Ön cəbhədən xəbər
verən jurnalistlərimiz
"BİZ CƏBHƏ
BÖLGƏSİNƏ XƏBƏR OLMAQ ÜÇÜN
GƏLMƏMİŞİK, XƏBƏR ARDINCA
GƏLMİŞİK"
Sentyabrın 27-dən etibarən Ermənistanın
növbəti təxribatının
qarşısını almaq
üçün Azərbaycan
ordusu cəbhə boyu əks-hücuma keçdi.
Ordumuzun həmləsi qarşısında
aciz qalan düşmən hər zamankı kimi mülki əhalini atəşə tutur. Lakin buna
baxmayaraq, cəbhə
boyu ərazilərdə
məskunlaşan əhali
ev-eşiyini, yurd-yuvasını
qoyub qaçmır, cəsarətlə düşmənə
qarşı şax dayanır. Hazırda müharibə zonasında
həyatı təhlükə
altında olan təkcə orada yaşayan əhali deyil. Vəzifə borcunu yerinə yetirmək üçün
cəbhə bölgəsinə
yollanan jurnalistlər də hər an risk altındadırlar. Onlar da əsgərlərimiz qədər canlarını
təhlükəyə ataraq,
cəbhə bölgəsindən
ən son məlumatları
oxuculara, tamaşaçılara
çatdırmağa çalışırlar.
Həmin
jurnalistlərdən bəziləri
ilə əlaqə saxlayaraq, onlara bir neçə sual ünvanladıq.
Suallarımız cəbhə zonasında
yaşayan mülki əhalinin psixoloji durumu, əsgərlərimizin
kadr arxasındakı əhval-ruhiyyələri, həmkarlarımızın
cəbhə bölgəsində
yaşadıqları riskli
anlarla bağlı oldu.
"Cəbhədə
döyüşən əsgərlərimizin
yanında bizim etdiklərimiz heç nədir"
Hazırda Tərtərdə olan
Qafqazinfo.az saytının redaktoru
Emin Səfərov bildirir ki, cəbhə
bölgəsində yaşayan
əhalinin hər hansı bir qorxusu yoxdur: "Yerli əhalinin əhval-ruhiyyəsi olduqca
yüksəkdir. Atəşkəs olan dövrlərdə də ermənilər müxtəlif vaxtlarda Tərtər və Ağdam istiqamətində
atəşkəs rejimini
pozduğu üçün,
artıq əhali buna öyrəşib.
Əsgərlərimizin psixoloji vəziyyətinə
gəldikdə isə,
həm sosial şəbəkələrdə, həm də telekanallarımızda yayılan
kadrlardan görürük
ki, əsgərlərimizin
əhval-ruhiyyəsi olduqca
yüksəkdir. Hamısının bir amalı var, o da düşmənləri
doğma torpaqlarımızdan
çıxarıb, yurdumuza
qovuşmaqdır".
Emin Səfərov cəbhəyə
gedərkən riski gözə aldığını,
təhlükənin onu
qorxutmadığını qeyd edir: "Bu, bizim peşəmizdir, qətiyyən çəkinmirik.
Əgər cəbhə bölgəsinə
gəlmisənsə, bu
o deməkdir ki, artıq hər şeyə hazır olmalısan. Olduğumuz ərazilərə
ağır artilleriya qurğularından dayanmadan
atəş açılır.
Hətta
bəzən 50-100 metr
yaxınlığımıza da düşür. Elə vaxt olub ki,
çəkiliş etdiyimiz
yerdən çıxdıqdan
10 dəqiqə sonra ora mərmi düşüb. Nəticədə, bir vətəndaşımız
yaralanıb, üçü
isə həlak olub. Yəni burada təhlükə bir an yox,
hər zaman var. Buna baxmayaraq, bu, bizim üçün
problem deyil, cəbhədə
döyüşən əsgərlərimizin
yanında bizim etdiklərimiz heç nədir".
Həmsöhbətimiz ordumuzun təhlükəsizliyi naminə
insanları rəsmi olmayan xəbərləri yaymamağa çağırıb:
"Təbii ki, cəbhə bölgəsində
olduğumuz üçün
baş verən hadisələrdən daha tez xəbərdar oluruq. Ancaq bu məlumatları
yaymamaq ordumuzun təhlükəsizliyi üçün
çox önəmlidir.
Harda olmasından asılı olmayaraq, ölkənin hər bir vətəndaşı
hansısa məlumatı
paylaşanda rəsmi mənbələrə istinad
etməlidir. Düşmənə mövqe verməmək, kordinatları göstərməmək,
əsgərlərimizi təhlükəyə
atmamaq üçün
hər kəs bu məsələyə həssas yanaşmalıdır.
Mən də xahiş edirəm, insanlar hər gördüklərini
çəkməsinlər, eşitdiklərini yaymasınlar.
