindən
hazırlanmış layihəyə başı seçkilərə
qarışmış ABŞ da razılıq verib. Ancaq
beynəlxalq hüquq, Azərbaycan, Türkiyə diplomatiyası
da daha əvvəlki deyil; BMT Təhlükəsizlik
Şurasının keçici üzvləri olan və
Qoşulmama Hərəkatının üzvü olan
İndoneziya, Niger, Tunis, Vyetnam, Cənubi Afrika, Sent Vinsent və
Qrenadin və Dominikan Respublikası iki dəfə sükut
prosedurunu pozaraq, Təhlükəsizlik Şurasının qətnamələrinə
istinadın bəyanata daxil edilməsinə israr ediblər. Bu
isə həmsədrlərə sərf etmədiyindən bədnam hərəkətlərə
son verilib.
Tarixdə mövcud olmamış, yox yerdən Ermənistan
adında respublikanın yaradılması ideyası və
reallaşması da ingilis, fransız, rus hakimiyyət dairələrinə
aiddir. Qafqazda
Rusiyanın himayəsi altında erməni dövlətinin
yaradılması, bu məqsədlə ermənilərin indiki
İran və Türkiyədən Rusiyanın işğal
etdiyi torpaqlara köçürülməsi I Pyotrun 1724-cü il 10 noyabr
tarixli fərmanı ilə rəsmiləşdirilib. Bu fərmana
görə, ermənilər Rusiya İmperiyasının Cənubi
Qafqazdan İran körfəzinə kimi geniş əraziləri
ələ keçirmək planının həyata
keçirilməsində "beşinci qüvvə" rolunu
oynamalı idi. Bu əmr Rusiyanın Qafqazdakı hərbi
uğursuzluqları səbəbindən bir əsr müddətə
dondurulsa da, Qacarlar İranı ilə Osmanlı
İmperiyasının ruslara məğlubiyyəti və 10 fevral 1828-ci ildə
imzalanmış Türkmənçay müqaviləsinin nəticəsi
olaraq, əvvəlcə 40 min erməni Azərbaycanın
müxtəlif ərazilərində məskunlaşdırılıb.
1829-cu ilin Ədirnə sülhünün nəticələrinə
görə isə, Osmanlı ərazilərində yaşayan
90 min erməni də Azərbaycanda yerləşdirilib. Onlar, əsasən, ən səfalı torpaqlarda -
Naxçıvan, İrəvan və Qarabağ
xanlıqlarında məskunlaşdırılıblar.
Ermənilərin Qarabağa köçürülməsi,
demoqrafik vəziyyətin planlı şəkildə dəyişdirilməsi,
yerli türk-azərbaycanlı əhaliyə qarşı
ardıcıl terror, deportasiya, etnik təmizləmə,
soyqırımı siyasəti rus, ingilis, erməni,
gürcü və s. şahidlərin, tarixçilərinin əsərlərində,
təqdim etdikləri məruzə və raportlarda, arxiv sənədlərində,
tədqiqatlarda ətraflı, dəqiqliklə
əks olunub (A.S.Qriboyedov, A. İ.İonisian, N.N.Şavrov,
İ.V.Petruşevski, V.İşxanyan, N.Dubrovin, P.Q.Butkov,
P.Q.Butkov, M.Nersesyan, Q.A.Ezov, İ.Şopen, Castin_Makkarti və
b).
Antitürk
düşüncələri ilə məşhur olan İngiltərənin
baş naziri V.Qladstonun planı ilə İngiltərə
Rusiya və Fransanın birgə himayəsi ilə 1895-ci il
mayın 11-də Osmanlı dövlətinə 6 vilayət -
Ərzurum, Bitlis, Van, Sivas, Diyarbəkir və Harput
üçün islahat layihəsini təqdim etmiş, faktiki
olaraq bu vilayətlərdən ibarət "Müstəqil Ermənistan"
yaradılmasının əsası qoyulmuşdu.
