"Azərbaycan tibb sahəsində də
regionun lider ölkəsinə çevrilə bilər"
ABŞ-DA TİBB
ÜZRƏ DOKTORANTURA TƏHSİLİ ALAN CƏMİLƏ
MƏMMƏDOVANIN SÖZLƏRİNƏ GÖRƏ, BUNUN
ÜÇÜN LAZIMİ POTENSİAL VAR VƏ MÜVAFİQ ADDIMLAR
ATILIR
Qloballaşan
dünyada dinamik inkişaf edən təhsil sisteminin
formalaşdırılması hər bir ölkənin beynəlxalq
rəqabətliliyini təmin edən və gücləndirən həlledici faktorlardan birinə
çevrilib. Prezident İlham Əliyevin müvafiq
Sərəncamı ilə təsdiq edilən
"2019-2023-cü illər üçün Azərbaycan
Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin
artırılması üzrə Dövlət Proqramı"
ali təhsil sisteminin yeni və müasir inkişaf istiqamətlərinin, strateji hədəflərinin
müəyyən edilməsi baxımından böyük əhəmiyyət
kəsb edir.
Dövlət Proqramının həyata keçirilməsində
əsas məqsəd elm sahəsindəki qabaqcıl nailiyyətlərdən,
innovativ təlim-tədris texnologiyalarından yararlanaraq,
ölkədə yeni nəsil mütəxəssislərin
yetişdirilməsidir. "2019-2023-cü illər üçün Azərbaycanda
ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin
artırılması üzrə Dövlət Proqramı"nı uğurla həyata keçirilən
"2007-2015-ci illərdə Azərbaycan gənclərinin
xarici ölkələrdə təhsili üzrə Dövlət
Proqramı"nın davamı hesab etmək olar. Bu proqram strateji əhəmiyyət kəsb edən
sahələr üzrə milli kadrların yetişdirilməsi
baxımından çox mühüm əhəmiyyət kəsb
edir.
Azərbaycanın
ali təhsil sisteminin daha da gücləndirilməsinə
yönələn bu proqramın icrası nəticəsində
təhsilin doktorantura səviyyəsində xaricdə təhsil
və təcrübənin maliyyələşdirilməsi ilk dəfə
həyata keçirilir.
Bu gün
Azərbaycanda ölkənin ali təhsil
sisteminin dünya standartlarına uyğun kadrlarla təmin
olunmasına, dünyanın ən yaxşı ali təhsil
müəssisələrinin doktorantura səviyyəsini bitirən
kadrlara böyük ehtiyac var. Məhz bu proqram sayəsində
xaricdə təhsil alan və fəlsəfə doktoru dərəcəsi
olan yüksək ixtisaslı kadrlar təhsillərini başa
vurduqdan sonra Azərbaycana qayıdaraq müqavilə tərəfdaşı
olan yerli ali təhsil müəssisəsində pedaqoji fəaliyyətə
cəlb ediləcəklər. Məhz bu yolla da Azərbaycanın
ali təhsil müəssisələrinın
kadr potensialı gücləndiriləcək.
Dövlət Proqramının icrasını Azərbaycan
Dövlət Neft Fondu maliyyələşdirir. Xaricdə doktorantura təhsili
üzrə il ərzində 100 tələbənin
maliyyələşdirilməsi nəzərdə tutulur. Proqramın icrasını təmin etmək məqsədilə
müxtəlif qurumlara ayrı-ayrı vəzifələr həvalə
edilib. Bu vəzifələrin
yerinə yetirilməsində koordinasiya Təhsil Nazirliyi tərəfindən
həyata keçirilir.
Bu il 34 nəfər proqram çərçivəsində
11 ölkənin 22 nüfuzlu ali təhsil müəssisəsində
doktorantura səviyyəsində təhsil almaq hüququ
qazanıb.
Proqram
çərçivəsində doktorantura təhsili almaq
hüququ qazanan gənclərimizdən biri də Amerika Birləşmiş
Ştatlarında doktorantura təhsili alan Cəmilə
Məmmədovadır. O, Azərbaycan Dövlət İqtisad
Universitetində bakalavr təhsili alıb. 2011-ci ildə Budapeşt şəhərində
yerləşən Mərkəzi Avropa Universitetində
"İqtisadi planlaşdırma" ixtisası
üzrə magistratura, 2017-2020-ci illərdə
ABŞ-nın Florida Universitetində "Mikrobioloiya və
hüceyrə elmi" üzrə
ikinci bakalavr təhsilinə yiyələnib. Hazırda isə ABŞ-ın Cənubi
Florida Universitetində tibb üzrə doktorantura təhsili alır.
