Çingiz Abdullayev fenomeni
23 iyul
2007-ci il... Hollandiyanın Rotterdam şəhəri...
Beynəlxalq Poeziya Festivalı... Fransa, İngiltərə,
İspaniya, Kolumbiya, Rusiya, İtaliya, Ukrayna, Türkiyə,
Amerika, Estoniya, Kuba, Almaniya, Belçika, İsveç və
başqa aparıcı dövlətlərdən onlarla şair
öz ölkələrindən bu festival üçün
seçilib. Azərbaycandan mənəm.
Şəhər qələbəlikdi. İlk
gündən teatrın qarşısına və şeir
oxuyacağımız salonların, foyelərin divarlarına
iri şəkillərimizi vurublar. İngilis
dilinin əzəməti məni əzir, məhz bu əzməyə
qarşı məndə qeyri-iradi hərəkətlər
meydana gəlir. Dili yaxşı bilmədiyimdən
fiziki fəaliyyətim daha çox önə
çıxır.
Nəhayət...
Şeir oxumaq növbəsi mənimdi. Səhnəyə
çıxan kimi, ingilis dilini yaxşı bilməməyimin
acığına, ürəklənib zala sualla müraciət
edirəm: "Azərbaycan ədəbiyyatından kimi
tanıyırsız?"
Salon yenə
uğuldayır: hər tərəfdən Çingiz
Abdullayevin adı eşidilir. Salonun Çingiz
Abdullayevin adını uca səslə bağırması
içimi qürur hissilə doldurur. Hollandiya
kimi inkişaf etmiş bir Avropa ölkəsində Çingiz
Abdullayev adının mötəbər, ciddi bir poeziya
festivalından bu cür eşitmək məni ingilis dilini
mükəmməl bilən bir insana çevirir.
Yazıçının şöhrəti məndə elə
bir hiss yaradır ki, elə bilirəm, bu saat bu zalda məndən
yaxşı ingiliscə danışan yoxdur. Fasilə
zamanı foyedə qürurla gəzirəm. Elə bil hamını tanıyıram, hamı da məni
tanıyır. Bu saat elə bil Çingiz
Abdullayev mən özüməm.
Holland şairi və tərcüməçisi Janita
Monna səhəri gün mənə Çingiz Abdullayevin
ingilis dilində bir kitabını gətirir və xahiş
edir ki, yazıçının adından avtoqraf yazım. Fikir verin,
Çingiz Abdullayevin adı insanı - yəni məni necə
xoşbəxt edir. Ədəbiyyatın,
ilahi sözün şöhrəti Çingiz Abdullayev
ünvanı ilə Azərbaycanı dünyaya tanıdır.
Və sən azərbaycanlı olmağınla
qürur hissi keçirirsən. O zaman təəssüflənirdim
ki, niyə indiyə kimi mənim Çingiz Abdullayevlə
şəklim yoxdur. Şəklim olsaydı, burda
onu soruşanlara fəxrlə göstərərdim.
Oxuduğum şeirlərdə Qarabağ həsrəti və
bu həsrətdə müharibə ağrı-acıları,
Xocalı soyqrımı, yamaca sərilmiş insan; qoca, cavan,
uşaq meyitləri və uşaq ayağından
çıxaraq kənara düşmüş ayaqqabılar
(potu) var idi. Şeirlərdə əsas obraz insan idi, onun xilas
olunması, azad edilməsi əsas bir ideya kimi şeirlərimdən
keçirdi. Bilirdim ki, zaldakı erməni
şairləri və səfiri, ermənipərəst
yaşlı Fransadan gələn nümayəndlər mənə
qulaq asmır, dinləmir, dodaqlarını büzürlər.
Əlbəttə, 500 nəfərlik salon
üçün bu, kiçik bir hissədir. Salonun böyük bir ərazisi sanki Çingiz
Abdullayevdə idi. Çingiz Abdullayev mənə
kömək edir, mətnimin ərazisini genişləndirirdi.
Bakıya gələndə mən baş verənləri
Cingiz Abdullayevə danışdım. O, məni xeyli dinlədikdən sonra
dedi ki, bunları heç kəsin yanında demə. Onlar daha da qızışacaqlar. Nə
üçün belə dedi, səbəbini anlamağa
çalışsam da, heç nə başa düşmədim.
Sonralar, lap elə indinin özündə onun əleyhinə
yazanları və danışanları gördükcə hər
şey mənə aydın oldu: "Onlar daha da
qızışacaqlar". Səbəb də
çox gülməli. Niyə Çingiz Abdullayev əsərlərini
rus dilində yazır?..