İngiltərə hökuməti Osmanlıdan hələ
yaranmamış Ermənistanın gələcəyi ilə
bağlı öhdəliklər tələb etmişdi. İngiltərənin Hərbi
Şurası özünün 7 dekabr 1917-ci il
tarixli iclasında ermənilərə maliyyə dəstəyi
verilməsi haqqında qərar qəbul etmişdi, ayrılan
yardım 20 milyon sterlinq idi. 1917-ci ilin sonları
və 1918-ci ilin əvvəllərində İngiltərə
tərəfindən Tehrandan Bakıya, oradan da ermənilərə
verilməsi üçün Tiflisə külli miqdarda
qızıl və pul, silah və sursatlar da göndərildi.
Bu yardımlar Versaldakı Antanta Ali Hərbi Şurasıda
olan ingilis hərbi mütəxəssislərinin 1917-ci ilin
dekabr ayındakı memorandumunda açıq şəkildə
göstərilmişdi: "Ermənilərə hər vəziyyətdə
işğal etdikləri bölgələrdə pul, silah və
sursat tədarükü ingilis siyasətinin maraqları daxilindədir.
Bu təcrübənin uğurlu olması nəticəsində
erməni qüvvələrindən gələcəkdə
türklərin diz çökməsi üçün
faydalanmaq olar". İngilislərin bu dəstəyi
sayəsində hərəkət qabiliyyətlərini
artıran, külli miqdarda silah və sursat əldə edən
ermənilər Cənubi Azərbaycanda və Cənubi Qafqazda
on minlərlə insanı qətlə yetirdilər. İngilislərin Azərbaycana gəlişinin səbəbi
təkcə iqtisadi, əsas da neft maraqlarına bağlı
deyildi, həm də Türkiyənin türk dünyası ilə
əlaqəsini kəsmək idi. Bu
planın gerçəkləşməsi üçün
yeganə ən uyğun vasitə isə ermənilərə
dövlət yaratmaq idi. İngilislərin məşhur
diplomatlarından Lord Kerzonun sözləri bu məqsədi
aydın ifadə edir: "Türkiyə ilə türk
xalqları arasında tampon bir dövlətin yaradılması
qaçılmazdır. Problemin ortadan qalxması
üçün yeni "Erməni dövləti" təzahüründə
xristian bir topluluğun meydana gətirilməsi vacibdir".
Birinci
Dünya müharibəsində Rusiya və Osmanlı dövlətlərinin
acı məğlubiyyəti, həm də rus, ingilis,
fransız, italyan, yunan və başqalarının Anadoluda erməni
dövləti yaratmaq planının Cənubi Qafqaza - tarixi Azərbaycan
torpaqlarına keçirilməsi siyasətinin gerçəkləşməsi
ilə nəticələndi. Rusiyanın qırmızı
bolşevik libasında 1920-ci il aprelin 28-də
gəlişinə qədər Qafqazda cərəyan edən
bütün proseslərdə ingilislər əsas ssenari müəllifi,
rejissor və baş rolun ifaçıları idilər.
Müharibənin qalibi olan koalisiya qüvvələrinin hərbi-siyasi
təlimatı ilə hazırlanıb qarşıya qoyulan məqsəd
Rusiyanı Qafqazdan çıxarıb yenicə müstəqilliklərini
elan etmiş 3 respublikanı Antantanın nüfuz dairəsinə
daxil etmək, Bakı neftinə sahiblənmək,
Naxçıvanla Şuşa arasında yaşayan müsəlman
əhalini qırıb, bu əraziləri boşaldıb yeni
yaradılacaq xristian Ermənistan Respublikasına
qatılmasına maneəsiz zəmin hazırlamaq, Zəngəzur
və Qarabağdakı erməni qoşunları ilə birləşib
Gəncəyə hücum etmək, Azərbaycan Milli
Şurasını - Azərbaycan Xalq Cümhuriyyətini
beşikdəcə boğmaq, Nuru paşanın
komandanlığı altında Qafqaz İslam Ordusunun hərbi
yardımı gəlib çatanadək Cənubi Qafqazın azərbaycanlılar
yaşayan torpaqlarında ermənilər üçün
müstəqil dövlət yaratmaq planını gerçəkləşdirmək
idi.
