Qələbəyə
tükənməz inam
İNDİ HƏR
BİRİMİZ QARABAĞDAN DANIŞMALI,
ƏSGƏRLƏRİMİZİ ÇOX YAXINDA OLAN
BÖYÜK QƏLƏBƏYƏ DAHA DA RUHLANDIRMALIYIQ...
Bu
günlərdə Gənc Tamaşaçılar
Teatrının "Əsgərə salam" adlı iki
video-müraciəti internet resurslarda və sosial şəbəkələrdə
yayıldı.
Hər kəsə bəllidir ki, bu teatrın
repertuarında patriotik əsərlər üstünlük təşkil
edir. Aktyorların həmin video-müraciəti son dərəcə
təsirli, emosional, zəngin vətənpərvər ruhda səslənib.
Əlbəttə ki, bu uğurlu
işdən danışarkən layihənin rəhbəri, gənc
və istedadlı yazıçı-dramaturq Pərvin Nurəliyevanın
və tamaşaları hər zaman orijinallığı ilə
seçilən rejissor Bəhram Osmanovun xidmətini xüsusi
vurğulamalıyıq. Və elə bu müraciətlərin
təsiri ilə Pərvin Nurəliyeva ilə söhbət etmək
qərarına gəldik.
Xeyli sayda respublika və beynəlxalq
ədəbi-yaradıcı mükafatlara layiq görülən,
Azərbaycan Yazıçılar Birliyinin və Avrasiya Yazarlar
Birliyinin üzvü olan publisist-esseist, əsərləri rus,
özbək, ingilis, türk, latış, Litva dillərinə
çevrilən, Gənc Tamaşaçılar
Teatrının mətbuat xidmətinin rəhbəri Pərvin
Nurəliyeva "Kaspi" qəzetinə müsahibəsində
bu qeyri-adi layihə üzərində işin necə getməsi
haqqında danışdı.
- Artıq iki ildir ki, Gənc
Tamaşaçılar Teatrının mətbuat xidməti kimi
çalışıram. Amma buna qədər də mən
sevimli teatrın heç bir tamaşasını
buraxmırdım, hamısına böyük maraqla
baxırdım və çoxunu əzbər bilirdim. Birinci
video-müraciətin mətnini yazanda direktorumuz Naidə
xanım İsmayılzadə ilə ideyanı
bölüşdüm. Deməliyəm ki,
komendant saatı və karantin rejiminin məhdudiyyətlərinə
baxmayaraq, Naidə xanım hər cür dəstək oldu və
çəkilişin təhlükəsiz, qaydalara əməl
olunaraq aparılması üçün şərait
yaratdı. İlk video-müraciətdəki bütün
obrazlar, lakonik şəkildə hisslərini ifadə edən
aktyorlar həqiqətən illərlə səhnədə
bu qəhrəmanları yaradıblar və bu problemin,
ağrının unudulmaması, yeni nəsillər arasında
da aktuallığını itirməməsi, zamanı gələndə
onların öz əcdadlarının torpağını
qaytarmaqdan ötrü vətənpərvər ruhda
böyüməsi üçün
çalışıblar.
- Dediyiniz kimi, çəkilişlər teatrda
baş tutdu...
- Bəli, ilk müraciət son otuz ildə
teatrın Qarabağ mövzusunda yaratdığı səhnə
əsərlərinin əsas məğzini, mənasını
ifadə etmiş oldu. Buna görə əziz
aktyorlarımıza minnətdarlığımız
böyükdür. Bu gün yaradıcı adamlar Azərbaycan
ordusunun qələbə əzmini, qalibiyyət xəbərlərini,
müqəddəs müharibədə qalib gələn
xalqın hisslərini ifadə edən əsərlər
yaratmaq arzulayırlar.
- Pərvin xanım, müraciətin
mətni, müharibənin dəhşətlərini və
itkilərini yaşamış insanların hissləri o qədər
təsirli idi, sanki bir ox kimi adamın qəlbinə
sancılırdı, o sözləri deyən aktyorları sakit
dinləmək mümkün deyildi, hətta deyərdim
çox çətin idi... Azərbaycan
qadınının, əsgərinin qəlbinin dərinliyindən
gələn sözlər sanki ürəyin harayı idi və
burda Azərbaycanı qılınc və öz həyatı
bahasına qorumuş böyük sərkərdələrin
çağırışı öz əksini
tapmışdı. Burda hansısa konkret rol, oyun, aktyor texnikası
yox idi, bu, sadəcə insanın - qəddarlıq, əzab,
yalan, ədalətsizlik görmüş adamın
üsyanı idi. Və gerçək vətəndaşlıq,
səmimilik, sözlərin içdən gəlməsi elə
budur, axı bizim aktyorlarımız Azərbaycan
xalqının bu faciələri yaşamış
oğlanları, qızlarıdır.
