Pandemiya, ədəbi intellektuallıq və
ədəbiyyatda yaşamaq formulu
"ULDUZ" JURNALI
İLƏ "525-Cİ QƏZET"İN BİRGƏ
LAYİHƏSİNDƏ AZƏRBAYCANIN ÜÇ TANINMIŞ
SÖZ ADAMININ BU ÜÇ SUALA CAVABLARINI TƏQDİM EDİRİK
***
- Karantin
rejimi insanlara xeyli stresli, depressiv hallar yaşatdı. İnsanlarda xüsusən də dünyanın gələcəyi
ilə bağlı pessimist ovqat yarandı. Karantin günlərində evdə qalan insanlar
mütaliə ilə, film seyr etməklə günləri yola
verirdilər. Yazıçılar təkliyə,
evdə qalmağa öyrəşən sənət sahibləridir.
Yazıçıların işi yazı
masası arxasında oturub orada öz dünyasını
yaratmaq və dünyaya oradan baxmaqdır. Ona
görə də, evə qapanmaq yazıçılar
üçün elə də əziyyətli olmadı. Pandemiya dövründə keçirilən iki
yazı müsabiqəsinin münsiflər heyətinin
üzvü oldum. İnsanların pandemiya ilə
bağlı keçirdiyi hiss və duyğular, xüsusilə
gələcəklə bağlı proqnozlar müxtəlif
idi: pessimist olanlar da vardı, nikbin yanaşanlar da. Əslində, bəziləri bu pandemiyanın bəşəriyyəti
xilas edəcəyini, qlobal istiləşmənin və digər
problemlərin qarşısını alacağını
deyirdilər. Karantin günlərində
populyarlığını müəyyən qədər
artırsa da, ədəbiyyat əvvəlki dövrlərdəki
kimi cəlbedici deyil. İndi ədəbiyyatın
yerini yeni texnologiyalar daraldır. Güman
edirəm ki, postpandemiya dövründə ədəbiyyatın
populyarlığı daha da aşağı düşəcək.
Çünki bütün dünya - insanlar bir telefonun
içinə yığılıb, az
qala, bütün ünsiyyətlər, münasibətlər
telefon vasitəsilə həyata keçirilir. Bundan
əlavə, insanlar böyük həcmli yazılar oxumaqdan da
yorulublar. Bu mənada, yəqin ki, ədəbiyyat
da formasını dəyişərək daha dinamik, canlı,
fərqli formalarda təqdim olunacaq. Necə
ki canlılar təbii şəraitə uyğun dəyişir,
çox güman ki, ədəbiyyat da formasını dəyişəcək.
Ədəbiyyat hər zaman olacaq, amma yəqin ki, artıq
klassik formada yox, hansısa başqa bir formada olacaq...
- Bu
gün bestsellərə çevrilən bir çox bədii əsərlərin
uğurunu zəngin informasiya, intellektuallıq, məlumatın
çox olması ilə izah edirlər. Belə ədəbiyyat
nümunələri bədii cəhətdən dolğun, təhkiyəsi
dinamik olmayanda, o zaman bu zəngin informasiyalar da, məlumatlar da
oxucu üçün darıxdırıcı və maraqsız
gəlir.
Bu mənada mən o ədəbiyyata üstünlük
verirəm ki, özündə həm bədii yük
daşıyır, bədii dəyəri və səviyyəsi
yüksək olur, həm də müəllif bu bədiiliyin
içərisində intellektual informasiyanı
çatdırmağı bacarır. Məsələn, mən
Orxan Pamukun bir neçə əsərində müşahidə
etmişəm, müəllif informasiyanı oxucuya onu həyəcanda
saxlayaraq çatdırır. Son oxuduğum romanda - dostum
Şain Sinarianın Əhmədiyyə Cəbrayılov
haqqında yazdığı "Bir ömür iki tale"
kitabında da zəngin informasiyalar bədii şəkildə
çatdırıldığından, eyni zamanda, əsər
axıcı dildə, dərin bədii qatlarla qələmə
alındığından oxuduca zövq aldım. Şahin bu əsərdə informasiyanı oxucuya
rahatlıqla həzm etdirə bilir. Bu tipli əsərlər
yazıçının peşəkarlığı, bədii
istedadı və intellektual səviyyəsindən
asılıdır. Dəyərli əsərlər
də məhz bu komponentlərin vəhdətindən
yaranır.
