"Qələbə yollarında" silsiləsindən

 

VƏTƏN

 

Qayadan

qırıq-qırıq qopan

mərmi timsallı

qəlpəsən, Vətən!

 

Yenə də

ruhuma çökmüsən,

gözümün önünə

gəlmisən, Vətən!

 

Sözümdən

tonqal çatacağam

əsgərlər üçün.

İsinə bilsinlər

oduna, Vətən!

 

Məni də çağır

od saçan cəbhəyə.

Gücüm çatana qədər

yetim dadına, Vətən!..

 

ÜÇRƏNGLİ BAYRAQ

 

Havada

bir əsim külək yox,

titrəmir, tərpənmir

bir yarpaq da belə.

Sükutu əridən

şam da, çıraq da belə.

Əlimdə tutduğum

ağappaq varaq da belə.

Gözüm seçən qədər

yaxın da, uzaq da belə.

Kölgələr elə bil tablo -

düzülüb torpağın üstə.

Donub boğazlarda

sanki nəfəs də.

...İçimdə

qəfildən bir bayraq

çırpınıb qanadlanır

uçurur səmaya məni.

Baxın,

bir də baxın

Millətin,

Cümhuriyyətin

ruhundan qopan

Üçrəngli bayrağa!

Gör necə qaldırır

himn oxuyan milyonları -

Azərbaycanı ayağa!..

 

İGİD ANASI

 

Yanımdan ötən

bu gözəlin

gözlərində qaldımı şəklim?

Yol verin,

yol verin siz ona,

qarşısından çəkilin.

O,

bu günün çiçəyi,

açıq, aydın səması,

ürəkləri oynadan

bir ilahi duası.

Allah,

özün qoru bu mələyi.

Bəlkə də o,

mələk yox,

üzümüzə açılan

xoş sabahlarda,

yurda dayaq olası,

neçə igid anası...

 

İGİD ƏSGƏRLƏRİMİZƏ

 

Ümidim,

igidim!

Qollarını geniş aç,

sarıl

azad etdiyin torpağa!

Ətrini sinənə çək

qəlbən sevdiklərinin

tanış qoxusu tək.

Qaldır

ayaq altındakı

sarı yarpağı.

Öp

və gözlərin

üstə qoy.

Bu yarpaq

coşdursun qanını,

əyilməz vüqarını!

 

Əsgərim,

cəsurum,

şığı irəli!

Bil ki,

sənə dikilib

bu xalqın

yol çəkən gözləri!..

 

ÜÇKÜNC MƏKTUBLAR

 

Üçkünc məktubların vaxtı

çoxdan ötüşüb.

Qoca poçtalyonlar,

barıt qoxuyan,

qorxu, həsrət daşıyan

meşin çantalar kimi.

 

İndi səngərlərdə

məktub yazılmır.

Üçkünc məktubların

yerinə daha

azğın düşmənlərə

qəbir qazılır.

 

İndi

məktub gəlmir

daha cəbhədən,

qələbə müjdəli

xəbərlər gəlir.

 

Hər səhər

can Vətən,

bu əziz Vətən

böyüyür

düşmənlər qovulan

Kəndbəkənd, şəhərbəşəhər!

Ucalır, yüksəlir,

yağıya göz dağı

üçrəngli bayraqlar qədər...

 

Ələddin ƏZİMLİ

 

525-ci qəzet.- 2020.- 29 oktyabr.- S.14.