Savaş jurnalistləri: jurnalistlərin
savaş xidməti
ƏLİSAFA
MEHDİ: "BU GÜN AZƏRBAYCANDA ƏN GÜCLÜ
İNFORMASİYA SAVAŞINI ALİ BAŞ KOMANDAN ÖZÜ
APARIR"
Azərbaycanda
Konflikt Jurnalistikası Məktəbinin (KJM)
yaradıcısı, "Dinc dünya" Araşdırma Mərkəzinin
sədri, birinci Qarabağ müharibəsi veteranı, jurnalist
Əlisafa Mehdi ölkəmizdə konflikt jurnalistikası sahəsində
ixtisaslaşmış nadir jurnalistlərimizdəndir.
Bu gün ölkəmizdə savaş gedir, cəmiyyətin
son dərəcə həssas yanaşdığı bu sosial
xidmətin sözçüsü təbii ki, cəbhədən
birbaşa işləyən reportyorlarımızdır. Cəbhə
jurnalistikası, savaş jurnalistikası, konflikt
jurnalistikası, ekstremal jurnalistika və s. adlarla
adlandırılan bu sahədəki durumu və
boşluqları təhlil etmək üçün Əlisafa
müəllimlə həmsöhbət olduq.
- Əlisafa müəllim,
illərdir ki, Konflikt Jurnalistikası Məktəbinin
qurulması və inkişafı üçün
çalışırsız. Bu
gün vəziyyət nə yerdədir?
- Konflikt Jurnalistikası Məktəbini 2015-ci ildə
qurduq. Jurnalistlərə peşəkar səviyyədə
risklərdə və konfliktlərdə davranma təlimi
keçir, konfliktli və riskli zonalarda işləyən
jurnalistlərin gətirdiyi informasiyanı situasiyanın
xarakterinə uyğun olaraq emal etmə vərdişlərini
öyrədirik. Sən bu mövzularda
şoudan, xoş rifahlı həyatdan danışmırsan ki,
fikrini şən emosiyalarla ifadə edəsən. Bu, konfliktdir, savaşdır, ölümdür,
qırğındır, gərginlikdir. Belə
bir vəziyyətdə informasiya mənbəyi ilə
düzgün davranmaq, informasiyanı reallığa uyğun
emal etmək gərəkdir. Elə təqdim
etmək gərəkdir ki, həm dövlətin informasiya siyasətinə
xələl gəlməsin, həm də cəmiyyət sənin
məlumatlandırmanla təmin olunsun. Hətta
düşmən də sənin informasiyanı qəbul etsin.
Niyə?! Qarşı tərəf
təbii ki, dezinformasiya yayır. Amma sən
jurnalistikanın universal qızıl qaydalarına uyğun
informasiya verməlisən ki, dünyanın bütün
informasiya agentlikləri səndən informasiya alsınlar.
Fikir verdinizsə,
bu il iyulda Tovuzda baş verən hadisələr
dövründə dünyanın informasiya agentliklərinin
heç biri bizdən informasiya almadılar. Səbəb
nə idi? Bizim jurnalistlər jurnalistdən
daha çox vətənsevər idilər. "Bizim" deyirdilər, "qarşı tərəf"
yox, "düşmən" deyirdilər. Ona görə də, dünya informasiya agentlikləri
anladılar ki, burada informasiya birtərəfli verilir, hamı
üçün verilmir. Bu səbəbdən
bizə istinad etmədilər. Yəni bu
incəlikləri öyrənmək gərəkdir ki, jurnalistlər
konkret olaraq təkcə yerli auditoriyaya yox, dünya
auditoriyasına da işləyə bilsinlər.