- Ədəbiyyatla yaşamağın formulunu müxtəlif
cür izah edə bilərlər. Mənə görə
isə birinci şərt bədiilikdir. Söhbət
ədəbiyyatdan gedirsə, ədəbiyyatın başqa sahələrdən
fərqi odur ki, həyatı yüksək səviyyəli bədii
obraz və çalarlarla təsvir edir. Bu yüksək bədiilik
min il əvvəl yazılan əsərdə
də, çağdaş ədəbiyyatda da olanda
yaddaşlarda qalır, yaddaşından silinmir. Bu
mənada, fikrimcə, yüksək peşəkarlıq və
bədiiliklə yazılan əsərlər
yazıçını daha uzun illər yaşadır. Hətta yüksək bədiiliklə deyilmiş bir
misra, bir cümlə belə müəllifi əsrdən əsrə
apara bilər.
Məti
OSMANOĞLU (Tənqidçi):
-
Pandemiyadan sonra insanlığın taleyi necə olacaqsa, ədəbiyyatın
da taleyi elə olacaq. Təbii ki, pandemiya bəşəriyyət
üçün qlobal dəyişmə zərurəti
yaradıb. İndi dərin iqtisadi və mənəvi
böhran içində olan iqtisadi sistemlərdə,
insanların həyat tərzində, texnoloji imkanlardan istifadə
mədəniyyətində kəskin dəyişmələr
gedir və qloballaşma daha da sürətlənir. Bu dəyişmələrin insanların
psixologiyasına sirayət etməsi qaçılmazdır və
bunlar ədəbiyyatda da öz əksini tapacaq. Ən azından yaşadığımız günlərin
metamorfoz proseslərini ədəbiyyat öz dilinə
çevirib bizə və gələcək nəsillərə
çatdıracaq. Heç şübhəsiz,
gələcək nəsillər də geri dönüb bu
günlərdə bəşəriyyətin
yaşadıqlarını bədii ədəbiyyatda əks
etdirəcək. Ədəbiyyat bu tarixə
etinasız qalmayacaq.
Bəs ədəbiyyatda, bədii sözün
nizamında konkret olaraq nə baş verəcək, estetik
sistemlərdə hansı yerdəyişmələr olacaq? Mənə elə
gəlir ki, bu suallar açıq qalır və açıq
da qalacaq. Bu sualların cavabını bədii
sözü yaradan fərdi istedadlar verəcək.
İstedadın mahiyyəti isə həm bədii sözə,
həm də ictimai fikrə gözlənilməzlik gətirməsindədir.
- 1970-ci
illərdə Sovet ədəbiyyatında, eləcə də
bizim ədəbiyyatda "intellektual poeziya" termini işlədilir,
ədəbiyyatşünaslıq "elmi-texniki
inqilab"ın bədii ədəbiyyata təsirlərini
araşdırırdı. O vaxt belə bir təmayülün
yaranmasının başlıca səbəbi bədii ədəbiyyatda
gedən köklü proseslər idi. Azərbaycan
ədəbiyyatı özünün kifayət qədər
canlı və bir o qədər də dramatik
dövrünü yaşamışdı. Sovet siyasi və
ideoloji buxovlarının boşaldığı, mənəvi
iqlimin nisbətən mülayimləşdiyi müəyyən
ara müddəti istər-istəməz ədəbi
münasibətlərə də təsirsiz
qalmamışdı. Zövqlər qarşıdurması,
"radikal yenilikçilərlə" "mühafizəkar
ənənəçilər" konflikti gərginləşmişdi.
