Səngərdəki səs
Restoranın geniş və rahat xüsusi zalında oturub
böyük bir şövqlə yeyib-içən bu
adamların kefləri kök, damaqları çağ idi. Deyib-gülməklərinin
ardı-arası kəsilmirdi. Sağlıq
deyir, qədəh qədəhə toqquşdurur, içkilərini
içir, içəndən sonra da ləzzətlə
öpüşürdülər.
Zalın bir küncündə milli musiqi alətlərini
səsləndirən trio oturmuşdu. "Qarabağ şikəstəsi"ndən
"Segah-zabul"a, ordan da "Çırpınırdı
Qara dəniz"ə qədər çalırdılar.
Oxuyan nədənsə gəlib
çıxmamışdı. Ona görə
də sözxaric musiqi özünü hara gəldi
dürtürdü. Tost deyənlərə
hətta tarla kamança astadan züy tuturdu, hərdən bu
züyə balaban da qoşulurdu. Məclis
məmnun idi.
Məclisin sahibi Əhməd müəllim idi. O, özünün beş nəfər ən yaxın iş
yoldaşını Qarabağ müharibəsi zəfərlə
bitəndən sonra cəbhədən qayıtmış uzaq
qohumu cavan leytenantın görüşünə
yığmışdı. Qonaqlıq cavan
leytenantın şərəfinə verilirdi. Bu, son səkkiz gün ərzində
onun üçün təşkil edilmiş
üçüncü qonaqlıq idi. Digər cəbhə
dostları da eyni vəziyyətdə idilər. Qohumlar, dostlar, qonşular cəbhəyə
könüllü getmiş və zəfərlə
qayıtmış bu utancaq, məclisdəki hər hərəkətlərindən
ehtiyatsızlıq və peşmançılıq yağan
cavan zabit və əsgərlərin şərəfinə
qonaqlıqlar verməyi özlərinə müqəddəs
borc bilirdilər. Məclislər də ki... təbii
olaraq, hamısı bir-birinə oxşayırdı - eyni
sözlər, eyni baxışlar, eyni hisslər...
On günə yaxın olardı ki, cavan leytenant və
onun cəbhə yoldaşları - bu gənclərə səngər
dostları da demək olardı - doğma şəhərlərinə
geri dönmüşdülər. Onların bir-birini
görmək üçün burunlarının ucu göynəyirdi,
amma hələ vaxt eləyib görüşə bilməmişdilər.
O biri müharibə qaliblərinin də şərəfinə
ardı-arası kəsilməyən məclislər düzənlənməkdə
idi.
...Əhməd müəllim ayaq üstə tost deyirdi. Kamançanın
səsi onu astadan müşayiət etməyə
başladı. Bu səs bəzən zar-zar
ağlayan və inləyən insan səsinə
yaxınlaşır, sonra ondan uzaqlaşır, amansız və
ötkəm əmrlər verən tamam başqa bir səs
olurdu. Bu səsi dinlədikcə
kamançadan gözünü ayıra bilməyən cavan
leytenantın gözlərindən axan yaş yanaqlarındaca
iki çaya çevrilmişdi və çənəsinin hər
iki tərəfi ilə axıb damla-damla birbaşa süfrəyə
tökülməyə başlamışdı. Cavan
leytenantın ürəyi sıxıldıqca
sıxılır, az qala hövr eləyirdi.
Özü də bilmirdi niyə, amma elə bil,
onu dərin bir quyuya salmışdılar, oradan çıxa
bilmirdi. Birdən o, sərt bir şəkildə
əli ilə stolun üstündəki qab-qacağı, badələri
stolun bir tərəfinə itələdi. Əllərini
eynən səngərdəki kimi daraqlayıb başını
əlləri arasına aldı və alnını çirkli
süfrəyə dayadı. Hıçqırıq
onu boğurdu.
Əhməd müəllim, necə ki stolun başında
ayaq üstə durmuşdu, eləcə də durduğu yerdə
donub qaldı.
"Mən
nə dedim ki, bu adam belə bir hala
düşdü?! Bunun birdən-birə belə
dəyişməyi nə deməkdir?!" - Əhməd müəllim düşündü.