Konfliktli
zonada fotomüxbirin, reportyorun davranışları, informasiya
mənbələri ilə - döyüşçü ilə,
zabitlə, mitinqlər, yürüşlər zamanı polislə
münasibətin qurulması, hətta jurnalist terrorçular
arasında nə etməlidir, düşmən içində
nə etməlidir, əsir düşərsə nə etməlidir,
yanğında, daşqında, seldə, fırtınada və
s. necə davranmalıdır kimi məsələlərin
hamısı KJM-də təlim edilir. Bu təlimlərin
edilməsi üçün ciddi mütəxəssis və
poliqon mütləq gərəkdir. Çox
təəssüf ki, universitetlərimizin jurnalistika fakültələrində
elə poliqon yoxdur. Ona görə də
biz KJM-i Müdafiə Nazirliyinin tərəfdaşlığı
ilə yaratdıq və bu poliqonları əldə etdik.
Bu təlimlərin qurulması üçün biz davamlı
olaraq Moskva Dövlət Universitetinin Ekstremal Jurnalistika Mərkəzinin
kursunu keçdik, Qazaxıstan Müdafiə Nazirliyi və
DİN-in jurnalistlər üçün birgə təşkil
etdiyi dağ təlimlərini izlədik, jurnalistlərin
müdafiəsi ilə məşğul olan beynəlxalq
jurnalistika təşkilatlarının təcrübələrini
aldıq və ən əsası, Anadolu Ajansının
"Savaş Mühabirliyi Okulu"nun təcrübələrini
qazandıq. Bunların hamısını birinci
Qarabağ savaşında bizim jurnalistlərin
davranışı ilə müqayisə etdik. Bizim nə qədər hazırlıqsız
olduğumuz üzə çıxdı və sonra biz bu məktəbin
universal, akademik səviyyədə təlim bazasını
yarada bildik. Bu müddətdə biz məktəbin
96 mövzuda mühazirə və təlimlərini
hazırlamışıq.
- Bu gün Azərbaycan şərəf
tarixini yazır. O tarixin anlarını sənədləşdirəsi
jurnalistlərə çox ehtiyac duyulur. Təəssüf ki,
bu gün bizdə püxtələşmiş hərbi
reportyor barmaqla sayılacaq qədərdir. Bu mənzərə
ilə bağlı fikirləriniz nədir? Bu məsələnin həlli üçün
hansı addımlar atılmalıdır?
- İndiyə qədər təlimlərimizdə 120 nəfər
jurnalist olub, diplom alıb. İçində
püxtələşmişləri çoxdur. Amma onlar konkret olaraq döyüş gedən zonaya
buraxılmırlar, akkreditə olunmayıblar. Təbii ki, savaş gedirsə, ora TV-lərin
reportyorları göndərilib. Döyüş
səhnəsində işləyən o reportyorlarımız
bizi qismən qane edir. Bundan başqa, orada
"paraşüt jurnalist"lər işləyirlər.
Şəraiti axıracan qavramadan hadisə yerinə göydən
düşən, informasiyanı necə gəldi alan, yayan jurnalistlər. Belə
bir vəziyyətdə, təbii ki, KJM-in təlimlərini
keçməyən informasiya ötürücüləri
hadisə yerində daha çox yerli və aşağı
publikaya, kütləyə işləyən xəbərlər
yayır.
İntellektualın
az olduğu göz qabağındadır,
konkret hadisələrə nüfuz etmək imkanları yoxdur. Niyə? Ona görə ki, hərbi cəhətdən
bilgiləri məhduddur, silahlarla bağlı çox az məlumatlıdırlar, ekstremal vəziyyətlərin
xarakterinə bələd deyillər, belə halda nə etmək
lazım olduğunu bilmirlər. Baş verə
biləcək prosesləri analiz təcrübələri yoxdur
və buna görə də yerli publikaya işləyirlər və
dünya miqyasına çıxa bilmirlər.
- Biz həm də informasiya
savaşının hücumu içərisindəyik. Sizcə, bu mübarizədə vəziyyət qənaətbəxşdirmi?
