Gözümüzün nurunu necə hifz edək?
PROFESSOR
KƏRƏM KƏRİMOVUN MÜƏLLİFİ OLDUĞU
SANBALLI KİTAB BUNUNLA BAĞLI BİR SIRA MÜHÜM
MƏTLƏBLƏRƏ AYDINLIQ GƏTİRİR
Göz xəstəliklərinin
müalicəsi üzrə görkəmli mütəxəssis,
professor Kərəm Kərimovla ilk görüşümüz
və söhbətimiz onun fəaliyyət göstərdiyi
Klinikada olub və o vaxtdan da yaddaşımda silinməz izlər
qoyub.
Həmin ərəfədə
Bakı Musiqi Akademiyasının böyük zalında Kərəm
həkimin unudulmaz qardaşı, sənətşünaslıq
doktoru, professor, Qədim musiqi alətlərinin
yaradılması və bərpası sahəsində əvəzsiz
mütəxəssis Məcnun Kərimovun xatirəsinə həsr
olunmuş gözəl, nəfis bir kitabın təqdimat mərasimi
keçirilmişdi. Mən o tədbirdə çəkdiyim
fotoşəkillərin diskini indi ona təqdim etmək
üçün gətirmişdim. Kərəm həkim
növbəti əməliyyatdan çıxdıqdan sonra
öz iş otağında mənimlə xeyli söhbət elədi.
Bu söhbət əsnasında onun nə qədər həssas,
mehriban, alicənab, müdrik bir şəxsiyyət olduğuna
məndə qəti şübhə yeri qalmadı. Ayrılarkən
o, son kitablarından birini mənə təqdim elədi.
Kitabın adı bir az uzun, bir az qəliz olsa da, ilk
baxışdan insan həyatı üçün çox
vacib olan mətləblərdən bəhs etdiyi
açıq-aydın hiss olunur: "Korluq və zəifgörmə
yaradan xəstəliklər: profilaktikası və müalicəsi.
Göz nurunu niyə itirir?" Beləcə, elmi dildə qələmə
alınmış bu kitabı evə gətirdim və elə o
vaxtdan da yazı stolumun üstünə, gözümün
qabağına qoymuşam. Ötən bu müddət ərzində
professor Kərəm Kərimovun insanlara və insanlığa
bəslədiyi böyük sevgi ilə qələmə
aldığı, ürəyinin qanı ilə
yazdığı bu maraqlı kitabı diqqətlə oxudum,
eləcə də vacib bildiyim, gələcəkdə istinad
edəcəyim cümlələri işarələdim.
Görkəmli
oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın əziz
xatirəsinə həsr olunmuş bu gözəl, dəyərli
kitabın araya-ərsəyə gəlməsində Kərəm
Kərimovun rəhbərlik etdiyi Göz Xəstəlikləri
Klinikasında çalışan həkimlərdən E.K.Rəşidəlizadə,
N.K.Kərimova, K.S.İbrahimova və A.A.Hüseynova ona
yaxından yardımçı olmaqla çox gərəkli
bir işə imza atıblar. Kitab "Ön söz" və
"Giriş" adlı iki ayrı-ayrı yazılarla
başlayır. İlk yazıda tanış olduğumuz bu
fikir müəllifin başlıca məqsədi və məramı
barədə aydın təsəvvür yaratmaqda bizə
yardımçı olur: "Bu kitabı yazmaqda məqsəd
göz xəstəliyinin gətirdiyi faciəni qabartmaq deyil.
Yeganə məqsəd gözü "göz bəbəyi"
kimi qoruyub saxlamağın, xəstələndikdə isə vəziyyətdən
çıxmağın yolunu göstərməkdir". İnsan digər şəxslərlə,
o cümlədən, hadisə və predmetlərlə ilk
növbədə görmə duyğusunun vasitəsi ilə
tanış olmaq imkanı qazanır. Göz nurunun qorunub
saxlanılması isə can sağlığı
anlayışının ən vacib komponentlərindən biri
sayılır. Kitabın "Giriş" adlı
yazısının ilk cümlələri məna və məzmun
etibarı ilə bizim bu fikrimizə qüvvət kimi səslənir:
"İnsanın görmə qabiliyyəti ən dəyərli
amillərdən biridir və onun sıradan çıxması
insanın əhval-ruhiyyəsini pozur, qəmginlik gətirir.
Yalnız gözlərimiz bizi qaranlığın zülmətindən
xilas edir və həyatımızı ətrafdakı
dünyanın əlvan rənglərinə boyayır. Gözlərin
köməyi ilə insan kainatın dərinliyini təhlil
edir, əllərindəki gülün həssas gözəlliyindən
zövq alır".
