QƏZƏLLƏR

 

Hər kitab mənbə deyil, qaynağını tanı elmin,

Hər xitab xütbə deyil, bax, gör əhli hanı elmin?

 

Elm ön cəbhədi hər cəfəngə, hər cəhlə qarşı

Hər qala cəbhə deyil, tövhiddi dörd yanı elmin.

 

Tövbəsiz başlayanın tövhidə bağlantısı yox,

Hər qəhər tövbə deyil, fəryaddı ilk anı elmin.

 

Sanma hər müdafiə elmi addır, dərəcədir,

Hər titul rütbə deyil, təvazödü şanı elmin.

 

Elm haqdır, belini batilin haqq qırmalıdır,

Hər zədə zərbə deyil, coşsun gərək qanı elmin.

 

Məbudu bütdən ayır, canlı ibadətdir elm,

Hər məbəd qiblə deyil, mərifətdi canı elmin.

 

***

 

İnsan təhlükədədir, çünki sanır amandadır,

Nəfsə, şeytanə uyub, zənn eləyir imandadır.

 

Dağ gendən görsənirsə, yolçu neylər bələdçini

Din həmin dağdı çənsiz, amma qəlblər dumandadır.

 

Dünya bir şum yeridir, hər əkənlə şərt kəsilib,

Kim xiridardı, bilir, əsil hesab xırmandadır.

 

Çalxanır cümlə cahan, cahangirlik üstədi çəng

Xalqa çatmır hələ , qüdrət ancaq Rəhmandadır.

 

Qəflət o həddədi ki, fərd unudub fitri xofu

Çünki yalqız yalın, dünya adlı ormandadır.

 

***

 

Ya Rəbb, hər nəfəsimi yalnız Sənə xatir eylə,

Nədə qılsan da zəif, eşqdə məni qadir eylə.

 

Eşq mənlik tədbir isə, qeyri mənim tədbirim yox,

Eşq qədərdirsə, mənə ancaq onu təqdir eylə.

 

Hər Səndən savayı bətnimdə var, batil imiş,

Qıl fəna Səndə məni, sonra, ya Rəbb, zahir eylə.

 

O Əzizsən ki, ancaq acizləri əzizlərsən,

Al məndən aləmləri, amma məni fəqir eylə.

 

Yağsa dərd daşları yağmur kimi, dərd eyləmərəm,

Səndən rəhmətdi enən, şükrü mənə çətir eylə.

 

Cənnəti əhd edənlər cahandan imanla gedir,

Ey Əhdim, ey Əhədim, eşqlə öldür, həşir eylə.

 

Ey mənə məndən yaxın, Səndən Sənə sığınmışam,

Onsuz da yoxdu yuxum, hər gecəmi Qədir eylə.

 

***

 

Hüsnündən qafil olan, bilirmi hüzndədir?

Sənə bu hüsnü verən, gör Özü hüsndədir.

 

Səndə bu hüsnü görən qeyri bir surət aramaz,

Hər kim axtarsa onun korluğu qəlb gözündədir.

 

Hüsn əhlində onu Xəlq Edənin surəti var,

Xaliqə üz tutanın nuru birbaş üzündədir.

 

Hüsnün afətləri yox, sadəcə, ayətləri var,

Heyrətə düşməyənin bəlaları özündədir.

 

Rəbbinə "Bəli" demiş ruhdan ibarətdi bəşər,

Hər bir haqq aşiqinin məğzi o bir sözündədir.

Şeytan insanları izlərsə, təəccüblü deyil,

O əcaibdi ki, insanlar onun izindədir.

 

Aləmə aşina aşiq adam aldanıbdır,

Allaha aşiq olan zərərdə, zəndədir.

 

Aşiqə atəş halal, abi-həyat oldu haram,

Elə bir təşnədi o, yanğısı hər üzvündədir.

 

Kamala bağlıdı kam, kamil aşiq nakam olmur,

Əhli-eşqdən savayı kim qiymətdə, vəzndədir?

 

***

 

Düşməsin səcdəyə, bəs neyləsin insan bu gecə?

Rəbbim etmiş gözəl məclisi ehsan bu gecə.

 

Qovuşub söz sənət, sanki qoşa sevgilidir,

Yalnız qafil arayar qeyri bir ünvan bu gecə.

 

Şeirlə musiqi naz etmədədi bir-birinə,

Sayılar arifə göz yumması nöqsan bu gecə.

 

Həzz hikmət məqamı, zikr zövq məclisidir,

Hər söhbət haqq elmdir, hər sükut irfan, bu gecə.

 

nəfsdən bir əsər, şeytandan bir nişan var,

Sübhədək salam söylər əhli-asiman bu gecə.

 

Canı kim bəxş edibsə, candan əziz ancaq Odur,

Cana kim candan əzizsə, odur Canan bu gecə.

 

Əhli-zövqsənsə əgər, hər gecənin qədrini bil,

Bəlkə mehmandı sənə bir gecəlik, can bu gecə.

 

***

 

Eşqi söz zənn elədim, sən demə, eşq bir hal imiş,

Yalnız haqqıyla onu yaşayana halal imiş.

 

Məhbubun seyri deyil, başqa nədir bəs məhəbbət?

Açdı eşq hüsnü mənə, gördüm xətt, xal imiş.

 

Varlığın hikmətini sonda yenə eşqdə buldum,

Eşqə izah aradım, bir cavabsız sual imiş.

 

Sanırdım Əsli-Kərəm təxəyyülün məhsuludur,

Gördüm eşqdən savayı hər ki, var, xəyal imiş.

