"Azərbaycanla Pakistanı çox sıx tarixi tellər bağlayır" - II hissə

 

 

EYNULLA MƏDƏTLİ: "DOSTLUQ VƏ QARDAŞLIQ ƏLAQƏLƏRİMİZ HƏM ETNİK KÖKLƏRDƏN VƏ MƏNƏVİ-DİNİ BAĞLILIQDAN, HƏM DƏ SİYASİ-HƏRBİ YAXINLIQDAN QAYNAQLANIR"

 

Qarabağ münaqişəsi, Haqq Savaşımız Azərbaycana həm də dost-düşmənini tanımaq baxımından fürsət yaratmış oldu. Bu xüsusda biz Türkiyəylə yanaşı, bir sıra ölkələrin də dostluq mövqeyini gördük, güclü dəstəyini hiss etdik. Onların sırasında dost və qardaş Pakistan dövləti önə çıxdı. Pakistan hər zaman öz dəstəyini dövlətimizə və xalqımıza fəal şəkildə göstərməkdədir.

 

AMEA Fəlsəfə İnstitutunun elmi işlər üzrə direktor müavini, tarix elmləri doktoru, Azərbaycanın Pakistan İslam Respublikasındakı keçmiş Fövqəladə və Səlahiyyətli səfiri Eynulla Mədətli ilə məhz bu mövzuda söhbətləşdik.

 

Tanınmış alim və diplomat E.Mədətli Pakistan-Azərbaycan münasibətlərindən, bu münasibətlərin tarixi köklərindən ətraflı şəkildə söz açdı.

 

***

 

- Eynulla müəllim, Azərbaycanla Pakistan arasında siyasi-mədəni əlaqələrlə yanaşı, tarixən bu iki xalqın ticari əlaqələri də olub, yəqin ki...

 

- Əlbəttə. Məsələn, 14-15-ci  əsrlərdə o vaxtkı İpək yolu ilə hind tacirləri Multan şəhərindən gəlib Bakıda alış-veriş edir, burdan da keçib Avropaya gedirdilər. O qədər çox gəlirdilər ki, nəhayət, Bakı hakimi onlar üçün ayrıca karvansara tikdirdi. İndiki bizim İçərişəhərdəki Multan sarayı, yaxud Karvansaray 14-15-ci əsrlərin abidəsidir, Multan tacirləri, onların heyvanları üçün tikilmişdi. Bu cür əlaqələr o qədər sıx idi ki, xalqlararsı ticari-mədəni əlaqələr böyük bir coğrafiyanı əhatə edirdi, hətta bəlkə də, o zaman indi bizim "qloballaşma" adlandırdığımız proses indikindən də üstün idi.

 

Beləliklə, Pakistan xalqının formalaşmasında, etnik mənzərəsində, psixologiyasında kökü qədim keçmişlərə dayanan zəmin olmuşdur, burada türk mənsubiyyəti Xilafət zamanından, sonralar isə X-XII əsrlərdə Qəznəvilər, XIII-XIV əsrlərdə Dehli Sultanlığı, XVI-XVIII əsrlərdə Muğal imperatorluğu zamanlarında hər vaxt   var olmuş və hüsn-rəğbət qazanmışdır. Şah Təhmasibin zamanında Humayunla birgə Hindistana gedən 12 min nəfər qızılbaş əsgərlərinin böyük qismi geri qayıtmadı, orda məskunlaşdılar. Bu gün Pakistanda minlərlə insanın soyadı "Qızılbaş", "Təbrizli", "Şirvanlı", "Şirvani", "Naxçıvani"dir. Kim hardan gedibsə, bu fakt indi soyadlarda yaşayır. Pakistanda on minlərlə insanın adında "Mirzə", "Xan", "Şah", "Bəyim" sözləri var. Onların hamısı ya türk, ya da türk-fars qarışıq Azərbaycan, İran əsillidirlər. Bu cür misalları çox uzatmaq olar. Bizimlə onlar arasında tarixən formalaşan etnik yaxınlıq var.  Hansı etnik kimliyə malik olmasından asılı olmayaraq "Azərbaycan" sözü pakistanlılarda hüsn-rəğbət doğurur. Belə ki, ölkənin dövlət dili olan urducada "Bhay can" - "Qardaş can" anlamındadır  və ölkəmizin adı "Azər qardaş can" mənasını ifadə edir.

