Mahir Həmzəyev Litva radiosunda çıxış edib

 

Litvada yaşayan soydaşımız, Litva Azərbaycanlıları Cəmiyyətinin sədri Mahir Həmzəyev yerli LRT radiosunda çıxış edib.

LRT radiosu ilə yayımlanan verilişində iştiraka razılıq verərkən bu günlər Azərbaycanın ayrılmaz hissəsi olan Qarabağda gedən hərbi əməliyyatlar barədə fikir mülahizələrini bölüşmək fikrində olduğunu bildirən M.Həmzəyev sonradan verilişlə bağlı bəzi gizli məsələlər üzə çıxdığna görə, fikrindən  daşındığını vurğulayıb: "Məlum oldu ki, verilişə qatılan LRT-in jurnalisti Anna Daukşeviç Litva XİN-nin direktiv tövsiyyələrinə məhəl qoymadan təcavüzkar Ermənistan dövlətinin işğal etdiyi ərazilərə Azərbaycan dövləti tərəfindən viza verilmədən, yəni qanunsuz səfər edib.

O, azərbaycanlıların Qarabağ bölgəsindən qovulduğu bir vəziyyətdə yalnız indi burada yaşayan qərəzli millətçi mövqeyi tutmuş erməni milli icmasının nümayəndələrilə əlaqə qura bilərdi. Bu səbəbdən o jurnalistin problemə yanaşması təqdim etdiyi ümumiləşdirmələr obyektiv ola bilməzdi. Əsas sual da budur ki, Litva da daxil olmaqla bütün dünya dövlətləri Azərbaycanın ərazi bütövlüyünü tanıyarkən, bu ölkənini vergi ödəyicilərinin pulu ilə saxlanılan LRT niyə o jurnalistin səfərini maliyyələşdirib? Əgər jurnalistin səfərini LRT maliyyələşdirməyibsə, bəs kim maliyyələşdirib? Məgər LRT öz jurnalistini Moskva üzərindən Ukraynanın işğal olunmuş ərazilərinə - Donbasa, Luqansk ya Krıma ezam edərdimi?

Bu verilişin aparıcısı məni məlumatlandırmışdı ki, verilişdə Litva erməniləri tərəfdən hüquqşünas Armen Ayrapetyan iştirak edəcək. O, LRT-nin Hüquq Vəkalət şöbəsinin məsləhətçisidir. Yeri gəlmişkən, qeyd edim ki, Armen Ayrapetyan 2012-ci ilin sentyabr ayında Litva Respublikası Seyminin deputatlarını jurnalistləri qanunsuz olaraq Yerevan üzərindən Qarabağa aparmışdı. Əldə olan məlumata görə, o, LRT jurnalistinin Qarabağa indiki səfərinin təşkil olunmasında da yaxından iştirak edib. Jurnalistin təcavüzkar Ermənistan dövləti üzərindən işğal olunmuş  Qarabağ bölgəsinə qanunsuz səfər etdiyini bu səfərin kim tərəfindən maliyyələşdirildiyini nəzərə alsaq, onda onun mövqeyinin qərəzli - yəni ermənipərəst olacağı ilə bağlı fikir yürütmək üçün əsaslar var. Bundan sonra demək olardımı ki, verilişdə işğalçı Ermənistan tərəfinin mövqeyini yalnız bir iştirakçı təmsil edəcək? Göstərilən arqumentlərə əsaslanaraq bildirmək istəyirəm ki, bu illər ərzində ermənilər tərəfindən Qarabağda qətlə yetirilmiş günahsız insanların xatirəsi mənə təcavüzkar Ermənistanın siyasətini müdafiə edəcək dəstəsinin iştirakçısı olduğu verilişə qatılmağıma imkan vermir".

 

 

525-ci qəzet.- 2020.- 29 oktyabr.- S.5.