Kitaba
daxil olan yazılardan biri "Göz nurunu niyə itirir?"
adlanır. Burda da yenə əsas məsələ kimi sağlam
qidalanmaq və sağlam həyat tərzi keçirmək
ön plana çıxır. Bu kimi vacib şərtlərə
əməl edən insan həm mövcud xəstəliklərə
qarşı fəal müqavimət göstərə bilir, həm
yeni xəstəliklərə tutulması ehtimalı azalır,
həm də bir sıra xəstəlikləri, eləcə də
gözün nuru ilə bağlı olan problemlər tədricən
aradan qalxmağa başlayır. Bu mövzuda yazılıb
çap olunan ayrı-ayrı kitablarla tanışlıqdan da
bəlli olur ki, aclıq, təbii dərmanlar və sağlam
qidalanma yolu ilə ayrı-ayrı insanlar bir sıra xəstəliklərdən
yaxa qurtarıb sağlam həyata qədəm qoya bilmişlər.
Kitabın 21-ci səhifəsində oxuyuruq: "Bir qisim adam da
sağlam olmağın yolunu dadlı, ləzzətli, yüksək
kalorili yeməklərdə görür, buna görə də
səhərdən axşamacan "dəyirmanını"
işlədir. Belələri nəinki xəstəlikdən
yaxa qurtara bilmir, əksinə, xəstəliklərə, o
cümlədən, göz xəstəliklərinə
hamıdan tez tutulur. Digər qisim adamlar imkanları məhdud
olan kasıblardır. Qida rasionunda vitaminlər, duzlar və digər
vacib mikroelementlər çatışmadığı
üçün çörəyə və un xörəklərinə
üstünlük verdiklərinə görə onlar da xəstələnirlər.
Halbuki açıq havada, günəşlə təmasda
çox olan, çox hərəkət edən bu
kateqoriyalı adamlar düzgün qidalanmış
olsaydılar, gözlərinin nurunu ölənədək itirməzdilər".
Kitabın
növbəti səhifəsində oxuduğumuz bu cümlələr
pis vərdişlərin gətirdiyi fəsadlar barədə
daha aydın təsəvvür yaradır: "Zənnimcə,
insan orqanizmini beş barmağı kimi bilən və öz bədənini
məharətlə idarə etmək elminə sahib olan Amerika
alimi, professor Pol Breqqin bir müdrik kəlamını burada
yada salmaq yerinə düşər. 95 yaşında olarkən
qışın oğlan çağında açıq
okeanda serfinq sürərkən qəzaya uğrayıb həlak
olmuş bu gümrah insan (onun meyitini yaran həkimlər heyrətlə
tədqiq etmişlər ki, alimin sinəsində 18
yaşlı oğlanın ürəyi
döyünürmüş) deyirdi: "Bizi öldürən
qocalıq deyil, pis vərdişlərdir". Biz böyük
alimin sözlərini toxunduğumuz mövzunun kontekstində
belə ifadə etmək istərdik: "Adamları kor qoyan
qocalıq deyil, pis vərdişlərdir".
Haqqında
söz açdığım kitabın son tərəfində,
arxa hissədəki qabığının iç üzündə
dərc edilmiş bir səhifəlik bioqrafiya mətnində
oxuyuruq: "2000-ci illərdə K.Kərimov institutun nəzdində
birgə fəaliyyət göstərən eksimer və fako
lazer mərkəzlərini yaratmış, bununla refraksion
ekzimer cərrahiyyəsinin və fako emulsifikasiyanın əsası
qoyulmuşdur. Hal-hazırda bu mərkəz Bakı Elmi Tədqiqat
Göz Xəstəlikləri Klinikası kimi fəaliyyət
göstərir". Xatırlatdığımız kimi, bu
gün bu klinikaya professor Kərəm Kərimov rəhbərlik
edir. Kərəm həkim cəmiyyətimiz, xalqımız
üçün faydalı olan titanik fəaliyyətinə
görə dünyanın bir sıra nüfuzlu
akademiyalarının həqiqi və fəxri üzvü
seçilmişdir. Alimin bioqrafiyasına həsr olunmuş səhifədə
bu barədə oxuyuruq: "O, Rusiya Keyfiyyət Problemləri və
Nyu-York Akademiyasının, Avropa, Amerika Diabetoloqlar Cəmiyyətinin,
türkdilli dövlətlər oftalmoloqlar
assosiasiyasının üzvüdür. 2010-cu ildə
Türkdilli Dövlətlərarası Elmi Araşdırmalar
Akademiyasının həqiqi üzvü və akademiki
seçilmişdir. 2011-ci ildə o, həmin akademiyanın
Hippokrat adına təsis olunmuş Qızıl medalı ilə
təltif olunmuşdur".
Professorun
da qeyd etdiyi kimi, bir neçə əsr bundan əvvəl ilk
eynəklərin yaradılıb istifadəyə cəlb edilməsi
insan övladının ciddi kəşflərindən biri kimi
bəşər tarixinin yaddaşına həkk olunmuşdur.