Həzrət
Əlinin əsrlərin sınağından
çıxmış bir kəlamı var: "İnsan bilmədiyinin
düşmənidir". Bu da o insan ola ki,
nə mütaliəsi var, nə də
dünyagörüşü. Yalançı vətənpərvərliklə
silahlanan, ölkəmizin ziyalılılarını xəbiscəsinə
vuran belələri qəzet və internet künclərində
yaşayaraq, öz aləmlərində meydan sulayırlar.
Onlar başa düşmürlər ki, əsas məsələ
hansı dildə yazmaqda deyil, nəyi və necə
yazmaqdadır.
Yazdıqlarında böyük azərbaycanlı
olmaqdadır. Əsas məsələ təfəkkürdür.
Təfəkkürü realizə edən mətnin
enerjisidir. Çingiz Abdullayevin mətninin
enerjisi türkçülük, islamçılıq, azərbaycançılıq
və dünyəvilikdir.
Çingiz
Abdullayevdən bir əsər oxumayanlar, onun geniş tərcümeyi-halından
xəbəri olmayanlar daş atıb başlarını
tuturlar ki, o, niyə rus dilində yazır, niyə filan yerə
rusca müsahibə verdi və sair. Əslində, bu cür düşünmək, demək
savadsızlıqdan irəli gəlir. Yadıma Vaqif
Bayatlı Odərin 1978-ci ildə "Azərbaycan"
jurnalında dərc etdirdiyi Lermontova yazdığı
"Güllələyin şairləri" şeiri
düşür:
Gözlər
hədəqədə, ölüm sinədə,
Bazarda
soğanın qiymətinə də,
Bir
günahkar gərək,
Bir bais gərək,
Güllələyin
şairləri,
Sonra diz çökün.
Bu şeirə rəğmən sanki bu gün problemlərimizin
əsas səbəbi Çingiz Abdullayevin hansı dildə
yazmağı imiş. Bizim də xəbərimiz yox. Yaxşı ki, Seyran Səxavət var, onu müdafiə
etdi. Və biz hamımız onu müdafiə
etməliyik. Qərəzli mövqelər,
görməməzlik, xüdbəsəndlik hisslərini yerindəcə
susdurmalıyıq.
Mən inanıram ki, Çingiz Abdullayevin kölgəsini
qılınclayanlar on dəqiqə onunla ünsiyyətdə
olsalar, yanlış olduqlarını o saat anlayarlar. Və bilərlər
ki, Çingiz Abdullayev Azərbaycan dilində gözəl
danışır və özü də dəqiq
danışır. Çünki o, fikrini
ifadə etmək üçün sözün ən gözəlini,
ən dəqiqini seçir. Cümlələri,
fikirləri məntiqlidir. Danışıqda
məntiq əsas şərtdir. Uzun-uzadı
nağıl danışmaq, boz fikirlərlə
qarşındakını yormaq Azərbaycan dili deyil.
"Bazara getdim", "bazardan gəldim",
"uşağı baxçaya apardım",
"baxçadan gətirdim" cümlələri bizim dil
deyil əsla. Burda dilin enerjisi yoxdur. Çingiz Abdullayev əsərlərində
olduğu kimi, söhbətlərində də məntiqlidir.
Dili şirin və səlisdir. Bir dəfə
söhbət əsasında dedi ki, "hövsələm"
daralır. Azərbaycan dilinin sinir
düyünü bu "hövsələ" sözündə
idi. Başqası olsaydı, "nəfəsim
daraldı" deyərdi. Onun həyatında
məntiq əsas rol oynayır. Məntiq
olan yerdə səriştəsizlikdən söhbət gedə
bilməz. Elə əsas uğuru da burdan
başlayır. Yenə deyirəm,
sözçülük, bir fikri dönə-dönə, xalqda
deyildiyi kimi, "çevir tatı, vur tatı" eləmək
əslində, Azərbaycan dilinə zərbədir.
Yenə də
başqa bir məntiq: axı böyük şair babamız
Nizami əsərlərini fars dilində
yazıb. Xaqani "Qəsideyi-Şinyə"ni, "Mədain
xərabələri"ni, "Töhfətül-İraqeyn"ni, neçə-neçə qəsidələrini
farsca qələmə alıb. Onda Xaqani ilə
Nizami azərbaycanlı deyil? Füzuli fars,
ərəb dillərində də gözəl əsərlər
yaradıb. Türk dünyasının
böyük oğulları Çingiz Aytmatov, Oljas Suleymanov rus
dilində yazıb-yaradıblar. Onda
Çingiz Aytmatov qırğız, Oljas Suleymanov qazax deyil?