Həmin "radikal yeniliklər"dən biri də
qəribə, "əndirəbadi" görünən
anlayış və obrazları şeirə gətirməklə
özünü intellektual göstərmək cəhdləri
idi. Ancaq zaman keçəndən sonra sular duruldu...
İntellektuallığı bayraq edənlər
anladılar ki, bədii ədəbiyyatda intellektuallıq məsələsinin
qoyuluşu təzə hadisə deyilmiş. Dahi Füzuli intellekt məhsulu
olmayan şeiri özülsüz divar hesab edir, son nəticədə
bu cür divarın etibarsız, uçmağa,
dağılmağa məhkum olduğunu göstərirdi:
"Elmsiz şeir, əsassız divar olur, əsassız divar
qayətdə bietibar olur".
Mənə elə gəlir ki, bugünkü Azərbaycan
ədəbiyyatı elmsizlikdən daha çox əziyyət
çəkir.
İstər poeziyamız olsun, istər nəsrimiz,
istərsə də dramaturgiyamız, publisistikamız -
bunların intellektual qatı xeyli nazikdir və bədii
sözün duyğu "örtüyü" müəyyən
mənada köməksizdir. Mən bunu gəlişigözəl
metafora kimi işlətmirəm. Təəssüflər
olsun ki, oxucu da dərin mətnlərdən uzaqlaşmağa
daha meyllidir. Azərbaycanda ədəbiyyat
oxuyanların sayı onsuz da azdır, oxuyanların da əksəriyyəti
belletristikanın, mənasız detektiv mətnlərin
girovluğundadır. Bizim vəzifələrimizdən
biri də insanların zövqünün immunitetini gücləndirmək
olmalıdır.
- Ədəbiyyatın fərqliliyi və gözəlliyi
formullara, düsturlara yerləşməməsindədir. Böyük ədəbiyyat
mövcud formulları, düsturları dağıdır.
Zamandan-zamana qiyama qalxan söz yeni sistemlər,
formullar təklif edir. Bu mənada ədəbiyyatda
yaşamağın formulu (əgər sualı düzgün
başa düşmüşəmsə) mövcud
formulların dəyişməsindədir. Ancaq
bu dəyişmə o qədər mükəmməl
olmalıdır ki, sözün intellektual qatı ilə
duyğu örtüyü bir-birinin boyuna biçilsin, bir-birini
üzvi şəkildə tamamlasın. Bir də
özünə yaşamaq haqqı axtaran yeni yaşayan
köhnəni zədələməsin...
Elşən
ƏZİM (Şair):
- Pandemiya
ümumbəşəri fəlakətdir. Əgər onu
dünyada baş verən müharibələrlə müqayisə
etsək, yeni bir ədəbi prosesin, yeni mövzuların,
obrazların yaranmasına səbəb olacağını
görə bilərik. Təsəvvür edin, ədəbiyyatımızın
ilk yazılı nümunələrindən biri Davdaq adlı
şairin Cavanşirin ölümünə həsr etdiyi
ağı hesab olunur. Deməli, müharibələr,
fəlakətlər həmişə ədəbiyyatın əsas
mövzularından biri olmuşdur. Antik ədəbiyyatın
aparıcı xəttinin faciələr olduğunu da bilirik.
İsgəndərin dünyanı fəth etməsi
hətta Azərbaycan şairi Nizamini də
düşündürmüş və özünün ən
mükəmməl əsərini bu mövzuda
yazmışdır. Dünya bu günə
qədər Covid-19 boyda fateh görməyib. Tolstoyun
"Hərb və sülh", Şoloxovun "Sakit Don",
"İnsanın taleyi", Pasternakın "Doktor
Jivaqo" Heynrix Böllün hekayələri və s. kimi
dünyaca məşhur əsərlər, Markesin əsərlərindəki
bədbəxt taleli hərbçi obrazları dünyanı
bürüyən fəlakətlərin ədəbiyyatdakı
bədii-fəlsəfi həllidir. Ümumiyyətlə,
fəlakətlərdən yalnız ədəbiyyat qazanır.