C.Məmmədovanın
sözlərinə görə, tibb sahəsinə marağı
uşaqlıqdan olub: "Yadımdadır ki, orta məktəbdə
təbiət elmlərinə marağım yüksək idi. Fizika, kimya və biologiya kimi fənləri həmişə
yüksək həvəslə oxumuşam və məktəbdən
sonra kitabxanaya gedib, əlavə ədəbiyyatlardan məlumatlar
alırdım. Bundan başqa, ailəmizin
üzvü çətin xəstəlik ilə
yaşayırdı. Tibbi təkcə nəzəri
olaraq deyil, həm də praktiki tərəfindən
uşaqlıqdan izləmişəm. Xəstəxanalara
tez-tez getməli idik və tibb xidmətlərinin insanların
həyat keyfiyyətinə nə dərəcədə təsir
etdiyini yaxından yaşamışıq. Tibbi
xidmətlərin təkmilləşdirilməsinin necə
mümkün olduğunu həmişə
düşünürdüm. Ailəmizin məsləhəti
ilə ilk karyera addımlarım iqtisadiyyat və strateji
planlaşdırma sahəsində olub. Gələcəkdə
isə, tibb üzrə doktorantura təhsilini alandan sonra, həm
strateji planlaşdırmanı, həm texniki bilikləri əhatə
edən perspektivimi tibb sahəsinin inkişafına yönəltmək
istəyərdim".
O bildirib
ki, tibb sahəsində ilk təcrübəni ABŞ-nın xəstəxanalarında
alıb: "Burada tibb sahəsinə aid olan elmləri oxuyarkən,
həftə sonu və ya boş vaxtlarımda həm xəstəxanalarda
çalışırdım, həm də tibbi öyrənirdim. İlk
təcrübəm ümumi xəstəliklərə baxan ailə
həkiminin yanında olub. Daha sonra isə
oftalmoloqun yanında İnsanın
İmmunçatışmazlığı Virusu xəstələrinin
göz problemlərini öyrəndim. İş təcrübəmdən
bu sahəyə aid olan həkim məsuliyyəti və işə
sədaqətliliyi
öyrəndim. Texniki biliklərin
vacibliyi nə qədər yüksək olsa da, pasiyentlərə
qarşı diqqətliliyin və qayğının göstərilməsinin
vacibliyini də anladım. Yanında
işlədiyim həkim həmişə deyirdi ki, "Pasiyentə
diqqətlə qulaq asmaq düzgün diaqnozun
yarısıdır". Bunları izləyərkan
anlayırdım ki, tibb xidməti yalnız texniki biliklərdən
ibarət deyil və ünsiyyət sənətini,
bacarıqlarını da əhatə edir.
Tibb sahəsində tədqiqatın önəmliliyini də
qeyd etmək istərdim. ABŞ-da qabaqcıl xəstəxanalar
yalnız yeni tədqiqatlara əsasən müalicə
aparırlar. Bu yanaşmanın uğurunu xəstəxanaların
statistik göstəricilərindən dərk etmək olur.
Misal üçün, Tampa şəhərində
yerləşən və xərçəng xəstəlikləri
üzrə ixtisaslaşan Moffitt xəstəxanasının
pasiyentlərinin sağqalma ehtimalı hər il daha da
artır".
C.Məmmədovanın
dediyinə görə, o, doktorantura təhsilini Dövlət Proqramı
çərçivəsində davam etdirmək hüququ
qazanıb: "Proses aydın və səliqəli şəkildə
aparılıb. Bütün tələb olunan sənədlər
öncədən internetdə qeyd olunmuşdu və bu sənədləri
toplayıb göndərmək üçüb kifayət vaxt
verilmişdi. Proqramda iştirak etmək
üçün onlayn şəkildə hesab açdım
(login) və tələb olunan sənədləri yüklədim.
Qeyd etmək istərdim ki, Təhsil Nazirliyinin
işçiləri prosesi çox professional şəkildə
aparıblar. Misal üçün, hansısa qeyri-adi sual
yaranarkən, e-mail şəkildə suallarımı göndərirdim
və cavabı qısa zamanda alırdım. Fikrimcə,
Dövlət Proqramı qərbdə əldə olunmuş
bilikləri Azərbaycana inteqrasiya etmək üçün
önəmli layihədir.
Ümid edirəm ki, proqram nəticəsində xaricdə təhsil alaraq Azərbaycanın
inkişafına maksimal şəkildə töhfələrimizi
verə bilərik".
O qeyd edib
ki, ABŞ-da tibb üzrə doktorantura təhsili ölkədə
ən rəqabətli proqramlardan biri hesab olunur. Digərləri,
hüquq məktəbi və mühəndislikdir. Dörd
il proqram çərçivəsində
biz bir neçə tədqiqat işini aparırıq və
elm jurnallarda dərc olunuruq: "Proqrama qatılmışam və
artıq birinci tədqiqat işimi başlamışam. Hazırda, immun çatışmazlığı və
yumurtalıq xərçəngi arasında əlaqəni
araşdırıram. Əsas tədqiqatımı
yenə də xərçəng xəstəliyi üzrə
planlaşdırıram. Həm genetik
terapiya, həm xüsusi immun müdaxilə terapiyanı dərindən
öyrəndikdən sonra, nəticələri tədqiqat
işimdə analiz etməyə planlaşdırıram".