İngilislər
Türkiyəyə meyilli olan Azər
baycana
inanmadıqlarından məhz Ermənistana etimad edir və
Türkiyənin Transqafqaza olan qapısını əbədilik
bağlamaq üçün Naxçıvanı ermənilərə
verməyə çalışırdılar. Bütün
bunları ümumiləşdirərək belə bir nəticəyə
gəlmək mümkündür ki, İngiltərə
özünün ekspansionist siyasətini həyata keçirərkən
Londonda tərtib olunmuş ssenari üzrə hərəkət
edən daşnaklardan istifadə etmiş, hər vəchlə
Ermənistanın Antantaya öz ərazisini, habelə hərbi
və iqtisadi potensialını verməyə hazır olan
daşnak rəhbərlərini dəstəkləmiş,
faktiki olaraq Ermənistanı Naxçıvan və Zəngəzurla
bağlı təcavüzkar hərəkətlərə təşviq
etmişdi. Fransız tədqiqatçısı Jorj de Malevil
"1915-ci il erməni tragediyası" adlı əsərində
erməni dövlətinin qurulmasının da Antanta dövlətləri,
xüsusilə İngiltərənin yardımı sayəsində
gerçəkləşdiyini qeyd etmişdi: "İngiltərənin
iradəsi ilə çar imperiyasının
xarabalıqları üzərində qurulub qısa bir
ömür (1918-1920) sürən erməni respublikası
bütün tarixi boyu mövcudiyyəti qeydə alınan yeganə
müstəqil erməni dövləti idi". 1918-ci il sentyabrın 4-də Zəngəzura daxil olaraq,
qəzada törədilən qırğınlarda xüsusi
amansızlığı ilə seçilən mütəşəkkil
ordu hissəsinin komandanı Andranik Ozanyan hər yerdə onu da
deyirdi ki, müsəlmanları qırmaq əmrini ona ingilislər
verib.
Böyük Britaniyanın Osmanlı dövləti əleyhinə
planlarına açıq rəğbət göstərən,
dəstək verən ABŞ prezidenti V.Vilsonun ermənilərə
şəxsi mərhəm münasibəti də hadisələrdə
mühüm rol oynayırdı.
"Daşnaklar Zaqafqaziyaya Ermənistandan girməyə
başlayan Amerikanın agentləri idi. Amerika Ermənistanın
Türkiyə, Rusiya, İran hissələrini birləşdirib
ABŞ-a dost Ermənistan protektaratı
yaratmaq fikrində idi. "Böyük Ermənistan"
bütün Qafqazı tutmaq üçün ABŞ-ın
işini asanlaşdırmalı idi" (Mənbə:
SSRİ-də vətəndaş müharibəsi tarixi, 1922,
C-3, səh.333). "Daşnak ordusu Amerika
çörəyi yeyirdi. Yalnız 1920-ci ilin iyulunda
ABŞ Ermənistana 50 min, İngiltərə 40 min, Fransa 30
min əsgər üçün geyim, ərzaq, hərbi sursat,
10 milyon patron vermişdi" ("Şərq xalqları"
jurnalı-¹1,1920, səh-49).
İngilislərin planlarında Qarabağ, Zəngəzurun
ermənilərə verilməsi planları da
açıq-aydın yer almışdı. Böyük Britaniya və
müttəfiqlərin Qafqazdakı diplomatik nümayəndəliyinin
faktiki rəhbəri general Tomson 1919-cu il
martın 28-də Yerevanda Ermənistan hökumətinin
iclasında çıxışında demişdi: "...Zəngəzur
Erməni Milli Şurası tərəfindən idarə ediləcək...
