Peyğəmbərin məqbərəsində qətl
- Ya
peyğəmbər, mən saa arxeyin oluf, bu yolu gəldim. Nə bilim, sən də qaçaq-quldurluxnan məşğuluymuşsan...
Abdal Qasımın canı ağzından bu sözlər qarışıq
çıxdı, nahaq
dünyanın dalından
dəyib, haqqa yollananda da məzələnməyindən
qalmamağı haya yığışanları bir
az da kövrəltdi,
atını səyirdib
güclə aradan çıxan şahsevənli
qaçaq, Qasımı
gec tanıdığına
görə barmağını
salıb gözlərini
oymaq istəyirdi. Balaca Əfqan nəsə pis şey baş verdiyini hiss elədiyindən
atasından aralanıb,
anasının tumanına
sığındı. Bir neçə
gün qabaq Abdal Qasımın kirvəsi onu ailəlikcə Beyləqana
qonaq çağırmışdı,
yaxşıca yeyib-içmiş,
bəs deyincə şənlənmişdilər. Dörd qızın bircə qardaşı Əfqanın
kiçik toyundan sonra kirvələr bu tarixi qohumluğu
indi də aranda yuyurdular. Kəlləri qoşub geri qayıdanda təzəcə toran çalırdı, üç-dörd
adam olardılar,
Peyğəmbərin məqbərəsindən
adlayanda göydə ulduzların sayı-hesabı
yoxudu, elə bil qızıl ordunu poliqona tökmüşdün. Kefi
qoyun quyruğu çağıran Qasımın
sifəti birdən dəyişdi, atın cilovunu çəkib, onu arabaların ardınca yeriməyə vadar elədi, qaranlıqdan da qara kəli zəndlə süzüb, "saa canım qurvan" dedi.
... Kəbleyi Qulunun böyük oğlu Xanlar 1917-ci ildə gedir Ağdama, xeylax mal vurub tərpənir Qalaya sarı. Dan üzü gətirdiyini satır, şər qarışanda Abdala qayıdır. Şuşalı
dostları çox deyir qal, Xanlar
az eşidir.
Arabaya oturub kəlləri dəhmərləyir. Xocalıdan
keçəndə ürpənir,
beşatılanı çıxarıb
qaraltını nişan alanacan dərənin üstdən
bir güllə atırlar, ikincidə kəl yıxılır, samı qırılır,
qalır yolun ortasında. O biri kəl təkbaşına
arabanı çəkib
aparır. Qarqardan keçib, Qızılcabeldən
aşıb, Aranzəminin,
Pircamalın altından
adlayıb, Ağbulaqdan
dönür Abdala - düz rəhmətlik Qulu kişinin qapısına. Xanların anası
tezdən sübh namazına qalxır, həyətə çıxanda
görür araba çardağın qabağında
dayanıb, kəlin biri yoxdu, o biri
də arabanın altında yatıb. Cumur irəli: "Ay Xanlar, ay Xanlar!" Xanlar nə gəzir? Xanlar Xocalıda birinci güllədən keçinəndi.
Camaat şivən səsinə oyanır, başıpapaqlılar
atlanıb arabanın rəddiylə Qalayasan çapırlar. Aranzəmin də
qanın izinə düşüb, düz Xanların vurulduğu yerə gəlib çıxırlar. Kəlin
meyiti yolun ortasında qalıbmış...
Üçü verən kimi
Qasım evdən çıxır, dörd
gün keçir, beşinci gün geri dönür, atın belindəki həvgəni yerə düşürür, içindən
24 (!) sağ əl çıxarır. "Söyün, ay nənə,
- deyir, - oğlunun qanını aldım".
Anası təzədən
şivən qoparır:
"Nəyə söyünüm,
a öyü dağılmışın
oğlu, 24 ananı ağlar qoymağına, ya adam qırmağına?" Qasıma
sözmü çatdırmaq
olar, qayıdır ki, aaz, adam öldürməmişəm
ey, bunlar hamısı dığa qoludu...
... Sahibinin mehribanlığını duyubmuş
kimi qara kəl başını qaldırdı, heyvan dilində Allaha yalvardı ki, bir də bu
qapıya cənazə
daşımasın, yazıqdı.
At ona baxanda Allah bəxtəvəridi, bir ayağı şərdədisə,
üçü xeyirdə,
dava-dalaşda, deyişmədədi.
Kəhər telini gözünün üstündən
atmaqla öküzə
acıq verdi.
Həm də xatırladı ki, bir yol onu
da kəl kimi yükləmişdilər...
