Müharibə və hərbi əxlaq anlayışının sərrast təqdimatı

 

Hərbçi-jurnalist İbrahim Məsimoğlunun "Hərbi əxlaqın dəyəri" kitabı ordumuzla bağlı olmuş müxtəlif halda yaşanılmış hadisələrin, igid döyüşçü həyatının, fədakar hərbçi ömrünün mənalı məqamlarının publisistik biçimdə təqdimi, yəni real ordu güzəranına, hərbi qulluqçuların cürbəcür xidməti fəaliyyət yollarına, yüksək əxlaqi göstəricilərinə peşəkar bir jurnalist baxışıdır.

Bədii sözün qüdrəti ilə müqəddəs hərbçi dünyasını könüllərdə daim yaşatmaq niyyəti, acılı-şirinli biçimdə yaşanılmış mərd ömür səhifələrinin örnək kimi təqdim edilməsi yaradıcılıq baxımından təqdirəlayiqdir, çox bəyəniləndir.  Həqiqətən vətəni sevmək təkcə mənəvi ucalıq deyil, həm yüksək əxlaqi dəyərdir. Bu anlamda "Hərbi əxlaqın dəyəri" kitabı milli mentalitetimizin yaşarılığı üçündür. Bu ya digər hadisəyə hərbi jurnalist münasibəti həm müəyyən mənada tarixçi kimi söz demək şansı yaradır, mənəvi tərbiyə ilə bağlı üzərimizə düşən missiyanı ödəyir.

Kitabın adı əsas mətləbi önə çəkir. Ordu kontekstində aparılan məfkurə mübarizəsində bütün məqamlara toxunulur. Daha çox publisistik düşüncələr qarşı-qarşıya qoyulur, müqayisə edilir, obyektiv nəticələr çıxarılır. Tarixi fakt hadisələrə duyğusal münasibətlərin ədalətli hikmətli mövqeyi ilə qarşılaşırıq. Hər bir yazı bizi mənən çox zənginləşdirir. "Lider tabor komandirimiz" məqaləsi polkovnik-leytenant Qurban Qurbanovun hərbçi xarakterini açır. O, ordumuzun məşhur 1-ci taborunun ilk zabitlərindən olub. Bu məqalə iki baxımdan diqqəti çəkir: kifayət qədər hazırlıqlı zabitin komandirlik keyfiyyətlərinin hərbi anda, dövlətə, dövlətçiliyə sədaqət nümunəsi kimi açıqlanması bu müharibədə iştirakçı tərəflərin kimliyinə aydınlıq gətirilməsi.

Müharibədə adi döyüş məqamları ilə yanaşı, bəzən qəribə, bəzən başaçılmaz anlar yaşanılır. Bu, təbii bir haldır. Silahın dil açdığı məkanda əksər hallarda ürəklər rəhmsizliyə düçar olur, yalnız qan tökülür. Bəzən döyüşçünün mənəvi dünyasında hakim olan milli əxlaqi ölçülər ağlasığmaz  savaş epizodlarında elə qabarır ki, o ölçülərin pozulmazlığı bizi hədsiz qürurlandırır. Axı, biz mərdanə tərbiyə almışıq: savaş prosesində bəzən elə qınaqlı vəziyyət yaranır ki, əsgərimiz düşməni  arxadan vurmağı özünə kişilik hesab etmir. Ədalətsiz müharibə aparan düşmənə bu münasibət bir qədər mübahisə doğura bilər. Di gəl ki, dərindən düşünən zaman döyüşçü xarakterini, onun milli mənsubiyyətini nəzərə alaraq tərəddüd edirsən:

"... İmran İbrahimov şəhid olmuş silahdaşının cəsədini çıxartmaq cəhdi ilə özünü ön xəndəyə atdı. Onu görən yox idi. Əl atıb şəhidin çiynindən çəkə-çəkə arxaya sürünürdü. Birdən xəndəyin başına bir muzdlu rus əsgəri gəlib çıxdı.  Səksəkəli baxışlarla ona doğru boylandı. İmran cavab verməyə hazır dayanmışdı. Uzaqbaşı hər ikisi eyni məqamda atəş aça bilərdi. Nədənsə, rus əvvəlcə qımıldanmadı, əlinin işarəsi ilə soruşdu ki, edirsən? İmran onu başa saldı ki, şəhidi aparıram. Rus barmağını silkələyə-silkələyə onu hədələdi. Amma ani olaraq arxasını çevirib uzaqlaşdı. İmkan olsa da, İmran onu arxadan vurmadı:

- Arxadan vurmaq kişlikdən deyil..."

