Qayıtmasaq, Bülbül küsər, Xan
ağlayar... Esse
Oxuculara təqdim etdiyim bu esseni 4 iyul 1992-ci ildə "Bərəkət"
qəzetində çap etdirmişdim.
Qəzetin
baş redaktoru, qələm dostum Vaqif Bəhmənli bu yazını "Fəryad"
adlandırmışdı. Çünki bu essedə
həm tarixə müraciət, həm öygü, həm də
çağırış vardı. Essenin son
abzasını bu gün arzumun gerçəkləşməsi
kimi burada təkrar etmək istəyirəm: "Bizim
yaşamağa o zaman haqqımız olacaq ki, müzəffər
ordumuzla Xankəndinin içindən keçib Şuşa
qalasına girəcəyik! Üzümüz onda
güləcək ki, Cıdır düzündə
"Koroğlu" operasının uvertürası səslənəcək!"
Budur, 28 il sonra o ülvi arzumuz, müqəddəs
amalımız gerçəkləşməkdədir. Bu
gün Ali Baş Komandan İlham Əliyevin mübariz ruhu, cəsarət
dolu hər bir çıxışı, xalqa inamlı
müraciətləri, şanlı ordumuzun düşmənə
vurduğu sarsıdıcı zərbələr, işğaldan
azad olunmuş doğma şəhərlər, qəsəbə
və kəndlər göstərir ki, qələbə bizimlədir,
inşallah, lap yaxın günlərdə üçrəngli
bayrağımız Şuşada dalğalanacaq!
Ancaq bu esseni, uzun illər yaşadığımız
ağrı-acıları, Qarabağsız, Şuşasız
keçən üzüntülü zamanlarımızı bir
daha xatırlamaq üçün yenidən oxuculara təqdim
edirəm.
Unutmayaq o iztirablı çağlarımızı! Unutmayaq
ki, bir də təkrarlanmasın!
***
Bir
mahnı var, yaddaşımda hey oxunur! Xan
Şuşinskinin baldan şirin səsilə yaddaşıma
köçmüş bu mahnının musiqisi məni halbahal
eləyir. Sözləri xəncər olub bağrıma
saplanır:
Şuşanın
dağları seyrək dumanlı,
Qırmızı
qoftalı, yaşıl tumanlı,
Dərdindən
ölməyə çoxdur gümanlı,
Ay
qız, bu nə qaş-göz, bu nə tel?
Ölərəm
dərdindən onu bil,
Danışmasan
da, bala, barı gül!
Bağışla, Xan əmi, ruhun önündə diz
çökürəm. İlahi səsinlə vəsf etdiyin Şuşa
oylağında bu gün bəylər, xanımlar yox - həmişə
ağlayan, sızlayan, qapımızın nökərləri
yaylayırlar. Öz içimizdə
yaşatdığımız, heç vaxt saya
salmadığımız, ehtiyatlanmadığımız ermənilər.
Düşmən kimi, yağı kimi gəzirlər.
Torpaq iddiasına düşmüş bu xainlər
haqq-salamı yox, tarixi də unudublar. Unudublar ki, Şuşa qalasını 1750-ci ildə
dağlar başında bina edən Pənah xan Cavanşirdi!
Biz də çox şeyi unutmuşuq. Gərək
axşam-səhər bu azğınlaşmış erməni
faşistlərinə deyəydik, kirvə, yadında saxla, bu
qalanın adı bir vaxt banisinin şərəfinə Pənahabad
adlanıb. Ona Şişə qalası da
demişik. Nə isə, bu, bizim öz işimizdir! Bəli, biz tarix dərslərində erməni
uşaqlarına dönə-dönə təkrar etdirməliydik
ki, bilin və agah olun Qarabağ xanlığını yaradan
babanız Şahnazaryan yox, Pənah xan Cavanşir olub. Xanlığın pənahabad adlı pulunu ermənilər
yox, biz Azərbaycan türkləri kəsdirmişik. Və nəhayət, 1805-ci ildə Kürəkçay
sahilində çar generalı Sisianovla sazişi ermənilərin
satqın məliyi Cümşüd yox, İbrahim xan
Cavanşir bağlayıbdır.
