Məktəblər təcrübi
bacarıqların formalaşdırıldığı mərkəzlərə
çevrilir
Həmsöhbətimiz
Azərbaycanda ilk dəfə STEAM təhsil sistemini tətbiq edən
"Hədəf STEAM" liseyinin direktoru, filologiya üzrə
fəlsəfə doktoru Şəmil Sadiqdir. Şəmil
Sadiqlə liseyin yaranma ideyası, hazırkı təhsil
sistemi, eləcə də bu işin incəlikləri ilə
bağlı söhbətləşmişik.
"Məktəbim olsaydı,
hansı işlər görər, hansı sistem tətbiq edərdim
deyə, planlar qururdum"
"2001-ci ildə 20 nömrəli məktəbdə
pedaqoji fəaliyyətə başlamışam. Lisey yaratmaq
ideyam isə haradasa 2008-ci ildən var idi. Məktəbim
olsaydı, hansı işlər görər, hansı sistem tətbiq
edərdim deyə, planlar qururdum. Hansısa direktorun, məktəbin
idarəetmə konsepsiyasını gördükcə, kurikulum
sistemilə tanış olduqca müəyyən
ideyalarım formalaşırdı. 2010-cu ildən
sözügedən istiqamətdə addımlar atmağa
başlamışam. Buna qədər isə
artıq "Hədəf" kursları fəaliyyətə
başlamışdı. Hətta bir
müddət kursu da məktəb kimi işlətmişəm.
Məsələn, heç bir kurs olimpiada, dərgi
təsis etməyib, dərs vəsaitləri hazırlamayıb,
tədbirlər həyata keçirməyib. Hansı xarici ölkəyə gedirdim, hansı vəsaiti
oxuyurdumsa, gələcəkdə yaradacağım məktəb
barədə müəyyən məsələləri əxz
etməyə çalışırdım".
"Dünyanın sabahı
texnologiya üzərində qurulub"
Şəmil Sadiq deyir ki, ixtisasca filoloqdur. Amma həqiqət budur ki,
dünyanın sabahı texnologiya üzərində qurulub,
mühəndislik artıq çox vacib peşəyə
çevrilib: "İnkişaf etmiş ölkələr
sırasına yüksəlmək, söz sahibi olmaq
üçün ilkin şərtlərdən biri təhsildir. Diqqət edilməli
olan məqamlardan biri də hazırda texnologiya sahəsində
lider ölkələrin bir növ "əsirinə
çevrilməyimizdir". Çünki
məişətdə istifadə olunan avadanlıqlardan
tutmuş, yaşam tərzimizə qədər hər şey
texnologiya ilə bağlıdır. Bu
asılılığı aradan qaldırmaq üçün
ilk növbədə özüldən - təhsildən
başlamaq lazımdır. Beləcə, qərara
gəldim ki, yaradacağım məktəb mühəndislik
üzrə ixtisaslaşmalıdır".
"Biz - azərbaycanlı valideynlər
daha çox diplom aşinasıyıq"
Ş.Sadiq
qeyd edir ki, ümumiyyətlə, bu tendensiya bütün
dünyada yayılmaqdadır: əksər məktəblər
peşəyönümlüdür: "Məktəblər nəzəriyyənin
yox, təcrübi bacarıqların
formalaşdırıldığı mərkəzlərə
çevrilir. Əslində, bu, müəyyən
mənada sovet təhsil sistemində də vardı, amma tam
şəkildə həyata keçirilmədi. Yaxud Atatürk ötən əsrin 30-cu illərində
Köy institutlarını qurdu. Biz - azərbaycanlı
valideynlər daha çox diplom aşinasıyıq. Amma müasir dünyada diplom yox, praktika önəmlidir.
Yəni insanlar diplom olmadan da uğur qazana,
karyera qura bilərlər. Tədqiqatlar
göstərir ki, təxminən 2050-ci ildə hətta brend
universitetlərin diplomuna ehtiyac olmayacaq. İnsanlar
müəyyən kursların sertifikatı vasitəsilə istənilən
böyük şirkətdə fəaliyyət göstərə
biləcəklər. Hazırda "Google",
"Facebook", "SpaceX" kimi şirkətlər belə,
kadrın diplomuna yox, sertifikatına baxır. Ona
görə də düşünürəm ki, məktəb
şagirdi vətəndaş olaraq yetişdirməklə
yanaşı, bir peşə də verməlidir. Sabahı gün tələbə olanda
özünü, təhsil xərclərini təmin etməsi
baxımından, bu, çox vacibdir. Bu gün dünyada
sərbəst iş qrafiki xeyli geniş yayılıb. Sən bir işi ofis şəraitində 8 saatlıq
rejimdə görə bilirsənsə, evdən, yaxud
hansısa yerdən daha sərbəst qrafiklə də öhdəsindən
gələ bilərsən. Xüsusən, son yeddi ayda -
pandemiya dövründə bu məsələ özünü
qabarıq şəkildə büruzə verdi.