Çexovun hakayələrində o dövrdə
yayılmış və müalicə yolları
tapılmamış vərəm xəstəliyinin faciəvi nəticələrinə
rast gəlmək olur. Elçinin "Ölüm
hökmü" əsərində ölkəni bürüyən
epidemiya qurbanlarının kütləvi şəkildə yandırılması
səhnəsi çox təsirlidir. Bir neçə
il bundan əvvəl hansısa saytdan oxudum
ki, Səməd Vurğunun "Ananın öyüdü"
şeiri ABŞ-da İkinci Dünya müharibəsinə həsr
olunmuş şeirlər müsabiqəsində nəticə
qazanmışdır. 1943-cü ildə Nyu-Yorkda
çap edilərək əsgərlər arasında geniş
yayılmışdır. Bu məlumat IX sinfin ədəbiyyat
dərsliyində də var. Azərbaycanda yazılan şeirin
okeanın o tayında uğur qazanması onu deməyə əsas verir ki, fəlakətlər
ədəbiyyatın meydanını daraltmır, əksinə...
Hesab edirəm ki, pandemiya da ədəbiyyata təsirsiz
ötüşməyəcək, obrazlı desək, ədəbiyyata
da yoluxacaq və artıq yoluxub. İlk simptomları hiss
olunmaqdadır. Ancaq bu yoluxmadan ədəbiyyat
qazanacaq, itirməyəcək. Mükəmməl
əsərlər yaranacaq, filmlər çəkiləcək
və s.
-
Çox mübahisəli və hər zaman müzakirə
olunan məsələdir. Ədəbiyyatın bədii-estetik
tərəfinə intellektin mənfi təsirini mən daha
çox Alber Kamyunun əsərlərində müşahidə
etmişəm. Bu, oxucu kimi mənim şəxsi fikrimdir,
ola bilsin ki, fərqli
düşünənlər də var. Ancaq intellektli yazıçıların
dünya ədəbiyyatına bəxş etdiyi sevilən əsərlərə
də aid yüzlərlə örnək gətirmək olar. Nizami öz dövrünün bütün elmlərini
mükəmməl bilən dərin bir intellekt sahibi olub.
Onun əsərlərinin hər sətrində dərin
intellektin, mükəmməl biliyin əks-sədasını
duymamaq mümkün deyil. Bununla
yanaşı, Nizami poeziyasında Şərq ədəbiyyatına
məxsus estetikanın, simvolizmin ən üst qatda olduğunu
da görürük. Çağdaş ədəbi
mühitimizdə intellekt və istedad məsələsində
tərəzinin gözü çox zaman düz gəlmir. Bəzi istedadlıların intellekti, bəzi
intellektlilərin isə istedadı zəifdir. "Duyğu örtüyü"nü zədələyən
məhz bu haldır. Bu problem xüsusilə
şeirdə özünü göstərir. Bəzi şeirlər yalnız duyğu ilə
süslənir, kəpənək qanadı, çiçək
ləçəyi kimi zərifdir, ancaq çəkisi də elə
kəpənək qanadı, çiçək ləçəyi
kimidir. Bəzi şeirlərdə isə duyğu,
estetika, ümumiyyətlə, gözə dəymir. Ancaq mən bunu ciddi problem hesab etmirəm. Düşünürəm ki, ədəbiyyatda
intellektin və istedadın tən gəldiyi əsərlər
qalacaq.
- Bu suala ədəbiyyatşünaslar
daha mükəmməl cavab verə bilər. Əgər
bir şair, yazıçı ədəbiyyatda qalmağın
dəqiq formulunu bilsəydi, yəqin, özünün ədəbi
və əbədi yaşamını təmin edə bilərdi.
