Yurd vüsalı
ayrılığın sonuymuş...
Hər qarış torpağına,
dağına-dərəsinə, yalına-yamacına, yoluna-cığırına
bələd olduğum
aranlı-dağlı Cəbrayıldan
başlayaraq Bakı, Gəncə, Mil, Muğan,
Şirvan, Naxçıvan, Lənkəran,
Qazax, Xaçmaz, Şəki... və Qarabağın timsalında
bütövləşən ana Vətənim mənim nəzərimdə
elə dünyanın
özü boydadır...
Yaxşı yadımdadır, 1988-ci ilin
fevral ayından sonra nankor qonşularımızın
Qərbi Azərbaycanda
yaşayan soydaşlarımızı
öz dədə-baba
yurdlarından qovub çıxaranda köçkünlüyün
ilk nişanələrini yüz
minlərlə insanın
nəmli baxışlarında
görüb hiss etmişdim. Doxsanıncı
illərin əvvəllərində
Xocalı, Xocavənd,
Şuşa, Laçın
camaatı bu
müsibətlə üzləşməli
oldular. Sonrakı vaxtlarda Kəlbəcər,
Ağdam, Ağdərə,
Füzuli, Cəbrayıl,
Qubadlı, Zəngilan
rayonlarının sakinləri
də doğma yurdlarından perik düşdülər...
Mənim
bir vaxtlar qoynundan pərvazlandığım
ağır elli
Cəbrayılın rayon mərkəzinin,
dağlıq və dağətəyi kəndlərin
düşmən əlinə
keçdiyi 23 avqust
1993-cü il indinin özündə də ağrı-acılı yaddaşımın
silinmiz izləri kimi nalə çəkməkdədir. Rayonumuzun
Arazboyu kəndlərinin
işğal edildiyi vaxtı - 23 oktyabr
1993-cü il tarixini isə aradan 27 il keçməsinə
baxmayaraq, sözlə
ifadə etməyə
çətinlik çəkirəm.
Araz çayının
qırağında düşmən
əlinə keçməmək
üçün hər
ağacı-kolu sığınacaq
hesab edən, ancaq buna rəğmən
yağı gülləsinə
tuş gələn dinc sakinlərin ah-naləsi hələ də qulaqlarımda əks-səda verməkdədir...
Həmin qanlı-qadalı günün
sonunda, - gecə saat ikiyə yaxın Füzuli rayonunun Əhmədallar kəndinin üst tərəfindən iranlı
soydaşlarımın matorlu
qayığında çayı
adlayıb keçənlərdən
biri olduğumdan, insanların təşviş
hissi təbiidir ki, mənə də yad deyildi. O dəhşət
saçan gecədə
Arazın sağ tərəfindən boylanıb
gecənin zülmətində
tüstüsü ərşə
qalxan kəndlərimizə
baxanda anladım ki, məşəqqətli
köçkünlük günlərinin
astanasındayam...
Doğma
ata ocağımı,
Böyük Mərcanlı
dəmiryol stansiyasındakı
yük vaqonlarında qalan əmlakımı, 25
illik ədəbi yaradıcılığımın nişanəsi olan arxivimi, əlyazmalarımı,
Cəbrayıl boyda dünyamı itirəndən
sonra taleyin hökmüylə heç
bir dost-tanışımın
olmadığı bir
şəhərə - Mingəçevirə
gedib çıxdım.
Bu şəhərdəki yataqxanaların birində eni-uzunu cəmisi 10 kvadratmetr olan otağa sığınandan
sonra, yerli qəzetdə işə düzəldim. Uzun illər
boyu yurd həsrətim qəddimi əyib-büksə də,
qürurumu sındıra
bilmədi. 1994-cü ilin yanvar ayından
sonra Cəbrayıl
rayon İcra Hakimiyyətinin
səlahiyyətli nümayəndəsi
kimi köçkünlüyün
ilk illərində Mingəçevirə
pənah gətirən
155 ailənin yükünü
də çiyinlərimdə
daşımağı özümə
borc bildim. Ayrı-ayrı yataqxana, uşaq
baxçası və
sənaye obyektlərində
müvəqqəti olaraq
məskunlaşan Cəbrayıl
köçkünlərinin qarşılaşdıqları problemlərin həllində
fəal iştirak etdim. Məktəbyaşlı
köçkün uşaqlarının
təhsilə cəlb
edilməsi istəyi ilə Cəbrayıl rayon
İcra Hakimiyyəti rəhbərliyinin və yerli əlaqədar təşkilatların köməyi
ilə Mingəçevirdə
18 saylı Cəbrayıl
rayon köçkün məktəbinin
açılmasına və
sinif otaqları ilə təmin olunmasına nail oldum...
Ən başlıcası
isə, illər boyu mənim kimi yurd ağrı-acıları
ilə yaşayan köçkünlərə Cəbrayıla
- doğma el-obalarımıza
qayıdacağımız günlərin
uzaqda olmadığını
aşılamağa çalışdım. Qarabağın bir parçası olan, yuxularımda-xəyallarımda
da olsa hər
guşəsini gəzib
dolaşdığım rayonumuzun
həsrətini ürəyimdə
daşısam da, doğma el-obama yönəlik övlad sevgimin zülmətdə qərq olmasına yol vermədim. Köçkünlüyün ilk ilində qələmə
aldığım "Bir
şair yaşayır
Mingəçevirdə" adlı şeirim çeşidli qəzet-jurnallarda
dərc ediləndən
sonra dillər əzbəri oldu. Bu şeirimin sonuncu bəndində dediyim kimi, məcburən yurd yerimi dəyişsəm
də, Cəbrayılın
adı dilimdən əskik olmadı:
... Kürü Araz bilir, Bozdağı Diri,
Qalıb Cəbrayılda qibləsi-piri.