Dağlıq Qarabağın idarə edilməsi
üçün Ermənistan təcili öz nümayəndələrini
verməlidir... Erməni qoşunları Qars və
Naxçıvanı, Şərur Dərələyəz-Sürməlini
tuta bilər... Azərbaycan ordusu indi durduğu yerdən -
Ağdam və Xankəndindən bu tərəfə keçməyəcək...
Azərbaycan hökumətinin martın 19-da keçirilən
iclasında qərar qəbul edilmişdi ki, Daxili İşlər
Nazirliyi 1300 nəfərlik piyada və 500 nəfərlik erməni
süvari dəstəsinin Şuşa, Xankəndi və Əsgərandan
keçib Ermənistana getməsi üçün hərtərəfli
səy göstərəcək. Mayor Monk Mezon mənə məlumat
verib ki, Azərbaycan hərbi hissələri general Mehmandarovun
rəhbərliyi ilə onların sağ-salamat keçməsi
üçün bütün tədbirləri görüb... Azərbaycan Dağlıq Qarabağ və Zəngəzurun
mübahisəli ərazi kimi Paris Sülh Konfransında həll
olunacağını gözləyəcək". Tomson Ermənistan hökumətinin rəhbərlərinə
5 milyon ədəd patron və pul da göndəriləcəyini
də vəd etmiş, vədini də yerinə yetirmişdi.
General Tomsonun nümayəndəsi Hibbon 1919-cu il
yanvarın 7-də Qubadlının Teymur Müskanlı kəndindəki
özünümüdafiə dəstələrinə
Andronikin artıq Zəngəzur ərazisinin 5/4-nü ələ
keçirdiyini bildirərək onun bölgədən
çıxarılmasının
mümkünsüzlüyünü bildirmişdi.
Özünü
"Zəngəzur qubernatoru" elan etmiş Andranik Toros
Ozanyanın (1865-1927) şərəfsiz tərcümeyi-halında
Fransa "möhürü" də var; Osmanlı ermənisi,
terrorbaşı, rus ordusunda erməni könüllü birliklərinin
komandanı, erməni inqilabi federasiyası - daşnak
partiyasının üzvü Osmanlıya qarşı
savaşlarda müttəfiqlərlə mühüm
yardımlardan dolayı 1913-1920-ci illərdə Fransanın
Prezidenti olmuş Pankare Raymon (1860- 1934) tərəfindən
"Legion d'Honneur" medalı ilə təltif edilmişdi.
1998-ci
ilin 7 dekabr zəlzələsindən sonra dünya
mediasında Fransanın Ermənistana "humanitar
yardımı" adı altında xeyli silah-sursat
daşıması barədə çoxlu informasiya
yayılmışdı.
Fransa ötən əsrin əvvəllərindən
başlayaraq bu günümüzədək ermənilərin
Avropa və dünyada ən mərhəm himayəçisi
kimi tanınıb. Türkiyə Prezidenti Ərdoğanın bu sözlərində
böyük həqiqət var: "Azərbaycanda yaşanan
işğal faktorunun arxasında Fransa da var".
Ötən
əsrin əvvəllərində ssenarisi
cızılmış planların icrasına dəstək ABŞ Senatının və
Konqresinin bu gün də öz
qüvvəsində qalan məşhur və bədnam 907-ci siyasi qətnaməsində
konkret əks olunub.
Arxivimdə
saxladığım 16 il əvvəlin - "Ekspress" qəzetinin 2004-cü il 13 may tarixli sayında həmsədrlərin
Dağlıq Qarabağ məsələsinə
yanaşmasını əks etdirən, bu günlə də
üst-üstə düşən
3 mövqeyin ifadəsi əks olunub, dövlət rəsmiləri
dəyişsə də, üstündən illər keçsə
də, mövqelər eynidir:
"Rusiya
prezidentinin ATƏT-in Minsk qrupundakı şəxsi nümayəndəsi,
xarici işlər nazirinin müavini Vyaçeslav Trubnikov:
"Yeni yanaşmalar axtarmaq lazımdır. Hazırkı
status-kvoya hamı vərdiş edib və artıq mən belə
düşünürəm ki, qaçqın statusuna öyrənmiş
insanlar bəlkə də, heç geri qayıtmaq istəmirlər".