 

Candan ayrılmayınca ayrılığa əncam umma,

Cahandan ayrılana ayrılıq ilk vüsal imiş.

 

Sevgi Allaha götürməzsə səni, sevgi deyil,

Sevənlər abid olur, olmayırsa abdal imiş.

 

Mövlam Şərqə, Qərbə, fəqət qəlbə baxar,

Uy könül fəthinə sən, qeyri zəfər işğal imiş.

 

Təklik, ey cüt yaranan, eşsizlik yox, eşqsizlikdi,

Sevməyən, sevilməyən bir yalquzaq misal imiş.

 

Eşqi zövqlərdə deyil, zövqləri sən eşqdə ara,

"Əhli-zövqəm" desə kim, sanma əhli-kamal imiş.

 

***

 

Can cahandan ayrılsa, bir neçə gün matəm olur,

Can Canandan ayrılsa, bu, əbədi sitəm olur.

 

Ayrılıq bitməyən dərd, bitişməyən bir yaraymış,

Bir mərəzdir ki, səbir, ancaq səbir məlhəm olur.

 

Ömür hər bir yaşın eşq ilə keçən hissəsidir,

O hissiz, o hissəsiz yüz yaş da boş rəqəm olur.

 

Doğru sözdür ki, həyat, bəxş edilmir, borc verilir,

Haqqıyla ödənmirsə, borc qəbirdə sələm olur.

 

Cahanda canlar qədər Canana yollar var imiş,

Amma can vermədikcə, sanma Canan həmdəm olur.

Vəsli dünyada uman, əslində, dünyaya uyub,

Aşiqə altı yerin üstündən möhtəşəm olur.

 

"Ayrılın" ayəsidir Quranda ən ağladan söz,

Axirət ayrılığı ancaq əzab, ələm olur.

 

Məni, ya Rəbb, qovuşan qıl, qovulan vermə qərar,

Lütfündən məhrum olan, məlunlarla bahəm olur.

 

***

 

Can o Cananı dilər, cahu-cəlal istəmirəm,

Sevgi xoşluqla olur, cəngü-cidal istəmirəm.

 

Bir könül fatehinə ehtiyacı var könlümün,

Fərdidir hər cürə fəth, örnək, misal istəmirəm.

 

Deyirlər, kamil aşiq divanə əhvallı olur,

Əhli-hal olmaz isəm, əqlü-kamal istəmirəm.

 

Min il sürsəm ömür, xof ümid içimdədir,

Qorxum baqi hicrandır, fani vüsal istəmirəm.

 

Ətim qiymə, sümüyüm xıncım ola, darılmaram,

Amma sovrulmuş ümid, qırıq xəyal istəmirəm.

 

Surətə valeh olan gerçək hüsnə vaqif deyil,

Qəlb o Pünhanı tutub, seyrü-camal istəmirəm.

 

Xalqa xeyratda keçə, Xaliqə xidmətdə ömür,

Eşqdi, ehsandı həyat, özgə iqbal istəmirəm.

 

Eşq böyük, dünya kiçikdirsə biri tərk edilir,

Sevgi sərhədsiz ikən, kənd ya mahal istəmirəm.

 

Cana Canandan əziz varsa biri, can artıqdır,

Çünki boynumda o miqyasda vəbal istəmirəm.

 

 

RÜBAİLƏR

 

Vətəndən üz döndərmək mürtədlikdir, zəlillikdir,

Qəsri zərdən olsa da, qəlbi onun zibillikdir.

Anadır çünki vətən, analara ittiham yox,

Vətəndaşlıq vətənə övladlıqdır, vəkillikdir.

 

***

 

Ot kökü üstə bitər, amma torpaq münbit gərək,

Yəni pak övlad umsan, pakizə bir mühit gərək.

Bu nəsil internat yox, internet övladlarıdır,

Yenidən qövmümüzə mürşid gərək, mürid gərək.

 

***

 

Hüsnü Allah veribsə, öyünmənin nə adı var?

Hüznü Allah veribsə, deyinmənin nə adı var?

Nəfs "Allah" demirsə, nəfəslərin anlamı yox,

Nəbz "Allah" demirsə, döyünmənin adı var?

 

***

 

Hər kəs öz gəlirini-çıxarını çox düşünür,

Məsələn, mal sahibi naxırını çox düşünür.

Halbuki dünya fani, ferma, fermer qalır,

Az adam var ki, fəqət, axırını çox düşünür.

 

***

 

Söz ağır olmalıdır, tərəziyə vurmaq gərək,

Söz bütöv olmalıdır, üzərində durmaq gərək.

Söz baha olmalıdır, ucuz mal urvatsız olur,

Bir sözlə, hər cümləni hərf-hərf qurmaq gərək.

 

***

 

Gülürük, ağlamırıq, sanki sirkin içindəyik,

Halbuki xirtdəyədək tozun, çirkin içindəyik.

Bu halda ölsək əgər, əfvə dəxi yoxdur ümid,

Nəfsə uymaqla tamam çünki şirkin içindəyik.

 

***

 

Ey vətən oğlu, qızı, vətənə yük, şələ olma,

Yurda şirlər gərəkdir, dovşan olma, dələ olma.

Bəy deyil, bəndə ol sən, vəzir deyil, vətəndaş ol,

Yetər ki, öz nəfsinə kəniz olma, kölə olma.

 

Altay CƏMİL

 

525-ci qəzet.- 2020.- 19 sentyabr.- S.20.