 

- Böyük mesenat Hacı Zeynalabdin Tağıyevin vaxtilə Pakistanda yayılmış yoluxucu xəstəliyə görə onlara kömək əli uzatdığı barədə məlumatlar var...

 

- Mən də bu barədə oxumuşam. Bu o zaman üçün xarakterik idi. Müsəlman ölkələri, xüsusən, onun mütərəqqi insanları yalnız özlərini yox, bütün islam dünyasını düşünürdülər. Məsələn, Cəlil Məmmədquluzadənin "Molla Nəsrəddin" jurnalının Hindistanda onlarla abunəçisi vardı, burada Britaniya müstəmləkəçiliyinə qarşı Hindistan xalqının (əlbəttə müsəlmanların və hindlilərin birlikdə - E.M.) mübarizəsinə, həmin bölgədə gedən proseslərə dair vaxtaşırı məlumatlar verirdi. XX əsrin əvvəllərində Azərbaycan mətbuatı İran, Hindistan, Əfqanıstan, ərəb ölkələrinin də problemlərini işıqlandırırdı.

 

O vaxt indi Pakistana aid olan ərazidə bir sıra yoluxucu xəstəliklər baş alıb gedirdi. Bu, faktdır ki, Hacı Zeynalabdin Tağıyev öz hesabına peyvənd üçün çox böyük vəsait xərcləyib.

 

- Bəs Pakistan dövləti yarandıqdan sonra əlaqələrimiz hansı səviyyədə olub?

 

- 1947-ci ildə Pakistan dövləti yaranandan az sonra  bizim də daxil olduğumuz SSRİ ilə münasibətlər qurdu. Ancaq bu münasibətlər bir neçə obyektiv səbəbdən çox da inkişaf etmədi. SSRİ-nin sonlarına yaxın Pakistandakı sovet səfiri Əbdürrəhman Vəzirov idi. O da xaraktercə qeyri-milli, kosmopolit adam olduğundan, onun azərbaycanlı olmasını Pakistan ictimaiyyəti heç bilməyib də. Diplomatiyada tamamilə təsadüfi olan, milli düşüncədən məhrum belə birisi Azərbaycan haqqında hansısa fikir formalaşdıra bilməzdi.

 

SSRİ dağılandan sonra Azərbaycan 1991-ci il 18 oktyabrda dövlət müstəqilliyini elan etdi. Bundan az sonra, yəni dekabrın 12-də Pakistan Azərbaycanın dövlət müstəqilliyini tanıdı. Beləliklə, müstəqilliyimizi Türkiyədən sonra tanıyan ikinci ölkə oldu. Tezliklə diplomatik əlaqələr quruldu. 1993-cü ildə Pakistan Bakıda öz səfirliyini açdı. Azərbaycan səfirliyi isə dörd ildən sonra, 1997-ci ildə İslamabadda işə başladı və əlaqələrimiz sürətlə inkişaf etdi. Bir məqamı xüsusilə vurğulamaq istərdim ki, 1993-cü il aprelin 30-da BMT Təhlüksəzilik Şurasında qəbul edilmiş, erməni qoşunlarının Azərbaycan torpaqlarından qeyd-şərtsiz çıxarılmasını tələb edən 822 nömrəli qətnamə məhz Pakistanın Şuraya sədrliyi zamanı, Pakistan hökumətinin birbaşa təşəbbüsü və səyi ilə qəbul olunub. Bu, çox böyük bir addım idi. Pakistan bizə ilk böyük dəstəyini o zaman göstərmiş oldu. Münasibətlərin sonrakı inkişafında ulu öndər Heydər Əliyev çox mühüm rol oynadı. Belə ki, o, Pakistanın o vaxtkı prezidenti Əhməd Xan Leqarini Azərbaycana rəsmi səfərə dəvət elədi. Bu, çox maraqlı səfər olmuşdu. Ondan bir il sonra 1996-cı ilin aprelində Azərbaycan prezidenti Pakistana rəsmi səfər elədi. O zaman Prezident Heydər Əliyev Prezident Əhməd Xan Leqari və ölkənin Baş naziri Benəzir xanım Bhutto ilə çox mühüm görüşlər keçirtdi. Əməkdaşlığa dair çoxlu sənədlər imzalandı və bu cür güclü təməli qoyulmuş münasibətlər sonra da uğurla davam etdi.