Ermənilərin
yurdumuzda törətdikləri min bir faciəni göz
önünə gətirib yana-yana düşünürəm:
görəsən, Allah bizə niyə unutqanlıq xasiyyəti
verib? Bir çəpəntayı baxışdan, bir
yanlış sözdən biri-birimizə qənim kəsildiyimiz
halda, əsl düşmənimizi dost bilmişik.
Yadımızdan çıxartmışıq ki, Pənah xan
öz doğma yurdunda - Şahbulaqda qala tikmək istəyəndə
də iki-üç erməni məliyi iç
üzünü göstəribdir. Onlar Ağdərədəki
Ballıqaya deyilən yerdə səngərlənib Pənah
xanı müharibəyə təhrik ediblər. Pənah xan da onları layiqincə cəzalandırıb.
Amma ermənilərə bu da dərs olmayıb,
oturub həmişə fürsət gözləyiblər.
Nə vaxt ki, dini dinimizdən, dili dilimizdən
olan sərkərdələr Qarabağın-Şuşanın
üstünə qoşun çəkib, erməni məlikləri
də onlara qoşulub. Onlar Məmmədhəsən
xan Qacarın, Fətəli xan Əfşarın, Ağa Məhəmməd
şah Qacarın, daha sonralar çar generallarının
qabağına düşüb Qarabağ dağlarında bələdçilik
ediblər. Təki onlar murdar arzularına
çatsınlar, təki Qarabağın elləri ayaqlar
altında qalsın, onun başının tacı
alınsın...
Bax beləcə, yaddan çıxartmışıq hər
şeyi. Hətta Şuşanın 240 illiyini keçirməyi
də, Cıdır düzündə Pənah xanın heykəlini
qoymağı da. Çünki
anmamışıq, yanmamışıq, qədirbilən
olmamışıq, rus knyazlarını, generallarını,
yurdumuza turp əkənləri öz doğma xanımızdan,
bəyimizdən yaxşı tanımışıq,
şöhrətindən, şücaətindən
danışmışıq.
Yox, daha bəsdir,
anlamalıyıq və bilməliyik: insan ruhu yaşayır!
Şuşanı ermənilər alan
gündən Pənah xanın, İbrahim xanın, Məhəmməd
bəy Cavanşirin, Xan qızı Natəvanın ruhu
Şuşanın dağlarında sərgərdan qalıb.
Axı 1757-ci ildə Məhəmmədhəsən xan
Qacarın, 1759-cu ildə Fətəli xan Əfşarın 80
minlik ordusu qabağına çıxan, uzunmüddətli
mühasirələrinə tab gətirən, onları geri
çəkilməyə vadar edən Pənah xanın ruhu necə
sakit olsun? 1795-ci ildə Ağa Məhəmməd şah Qacar
kimi bir sərkərdənin 33 günlük mühasirəsinə
sinə gərən İbrahim xan Əsgəran qalasını
Şuşanı hücumlardan qorumaq üçün
tikdirmişdi, bu gün ermənilərin yuva salması, bizi
top-tüfəng atəşinə tutması üçün
yox! Vaxtdır, biz bütün bunları ermənilərə
yaxşı-yaxşı başa salmalıyıq. Onların bizə 1905, 1918-ci illərdə vurduğu
yaraları heç vaxt unutmamalıyıq. Ermənilər bu gün olduğu kimi,
keçmişdə də Ağdamın Abdal-Gülablı kəndini
yandırmışdılar. Bu həmən məşhur
kənddir ki, Firidun bəy Köçərli onun haqqında
yazırdı: "Qarabağın aşıqları,
neyçi və balabançıları, xanəndə və
nəvazəndələri əksəriyyən
Gülablıdan çıxıb, onun abu-havası ilə pərvəriş
tapmışlar... Şuşa qalasının
nücəbavü xanzadəvü şahzadələrinin
çoxu Gülablı arvadlarının döşündən
süd əmib, onların ağuşunda nəşvü-nüma
tapmışlar. Kim bilir, bəlkə onların südlərinin
təsirindən Pənah xanın yapdığı Şuşa qalasında ki, - sabiqdə
qaranquşlar məskəni imiş - bu qədər şüəra
və zürəfa, bu qədər xoşəlhan xanəndə
və bimisal sazəndələr hasilə gəlmişdir?!