- Biz Azərbaycanda
informasiya savaşı aparmaq üçün ciddi konsepsiya
işləmişik. Ölkəmizdə bu sayaq savaşı
qarşılamaq üçün, demək olar ki, heç bir
iş edilməyib. Edilənlər də pərakəndə
şəkildədir. Yəni informasiya
savaşına qoşulanlar hədəflənməli olan
qarşı səngəri ciddi şəkilləndirə bilməyiblər,
informasiya hücumuna qarşı necə müqavimət
göstərməyi, informasiya təcavüzünə
qarşı hansı faktoloji həmlə etməyi bilmirlər.
Niyə? Çünki o
faktları əldə etməyi, düzgün formulə etməyi
hələ öyrənməyiblər.
Bunun üçün jurnalist hadisələrin mənbəyini
ciddi araşdırmağı, informasiya hücumlarını
qabaqlamağı, dünyanın xəbər tribunasına
birinci çıxmağı, fikirlərini "kəsici-deşici
zərbə ilə" deməyi öyrənməlidir. Dünya
üzrə opponentlərini sezməli, seçməli, onlarla
"işləməlidir". O cümlədən
portnyorlarını da.
Bu savaşda döyüşçü olası
intellektual jurnalistlərimiz var. Amma hər kəs öz
hücrəsindən döyüşür. İnformasiya
savaşını xalq olaraq aparmaq gərəkdir. Dövlət buna ciddi dəstək verməlidir.
Bunun üçün də ayrı-ayrı
şəkildə fokuslaşmış jurnalistlərin
hamısı bir klubda cəmləşməlidir və bu klub
institutlaşmalıdır. O jurnalistlər bir-birindən
informasiya almalıdırlar, konkret olaraq qarşı səngərdə
informasiya döyüşü aparanların
silah-sursatının növü nədir, taktikası nədir,
döyüş üsulu necədir, tağımdımı,
tabordurmu, briqadadırmı döyüşən? Bunlar
hamısı müəyyənləşdirilməlidir və
hücuma total şəkildə keçmək gərəkdir
ki, qələbə əldə edəsən.
Bu günləri jurnalistlərimiz informasiya savaşı
aparan tərəfin - opponentlərin ünvanını, kimliyini
heç axıracan bilmirlər. Sən bu gün jurnalist olaraq
Rusiyada, Fransada, İranda və s. partnyorlarını müəyyənləşdirməliydin
ki, onlardan dolayı Qarabağ mövzusunu dünyaya yaya biləsən.
İnformasiya savaşı döyüşdürsə, demək, özünəxas
"ordu" formalaşdırmaq gərəkdir. Bizdə bu institut yoxdur. Yalnız
özünəməxsus partizan qrupları var.
Bu gün Vətən müharibəsinin gedişində ən
güclü informasiya savaşını Ali Baş Komandan, cənab
Prezident İlham Əliyev aparır. Ondan güclü informasiya
savaşını heç kim apara bilmir. Qarşı tərəf bu
çıxışlarından sonra bir çox həmlələrini
dayandırmağa məcbur oldu. Anladılar
ki, Azərbaycanda etnik azlıqlar arasında təxribat aparmaq, əhalinin
döyüş ruhunu azaltmaq üçün dezinformasiyalar
yaymaq bəhrə vermir. Çünki Azərbaycan
Respublikasının Prezidenti bu savaşda qəti mövqe tutub
və informasiya savaşında da qarşı tərəfin
dezinformasiya səngərini darmadağın edir, onları
susdurur.
- Dediniz ki, KJM konfliktlərdə və
risklərdə davranış təlimləri verir. Konkret olaraq hansı təlimləri?