 

Azərbaycan-Pakistan münasibətləri cənab Prezident İlham Əliyevin zamanında daha da yüksək səviyyə qazanıb. Qeyd edim ki, 2002-ci il aprelin 18-də ulu öndər  Heydər Əliyev məni Pakistana səfir təyin edəndə o vaxtkı imkan və şəraitə görə səfirliyimiz şəhərin ucqar məhəlləsində, iki mərtəbəli yığcam binada yerləşdirdi. Bizim ilk işimiz səfirliyi şəhərin mərkəzinə köçürmək olmuşdu. İslamabadın mərkəzində bir sıra səfirliklərin və dövlət qurumlarının yerləşdiyi Atatürk Xiyabanında, çox uyğun bir binanı icarəyə götürdük və oraya köçdük. Xoş təsadüf idi ki, Pakistanın Bakıdakı səfirliyi də Atatürk prospektində yerləşirdi. 2005-ci ilin aprelində cənab Prezident İlham Əliyev Pakistana rəsmi səfər edən zaman səfirliyimizə də gəlmişdi.

 

Yeri gəlmişkən, deyim ki, müstəqillik illərində bizim Pakistanla sıx əlaqələrimizin qurulmasında qardaş Türkiyənin əhəmiyyətli rolu olub. 1956-cı ildə Türkiyə ilə Pakistan arasında bağlanmış dostluq və əməkdaşlıq müqaviləsi ilə uzun illər mövcud olan xalqlararası münasibətlər yeni müstəviyə qalxmışdı. Türkiyə ilə Pakistan arasında sıx əlaqələr ölkələrimiz arasında zamanla ortaq qardaşlığa çevrilmişdir.

 

2005-ci il oktyabrın 8-də Pakistanın şimalında dəhşətli zəlzələ oldu. Fəlakətdən dərhal sonra cənab Prezident İlham Əliyevin tapşırığı ilə Azərbaycan səfirliyinin təklifləri də nəzərə alınaraq,  20-si həkim olmaqla 40 nəfərlik xilasedici dəstəmiz xüsusi təyyarədə lazım olan bütün avadanlıqlarla birlikdə Pakistanda oldu və fəaliyyətə başladı. Azərbaycan Prezidentinin bununla bağlı digər mühüm tapşırığı isə zəlzələdən zərər çəkənlərin ilkin ehtiyaclarının ödənilməsi məqsədilə 1,5 milyon dollar vəsaitin dərhal müvafiq banka keçirilməsi barədə oldu və sonrakı illərdə də Pakistana müəyyən yardımlar davam etdirildi. Zəlzələ zonasında ilk məktəb də Heydər Əliyev Fondunun rəhbəri Mehriban xanım Əliyevanın təşəbbüsü ilə inşa edilib istifadəyə verdi. Türkiyə dövləti daha çox vəsait ayırdı və məktəblər, xəstəxanalar tikdirdi. Amma ilk məktəbi bizim ölkə istifadəyə verdiyindən yardım edən ölkələr sırasında birinci yerdə Azərbaycan Respublikasının adını oxumaq çox xoş idi. Prezident İlham Əliyevin tapşırığı ilə 2007-2009-cu illərdə biz orda səfirlik kompleksi tikdirdik. Qeyd edim ki, Azərbaycanın dünyanın heç bir ölkəsində Pakistandakı kimi inzibati bina, iqamətgah, yaşayış binası və digər tikililərdən ibarət böyük səfirlik kompleksi yoxdur. Çünki cənab Prezident məsələni belə qoydu ki, bizim Pakistanla münasibətlərimiz və dostluğumuz əbədidir, buna görə də orada öz mülkiyyətimiz olan  səfirliyimiz olmalıdır.