Sızlaya-sızlaya nə vaxtdan bəri,
Bir şair
yaşayır Mingəçevirdə.
Köçkünlüyün ilk illərində
həm yurd nisgilimdən, həm doğulub boya-başa çatdığım el-obama
məhəbbətimdən, həm də məskunlaşdığım ünvandan
soraq verən bu şeirimdən sonra, "Araz çayına məktub",
"Cəbrayıl dağlarına
dediyim ağı",
"Arazım", "Bəhmən
Vətən oğluna",
"Qarabağ", "İşlər
belə getsə",
"Çadırda doğulan
uşaq", "Oktay
Həziyevə məktub",
"Cəbrayıllılar", "Xarı bülbülüm",
"Şuşada açan
çiçək"... adlı
şeirlərimlə Qarabağ
boyda yurd nisgilimi poetik çalarlarla naxışlayıb
ortaya qoydum...
Tanrıya gündə yüz dəfə şükranlıq
edirəm ki, illər boyu yurd həsrətiylə yaşayan yüz minlərlə köçkün
soydaşlarım kimi arzusunda olduğum xoş soraqlı günləri mənə də bəxş etdi. Nə yaxşı
ki, 2016-cı ilin aprel döyüşlərindən
sonra qəddini dikəldən Cocuq Mərcanlının qədəmləri
sayalı oldu! Ata elim Cəbrayılın bir parçası olan qala timsallı
bu kənddən Qarabağa uzanan zəfər yolumuz sentyabr
ayının 27-dən sonra
şaxələnərək Talış kəndinə,
Suqovuşana (Madagiz), Horadiz, Yuxarı Əbdürəhmanlı... kəndlərindən
keçdiyi günlərdə
bizim Cəbrayıl obalarına da üz tutdu. Nüzgar və Böyük Mərcanlıda
zəfər qazanan Milli Ordumuzun əsgərləri hər
qarış torpağına
bələd olduğum
Quycaq, Mehdili, Çaxırlı, Aşağı
Maralyan, Karxulu, Cəfərabad, Mahmudlu, Şükürbəyli, Horovlu,
Dəjəl, Məzrə, Şükürbəyli,
Şıxalağalı, Sarıcallı...
kəndlərini də
düşmənin qanlı
pəncəsindən xilas
etdi. İyirmi yeddi illik zaman
kəsimindən sonra ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevin qətiyyətli iradəsi,
Milli Ordumuzun yenilməzliyi və xalqımızın monolit
birliyi sayəsində
işğaldan azad edilən xan çinarlı, büllur kəhrizli Cəbrayılda
üçrəngli bayrağımızın
yenidən dalğalanması
milli kimliyimizin ən bariz ifadəsinə
çevrildi.
Uşaqlıq illərimin, gəncliyimin şahidi olan Böyük Mərcanlının
vüsalına qovuşacağım
günü gözlərimin
önünə gətirəndə
sevincimin həddsiz-hüdudsuz
olduğunu bütün
varlığımla dərk
etdim. Yurd nisgiliylə yaşayan milyonlarla soydaşımızın
ümidlərini öləziməyə
qoymayan, köçkünlərimizə
sevinc, fərəh bəxş eləyən qələbə müjdəli
anlar ölkə Prezidentinin, Milli Ordumuzun, uca millətimizin yenilməzliyini
ortaya qoymaqla, ayrılığın sonsuz
olmadığını da
ən bariz şəkildə nümayiş
etdirdi. İnşallah,
əzəli-əbədi düşmənlərimiz
Ali Baş Komandanımızın
təbirincə desəm,
işğal olunmuş
torpaqlarımızdan rədd
olub gedəcəkləri
vaxta sayılı günlər qalıb! Tezliklə Qarabağın
qeyrət qalası Şuşada, Xankəndində,
Laçında, Kəlbəcərdə...
də üçrəngli
bayrağımızın əzəmətlə
dalğalanacağı günlərin
sevincini birlikdə yaşayacaq, bir milyondan artıq insanın dilindən eşidəcəyimiz: "Biz daha
köçkün deyilik!"
kəlmələrinin işığında
başımızı dik
tutaraq doğma yurd yerlərimizə qayıdacağıq!
Eşq olsun "Qarabağ
Azərbaycandır!" kəlmələrinin
sevincini xalqımıza
bəxş edən
Ali Baş Komandanımıza,
Milli Ordumuza! Ulu Tanrı torpaqlarımızın düşmənlərdən
azad edilməsi naminə canlarından keçən şəhidlərimizə
qəni-qəni rəhmət
eləsin, Amin!..
İsmayil MƏRCANLI İMANZADƏ
Azərbaycan Yazıçılar Birliyi Mingəçevir
bölməsinin sədri, Cəbrayıl
rayonundan keçmiş
məcburi köçkün
525-ci qəzet.- 2020.- 8 oktyabr.- S.6.