- Bayaq
qeyd etdiyim kimi, fərqli-fərqli sahələrdə təlimlər
keçirilir. Bunun üçün Müdafiə
Nazirliyi bizə auditoriya verir, poliqon ayırır. Biz hətta səngərlərdə də təlim
veririk. Həmin təlimlərdə jurnalistlərə
minalanmış sahədən keçmək, düşmən
snayperi qarşısında davranmaq, maskalanmaq,
kompaslı-kompassız hadisə yerinə yürümək,
silah-sursatı, zirehli texnikanı tanımaq, obyektin gözlə
uzaqlığını, səsin uzaqlığını
müəyyən etmək, qayaya dırmaşmaq, qayadan
düşmək, çaydan keçmək, çöl şəraitində
qidalanmaq və sairə vərdişlərini
öyrədirik. Bu, ciddi təlimdir. Birinci Qarabaş savaşında və sonrakı
ekstremal hallarda 16 jurnalistimiz həlak olub. Cəbhə
zonasında işləyən jurnalistlərin, demək olar ki,
60 faizi bizim tələbələrimizdir. KJM
təlimlərindən sonra ekstremal vəziyyətdə, konkret
hallarda sağ qalmaq üçün davranma qaydalarını
bacarırlar deyə, heç bir itki yoxdur.
Amma intellektual səviyyə başqa mövzudur. Müdafiə
Nazirliyi döyüş şəraitində veriləsi
informasiyanı ütüləyir. Ütüləməlidir
də. Hərbçilər savaş
qanunlarına öz düşüncələrinə uyğun
yanaşırlar. Ancaq başqa
savaşların tarixini, orada işləyən jurnalistlərin
fəaliyyətini izləyəndə görürsən ki,
yox, elə deyil, savaş təkcə hərb tarixi deyil, həm
də insanların emosiyası, ağrısı, sevinci, kədəri,
qürurudur. Bu məziyyətlər
mütləq sənədləşdirilməlidir.
- Gənc jurnalistlərdə bu sahədə
ixtisaslaşmağa həvəs varmı?
- Bakı
Dövlət Universitetində "Ekstremal jurnalistika", Dillər
Universitetinin Filologiya fakültəsinin Jurnalistika şöbəsində
"Konflikt jurnalistikası" ixtisas kursu kimi tədris edilir.
Müəyyən sayda tələbənin həvəsi
var. Bilirsinizmi, bu, insanlığın temperativ xarakterindədir.
Harada ekstremallıq varsa, insan ora daha çox
meyl edir. İnsanlar daha çox ekstremal vəziyyətlərdən
xəbər tutmaq istəyir. Jurnalist də
daha çox bu sahədə məşhurlaşa bilir. Bu sahədə məşhurlaşma gətirib
stringer səviyyəsinə çatdırır və stringerlər
də dünyada ən varlı jurnalistlərdir. Çünki ən riskli məqamdan informasiyanı
toplaya bilir. Dünya xəbər agentlikləri
bu xəbərləri çox baha qiymətə alır.
Cavab olaraq deyim ki, bu vəziyyətdə işləyən
reportyor xüsusi xarakterdir. Hər kəs ekstremal
vəziyyətdə işləmək temperamentində, qabiliyyətində,
hazırlığında deyil. Yalnız
çılğın, xaraktercə qorxmaz jurnalistlər hadisə
yerindən informasiyanı alırlar. Birinci Qarabağ
savaşında, habelə, İraqda, Əfqanıstanda, Ön
Qafqazda hadisələrin içinə qoşulmuş Azərbaycan
jurnalistləri var ki, çox yüksək göstəricilər
ortaya qoyublar və çox yaxşı da informasiya veriblər.
Bu gün o temperativ xarakterdə jurnalistlərimiz
azdır. Üzücü atəşkəs
dövründə bu sahədən usanırdılar. İkinci Qarabağ savaşınacan jurnalistlər həvəsdən
salınmışdı. İndi
yaradıcılıq üçün çox yaxşı
şans yaranıb. Jurnalistlər birbaşa
döyüş meydanında təcrübə qazanırlar və
sabah da dünyanın hər yerindən
informasiya alıb ötürə biləcəklər.
Nadir RZALI
525-ci qəzet.- 2020.- 9 oktyabr.- S.6.