Heyf ki, belə gözəl bağlı-meyvəli və
xoşsəfa kənd 1905-ci sənədə vüqua gələn
erməni-müsəlman davasında talanü viran
olmuşdur".
Eyni bir müsibət 1905-ci ildə Şuşanın da
başına gətirilmişdi. Qalanın viran olduğunu görən
şairimiz ağrı ilə yazmışdı:
Şuşa
bir günəşdi, Şuşa bir
aydı,
Parisə bənzərdi dağılmasaydı.
Yox, ermənilərin xəyanətini, məkrli sifətini
saymaqla qurtarmaz. Elə isə bir xalqı tanımağa
min illərin sınağı bəs deyilmi? Yetər! Bu xəyanətin kökünü
torpağımızdan birkərəmlik çıxardıb
atmalıyıq. Ayağa qalxmalıyıq.
Şuşanın ermənilərin əllərində bu qədər
qalmasına ürək tab gətirmir daha. Şuşa
dünən tikilmiş kibritqutulu evlərdən ibarət
şəhər deyil, tarixi abidələr şəhəridir.
Böyük ədibimiz Yusif Vəzir demişkən: "Şəhərin
hər nöqtəsi bir tarix söyləyir: İbrahim xan kahası,
Şahnişin, Cıdır düzü, Dovtələb,
Divanxana qabağı, Topxana... hərəsi bir kitab, qanlı və
dəhşətli bir səhifədir".
Xalq
şairi Səməd Vurğunun iftixar hissilə dediyi:
"Şuşa təkcə öz füsunkar təbiətilə
deyil, həm də poetik qüdrəti, musiqi mədəniyyətilə
şöhrət qazanmışdır" fikri əvvəllər
qəlbimizə fərəh gətirərdi, indi isə ürəyimizi
sıxır. Adam fikirləşdikcə dəhşətə
gəlir: bir görün Şuşanı düşmənə
verməklə nə qədər böyük şəxsiyyətlərin
ruhu önündə günaha batmışıq. Qasım bəy
Zakirin, Ağabəyim ağanın, Xan qızı Natəvanın,
Haşım bəy Vəzirovun, Əbdürrəhim bəy
Haqverdiyevin, Firidun bəy Köçərlinin, Nəcəf bəy
Vəzirovun, Mir Möhsün Nəvvabın, Fatma xanım Kəminənin,
Cəfərqulu xan Nəvanın, Əhməd bəy
Ağayevin, Üzeyir bəy Hacıbəylinin, Yusif Vəzir
Çəmənzəminlinin, Mirzə Sadıqcanın, Cabbar
Qaryağdıoğlunun, Bülbülün, Seyid
Şuşinskinin, Xan Şuşinskinin... Yox,
adlarını saymaqla qurtarmaz Şuşanın yetirdiyi incəsənət,
mədəniyyət xadimlərinin.
Qarabağ!
Adına saysız öygülər qoşulmuş,
bayatılar deyilmiş, qədim vətənimizin bir parçası:
oxuyuruq, gözümüz dolur, xəyal bizi o yerlərdə
bir də dolandırır.