Ona görə də peşə seçimi məktəbdən
başlanmaldır. Hazırda bizdə necədir?
Universiteti bitiririk, o qapı sənin, bu qapı mənim iş
axtarırıq, hansısa peşəyə yönəlirik.
Axırda da məlum olur ki, ixtisasımızla
gördüyümüz iş tamam ayrı sahədir. Halbuki
peşə seçimi məktəbdən başlasa, tədris
bu istiqamətdə qurulsa, karyera imkanı, iş tapmaq daha asan
olar".
"Mühəndisliyin, kompüter
elmlərinin giriş balı 200-300 olur,
hüququn, politologiyanın, tarixin, tibbin, filologiyanın isə
500-dən yuxarı"
Lisey
direktorunun sözlərinə görə, bütün
bunları nəzərə alıb peşəyönümlü
STEAM (Science Technology Engineering And Mathematics
- elm, texnologiya, mühəndislik və riyaziyyat) təhsil verən
bir məktəb yaratmağa çalışıblar:
"Əksər valideyn istəyir ki, övladları həkim,
hüquqşünas, prokuror olsun. Daha çox
humanitar sahəyə yönəlirlər. Diqqət etsək,
görərik ki, mühəndisliyin, kompüter elmlərinin
giriş balı 200-300 olur, hüququn,
politologiyanın, tarixin, tibbin, filologiyanın isə 500-dən
yuxarı. Buna baxmayaraq israr etdim ki,
yaradacağımız müəssisə STEAM sistemli lisey
olacaq. İdarə Heyətimizlə
müzakirə apardıq. Çoxlu etiraz oldu ki, uşaq
gəlməyəcək, diqqət az olacaq,
yaxud biz bunu bacarmarıq. Burada kodlaşdırma,
süni intellekt, robototexnika, bahalı avadanlıqlar var və
s. Çətin, amma eyni zamanda, maraqlı oldu. Beləcə, Azərbaycanda ilk STEAM əsaslı
liseyin əsasını qoyduq. 2019-cu ildə isə
STEAM-lə bağlı dövlət layihəsinə start
verildi. Müəllimlər müxtəlif xarici
ölkələrə seminarlara göndərildilər, məktəblərə
müəyyən STEAM əsaslı vəsaitlər verildi,
yönləndirilmələr aparıldı. Beləcə, aydın oldu ki, biz düzgün
yoldayıq".
"Ən böyük çətinlik
valideynlərlə dil tapmaq idi"
Həmsöhbətimiz
proses zamanı qarşıya çıxan problemləri təbəssümlə
xatırlayır: "Əsas çətinlik inzibati məsələlərlə
bağlı oldu. Ən böyüyü isə
valideynlərlə dil tapmaq idi (gülür). Çünki konsept fərqlidir. "Hədəf"
konsepti qurmuşuq. Dünyanın öndə
gedən təhsil konseptlərinin əsasında yeni konsepsiya
formalaşdırmışıq. Sadə
dillə desək, öncül təhsil sistemlərinin ən
yaxşı tərəflərini götürüb milliləşdirmişik.
Reallıqla barışmayan, yaxud
reallığın gətirdiyi çətinliklərlə
barışmayan valideynlər həmişə olur. Şagirdlərin xoşbəxtliyi bizim
üçün birinci pillədə dayanır. Liseyin şagirdləri özlərini sərbəst,
xoşbəxt, öz mühitində hiss etməlidirlər.
Onları ev tapşırıqları ilə
sıxmaq, əzmək istəmirik. Qiymətləndirmə
meyarları ilə yükləmirik. Müəllimin
ciddiliyi, inzibatçılığı ilə
qarşılaşmamalarına çalışırıq.
Əyləncə, öyrənmə və
dostluq şəraiti qurmağa önəm veririk. Amma bizim valideynlər daha çox Dövlət
İmtahan Mərkəzinin proqramını izləyir, bizdən
bu proqramın hərfiyyən tətbiqini gözləyirlər.
Ona görə də konseptimizə öyrəşənə
qədər əziyyət çəkməli oluruq. Hələ də bunu qəbul etməyənlər
var. Evə tapşırıq verməməyimizə, kitabların
məktəbdə qalmasına etiraz edənlər
tapılır. Bəzən 8-ci sinfə qədər
qiymət yazılmamasında israrımızı
anlayışla qarşılamırlar. Əlbəttə,
valideynlərin tələbinə uyğun müəyyən
korrektələr olur. Çünki lisey həm
də biznes strukturudur. Gəlir olmasa,
müəssisə də olmaz".