Bəzi insanlar cəbhə bölgəsindən canlı
yayım açır,
əsgərlərlə görüşdə
ətrafı çəkib
sosial şəbəkədə
paylaşır. Bunu edərkən
nəzərə almaq
lazımdır ki, düşmən bizi izləyir və sizin paylaşdığınız
bir video əsgərlərimiz
üçün çox
ciddi təhlükə
yarada bilər. Xəbəri
hər kəsdən öncə bilməyimizə
baxmayaraq, yaxınlarımıza
belə heç nə demirik. Onu da deyim ki,
bu hissləri bölüşə bilməmək
mənim üçün
çox çətindir.
Hətta
hansısa ərazimizin
işğaldan azad olduğunu eşidib, rəsmi olmadan insanlara deyə bilməyəndə zarafatla
burda mənimlə birgə çalışan
dostlarıma deyirəm
ki, belə getsə, sevincdən ürəyim partlayacaq, doğma Ağdamın azad olunduğunu görə bilməyəcəm".
"İnsanlar qorxunun nə olduğunu bilmirlər"
Sentyabrın 28-dən bəri Tərtər,
Ağdam istiqamətində
olan Report.az informasiya agentliyinin əməkdaşı
İsmayıl Nəsibli
bildirir ki, burda insanlar qorxunun nə olduğunu bilmir: "Döyüşlər başlayandan
burdayam və bir çox şeyin yaxından şahidi oluram, ancaq burdakı insanlarda qorxu deyilən şey görmədim. Hətta Tərtərdə veteran və qazilərimiz könüllü hərbi
komissarlığa gələrək
ön cəbhəyə
yollanmaq istəyirdilər.
Həmçinin, Tərtərdə yaşayan mülki əhali, xüsusilə gənclər əlinə
silah alıb ön cəbhədə xidmət etmək istəyirlər. Azərbaycan ordusunun
uğurları nəticəsində
əhalinin əhval-ruhiyyəsi
daha da artır,
hər kəs əlindən gəldiyi qədər əsgərlərimizə
kömək etmək üçün çalışır.
O ki qaldı ordumuzun ovqatına,
əsgərlərimiz yüksək
əhval-ruhiyyə ilə
irəli gedirlər, onlar hər zaman qorxmadan döyüşməyə hazırdırlar.
Əsgərlərimizlə söhbət edən zaman da hiss
olunur ki, 30 ildir işğal altında olan torpaqlarımızı azad
etmək üçün
bu günü gözləyir, düşməndən
qorxmurlar. Hər birinin dilində
bir söz var, şəhid olsaq belə, təki torpaqlarımız
azad olunsun".
İsmayıl Nəsibli də
digər həmkarları
kimi cəbhə bölgəsinə ezam olunanda bütün riskləri gözə aldığını qeyd
edir: "Burda yaxınlığımızda olmasa
belə, ən azı müəyyən məsafə ilə ətrafımıza mərmilər
düşür. Oktyabrın 2-də Tərtər şəhərinə
ağır artilleriya qurğuları tərəfindən
iki mindən artıq mərmi atıldığı üçün
mərkəzə girmək
mümkün deyildi.
Hər gün gedib-gəldiyimiz yol olmasına baxmayaraq, biz gəlməzdən iyirmi dəqiqə əvvəl həmin yerə top atılmasının nəticəsində
oradan keçən insanlar həlak olmuşdular. Əgər həmin vaxt
biz də o yoldan keçmiş olsaydıq,
sonu yaxşı olmayacaqdı. Düşmən atəşi nəticəsində
zərər görmüş
evləri çəkəndə
də həmin yerə bir daha
mərmi düşmə
ehtimalı var. Ancaq bütün riskləri gözə alaraq buraya gəlmişik və bütün torpaqlarımız azad olunana qədər vəzifəmizi yerinə yetirəcəyimizə ümid
edirəm".
İ.Nəsibli əhalidən qeyri-rəsmi
informasiyalar yayaraq düşmənə sirr verməməyi xahiş edib: "Burda olduğumuz üçün
baş verənlərdən
daha tez məlumat alırıq. Ancaq rəsmən təsdiqlənmədən
heç bir informasiyanı ictimaiyyətə
çatdırmırıq. Çünki döyüşlər
davam edir və yayacağımız
hər hansı məlumat nəticəsində
özümüz də
bilmədən düşmənə
sirr vermiş ola bilərik.
Bütün vətəndaşlarımızdan
əsgərlərimizi təhlükəyə
atacaq, rəsmi olmayan informasiyaları yaymamalarını xahiş
edirəm".