Ədəbi yaşam
daha çox zamanın hökmünə
bağlıdır. Bir ədəbiyyat müəllimi
kimi bu suala həmişə cavab axtarmışam. Hətta diplom işim də "Azərbaycan ədəbi
tənqid tarixi" mövzusunda olub. Bütün
bunlar mənim ədəbiyyata, sənətə yanaşmamda dəhşətli
bir məsuliyyət hissi yaradıb. Bu məsuliyyət
get-gedə artdıqca yaradıcılığımda məhsuldarlıq
azalır. Hərdən ixtisasca filoloq
olmayan şair dostlarıma qibtə edirəm. Hər
gün yazırlar, böyük ruh yüksəkliyi ilə
paylaşırlar, "like"lərdən, şərhlərdən
vəcdə gəlirlər...
Deyirlər Gəncə zəlzələsindən əvvəl
sosial şəbəkələrdə Kəpəz o qədər
uca olub ki, günün müxtəlif saatlarında ətrafındakı
geniş əraziləri günəş işığına
həsrət qoyub, kölgəsi gah Gəncənin, gah da
Murovun üzərindən çəkilməyib. Sonra zəlzələ
baş verdi, Kəpəz parçalandı,
ancaq başqa bir möhtəşəm gözəlliyin
yaranmasına səbəb oldu. Füzuli ilə
Vaqif yaradıcılığını da belə bir
müqayisə ilə səciyyələndirmək olar.
Bu iki klassikin yaradıcılıq dövrləri arasında
200 il fərq var, ancaq Füzulidən Vaqifə
qədər böyük bir klassikin olduğunu
görmürük. Çünki Füzuli
qüdrətinin kölgəsi geniş bir ədəbi məkanın
və zamanın üzərindən çəkilmirdi. Vaqif yaradıcılığı isə bu məkanda
zəlzələ effekti yaratdı. Füzuli
mifi də Kəpəz kimi parçalandı, ancaq yenə
kiçilmədi. Kəpəzin
parçalanması Göygöl, Maralgöl kimi gözəllik
ilahələrinin yaranmağına səbəb olduğu kimi,
Füzulinin də yaradıcılığı hələ də
ədəbi estetikamızı formalaşdırmağa
israrlıdır. Eyni zamanda, Füzuli simvollarından tam
fərqli real ədəbi obrazlar yaradan Vaqifin də
poeziyası XVIII əsri "Vaqif əsri"
adlandırmağımıza nədən olur və
bugünkü poeziyamızın dil-üslub xüsusiyyətlərini
müəyyənləşdirməkdə davam edir.
Özündən əvvəlkilərə, hətta
Füzuliyə də tənqidi yanaşan Axundzadənin
yaradıcılığı isə tamam başqa bir zəlzələyə,
hətta vulkana səbəb oldu. Baxmayaraq ki, Səbuhi
imzasıyla yazdığı qəzəllərdə o da
Füzuli epiqonçusu idi. Ancaq ədəbi
taleyində bu qəzəllərin heç bir önəmi
olmadı. Dramaturgiyanın, ədəbi tənqidin,
yazılı bədii nəsrin əsasını qoyduğu
üçün ədəbi və əbədi yaşam
qazandı. Hərdən
düşünürəm ki, Seyid Əzim Şirvani mənzum
hekayələrini, təmsillərini, mənzum məktublarını
yazmasaydı, qəzəlləri nə qədər möhtəşəm
olsa belə, ədəbiyyatda indiki urvat və hörmətini
qazana bilməzdi. Bunu Sabir haqqında da demək
mümkündür.
Kimi ədəbi cığır aça bilir,
kimi ədəbi yol aça bilir, kimi dünya ədəbiyyatına
körpü sala bilir, ən böyüklər isə ədəbi
məktəb yarada bilir. Bax ədəbiyyatda
yaşamağın formulu bunlardır. Bu isə hər sənətkara
qismət olmur.
525-ci qəzet.- 2020.- 31 oktyabr.-
S.20.