- Haqlısınız. İndi ikinci müraciət
artıq hazırlanıb və burda müraciət ananın
dilindən səslənir və iki dildə - Azərbaycan və
rus dillərində təqdim olunacaq. Ana, Azərbaycan
üçün əsgər böyüdən qadın
Qarabağ konflikti başlayanda artıq dünyaya gəlmişdi
və olaylar, faciəvi hadisələr onun gözünün
önündə baş verib, uşaqlıqdan müşahidə
edib bütün bunları - müharibə, qaçqınlar,
şəhərlərin dağıdılması,
yaxınların itkisi... Qadın bu ağrı ilə
böyüyüb və indi öz beş yaşında olan
oğluna baxanda arzu edir ki, balası o dəhşətləri
görməsin, bununla yaşamasın,
yaşıdlarının yetim qalmasını, əzab çəkməsini
müşahidə etməsin. Və əlbəttə
bütün bunlar, yəni çağdaş nəsilin,
balalarımızın daha gözəl cəmiyyətdə,
hürr dünyada yaşaması, gələcəyinin qorxusuz,
komplekssiz olması indi səngərdəki əsgərdən
asılıdı, ona görə ana əsgərə
müraciət edir...
- Bütün bunlar çox səmimidir, ona
görə ki yaşamısız bunları...
- Bəli, hamısı yadımdadır, biz
paytaxt uşaqları idik, amma anamın, nənəmin
günahsız qurbanları, şəhidləri necə
ağlaması, evimizin yasa bürünməsi yaxşı
yadımdadır. Həmin müraciətdə də
yazmışam... Nə olsun ki, yaxşı oxudum, əla təhsil
aldım, lap dissertasiya müdafiə etdim, amma həyat göstərdi
ki, bütün öyrəndiklərin sadəcə vətənə
xidmət etməlidir... Və hardasa özünü zəif
hiss edəndə, həkimlər və hərbçilər
kimi birbaşa faydalı ola bilməyəndə qələmə
güc verməli olursan. Bir də vətənə sevgi də
intellektual hadisədi, məncə, sən hardan
başladığını, hara getdiyini və bu yolda öz
missiyanı dərk edirsən. Pafosdan qorxuram, amma bu, pafos deyil,
qanımızdan, genlərimizdən gələn duyğudur.
(Bu məqamda Pərvin xanım tərəddüd
içində söhbəti dayandırır... Fikrə gedir və sanki bütün bu müddətdə
ona rahatlıq verməyən sözləri dilinə gətirir
- A.İ.)
Bilirsiz, Gəncənin raket atəşinə
tutulmasından sonra balaca Nilayı tanıdıq, onun barəsində
çox oxudum, öyrəndim. Bir gecədə baş verən
hadisədən atasını, anasını və nənəsini
itirib. Nilayı görən kimi övladlığa
götürmək istədim. Bu gün də əgər
yaxınları razılıq versə, düşünmədən
qızlığa götürərəm onu. Qohumlarını
axtardım, telefon nömrələrini tapdım və
xalası ilə - ata nənəsinin bacısı ilə
danışdım, bu səmimi arzumu da bildirdim, amma söylədilər
ki, sağ qalmış yeganə nənəsi onu böyüdəcək...
- Sizin ana və yaradıcı adam kimi əsas
silahınız qələmdi, mübarizəni yazaraq apara bilərsiz. Bu qazanmaqda
olduğumuz qələbəmizi və artıq xeyli
uğurlarımız var ki, onları öz tərəfinizdən
necə yazacaqsız?
- İndi də informasiya-ideoloji və
mənəvi - virtual müharibədə çox aktiv
iştirak edirəm, sosial şəbəkələrdə
üç dildə lazımi səhifələrdə şərhlər
yazmağa və xalqımızın həqiqətlərini
bacardığım qədər ifadə etməyə
çalışıram. Bunu həm də oğlum
üçün edirəm, məncə, hamımız
balaları düşünürük. Həmişə
çalışıram ki, o sevinc göz yaşlarımı
görsün. Son günlərdə sevincdən kövrələndə
də oğlum nə baş verdiyini soruşur və onun
anlayacağı şəkildə izah edirəm... Deyirəm
ki, düşmənlər evlərimizi əlimizdən alıb
yandırıblar, indi isə əsgərlərimiz oraları
geri qaytarırlar. Bizim o yerlərdə daha gözəl evlər
tikəcəyimizi danışıram ona... Öz yaşına
uyğun düşüncəsi ilə başa
düşür, sevincdən boynuma atılır... Nazim Hikmət
deyir: "Cocuqlar ölməsin, şəkər də yeyə
bilsinlər". Mən də elə hesab edirəm ki,
uşaqların sevinmək üçün həmişə səbəbi
olmalıdır...
- Doğrudur, bunu müraciətinizdə də
dəqiq yazmısız...