Sözügedən yazıda xüsusi vurğulanan bu mənəvi situasiya Daşaltı əməliyyatından sonra Ağdərə, Laçın, Kəlbəcər, Ağdam, Füzuli döyüşlərinin iştirakçısı kimi Qurban Qurbanovun həm özünün, həm komandiri olduğu taborun döyüş yolu haqqında milli-mənəvi dəyərlərə göstərilən yüksək ehtiram nümunəsi olaraq tez-tez xatırlanırdı. Bu ehtiram Qurban Qurbanovun timsalında bütün zabitlərə şamil edilə bilər edilməlidir...

Eyni fikirlər "Əsl bayramlıq haçan olacaq?" məqaləsi haqqında da deyilə bilər.

Müharibə yurd döyüşçüsünə savaş meydanı açmaq deməkdir. Bu meydan mərdlərin döyüş dərsi meydanıdır. Qələbə ruhu ölməyənlər bu dərsdən yaxşı qiymət alırlar. İşğalçı da qələbə iddiasında olur, müdafiə olunan da. Di gəl ki, ədaləti olan tərəfin ruhu sönmür. Daim gücünə güc qatır, qüdrətli ordu yaradır, nizami ordu ilə ruhunu yüksəldir. Mənim fikrimcə, ədalətli tərəfin hərbçilərinin vətənpərvər adlı silahı varsa, ədalətsizlikdən bezən işğalçı tərəf məğlubiyyətə məhkum olacaq. Bu minvalla qalib ordunun əsgərləri qəhrəmanlıq postuna sahib olurlar. İbrahim Məsimoğlunun bu kitabında "Döyüşçü haqqında söz" məqaləsi  təkcə yurd savaşı ilə bağlı fakt hadisələrin sintezindən ibarət adi söz yığını deyil, həm bu günün əsgərinə tövsiyə xarakterli hərbi jurnalist kəlamıdır, qəhrəmanlıq haqqında düşüncələrdir: "Qəhrəmanlıq məcazi mənada desək, insan varlığının dərinliyində bir köz kimi işıldayır, közərir, gözə ürəyə işıq verir. Bu mənəvi qüvvə hansı məqamda istəsən odlanır. Aləmi öz alovuna bürüyür..."

Publisistika real hadisə faktlara duyğusal münasibət formatında qələmə alındığına görə sanki jurnalistikanın göyqurşağı kimi canlanır. "Hərbi əxlaqın dəyəri" kitabı bu baxımdan diqqətimizi daha çox çəkir. "Mənəvi ideal hərbi and içdikdən sonra əsgərin mənəvi inkişafını sanki layihələndirir", "İdealsız yaşam tərzi insana maraqsız bir dünya bəxş edir". "Əsgərin mənəvi idealı onun vətəndaşlıq mövqeyi, dünyagörüşü ilə sıx əlaqədardır". Ürəkdən gələn bu mühakimələr bizi çox düşündürür, mənən cilalandırır. Kitabın hər yazıdan-yazıya güclənən bədii dəyəri, gerçək həyatımızla səsləşən ideyalar bizi əsl vətənçi kimi yetişməyə həvəsləndirir.

Müharibə qan-qadadır. Müharibədə şəhid döyüşçülərin ruhu da daim səngərdə dolaşır. Döyüşənlərə elə gəlir ki, sağında-solunda əsgərləşmiş ruhlar da vuruşurlar. Qəhrəmanların ruhu səngərdə daha qətiyyətlə dayanır. Şəhid döyüşçü, Azərbaycanın Milli Qəhrəmanı Yunis Nəcəfovun ruhu  kimi. "Əsgərin mənəvi idealı" məqaləsində bir maraqlı tarixi döyüş məqamı hədsiz dərəcədə nikbin bir ovqat yaradır. Yaşam fəlsəfəsinin mahiyyəti kimi düşündürücü mənzərə ilə üzbəüz dayanırıq. "... Bəzən ən ağır dəqiqələrdə döyüşçülərimiz Yunisin müqəddəs ruhuna müraciət edərək ondan kömək istəyirlər: "Səslə Yunis ruhunu,  tükənməsin gücümüz". İntəhasız döyüşçü sevdası çox güclü səslənir. Yurd eşqinə aparılan  hərbi əməliyyatları, savaş gərginliyini, əsgərlərin vətənsevərliyini, döyüş əzmini, qələbə ruhunu nəzərə alanda oxucu belə odlu müraciətin təbiiliyinə necə inanmasın?!