Şuşanın şəninə qoşulmuş
mahnılara xəyalən də qulaq asmaq olmur. Çünki
o mahnılarda Qarabağın yaylaqları, oylaqları vəsf
edilir. Bu mahnılardakı ovqatla
Qarabağın bugünkü müsibəti heç cür
uyuşmur. O yerlərlə bağlı elə
mahnılarımız var ki, bizi qəzəb alovunda
yandırır. Tarixi ovqatımız əks
olunub bu mahnılarda. Yüz illərin ardından
süzülüb gələn bir mahnıda olduğu kimi:
Gəlin
gedək Daşaltına gəzməyə,
Ördək
kimi o göllərdə üzməyə,
Qaradavoylar
gəlir bizi əzməyə,
Ölürəm,
kimə yalvarım,
Yanıram, kimə yalvarım.
Yox,
yalvarmaq yetər! Əgər millət
adını daşımağa haqqımız varsa, ancaq
özümüzə yalvarmalı, özümüzə
üz tutmalıyıq, özgələrə yox.
Bizi mübarizəyə, ayağa qalxmağa,
silaha sarılmağa səsləyir Şuşanı vəsf
edən nəğmələr. Bu gün toylarda
oxunmamalıdır "Qarabağ şikəstəsi".
Əgər oxunsa, miskin səslənər. Ruhumuza
yazıqlıq, yetimlik, bədbinlik gətirər. Axı
"Qarabağ şikəstəsi" toyxanaların sakit
bucağında yaranmayıb. Babalarımız onu uca dağlar
başında oxuyub ki, səsini ellər, obalar eşitsin. Müqəddəs torpağımıza yağı kəsilənlər,
vətənini itirib yurdumuza sığınanlar, başı
qarlı, yaşıl meşəli dağlarımızı,
suyu diş göynədən bulaqlarımızı görəndə
ürəyi atlanmayan, Xarı-bülbül çiçəyinin
möcüzəsi önündə diz bükməyən,
xəbis ürəklilər, həsəd, kin içində
vurnuxanlar Pənah xan oylağında şikəstə oxuya
bilməzlər. Bu gün biz "Qarabağ şikəstəsi"ni
ancaq səngərlərdə, üçrəngli
bayrağımız Əsgəranın, Xankəndinin, Şuşanın
qala divarları üstündə dalğalananda
oxumalıyıq.
Ey Vətən oğlu! Siz ey səngərlərdə
düşmənlə çarpışanlar! Al
qanlarını torpaq uğrunda axıdanlar! Siz ey hələ də
yurdunda qan töküldüyünü hiss etməyən,
canına isti keçməyən vətən daşları,
ayağa qalxın! Bəsdir uduzduq! Bəsdir bu qədər
geri çəkildik. Qaçaqlığı,
qoçaqlığı ilə düşmənin
yatağına qor dolduran igidlərin nəvələri, yetər
öz yurdumuzda qaçqın olduq! Silaha sarılaq,
Qarabağın dağları, Şuşa qalası imdad
gözləyir. Biz qoca Cabbarın
"Heyratı"sının sədaları altında
Şuşaya qayıtmalıyıq.
Qayıdaq! Qayıtmasaq, evinə düşmən
ayağı dəymiş Bülbül küsər, Xan
ağlayar! Utanarıq Seyid Şuşalının, Keçəçi
oğlu Məhəmmədin, Zabul Qasımın, Segah
İslamın səsini eşidəndə. Qayıtmasaq,
Üzeyir bəyin heykəlinə belə baxmağa haqqımız
yoxdur. Yetər yurd itirməyimiz, evsiz qalmağımız. Biz
azğın düşmənə kimliyimizi göstərməliyik.
Bizim yaşamağa o zaman haqqımız olacaq
ki, müzəffər ordumuzla Xankəndinin içindən
keçib Şuşa qalasına girəcəyik!
Üzümüz onda güləcək ki, Cıdır
düzündə "Koroğlu" uvertürası səslənəcək!
Mustafa Çəmənli
525-ci qəzet.- 2020.- 31 oktyabr.-
S.18.