- Bəli, həqiqətən son
günlərdə telefonumda Qarabağ müharibəsi və
terror qurbanı olan uşaqların şəkillərini
paylaşımlar üçün saxlayıram, amma
oğlumdan gizlədirəm
telefonu. Çünki mən onun yaşında olanda
gördüklərimi unuda bilmirəm, əslində, mən
deyəndə bütün həmyaşıdlarımı nəzərdə tuturam, üç on
illik ərzində bu ağrı qəlbimizdə
böyüyüb. İndi isə, tunelin sonunda
gördüyümüz işıq hər gün daha da
gurlaşdıqca, gözümüzü
qamaşdırdıqca, bu ağrılar, illərlə
yaşatdığımız emosiyalar ananın, dostun,
şəhidin, aktyorun, vətəndaşın əsgərə
müraciəti formasında üzə çıxır...
- Amma siz birinci müraciəti qələmə
alanda ikincisini də yazacağınızı
düşünməmişdiniz, deyilmi?
- Xeyr, qətiyyən
düşünmürdüm! Bu, həqiqətən bir
ananın arzusu kimi yazıldı. Axı bütün bu hadisələr,
elan edilməmiş müharibənin hərtərəfli
ab-havasında böyümüşük. Amma oğlum
"Azad olundu, bizimdir, Qarabağ Azərbaycandır"
sözlərini eşitdi və mən arzuladım ki, o, elə
bu ovqatda böyüsün. Biz
yaradıcılığın, ədəbiyyatın
böyük gücünü hər zaman hiss edirik və bu
gün döyüş meydanında vuruşan gənclər məhz
bu sənətin təsiri, tərbiyəsi ilə
böyüyüblər. Teatr da heç zaman bu mövzulardan kənarda
qalmayıb, siyasi-hərbi mübarizəni səhnədən,
sənətin qanunları ilə ifadə edib. Amma mən
müraciətimdə bu gün səngərdə
döyüşən əsgərə müraciətlə
demişəm - İndi ən gözəl əsəri onlar
yazırlar, daha dəqiq desək, məhz onlar Azərbaycanın
yeni tarixini yazırlar!
- Pərvin xanım, siz bu mövzuda teatr
üçün bütöv bir dramturji material, pyes yazmaq
planlaşdırırsınızmı?
- Bəli, hal-hazırda yazdığım pyesdə
qəhrəmanlarımdan biri möcüzə nəticəsində
erməni əsirliyindən xilas olmuş qadındır.
Artıq pyesin ideyası ilə bağlı teatr rəhbərliyinə
xəbər vermişəm və gənclərə hər
zaman dəstək olan böyüklərimizi bu fikir
maraqlandırıb. Bu, həm də müasir interaktiv
üsullarla təqdim olunacaq bir səhnə əsəri kimi nəzərdə
tutulub. Həmçinin, bir neçə il
öncə yazdığım, Qarabağ mövzusunda olan
"Çarəsiz yalan" hekayəm də rejissor, Xalq
artisti Ramiz Həsənoğlunun diqqətini çəkib.
Əgər bu hekayənin ekranlaşdırılması fikri qəti
olsa, mətn əsasında ssenari yazmağı
planlaşdırıram. Deyim ki, bu hekayə Şuşa
nisgili ilə yaşayan, son nəfəsində də
Şuşaya görə əzab çəkən
qaçqın bir nənə haqqındadır. Bir neçə
dilə tərcümə olunub, müxtəlif festivallarda, ədəbiyyat
tədbirlərində bu hekayə ilə
çıxış etmişəm. Bu günlərdə yeni
işıq üzü görən "Serpantin"
kitabıma da həmin hekayə daxil edilib. Kitabın rusca
çapı da nəzərdə tutulur.
- Ümumiyyətlə, sizcə, bu mövzularda
layiqli əsərlər yaranacaqmı?
- Yaradıcı adamlara bütün baş verənləri
içindən keçirmək, tam dərk etmək və
yazmaq üçün zaman lazımdır. Hadisələrin əsas
məğzini tutmaq üçün lazımdı bu zaman.
Xalqımızın birliyi, ruh yüksəkliyi, Ali Baş
Komandanın qətiyyəti nəticəsində
gəlib çatdığımız məqam, ordumuzun qalibiyyətləri
hər kəsi qanadlandırır. Uzun zaman idi ki, bu cür
qeyri-adi özünəinam hissləri yaşamırdıq! İndi hər
birimiz Qarabağdan danışmalı, əsgərlərimizi
yaxında olan böyük qələbəyə daha da
ruhlandırmalıyıq. Məncə, bundan böyük, uca,
ali məqsəd ola bilməz!
Söhbətləşdi:
Afət İSLAM
525-ci qəzet.- 2020.- 31 oktyabr.- S.16.