Qırğızlar, qazaxlar onları
özününkü saymamalıdır? Əsla.
Ən vacib məsələ təfəkkürdür,
nitqdir, hansı dildə ifadə olunursa olunsun,
yazıçı mənsub olduğu etnosun, xalqın genetik
kodlarını göstərir.
Gəlin
belə düşünək: demək, ola
bilərmi ki, bu musiqi alman və ya rus dilindədir. Ədəbi mətn də belədir. Hansı dildə yazılmasından asılı
olmayaraq, ruhun enerjisi mənsub olduğu xalqı ifadə edir.
Nobelçi Orxan Pamuk deyib ki, Türkiyə türkçəsi
mənim düşüncələrimin ifadəsini ödəmir. Əslində,
bu, dilə sayğısızlıq deyil. Kim hansı dildə
özünü sərbəst hiss edirsə, həmin dildə
yazırsa, burda qəbahət yoxdur.
Gəlin etiraf edək ki, bu gün Çingiz Abdullayev
dünyada böyük maraqla oxunur. Kitablarının
alınmağı və oxunmağı
yazıçının böyüklüyünü ifadə
edən əsas amillərdən birincisidir. Dünya ölkələrində onun kitabları
müxtəlif dillərdə çap olunur. Özü də həmin ölkələrin istəyi
ilə. Həmin ölkələrin tərcüməçisinin
arzusu ilə. Niyə biz buna sevinməyək?
Çingiz Abdullayevin obrazlar sistemi zəngindir, həyatın
özündən gələn problem situasiyalar oxucunu
arxasınca çəkir. Harda həyat varsa və
həyatın olduğu kimi üzü
köçürülürsə, orda mətn var. Çingiz
Abdullayevin əsərlərindəki dərin dramatizm, gözlənilməz
situasiyalar onun peşəkar bir sənətkar olduğunu
göstərən əsas faktdır.
Hollandiyada olduğu kimi, Çingiz Abdullayevin dünya
şöhrəti bir dəfə də köməyimə gəlib. Oğlum
üçün bir ailəyə elçi getmişdim, əlbəttə,
böyük bir dəstə ilə. Çox
həyəcanlı idim. Qızı verməyə
də bilərdilər. Qarşı tərəf stolun
arxasında çox inamlı və həm də bir az qaşqabaqlı əyləşmişdi. Yenə söhbəti hərləyib Çingiz
Abdullayevdən saldım. Yenə burda da bir
nəfər (tərs kimi qız tərəfdən)
ağzını əyərək "rus dili" söhbətini
işə saldı. Harda olduğumu unuduraq bu
"ağzı əyri"nin tutarlı
cavabını verdim, ağzı tamamilə düzəldi. Baxdım ki, gələcək qudam möhtəşəm
baxışları ilə məni məmnunluqla süzür, yəni
hərtərəfli təhlilimə heyran qalıb. Elə
bu yerdə qızın bibisi gəlib ucadan mənə dedi: gəlinin
deyir ki, onda Çingiz Abdullayevin yeni çapdan çıxan
kitabı varsa, mənə göndərsin. Hamımızın
eyni açıldı, üzümüzə təbəssüm
qondu, çox sevindik. Artıq "hə"
cavabı verilmişdi. Burda da Çingiz
Abdullayev çayımızı şirin elədi. İki gənci qovuşdurdu.
Çingiz Abdullayevin kitabları onun Azərbaycanımıza,
vətənimizə, dövlətimizə, bütövlükdə
dünyaya və Səməd Vurğun demiş, iri hərflə
yazılan, "dünyanın əşrəfi" İnsana
həsr olunub.
Bir sözlə, Çingiz Abdullayev bütün
yaradıcılığı, ictimai, siyasi, hüquqi, ədəbi
fəaliyyətli ilə böyük azərbaycanlıdır.
Dünya şöhrətli yazıçı bizim şəhərdə
yaşayır, hər gün bizimlə görüşür,
bizimlə addımlayır, xalqının sözünü
deyir, haqqı, ədaləti və demokratiyanı müdafiə
edir. Gəlin onu oxuyaq, dərk edək və qoruyaq.
Qəşəm NƏCƏFZADƏ
Əməkdar mədəniyyət
işçisi
525-ci qəzet.- 2020.- 8 oktyabr.- S.13.