ABŞ
prezidentinin ATƏT-in Minsk qrupundakı nümayəndəsi
Stiven Mənn: "ABŞ Dağlıq Qarabağ
münaqişəsində öz maraqlarını qoruyur".
Per Qarton,
Avropa Parlamentinin Cənubi Qafqaz üzrə məruzəçisi:
"Dağlıq Qarabağ heç vaxt Azərbaycanın tərkibinə
daxil ola bilməz".
Ermənistan
xarici işlər naziri Vardan Oskanyan: "Dağlıq
Qarabağ ətrafındakı ərazilər yalnız DQR-in
statusu müəyyən edildikdən sonra müzakirə
mövzusu ola bilər".
Vladimir Putin Azərbaycanın sentyabrın 27-dən
başlanan haqq işi uğrunda mücadiləsində nisbətən
bitərəf mövqe sərgiləməyə
çalışsa da, son mühasibəsində "Birinci
Dünya müharibəsi zamanı erməni xalqının
başına gələnləri"i, "Sumqayıtda və
Dağlıq Qarabağda erməni xalqına qarşı
amansız cinayətlər"i heç vaxt
unutmayacaqlarını deməsi ilə bir daha Rusiyanın
imperiya maraqlarının dövlət siyasətində
prioritet olduğunu dilə gətirib. Ona görə də,
Rusiya, ABŞ, Fransanın özlərinin doğub
böyütdüyü Dağlıq Qarabağ probleminin ədalətli
həllində sonadək tərəfsiz mövqe
tutacağına inanmaq çətindir.
Bunlar
1988-dən bəri davam edən, bu gün hər iki tərəfdən
çox sayda insan itgisinə, dağıntılara yol
açan münaqişənin səbəbkarları həm də
bu 3 həmsədr dövlətin tutduğu haqsız, ədalətsiz,
Azərbaycan dövlətinin, xalqının mənafeyinə
zidd olan birtərəfli-ermənipərəst mövqedir.
Azərbaycan
Prezidenti İlham Əliyev bir neçə gün bundan əvvəl
Fransanın "Figaro" qəzetinə müsahibəsində
demişdi: "Bu 3 vasitəçinin hər biri
mühümdür. Mən müşahidə
edirəm, görürəm və bilirəm ki, Dağlıq
Qarabağ məsələsində onların çox nadir
yekdil yanaşmaları olur. Bu, bəlkə
də onların maraqlarının üst-üstə
düşdüyü yeganə məsələdir".
Ermənistanın
ardı kəsilməyən terror, təcavüz, işğal
faktoruna, təxribatçı hərəkət, bəyanatlarına
cavab olaraq 27 sentyabrda "Qarabağ Azərbaycandır,
yaşasın Azərbaycan!" devizi ilə döyüşlərə
qərar verən Prezident İlham Əliyev dünyada söz
sahibi olan bu 3 həmsədr dövlətin hansı mövqedə
olduğunu, ermənilərin beynəlxalq havadarlarının,
lobbisinin gücünü, imkanlarını da hamıdan, hər
kəsdən daha yaxşı bilirdi. Çətin geopolitik vəziyyətlərdən
respublikamızın müstəqilliyini qoruyub saxlayan, iqtisadi,
hərbi, siyasi mövqeyini ilbəil möhkəmlədən
Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev,
xüsusilə 2016-cı ilin aprel döyüşlərində
həmsədr dövlətlərin Ermənistanı
ağuşlarında nə qədər ehtirasla tutub
saxladıqlarını aydın görmüşdü, bu dəfə
də belə olacağını nəzərə
almışdı. Ancaq öz gücünü, nəyə
qadir olduğunu, xalqın Prezidentinə inamını, bu illər
ərzində ordu quruculuğu, hərbi-texniki
potensialının gücləndirilməsi
sahəsində gördüyü işləri, düşmənin
də cavab vermək, duruş gətirmək imkanlarının
hara qədər olduğunu da gözəl bilirdi. Qüruru,
milli mənliyi, qətiyyəti, siyasi iradəsi, atası,
öndəri Heydər Əliyevin qurduğu müasir müstəqil
dövləti bütövləşdirmək, tamamlamaq istəyi
ilə müqəddəs savaşa başlayan Qurtuluş
davasının müzəffər sərkərdəsi
başladığı mücadilənin son nəticələrini
də dəqiqliklə hesaba almışdı.