 

- İki dost ölkənin indiki münasibətləri haqda nə deyə bilərsiniz?

 

- Hazırda Pakistandakı səfirimiz təcrübəli diplomat Əli Əlizadədir. Eyni kurs davam edir, müvəffəqiyyətlə dövlətimizin siyasətini həyata keçirir. Bunun nəticəsidir ki, 27 sentyabrda Vətən müharibəmiz başlayanda bütün Pakistan xalqı siyasi-partiya mənsubiyyətindən asılı olmayaraq, bizə dəstək nümayiş etdirdi. Dövlət səviyyəsində bütün dövlət qurumları bizim yanımızda olduğunu nümayiş etdirdi. Pakistan Müdafiə Nazirliyi öz binasından Azərbaycanın böyük bayrağını asdı. Xatırladım ki, bundan əvvəl Pakistan Senatı ermənilərin xalqımıza qarşı həyata keçirdiyi Xocalı soyqırımını rəsmən tanımışdı. Azərbaycan torpaqlarını işğal etdiyinə görə Pakistan dövləti Ermənistanla ümumiyyətlə diplomatik əlaqələr qurmayıb və indi də belə əlaqələr yoxdur.

 

Müstəqillik illərində Pakistanda Azərbaycan xalqına qarşı hüsn-rəğbət daha çox artdı. İş elə gətirib ki, Pakistanda ötən illərdə prezidentlər, baş nazirlər bir-birinin tam əksi olublar və bir-birinə qarşı kəskin ziddiyyətlər şəraitində hakimiyyətə gəliblər, hakimiyyətdən gediblər. Amma onların hamısı Azərbaycanı dəstəkləyib və eyni dostluq və həmrəylik nümayiş etdiriblər. Bu münasibət qırılmaz bağ kimi bu gün də davam edir. Təsadüfi deyil ki, Pakistanın Baş Naziri hörmətli İmran Xan bu ilin oktyabrında Müstəqillik günümüzlə əlaqədar ünvanladığı təbrikində bildirmişdi: "Müstəqillik günüylə əlaqədar olaraq qardaş Azərbaycan xalqını və dövlətini təbrik edirəm. Torpaqlarını işğaldan azad etmək üçün şücaətlə vuruşan Azərbaycan Silahlı Qüvvələrini salamlayıram. Biz Dağlıq Qarabağ məsələsində Azərbaycana BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun şəkildə dəstəyimizi bundan sonra da davam etdirəcəyik".

 

Bütün bunlar hamısı həm tarixdir, həm də bu günümüzün reallığıdır. Cənab Prezident İlham Əliyevin Pakistanla apardığı dostluq və əməkdaşlıq siyasəti bu gün özünün dəyərli bəhrələrini verir.

 

Bir maraqlı məqamı da qeyd edim ki, "Azərbaycan" sözü pakistanlılarda çox böyük hüsn-rəğbət doğurur, belə ki, ölkənin dövlət dili olan urducada "Bhay can" qardaşcan anlamındadır və ölkəmizin adı "Azər qardaş can" mənasını ifadə edir.

 

Şahanə MÜŞFİQ

 

525-ci qəzet.- 2020.- 31 okytabr.- S.11.