"Belə fikir formalaşıb ki,
kimsə vurma cədvəlini əzbər bilmirsə, deməli,
savadsızdır"
Şəmil
Sadiq hesab edir ki, bizdə əsas çatışmazlıq
yanaşma tərzidir: "Düşüncə mütləq
şəkildə dəyişməlidir. Belə
fikir formalaşıb ki, kimsə vurma cədvəlini əzbər
bilmirsə, deməli, savadsızdır. Yaxud
tarixdən bir neçə xronoloji suala cavab verməyən
şagirdə deyirlər ki, bəs sən neçə
vaxtdır, nə oxuyursan? Niyə məktəbə
gedirsən? Soruşanda ki, yaxşı,
uşağınızda nə dəyişiklik
görürsünüz? Cavab verirlər
ki, artıq sərbəst fikirlidir, mövqeyi formalaşıb,
məktəbdən heç qayıtmaq istəmir. Əslində, məktəbin işi elə budur.
Uşaq məktəbi sevirsə, xoşbəxtdirsə,
özünü rahat hiss edirsə, məktəbə
qaça-qaça gəlirsə, komanda işində
uğurludursa, seçilən yol doğrudur. Əlbəttə, təlim-tərbiyə, əxlaqi dəyərlər,
milli şüurun formalaşması çox önəmlidir.
Məsələn, bizdə hər həftənin öz adı
var. "Sevgi", "Hörmət",
"Sayğı", "Dostluq", "Vətənpərvərlik",
"Bayraqsevərlik"... Bütün bunlar
çox önəmlidir və məktəbdə
formalaşdırılmalıdır. Etiraf
edim ki, 2000-ci illərdən bəriki gəncliyin
davranış qaydalarında, kütləvi olmasa da,
gözardı edilməyəcək qədərində müəyyən
sıxıntılar var. Çünki əzbərçiliyi
qayda kimi qəbul edirlər. Hədəfləri ən
yüksək bal toplamaqdır.
Düşünürlər ki, universitetdən sonra maksimum bal, qırmızı diplom onların işə
düzəlməsində önəmli rol oynayacaq. Amma məsələ burasındadır ki, artıq
meyarlar dəyişib. Şirkətlər
qırmızı diplom, yüksək göstərici yox,
davranış qaydaları, ünsiyyət bacarığı,
komanda ilə iş praktikası, emosional zəka göstəricisi
tələb edirlər. Heç birimizə
universitetdə əldə olunan biliklər 100 faiz lazım
olmur. Bəlkə 5, bəlkə 20 faiz - ixtisasa görə
dəyişə bilər. Bizə qalan
aldığımız tərbiyədir. Ədəb-ərkan,
ünsiyyət bacarığı, tənqidi fikri incitmədən
demək bacarığı bura daxildir".
"Google" az qala bütün
suallarımıza cavab verə bilir, amma..."
Ş.Sadiq
deyir ki, biz valideynlər məktəbi akademiya səviyyəsində
görmək istəyirik: mütləq bilik verməlidir:
"Robot da, kompüter də böyük informasiya bazasına
sahibdir. Amma heç vaxt bir insanı əvəz
edə bilməz. "Google" az
qala bütün suallarımıza cavab verə bilir. Amma mən "Google"u sevə, onunla duyğulana,
onunla ağlaya bilərəmmi? Hiss-həyəcan
yalnız insana məxsusdur. Yaxud elə sual
verə bilərsən ki, süni intellekt aciz qalar. Amma insan elə çevik zəkaya malik
olmalıdır ki, operativ, yerində, şəraitə
uyğun cavab verə, fikir yürüdə bilsin. Valideynlər məktəbin funksiyasını fərqli
gördüklərinə görə, çətinliklərimiz
olur.
Bir məsələni də diqqətinizə çatdırım. Bu il bizim məzunlarımız universitetə qəbul olundular. Yetərincə də yaxşı göstəriciləri var. Digər məktəblərin, liseylərin məzunları da həmçinin. Amma əsas fərq bundan ibarətdir ki, bizim şagirdlər bu mərhələyə əyləncəli, pozitiv mühitdə, xoşbəxt şəkildə çatıblar. Digərləri isə valideyn, yaxud müəllimin qılıncının altında çalışmaqla".
Cavid QƏDİR
525-ci qəzet.- 2020.- 8 oktyabr.- S.12.