İndi zəfər çağıdır

 

Azərbaycan mərd oğullar yurdudur,

Dünya görür, ordum necə ordudur!

Qan udduran zalım indi qan udur,

Alçalan həm özü, həm bayrağıdır.

 

Zəfər sevindirir xalqı doyunca,

Yürüş etdik uca dağlar boyunca,

Göydən hənir gəldiyini duyunca

Düşmən qaçır, qalan boş papağıdır.

 

Ağbirçəyim, dur, xına qoy saçına,

Elim gedir Zəngilana, Laçına,

Ucal, Vətən, ucal şöhrət tacına,

Nisgil ötür, indi zəfər çağıdır.

 

Türk qardaşım bir dağ kimi dayandı,

Haqq niyyəti, qətiyyəti bəyandı,

Haqsız dünya silkələndi, oyandı,

Amma yenə dərdi-səri yağıdır.

 

Çox ölkələr çoxüzlü, çoxdildilər,

Haqlı ikən, yazdıqsa, sildilər,

Zor görüncə anladılar, bildilər

Cənnətməkan kimin Qarabağıdır.

 

Salam CAVADLI

 

525-ci qəzet.- 2020.- 29 oktyabr.-S.14.