"Özümüz
xəbər olmamaq üçün ehtiyatı
əldən vermirik"
Minval.info
saytının hazırda
Füzulidə olan baş redaktoru Məhəmməd Türkmən
bildirir ki, əhali artıq bu savaşın son olduğunu, bir daha torpaq həsrəti
çəkməyəcəyini düşünür: "İnsanlar
övladlarının onlar
kimi Qarabağ həsrəti çəkməyəcəyini,
torpaq problemi yaşamayacağını düşünür
və inanır. Ona görə də, əllərindən gələn
nə varsa, edərək orduya
dəstək olmağa
çalışırlar. Burda yaşayan yaşlı bir qadın, onun
timsalında yüzlərlə insan nə
zaman yoldan keçən
hərbi texnikaları, əsgərləri görsələr, dualar edir, bayraqlar
qaldırır, Qarabağ
şüarları səsləndirərək onlara
dəstək olmağa
çalışırlar. Mənəvi dəstəkdən
əlavə, maddi yardım edənlər
də az deyil.
Nümunə olaraq, burada
çörək bişirib satan iki qadın var və onların yeganə gəlir yeri budur. Amma
onlar öz ruzilərindən
ayırıb yoldan keçən əsgərlərə
təmənnasız isti təndir
çörəyi verirlər. Və hər zaman
deyirlər ki, təki Allah
onları qorusun, başlarından bir tük əskik
olmasın. Hərtərəfli dəstək olanlardan
biri də burada yaşayan ata-oğuldur. Onlar öz hesablarına həyətlərində
olan qoyun, quzunu kəsib yolun kənarında
kabab çəkirlər ki,
ordan keçən əsgərlərə
versinlər. Nə vaxt
tıxac yaransa, hərbi texnikalar
bir neçə dəqiqəlik dayansa, tez bişirdikləri
kababı hazırlayıb əsgərlərə verirlər.
Əsgərlər, orduda xidmət etmək
üçün könüllü
yazılan insanlar arasında ruh düşkünlüyü
müşahidə etməmişəm. Onlarla
söhbət etdiyimiz zaman
görürük ki,
tək arzuları cəsarətlə döyüşmək və
torpaqlarımızı azad etməkdir. Mülki əhalinin dəstəyi onları daha da ruhlandırır.
Əsgərlərimiz ön cəbhədə
vuruşduğu zaman arxa cəbhədəkilərin onlara
güvəndiyini, dəstək olduğunu
görəndə daha da
əzmlə, ürəklə savaşırlar. Müharibə
yalnız ön cəbhədə yox, arxa cəbhədə
də gedir".
M.Türkmən daha əvvəl də cəbhə bölgəsində peşə vəzifəsini yerinə yetirdiyi üçün buna alışdığını deyir: "Təbii ki, təhlükə hər zaman olur və heç kim qorxmuram deyə bilməz. Qorxu insana xasdır. Mən daha əvvəl də cəbhə bölgəsində olduğumdan bir növ bu vəziyyətə alışmışam. Çəkiliş zamanı atəşə tutulduğumuz, təhlükəli anlarla üzləşdiyimiz çox olur. Hər an hər şey ola bilər. Bütün bunları gözə alaraq bura gəlmişik. Buna baxmaraq, özümüz xəbər olmamaq üçün ehtiyatı əldən vermirik. Hər zaman deyirəm, biz cəbhə bölgəsinə xəbər olmaq üçün gəlməmişik, xəbər ardınca gəlmişik. Hazırda müharibə şəraitində olduğumuzdan hər gördüyümüzü yaza bilmərik. Hətta bəzən vətən üçün peşə borcumuzun əksinə hərəkət edirik. Jurnalistika gördüklərimizi çəkməyi və yazmağı tələb etsə də, vətən borcu ordumuzun, əsgərlərimizin təhlükəsizliyi üçün hər məlumatı yaya bilməzsən deyir. Vətənimizi qorumaq üçün, sözsüz, bu, hər zaman belə olmalıdır. Hazırkı vəziyyətdən istifadə edərək, yalan məlumatlar yayan insanlar çoxdur, amma rəsmi olmayan xəbərləri yaymamalıyıq. Yalan xəbərlərlə insanların hisslərinə təsir etmək olmaz. Müharibə bitəcək, amma yazdıqlarınız insanların yaddaşından silinməyəcək. Mövzu vətən olduğu üçün biz bu məsələyə daha da həssas yanaşırıq. Bu, məcburiyyət, borc və öhdəlikdir. İnsanlara müraciət edirəm ki, hər kəsin yumruq kimi birləşdiyi bu ərəfədə öz təmənnanız üçün xalqın hissiyatına toxunacaq, qıcıqlandırıcı paylaşımlar etmək olmaz. Bəzilərinin etdiyi vətənpərvərlik deyil, boş şoudur. İndi hər kəs rəsmi xəbərlərə köklənməlidir".
Aytac ASLAN
525-ci qəzet.- 2020.- 9 oktyabr.- S.11.