Gənc tədqiqatçının "Ümumi dilçilik
etüdləri"
Bu
günlərdə gənc tədqiqatçı Qismət Cəfərovun
"Ümumi dilçilik etüdləri" (Bakı, "Elm
və təhsil", 2020, 168 s.)
kitabı işıq üzü
görüb. Kitab bir neçə cəhətdən önəmli
nəşr kimi diqqət çəkir.
"Ümumi
dilçilik etüdləri" tələbələr
üçün xüsusən lazımlı kitablardan biridir. Bu fənn üzrə imtahana
hazırlaşan tələbələr bəzən vaxtın
azlığı və bir sıra məsələlərə
görə hazırlıq müddətində bir,
uzağı iki kitabdan
bəhrələnib sualları cavablandırırlar. Hətta
bəzi tələbələr A4 vərəqlərində
hazırlanmış kiçik xülasələrlə
kifayətlənirlər. Bu kitab isə bütün imtahan suallarını əhatə edir və 20-dən çox
müəllifdən istinad var.
Hər bir imtahan mövzusu haqqında konkret,
lokanik və dəqiq izah
əks olunub. Semestr boyu dərslərində qismən məsuliyyətsizlik
edən tələbə imtahana
hazırlaşarkən "Ümumi dilçilik etüdləri" kitabını
oxusa, kurs barədə
müəyyən qədər məlumat bazası
yaratmış olar.
Kitabı
oxuyanda gənc tədqiqatçının dilçiliklə
bağlı özünəməxsus görüşlərinin
olması maraq doğurur. Onun bu sahədə novatorluğu,
yeni və daha
anlaşıqlı fikirləri dəyərlidir. Tələbəlikdən
yeni ayrılan Q.Cəfərov tələbələrin
hansı məsələlərdə çətinlik çəkdiyini,
onlar üçün
nəyin mürəkkəb olduğunu
yaxşı bildiyi üçün
kitab daha da faydalı alınıb. Müəllif
kitabın ön sözündə
yazır: "Bakalavr pilləsində təhsil
alan universitet tələbələrinin
ixtiyarına verilən bu vəsait ümumi dilçilik
üzrə mövcud dərslikləri əvəz
etmək iddiasından çox-çox
uzaqdır. Vəsaitin tərtibində məqsəd
kursun proqramına daxil
edilmiş mövzular
barədə yığcam, anlaşıqlı məlumatları
əhatə etməklə həm dərsliklərin, həm də
dilçilik klassiklərinin əsərlərinin
daha yaxşı mənimsənilməsinə
yardım göstərməkdən ibarətdir".
Kitabın
elmi redaktoru professor Əbülfəz Rəcəbli, rəyçiləri
professor Tofiq Müzəffəroğlu, dosentlər Məhəmməd
Məmmədov və Cavanşir Muradovdur. Redaktor isə Dəyanət
Osmanlıdır.
İnanırıq
ki, bu kitab gənc tədqiqatçı Q.Cəfərovun yeni və
daha böyük elmi nailiyyətlərinin uğurlu
başlanğıcıdır.
Nadir RZALI
525-ci qəzet.- 2020.- 8 oktyabr.- S.11.