C.Məmmədovanın
söylədiyinə görə, Cənubi Florida Universitetində
(CFU) tədqiqatçılıq fəaliyyəti universitetin ümumi təhsil
siyasətinin mərkəzindədir. Qabaqcıl ali təhsil
müəssisəsi olaraq, tədqiqat işlərinə
görə Cənubi Florida Universiteti Amerikada dövlət
universitetləri arasında
top-50 universitet siyahısındadır. Ali məktəb hər il tibb, təbiət
elmləri, mühəndislik və
informasiya üzrə tədqiqatlar
aparır: "2017-2018-ci illərdə CFU-nun tədqiqat fəaliyyətinə
həsr olunan büdcəsi 500 milyon
ABŞ dollarından artıq idi. Bu, ona görə önəmlidir
ki, yeni tədqiqatlar yeni avadanlıq və bilik ekspertlərini
tələb edir. Yaxın zamanlarda
universitetdə
bir elmi konfransda iştirak etmişdim və bəzi
alimlər deyirdi ki, tibb sahəsində biliklər hər 18
aydan bir ikiqat artır. İndiki inkişaf sürətinə bərabər
inkişaf etmək üçün həm zəhmətkeşlik, həm də
büdcə önəmli faktorlardır. CFU kimi
qabaqcıl tərəfdaş universitetlə tədqiqat işlərini
aparmağı özümə böyük bir inkişaf
imkanı kimi dəyərləndirirəm və böyük məmnuniyyətlə
bu işə başlayıram".
O
vurğulayıb ki, sahədən asılı olaraq, xaricdə
təhsil almağın keyfiyyəti böyük
üstünlük ola bilər. Misal üçün, hazırda elm yüksək
sürətdə inkişaf edir. Qabaqcıl universitetlər
elm sahəsində əldə olunan yenilikləri öz
kurikulumuna daxil etmək üçün böyük maliyyə
vəsaitləri ayırırlar. Əlavə olaraq, həmən
yenilikləri inkişaf etdirmək üçün ali təhsil müəssisələri bir-biri ilə
rəqabət aparırlar. Bu rəqabət maliyyə
cəhətdən baha başa gəlir və hər universitet
lazım olan qədər maliyyə vəsaitlərinə malik
deyil. Bu faktor universitetlər arasında təhsil
keyfiyyətinin fərqini bir tərəfdən izah edir.
Buna görə, aparıcı universitetlərdə təhsil
almaq həqiqətən biliklərin keyfiyyəti
üçün böyük üstünlükdür:
"Eyni zamanda qeyd etmək istərdim ki, təkcə elmi dərəcə
deyil, tədqiqat sahəsini də nəzərə almaq
lazımdır. Misal üçün, ingilis ədəbiyyatı
üzrə PhD proqramına investisiya etmək hazırda
prioritet olmaya bilər. Bu cür proqramlar indiki dövrdə onlayn
şəkildə tədris olunur. Ancaq elmi
öyrənmək, inkişaf etdirmək üçün
xüsusi laboratoriya və avadanlıq tələb olunur. Bu bilikləri yalnız universitetin özündə
almaq mümkündür. Bir də
universitetin səviyyəsini mütləq nəzərə
almaq lazımdır. Xaricdə yerləşsə
də, hər universitet yüksək təhsil təmin edə
bilmir. Yaxşıdır ki, Dövlət
Proqramı yalnız xüsusi universitetləri və
ixtisasları nəzərə alır. Mənim
fikrimcə, bu, optimal və gələcəkdə
böyük fayda verəcək yanaşmadır".
Gələcək
planlarından söz açan C.Məmmədova deyib ki, əsas
hədəfi Azərbaycanda tibb sahəsinin inkişafına
öz töhfələrimi vermək, bu sahəni gücləndirməkdir:
"Bu planın iki böyük məqsədi var. Birincisi, Azərbaycanda
yaşayan vətəndaşlarımız üçün
daha yüksək səviyyədə tibb xidmətlərini təmin
etməkdir. Oxuduğum qabaqcıl tədqiqatları,
müalicə protokollarını və Qərbdə olan
aparıcı təcrübəni Azərbaycana gətirmək
istərdim. İstərdim ki, vətəndaşlarımız, ailələrimiz,
dostlarımız yüksək
tibb xidməti üçün xaricə getmədən, Azərbaycanın
özündə bu xidmətləri ala bilsinlər. Ölkəmizdə də yüksək tibb xidmətləri
göstərilsin. İkincisi isə, Azərbaycanda tibb
üzrə qabacıl işçi qüvvəsini
formalaşdırmaqla regionda tibb üzrə Mərkəz
qurmaqdır. Məncə, ölkəmizin ətrafında
yüksək səviyyədə tibb xidmətlərini almaq istəyən
qonşularımız çoxdur və Azərbaycan tibb sahəsində
də regionun lider ölkəsinə çevrilə bilər".
Sevinc QARAYEVA
525-ci qəzet.- 2020.- 9 oktyabr.- S.13.