Amma o, səhv edirdi. Cavan
leytenantı bu halsız duruma salan Əhməd müəllimin
sözləri deyildi. Bu sözlər məclisdə
hamının ürəyindən gələn sözlər
idi: müzəffər ordumuz, igid əsgərlərimiz, zabitlərimiz,
qalib Baş Komandanımız, düşmən əsarətindən,
nəhayət, qurtulmuş vətən torpaqlarımız,
şəhidlərimiz, qazilərimiz, arxa cəbhə, Azərbaycan
tarixi, ədəbiyyatı... Və daha nələr, daha kimlər...
Əhməd
müəllim şövqlə danışdıqca zaldakı musiqiçilər
tarda, balabanda, xüsusilə də, kamançada
ona züy tutmaqlarında idi. Cavan leytenant da elə
bu zaman yanaqlarından biixtiyar axan göz yaşlarını
saxlaya bilməmişdi. Kamança sanki
tarla mübahisəsini bir tərəfə atıb
unutmuşdu, o, daha Əhməd müəllimə də
züy tutmurdu, kamança cavan leytenantın gözlərindən
axıb gələn damlalara süfrəyə düşmələri
üçün qısa yol göstərirdi.
Kamança çaldıqca cavan leytenantın yumulu,
qaranlıq gözləri içində tamam başqa bir mənzərə
canlanırdı. O, səngərdədir, adətkərdə şəkildə
başını əlləri arasına alıb gizlətməyə
çalışır. Səngərin
üstü ilə sağdan sola, soldan sağa mərmilər
uçur. Ətrafda bombalar partlayır.
Qulağına yenə də haman səngərdəki
səs gəlir:
"Yat yerə, başını çıxarma. Yenə
atacaqlar. Gir səngərə. Hələ tezdi. Əmri gözlə.
Əmr olsun, o zaman. Tələsmə.
Heç tələsmə!.."
...Kamança
yanıqlı-yanıqlı çalmağında idi. Eynən
adam səsi idi kamançanın səsi. Özü də səngərdəki səs idi.
Başqa səs deyildi. Cavan
leytenant buna təəccüb etmədi. O, artıq bilirdi
ki, ətrafdakı səsləri səngərdəki səslə
tutuşdurmağa başlayıb. Dünən də
evdə on iki yaşlı bacısının səsinə
oxşatmışdı səngərdəki səsi. Və
bu tutuşdurma, cavan leytenant bunu da bilirdi, həyatının
sonuna qədər onu rahat buraxmayacaqdı, səngərdəki
səs onu
artıq həyatının sonuna qədər müşayiət
edəcəkdi.
Məclisə isə sükut
çökmüşdü. Hamı səmimi bir
nigarançılıq içində, mat-məəttəl
halda bir-birinin üzünə baxmaqda davam edirdi.
Hamının beynindən bir sual keçirdi:
"Biz nə etdik?! Biz nə etməli
idik, etmədik?! Əhməd müəllim!.."
Əhməd müəllim ona
ünvanlanmış lal sualları duyur və məclisdəkiləri
qaş-gözünün yalnız onun özünə bəlli
işarələri ilə sakit eləməyə
çalışırdı.
...Sağ
da, sol da insan cəsədi idi. Artıq
ayırmaq olmurdu düşmən hansıdı, bizimki
hansıdı. Bir-birinə oxşayan əllər,
ayaqlar, başlar, bədənlər ayrı-ayrılıqda
göyə uçur, yerə dəyir, sonra yenidən göyə
qalxır, göydə uçuşlarını davam edirdilər.
Əzalar hamısı bir-birinə
qarışmışdı. Onları yenidən birləşdirə
bilən, bir-birindən ayrı düşmüş bu əzalara
yenidən "yaşa!" əmrini verə bilən bir
qüvvə olsaydı, onların belə
qatmaqarışıq birləşməsindən yeni, amma bu dəfə
tamam başqa, bir-birinin qəsdinə durmaq istəməyən
adamlar yarana bilərdimi?! Cavan leytenant
hıçqırığını boğub acı-acı
gülümsədi.
Səslər isə kəsilmişdi. Nə mərmi,
nə bomba səsi var idi, nə də səngərdən səs
gəlirdi. Hər şey səssiz
kinodakı kimiydi. Ancaq ayrı-ayrı
qollar, ayaqlar, təəccüb dolu iri gözlərin
yapışdığı başlar havada ora-bura
uçuşurdu. Səngərdən baxanda
adama elə gəlirdi ki, onların hər biri havada
uça-uça öz doğma əzasını axtarır.
