Firidun Şuşinski
haqqında ilk kitab
Aslan Kənan arxiv materialları əsasında
qələmə almış
bir sıra dəyərli elmi-publisistik
əsərlərin müəllifi
kimi tanınır ki, həmin əsərlərdə arxiv
sənədliliyi aparıcı
olmaqla yanaşı, müəllif mövqeyi,
haqqında bəhs edilən hadisələrə
emosional münasibət
həmişə ön plandadır. Və oxuculara təqdim olunan yeni əsəri
- "XX əsrin görkəmli
musiqi tədqiqatçısı
Firidun Şuşinski"
kitabı da bu baxımdan istisna təşkil etmir.
Məlumdur ki, bütün həyatını bir dastan qəhrəmanı kimi yaşamış Firidun Şuşinskinin yaradıcılıq tərcü-meyi-halı,
bir tərəfdən,
zəngin, ideya-məzmunca
orijinal, genişmiqyaslı
olmuş, digər tərəfdən isə,
ziddiy-yətli fikirlər,
mülahizələr, münasibətlər
doğurmuşdur. Vəziyyətin
nə yerdə olduğunu daha yaxşı təsəvvür
etmək üçün yalnız
bir məqamı xatırlamaq kifayətdir ki, Firidun bəy
həm yeganə görkəmli Azərbaycan
musiqişünası səviyyəsinə
yüksəldənlər, həm
də bu sahədə mütəxəssis
belə olmadığını
sübuta çalışanlar
olmuşlar. Aslan Kənan müvəffəqiyyətidir
ki, həmin təzadlı münasibətlərin
təfsilatına varmaqdan
çəkinməmiş, onların
hansı səbəblərdən
qaynaqlandığını araşdırmağa, ən
başlıcası isə,
musiqişünaslığımızın
taleyi ilə əla-qədar hansı nəticələrə gətirib
çıxardığını aydınlaşdırmağa məhz
ilk dəfə hərtərəfli
təşəbbüs göstərmişdir.
Firidun Şuşinski, heç şübhəsiz, XX əsrin
ikinci yarısı Azərbaycan ziyalılığının klassik
nümayəndələ-rindən biridir. Onun yaradıcılığı,
ümumən dünyagörüşü, hər
şeydən əvvəl
milli təəssübkeşlik
hadisəsi olmaqla öz mənbəyini bilavasitə mənsub olduğu xalqın ideallarından alır. İstər "Şuşa",
"Azərbaycan xalq musiqiçiləri", "Musiqişünasın
düşüncələri" və s. kitabları, istər ardıcıl olaraq radio və televiziyada apardığı
"Muğam axşamı",
"İfaçılıq sənəti" verilişləri,
istərsə də uzun illər ərzində Azərbaycan
xalq musiqisi tarixinə aid topladığı
(və bütöv bir muzey təşkil
edəcək qədər
zəngin) eksponatlar Firidun bəyin yaradıcılığı barədə
yetərincə mükəmməl
təsəvvür yaratmaqdadır.
Və bu da təsadüfi deyil ki, ölkənin
Fikrət Əmirov, Niyazi, Ziya Bünyadov,
Əkrəm Cəfər,
Aslan Aslanov, Tahir Sala-hov, Tofiq Quliyev, Xəlil Rza Ulutürk... kimi vətənpərvər ziyalıları
vaxtında onun həm yaradıcılığını,
həm də şəxsiyyətini
yüksək qiymətləndirmişlər.
Aslan Kənan
görkəmli musiqi tədqiqatçısının tarixi xidmətlərindən,
qazandığı böyük
nüfuzundan hərtərəfli
(və danılmaz faktlara istinad edərək) söhbət
açmaqla yanaşı,
ahıl çağlarında
ona qarşı olan haqsız hücumlar barədə də müfəssəl bəhs edir. Məsələ
bundan ibarətdir ki, "Musiqişünasın
düşüncələri" kitabı (1995) məhkəməyə
verilmiş, müəllif
müxtəlif illərdə
qələmə alsa da, həmin kitabda toplanmış məqalələrdə gedən
"təhqirlərə" görə cavab verməli olmuşdur.
Əlbəttə, Firidun Şuşinskini
yaxından tanıyanlar,
onun üslubuna az-çox aşina olanlar yaxşı bilirlər ki, görkəmli tədqiqatçı
sərt, prinsipal, sözü üzə deyən idi və bu xüsusiyyət
özünü, ilk növbədə,
xalqın qədim dövrlərdən gələn
zəngin mənəvi
sərvətinə - muğam
sənətinə azacıq
da olsa laqeyd,
istehlakçı mövqedən
yanaşan müasir ifaçılara münasibətdə göstərirdi.
Kifayət qədər tanınmış
(və xalq arasında sevilən) həmin
ifaçılarla Firidun bəyin heç bir qəsdi-qərəzliyi ola bilməzdi. Əksinə, gəncliklərində
onların bir çoxuna xeyirxahlıqlar etmiş,
mətbuat səhifələrində, televiziya,
radio verilişlərində hər bir istedadın parlaması üçün
əlindən gələni əsirgəməmişdi... Ancaq bu o
demək deyildi ki, bugünkü qayğı hər hansı
istedadı sabahkı məsuliyyətdən azad
edir.
"XX
əsrin görkəmli musiqi tədqiqatçısı Firidun
Şuşinski" kitabının müəllifi
inandırır ki, hörmətli muğam
ifaçılarımız Azərbaycan musiqi tənqidinin ilk fundamental əsərinə (və
nümayəndəsinə) qarşı çıx-maqla nəinki
düz hərəkət etmədilər, eyni zamanda,
ümumən həmin sahənin
inkişafına mane
oldular. Və bu günə qədər
musiqi tənqidi ölkəmizdə böhran keçirməkdə davam
edir. Halbuki Firidun Şuşinski xalq musiqisi tarixşünaslığında
gördüyü işi
onun tənqidşünaslığında da həyata
keçirməyə başlamışdı... Ola bilsin ki, ümumən təcrübənin mövcud
olmaması Firidun bəyin tənqidlərinə
müəyyən "xətrədəyənlik" gətirmişdi,
lakin bu, heç cür əsas vermirdi ki, son
dərəcə zəhmətkeş, istedadlı və vətənpərvər
tədqiqatçının şəxsiyyəti opponentləri
tərəfindən "ictimai-faydalı əməklə
məşğul olmayan",
"öz-özünə musiqişünas","ideoloji təxribatçı", "mənəvi
terrorçu" kimi
sərsəm təfəkkürün məhsulu olan "təyinlər"lə (özü də məhkəmə
qarşısında) üz-üzə qoyulsun...
Lakin
Zaman növbəti dəfə də obyektiv münsifliyini etməkdə
gecikmədi.
Heydər
Əliyev Fondunun Prezidenti, Azərbaycan Res-publikasının
Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü
və rəhbərliyi ilə ölkədə muğam sənətinin inkişafına göstərilən
mükəmməl (və tarixi!) qayğı, Bakıda
möhtəşəm Muğam Mərkəzinin uğurla fəaliyyət
göstərməsi, vaxtaşırı olaraq keçirilən muğam müsabiqələri,
əlbəttə, bir tərəfdən, mədəniyyətimizin
tərəqqisi, intibahı deməkdirsə, digər tərəfdən,
vaxtilə bu sahədə xidmətləri olmuş hər bir sənətkarın,
hər bir tədqiqatçının, eləcə də
Firidun Şuşinskinin ölməz xatirəsinə dərin
ehtiramdır...
Nizami CƏFƏROV
525-ci qəzet.- 2020.- 8 oktyabr.- S.11.