Budur, bu
da nəticəsi; 28 ildən bəri işğal altında olan,
mövqelərini möhkəmlətmək üçün
yerin altında, üstündə qurulan nəhəng erməni
istehkamları canlı qüvvəsi, silah-sursatı ilə
birlikdə bütünlüklə məhv edilir, rayon mərkəzləri,
kəndlər bir-birinin ardınca azad edilir, düşmən
idarəolunmaz, pərakəndəlik, xaos içərisində
çabalayır. Ötən aylarda
Şuşada andiçmə mərasimi keçirən,
yallı gedən, Şuşanı bic doğulmuş
"Artsax" adlı qondarma rejimə paytaxt elan edən
Paşinyan diz çöküb sülh yalvarışları
edir. Qətiyyən inanmaq olmaz - nə erməniyə,
nə onun həmsədr yedəkçilərinə.
Sonadək savaş! Xalq-Ordu-Ali Baş Komandan
birliyi, qardaş Türkiyənin dönməz, sarsılmaz dəstəyi
qələbələrimizin rəhnidir.
Prezident İlham Əliyevin KİV-ə son bir aydakı
müsahibə və çıxışlarından
çoxlu sitatlar verilir. Ancaq dövlətimizin
başçısı bu günü əvvəldən
görürdü, hazırlığını da
aparırdı. 2007-ci il iyunun 22-də
Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin
növbəti buraxılışına həsr olunmuş təntənəli
mərasimdə çıxışından bir sitat:
"Dağlıq Qarabağ heç vaxt Ermənistana birləşməyəcəkdir.
Bunu Ermənistanda və Dağlıq
Qarabağda nə qədər tez başa düşsələr,
onlar üçün bir o qədər də
yaxşıdır. Onlar hesab edirlər ki,
vaxt uzatmaqla, danışıqları süni şəkildə
ləngitməklə nə isə əldə edəcəklər.
Xeyr!... Biz hər an
hazır olmalıyıq ki, öz torpaqlarımızı hərb
yolu ilə, silahlı yolla azad edək... Həqiqətən
Azərbaycan əsgərinin Vətənə çox
böyük bağlılığı vardır. Vətən sevgisi, vətənpərvərlik ruhu
bizdə çox yüksəkdir. Əminəm ki, dediyim
bütün bu amillər - bizim siyasi gücümüz, iqtisadi
inkişafımız, hərbi gücümüz, Vətənə
olan sevgimiz məsələnin həllinə gətirib
çıxaracaq, Azərbaycan öz ərazi
bütövlüyünü bərpa edəcək, Azərbaycan
bayrağı Şuşada, Xankəndində, Dağlıq
Qarabağda dalğalanacaqdır".
Prezident, Ali Baş Komandan 13 il əvvəl
dediyini bu gün gerçəkliyə çevirir, tarix
yazır. Bu yeni Zəfər tarixinin müəllifi İlham
Əliyevdir. Var ol, müzəffər Ali Baş Komandan!
Hacı NƏRİMANOĞLU
525-ci qəzet.- 2020.- 30 noyabr.- S.11.