Çünki onlar da qorxurdular ki, kimsə onlara
"yaşa" əmrini verə bilər. Və onlar
ayrı-ayrı cəsədlərə məxsus müxtəlif
əzaların birləşərək yarada biləcəyi adam olmaq istəmirdilər.
Nəhayət, kamança iztirablı bir "ah"
çəkib susdu. Cavan leytenant o uzaq səngərdən
restoran zalına qayıtdı. Başı
hələ də əlləri arasında idi. Oğrun-oğrun ətrafa göz gəzdirdi.
Gördü ki, məclisdəkilər ona maraq və təəccüblə,
bir az da qorxa-qorxa
baxmaqdadırlar. Başını yenə
də eynən səngərdə olan kimi son dərəcə
ehtiyatla əlləri arasından çıxarıb
qaldırdı. Üzünə günahkar
təbəssümə bənzər ifadə qondu. Məclisdəkilər bunu gözləyirmiş kimi
rahat nəfəs aldılar. "İçkidəndi.
Eyb eləməz, indi havaya çıxarıq,
keçib gedər" - Əhməd müəllim yanında
durmuş həmkarının qulağına
pıçıldadı.
- Azərbaycan
əsgərinin şərəfinə! Ura!
- Nəhayət, Əhməd müəllim natamam qalmış
sağlığının məntiqli və layiqli
sonluğunu tapdı, cibindən çıxardığı
yaşıl dəsmalla "uf!.." eləyib
alnının tərini sildi. Ətrafdakılar tez onun
sözünün ahəngini tutdular:
- Azərbaycanın
şərəfinə!..
- Vətən
sağ olsun!..
-
Yaşasın ordumuz!..
Məclisdəkilər hər biri öz bildiyi kimi
sağlığın sonunu dəyişdirib sözləri
sözlərə, qədəhləri qədəhlərə
vuraraq araqlarını başlarına çəkdilər. Cavan leytenant stol
üstündəki qarışıqlıqda öz qədəhini
birtəhər tapıb - kimsə onu tələsik araqla
doldurdu - başına çəkməzdən əvvəl
hamıya qoşulub o da nəsə demək istədi. Bunu hiss
edən məclis əhli anındaca susdu. Cavan leytenant sifətində
həmən qondarma təbəssüm sərxoş-sərxoş
məclisdəkilərin üzünə baxa-baxa:
-
İçək... içək... Gəlin
bunu da içək...
Kamançaçı niyə axı elə bildi ki, o, elə
məhz bu zaman öz iniltili səsi ilə cavan leytenantın
sözlərinə müdaxilə etməlidir?! Kamança
dillənən kimi cavan leytenant yenə də harda olduğunu
unutdu. İçdiyi içkinin təsiri
bir anda uçub getdi və o, özünün son dərəcə
ayıq halına qayıtdı. Gözlərini
kamançanın pərdəsinə dikib ayıq səslə:
- İçək! - deyə təkrar etdi. Bir anlıq ləngidi,
sonra əlindəki qədəhi başına çəkdi.
Cavan leytenant sakitcə yerinə oturdu. Cürbəcür
içki şüşələrinin arxasında yenə də
eynən səngərdə olan kimi başını əlləri
arasında gizlətdi.
İndi
yalnız kamançanın səsi gəlirdi və bu səs
kamançanın içindən yanıqlı-yanıqlı
çıxaraq yenə də haman səngərdəki
səsə qarışırdı:
- Dayan, tələsmə!
Hələ tezdi. Çıxarma
başını. Qoy əmr olsun, sonra! Tələsməyin.
Sakit olun! Əmr! Əmri eşidin! Hazır ol! Əmr
gəldi... gəldi. Azərbaycan əsgəri! Əmri
dinlə! İrəli! Hücum! Vətən uğrunda, irəli!!!
Cavan
leytenant özünü səngərdən bayıra necə
atdığını və "İrəli!"
bağıra-bağıra, əlindəki avtomatı sinəsinə
sıxaraq
düşmən səngərinə tərəf
necə sürətlə götürüldüyünü
hiss eləmədi.
...Məclisdəkilər təəccüb və
maraqla ona baxırdılar.
Kamal Abdulladan
525-ci qəzet.- 2020.-
31 oktyabr.- S.15.