... Hazırcavablıqda,
mərdlikdə Qarabağ
mahalında ad çıxarmış Abdal
Qasımın erməni-müsəlman
qırğınında göstərdiyi
şücaətlərdən sonra bir az
da nüfuzu artmış, sağlığında
əfsanələşmiş bu qəhrəmanla çörək kəsmək
istəyənlərin sayı-hesabı
itmişdi. Bir gün
Şuşaya - çox
hörmətli qala bəylərindən birinin
məclisinə dəvət
alan Qasımla olduqca sərt bir şərt kəsilir: bəy səkkiz pilləkən düşüncə onu güldürməsə, Qasım
güllələnəcək. Çar-naçar razılaşan
Abdal Qasım bəyin zarafatla işi olmadığını
gözəl bilirdi. Amma indiki vəziyyət
belədi, geri durmaq kişilikdən deyil. Bəy yeddi pilləkən düşür, Qasımın
bir sözünü də eyninə almır. Əhli-məclis
indicə qanlı bir tamaşanın şahidi olacağını
düşünür. Səkkizinci
pilləkənə ayağın
qoyanda Qasım dözmür, deyir, a sənin dədənin beynini..., qapında qan düşəcək deyin, dodağını niyə sallamısan? Bəy uğunub gedir. Qasımı yola salanda ona
məktub verir ki, Ağcabədidə mənim mülkümə
baxan darğa var, ona çatdırarsan,
sənin bəxşeyişini
verəcək. Qasım
həmən bu atın belində gəlir Abdala - uşaqlara baş çəkməyə. Evdə
məktubu açıb
oxuyur, görür qala bəyi yazıb ki, bəs Qasıma iki xurcun qar
verərsən. Altdan da qəşəng imza atıb (qışın oğlan çağları olub bu). Qasım məktubu atır evə, iyulun ortalarında "Ya Allah" deyib, atın başını Ağcabədiyə sarı
döndərir. Məktubu
yiyəsinə çatdıranda
darğanı az qala yayın cırhacırında don vura. Bəyin də sözündən keçə bilmir, qalır mat-məəttəl.
Qasıma yalvarır, gəl bu qarı
dörd xurcun taxılnan əvəz eləyək. Qasım nəm-nüm eləyir ki, bəs bəy
razı olmaz. Darğa deyir, sən razı ol, bəyi yola
gətirmək məndən.
Razılaşırlar. İki
yekə xurcun taxılı Qasımın
atına, ikisini də darğanınkına
yükləyib, qonağı
hörmət-izzətlə yola salırlar. Qasımın atının
bərkə düşdüyü
həmin əhvalatın
üstündən bir
ay ötməmiş darğa olanları Şuşada bəyə çatdırır. Bəyi
gerçəkli don vurur, darğanı söyüb yamanlayır,
"əşşi, bu
Qasımı çox
eşitmişdim, indi təzədən gördüm
ki, deyiləncən varmış" deyə özünə təsəlli
verir...
... Kəlin nənni
kimi yırğaladığı
geriki arabada balalarını böyrünə
yığıb oturan
Maya xanım ərindən razıydı
- neçə qızdan
sonra bir oğulları, bir tikə çörəkləri,
hörmətləri də
ki bir mahalı
tutmaz. Ağalar bəyin qızı
Abdala gəlməydi, Qasım onu halallıqla, dədə-baba
qaydasıyla almışdı,
götürüb qaçmamışdı.
Ermənilərin qorxudan
tük saldıqları
ərinin qız-gəlində
cavanlıqdan gözü
olan deyildi, heç erməni haxçilərinə də
dönüb baxmazdı,
halbuki Qasımdan ötrü Təkirdən, Ağbulaqdan
adlayıb onların qapısına gələnlər
də olurdu... Maya xanımın Murtuza adlı balaca qaynını da ermənilər qətlə
yetirmişdi, taleyin işinə bax ki, Murtuzanın nəvəsi bala Murtuzanı da 70 ildən sonra eyni yerdə ("Vışka"ın yanı),
həmin kəndin erməniləri gülləylə
vurub öldürəcəkdilər.
Hələliksə çox
şeydən, onu arabanın addımbaaddım
yaxınlaşdırdığı faciədən də xəbərsiz Maya xanım dünyadan razı halda kirvələrinin arvadıyla
şirin söhbətlərini
xatırlayırdı.
Qasım atını əmisi
oğlunun atı ilə qoşalaşdırdı,
beşatılanını onun
çiyninə salıb,
mauzerini götürdü.
Atını sürüb
təzəcə uzaqlaşmışdı
ki, irəlidən atəş səsi eşidildi. Əmoğlunun
dalağı sancdı,
bu atəş xeyirliyə deyildi, o, öz mauzerinin səsini gendən tanıyırdı. Atan yad adamıydı. "Qasımı vurdular!" Özünü çatdıranda
at Qasımın başı üstdə kişnəyir, köçü
haraya çağırırdı.
Onu tanımadan atmışdılar. Beyləqan
camaatı Abdal Qasımı Peyğəmbər
məqbərəsində basdırmaq
istəyirdi: "Burda
ölənin yeri cənnətdi". Əmisi
oğlu razı olmadı, Abdal Qasımı adının
sol tərəfində
torpağa tapşırdılar...
P.S. ... Nəvə Qasım danışır
ki, atam öləndə mənə
son sözü bu oldu: "Sən Abdal Qasımın nəvəsisən,
Əfqan kişinin də oğlu - unutma! Bizim bu
xalqdan düşmənimiz
olmayıb, ermənidən
dostumuz. Bir də bunu yadında
saxla..."
Qulu Ağsəs
525-ci qəzet.- 2020.-
31 oktyabr.- S.-17.