Gileyli körpünün zəfər sevinci - Esse

 

"Çingiz xan gəlib buranı öz ölkəsinə qatıb. Əmir Teymur da gəlib belə eləyib. Təkcə Uzun Həsən o birliyə çalışıb. Ondan sonra gələnlər isə dağıdıb töküb, ölkəni mahal-mahal, şəhər-şəhər, kənd-kənd, ev-ev, adamları bir-birinə düşmən eləyib. Bəs mənim doğulduğum, dilində danışdığım, şeir söylədiyim millət necə olub? O birdimi? Yox, o yox kimidi. Hələ ki, tayfalardı. Ustaclıdı, qacardı, əfşardı, bəydillidi, bilim qədər dili bir, qanı bir tayfa var. Hələ ki, bir adımız da yoxdu. Onların hamısı birləşib bir olmalıdı. Azərbaycan olmalıdı. Düzdür, bu tayfabazlıq hələ çox çəkəcək. Amma o birliyin başlanğıcını bu gün qoyuram. Mən başlayıram. Bu Xudafərin körpüsündən, bu Araz çayından. Bacararam, dünyanın ən xoşbəxt bəndəsiyəm. Bacarmaram, heç. Ya Allah, səndən mədəd!" - bu sözləri 13 yaşında ilk dəfə əzəmətli Xudafərin körpüsünün hüzurunda dayanan, onu görməyə gələn Şah İsmayıl Xətainin körpüyə baxa-baxa zehnindən keçən düşüncələr kimi bilirik.

 

Buradan nəticə çıxardırıq? Təbii ki, birmənalı cavabı var Xudafərinə baxan zaman deyilən bu qiymətli fikirlərin. Xudafərin körpüsü Azərbaycan adlı yaranacaq dövlətin ilk qulaq şahidi, ayrı-ayrı xanlıqları birləşdirib bir dildə var olmaq missiyasının canlı tarixi, birliklərin başlanğıcların sübut mənbəyi, türk tayfalarının vahid ad altında bütünləşdirməyi bilən sirr yoldaşıdır.

 

Şah İsmayılın bu amalına qucaq açan körpü çox sevinir ki, illərdir onun üzərindən ölkəsinə yürüş edib onun vasitəsilə yol alanları, talan, qarət edənləri bilən, duyan kimsə var artıq. Düşmənçilik edənləri ilk dəfə öz üzərindən yola salan Xudafərin körpüsü qədər cəhd etsə zalıma maneə ola bilməyir, zaman-zaman içində bir qırğınlıq yaranmışdı. Çarəsizlik hökm sürür, ürək yaraları qaysaq bağlamışdı. Üzərində ucaldığı yol yoldaşı Araza da qulaq vermək istəmirdi. Çünki neçə dəfə üzərindən keçən atlılara maneə olmaq üçün Arazın coşub daşmasını istəsə , Araz onun dediyi qədər şiddətli sel ola bilməmiş, yürüşlərin qarşısını kəsməmişdi. O gündən çaydan gileyli olan biçarə körpü küsmüşdü ətrafındakılardan. Axı onu babası Fəzl ibn Məhəmməd Rəvvadi Şəddadi əlaqələrini bərpa etmək üçün tikdirmişdi. Müqəddəs məramı vardı onun varlığının. Məqsədi siyasi mədəni əlaqələr, Avropa-Asiya, şimal-cənub, şərq-qərb olan körpünün məramı artıq dəyişdirilmişdi, xainləşdirilmişdi. Həm öz ölkəsinə qarşı! Əlindənsə heç gəlmirdi. Zamanla susur, aşırımlarında gizli qalan düşmən dağıntılarının görülməsini istəyirdi. Elə bu səbəbdən idi ki, Şah İsmayılın gəlişi onun taleyində həlledici rol oynamışdı. Bu amal yürüşləri, həmlələri sona çatdıracaqdı. Ərazi bütünlüyü bərpa olacaqdı. O da əvvəlki tək bir məqsədə siyasi, mədəni əlaqələrin bərpa olunmasına xidmət edəcəkdi. Ta ki, Qacarların daş atıb topa tutduğu zamana qədər.

 

XVIII əsrdə Ağa Məhəmməd şah Qacarın yürüşü zamanı körpü elə dağıntılara, uçqunluqlara məruz qaldı ki, məqsəd , məram da yaddan çıxdı. İpəkçilik əlaqələri itirildi. Daha sonra Azərbaycan iki hissəyə ayrıldı. Xudafərinin bir tərəfi cənuba bir tərəfi şimala parçalandı. Söküntülərdə itib-batan tarixi həqiqətlər uzun illər özünü gizlətdi, özünü qorumaq naminə. Ard-arda gələn düşmən təcavüzləri onun azadlıq rəmzini, ərazi simvolunu əlindən aldı. 1993-cü il Cəbrayılın işğalı ilə girov düşən Xudafərin o gündən için-için ağladı. Cəbrayıla baxıb yanıb kül oldu. Gileyləndi hər o yoldan ötən azərbaycanlını o biri taydan ötən görəndə. İmdad dilədi, azadlıq istədi. Bir zamanlar Alp Arslanın, Şah İsmayılın zəfər yürüşlərinin yenə gələcəyi tarixi, zamanı arzuladı. İllərdir öz elinə uzaqdan uzağa həsrətlə baxdı. Hər səfərində biz onun yanından ötəndə Arazın mehindən, onun dərdli baxışından hiss edirdik köksündən qopan nidaları: "Ayrılarmı könül candan Azərbaycan, Azərbaycan". O gün çox da uzaq deyildi. İnanırdım ki, bir gün o taydan keçəndə Xudafərin körpüsünü sevindirəcək, onu bizdən ayrılmış bir körpü kimi yox azadlığını, zəfərini bayram edən bir abidə kimi görəcəm. Tarixin sınaq müddəti 27 il imiş. Budur 18 oktyabr 2020-ci il Azərbaycanın müstəqillik günü sənin üzərindən Ali Baş Komandanımız İlham Əliyevin göstərişi ilə Azərbaycanın üçrəngli bayrağı sancılır. Zamanında Azərbaycan dövlətinin yaradılacağı xəbərini alan Körpüm indi işğaldan azad olan torpaqlarımızın müjdəli xəbərlərini alır. Azad ruhun, müstəqillik məramın özünə qaytarılır Xudafərinim. Gözün aydın! Cəbrayılın sənə birləşir. Elin-oban bütünləşir. Azadlığın Mübarək, Xudafərin! Qoy indi bütün azərbaycanlılar sənə, sənin uca şəninə hekayə yazsın, dastan qoşsunlar...

 

 

Türkan HÜSEYNLİ

 525- ci qəzet.- 2020.-30 oktyabr.- S.12.