"Müharibədən yazmaq" "müharibə anlarını yaşaya-yaşaya  onu tarixə köçürmək" - bu fikirlər o qədər əks-məna daşımır. Vətənçilik missiyasıdır. Hərənin öz qisməti var. Müharibə anlarını yaşayaraq yazanların zəhməti çox ağır olur. Həm döyüşçü olmaq, həm hərb tarixçisi olmaq xüsusi bir cavabdehlik yaradır. Hər bir halda bu xidmət vətənə xidmətdir. Peşəkar jurnalist İbrahim Məsimoğlu ehtiyatda olan bir zabit kimi 1993-cü ildə 701 saylı döyüşkən bir hərbi hissədə hərbi xidmətə başlayıb. Ağır səngər həyatı yaşayıb. Atəşkəs elan olunduqdan sonra xidmətini "Azərbaycan Ordusu" qəzetində davam etdirib. Qələmi heç vaxt bekar qalmayıb. Yazdığı tarixi məqalələr əsgərlərimizin döyüş əzmi-nin, qələbə ruhunun ifadəsi kimi ordumuza möhkəm mənəvi dayaq verib. "Hərbi əxlaqın dəyəri" kitabı da o dayağın bir nümunəsidir.

Döyüşdə yaralanan əsgərin köməyinə, söz yox ki,  həmlə, yaxud müdafiə zəncirində ona yaxın dayanan əsgər yoldaşı hər hansı sanitar təlimatçısından daha tez  çatır. Zəruri ilk yardım vaxtında edilərsə,  yaralı döyüşün qaynar nöqtəsindən operativ şəkildə çıxardılarsa, onun həyatı yaxşı xilas edilər. Ağır döyüşlərdə bəzən belə yardımlara imkan olmur və imkansızlıq az sonra bir ürək ağrısına çevrilir. Bu kitabda Azərbaycan əsgərinin mənəvi keyfiyyətlərini tamamlayan bir əsgər xarakteri də obrazlaşdırılır. Əsgərin öz silahdaşına şəxsi sevgisi öz real ifadəsini tapır, Vətən naminə, azərbaycançılıq naminə, insanlıq naminə mərd addım atılır. "Nisgili yox olmayan ürək" məqaləsində o məqamları yaşayırıq:

"... qaranlıq çökəndən sonra çala-çuxur, dikdir yerləri sürünə-sürünə keçərək təxminən 100 metrə yaxın məsafə qət etdi. Düzənliyə çatanda dayandı. İri bir daşa söykənərək oturanüzü qana bulanmış qazaxlı Məzahir Sadıqov gözünə sataşdı. Onu görcək bir qədər ürəkləndi:

- Demək, tək deyiləm.

... Məzahir boğuq bir səslə, sözləri uzada-uzada deyərək ona əl hərəkəti ilə çıxıb getməyi işarə elədi:

- Mənə... baş qoşma... get...

Bu sözlər Aslanın ürəyini titrətdi. Kədər yükü çoxalsa da, Məzahirə tərəf sürünməyə gücü çatdı və ona yaxınlaşan kimi təkidlə etirazını bildirdi:

“Yox... ya birlikdə şəhid olacağıq, ya da birlikdə çıxmalıyıq..."

"Ən böyük öyüncümüz", "Əsgərə ehtiram", "Səngər düşüncələri", "Qələmimiz süngü deyilsə" ... Kitaba daxil edilən bütün səngər yazıları istər məzmunu, istərsə də bədii dəyəri ilə çox qiymətlidir. Oxuduqca mənən qürurlanırsan. Mətin igidlərimiz barədə, qanlı-qadalı Qarabağ savaşımız barədə düşüncələr bizi bədbinlik girdabından elə çıxarır ki, dərhal əsgər libasını geyinib ordu sırasında durmaq istəyirsən...

 

Bayram MƏMMƏDOV

Ehtiyatda olan polkovnik-leytenant,

Əməkdar müəllim

                                                          

525-ci qəzet.- 2020.- 8 oktyabr.- S.14.