Alim yazır ki, insanlar elmin, texnikanın tərəqqisi sayəsində
yaratdığı fəsadları və problemləri elə
bu texnikanın köməyi ilə də aradan
qaldırmağa çalışır ki, nəticədə
şüşə gözlər (eynək və linzalar) bu cəhdin
nəticəsi kimi ortaya çıxmışdır. İlk
eynəyin yaranması barədə kitabın 64-cü səhifəsində
oxuyuruq: "Eynəklərin tarixi qədimdir. 1636-cı il
noyabrın 28-də rusiyalı knyaz Nikita İvanoviç
Adoyevski düzəltdiyi bir cüt boru şəkilli eynəyi
rus çarı Mixail Fyodoroviçə təqdim etdi.
Çar eynəyin birini keşiş Nikitaya
bağışladı, o birini özü taxdı. O vaxtdan
gözün qüsurunu şüşə hesabına aradan
qaldırmaq ənənəsi geniş yayılmağa
başladı və on səkkizinci əsrin sonunda eynək
artıq nadir əşya sayılmırdı". Müəllif
qeyd edir ki, 300 il rəqibsiz fəaliyyət göstərdikdən
sonra nəhayət 1971-ci ildən etibarən cəmiyyətdə
geniş şəkildə tətbiq olunan linzalar onun alternativi
kimi mövcudluğunu nümayiş etdirməyə
başladı.
Kitabda
xüsusi bir məqam diqqəti çəkir ki, bəzi
müayinə üsullarından başqa, gözün quzehli
qişasının tətbiqinə əsaslanan bir üsul da
mövcuddur və elmdə bu termin "iridodiaqnostika"
adlanır. 143-cü səhifədə oxuyuruq: "Sovet
iridologiyasının baniləri Y.S.Velxover, N.V.Şulpina,
B.N.Romşov və akademik Zərifə xanım
Əliyevadır. Azərbaycanda bu sahənin inkişafı məhz
mərhum Zərifə xanım Əliyevanın adı ilə
bağlıdır. Yuxarıda qeyd edildiyi kimi, akademik
Z.Ə.Əliyeva digər müəlliflərlə birlikdə
iridologiya problemlərinə həsr edilmiş monoqrafiya
hazırlayıb çap etdirmişdir".
Kitabda
göstərildiyinə görə, göz nurunun normal vəziyyətdə
qorunub saxlanılması insanın
sağlamlığını şərtləndirən əsas
məsələlərdən hesab olunur. Bu da təsadüfi
deyil ki, insan ən əziz, ən doğma adamına mehrini,
ülfətini izhar edəndə ona məhz
"gözümün nuru" , "gözümün
işığı" deyə müraciət edir. Bu
faktın özü də göz nurunun insan həyatı
üçün nə qədər vacib əhəmiyyət
daşıdığına işarə edir.
Kitab
"Nəticə" adlı bir səhifədən bir az
artıq olan bir yazı ilə yekunlaşır və həmin
maraqlı yazının bir yerində oxuyuruq: "Hər
birimiz öz əzizlərimizə, dost və
tanışlarımıza gündə yüz dəfə
möhkəm can sağlığı arzulayırıq. Bu
da təbiidir, çünki sağlam olmayan insan xoşbəxt
ola bilməz. Siz isə özünüzü və yan-yörənizdəki
adamları xoşbəxt etmək istəyirsiniz. Lakin təkcə
arzu və istəklə, alqış və dua ilə iş
bitmir. Sağlamlığı necə qurub-yaratmağı və
necə qoruyub saxlamağı dərindən bilmək
lazımdır. Bu, elmdir, orqanizmə qulluq etmək elmi. Dahi Pol
Breqq öyrədir ki, bütün elmlərin zirvəsi,
şahı orqanizmə qulluq etmək elmidir. Bu elmi bilməyən
insan, digər elmlərdən nə dərəcədə xəbərdar
olursa olsun, nadan və bədbəxtdir". Məncə, bu
müdrik kəlamlara əlavə şərh verməyə
heç bir ehtiyac yoxdur. Bədii əsər kimi maraqla və
birnəfəsə oxunan kitab bu ibrətamiz və mənalı
sözlərlə başa çatır: "Həmişə
xatırlamaq lazımdır ki, insan dünyaya yaşamaq
üçün gəlir, qul tək işləmək, pul
qazanmaq, mal-mülk yığmaq, qarnını doldurmaq
üçün yox. İnsan yaşamaq üçün yeyir,
yemək üçün yaşamır".
Kitabı
oxuyub başa çatdırdıqdan sonra belə bir qənaətə
gəldik ki, professor Kərəm Kərimovun insan
sağlamlığını hifz edib qorumaq ideyasına xidmət
edən bu gözəl monoqrafiyası təkcə göz həkimləri
üçün deyil, bütün həkimlər
üçün stolüstü vəsait olmalı, sağlam həyat
tərzinə üstünlük verən hər bir digər vətəndaşın
da etibarlı dostuna və könül sirdaşına
çevrilməlidir.
Bayram AFURCALI
525-ci qəzet.- 2020.- 8 oktyabr.- S.15.