"Müəllim uşağın ikinci valideyni hesab olunur"
"GREEN START
ACADEMY"NİN RƏHBƏRİ AYSEL RƏSULZADƏ:
"AİLƏDƏKİ TƏRBİYƏ SİSTEMİ
ELƏ QURULMALIDIR Kİ, MÜASİR DÖVRÜN SAĞLAM
VƏTƏNDAŞINI YETİŞDİRMƏK MÜMKÜN
OLSUN"
Bütün xalqların, cəmiyyətlərin
öz dəyər meyarlarına görə
problem və qayğıları
da fərqli olur. Amma deyə bilərik
ki, dünyanın bütün insanlarının
ortaq cəhəti anlaşılmaq istəyi və sevgidir.
Bu baxımdan, bir
cəmiyyətdə ailə-məişət
məsələləri, valideyn-övlad
münasibətləri ilə
bağlı nə qədər çox maarifləndirici təşkilatlar
fəaliyyət göstərərsə,
tədbirlər keçirilərsə,
cəmiyyətin fərdlərinin
düzgün yetişməsi
üçün bir o
qədər zəmin yaranmış olar.
Bu istiqamətdə ölkəmizdə
də mütəmadi şəkildə bir çox tədbirlər keçirilir, dövlət
tərəfindən ayrı-ayrı
qeyri-hökumət təşkilatlarına
maliyyə dəstəyi
ayrılır. Qalan məsələlərdə isə, lazımdır ki, vətəndaş olaraq xalqa xidmət
etməyin, yaşadığımız
cəmiyyəti yaxşılaşdırmağın
yollarını fərd
olaraq biz özümüz
də axtaraq.
Müsahibimiz Aysel Rəsulzadə
də həmin insanlardandır ki, öz təşəbbüsü
ilə "Green Start Academy" adlı təşkilat yaradıb və xüsusilə bu çətin pandemiya günlərində cəmiyyətdə
ailə münasibətlərinin
yaxşılaşdırılması, sağlam cəmiyyətin qurulması istiqamətində
əlindən gələni
etməyə çalışıb.
- Aysel xanım, necə oldu ki, bu təşkilatı
qurdunuz? "Green Start Academy"nin əsas fəaliyyət istiqaməti
nədir?
-
"Green Start Academy" olaraq biz, artıq 2 ilə yaxındır ki, fəaliyyət
göstəririk. Hədəfimiz milli-mənəvi dəyərlərimizə
hörmət etməklə,
sağlam ruhlu, müasir düşüncəli
şəxsiyyət yetişdirməyə
yardımçı olmaqdır. Bizim təşkilatın əsas devizi də budur. İstiqamətimiz isə, əsasən
valideynlərin, müəllimlərin,
eyni zamanda, uşaqların təhsil, tərbiyə və psixoloji baxımdan maarifləndirilməsində iştirak
etməkdir.
- Hazırda sizin təşkilatın audioriyasını
daha çox kimlər təşkil edir: valideynlər, yoxsa müəllimlər?
- Həm valideynlər, həm müəllimlər,
həm də şagirdlər. Fəaliyyətə başladığımız vaxtdan bizim auditoriyamızı
valideynlər, müəllimlər,
şagirdlər, təhsil
işçiləri təşkil
edib. Fəaliyyətimizin istiqaməti də
elə bunun əsasında formalaşıb.
Əvvəlcə təhsil işçilərinin
maarifləndirilməsi məqsədilə
yerli və beynəlxalq təlim və konfranslar təşkil edirik. Uşaqların və valideynlərin
birgə və səmərəli istirahətinin
təşkili, uşaq-valideyn
münasibətlərinin düzgün
qurulması məqsədilə
valideynlərə yardım
etmək üçün
"Valideyn-məktəb" adlı layihə hazırlamışıq. Artıq bir ildir, bununla
bağlı təlimlər,
vebinarlar təşkil
olunur. Vebinar ona görə
deyirəm ki, pandemiyaya görə mart ayından bu günə qədər hər həftə müxtəlif mövzularda,
xüsusilə valideyn-övlad
münasibətləri ilə
bağlı ən xırda detalların da nəzərə alındığı məsələləri
əhatə edən vebinarlar təşkil etməkdəyik. Biz vebinarlara psixoloqlar, pedaqoqlar, həkimlər cəlb edirik və onlar müəllimlərə,
valideynlərə müxtəlif
aktual mövzularda təlimlər keçirlər.
- Bəs uşaqlarla bağlı təlimlərinizin
istiqaməti nədir?
Onlara ən çox hansı formada, hansı məsələlərdə
dəstək olursunuz?
- Uşaqların zehni, sosial, cinsi və
duyğusal inkişafı
ilə bağlı psixoloji söhbətlər,
təlimlər təşkil
edirik. Burada, eyni zamanda valideynlər, müəllimlər
də iştirak edirlər ki, onların fikirləri ilə uşaqların fikirləri qarşılaşdırılır,
müzakirə olunur.
Daha sonra, psixoloqlar, pedaqoqlar fikirlərini bildirir və ümumi nəticəyə
gəlinərək bu
barədə tövsiyələr
verilir.
- Fəaliyyət istiqamətinizin
daha çox valideyn və müəllimlərə yönəldilməsi
nə ilə bağlıdır?
- Ona görə ki, övladın düzgün təhsil və tərbiyə almasında ilk öncə
valideyn, ikinci növbədə isə məktəb mühüm rol oynayır. Müəllim bir növ uşağın ikinci valideyni hesab olunur. Ona görə də
biz onların maarifləndirilməsinə
xidmət edirik ki, onlar da
cəmiyyətimiz üçün
düzgün şəxsiyyət
formalaşdıra bilsinlər.
Həm cəmiyyətə, həm
ailəyə faydalı
insan yetişdirmək
üçün ilk növbədə
valideynlərin və müəllimlərin maariflənmələrinə
ehtiyac var.
- Bu gün - informasiya
texnologiyalarının belə
yüksək səviyyədə
iştirak etdiyi bir dövrdə düzgün insan yetişdirmək, onun şəxsiyyətinin formalaşmasına
kömək etmək ən çox kimdən və nədən asılıdır?
- Hər zaman qeyd edirəm ki, bir övladın
düzgün təhsil,
tərbiyə almasında
valideynlər nə qədər çalışsalar
da, onlarla düzgün münasibət
qursalar da, onların düzgün tərbiyəsini təşkil
etsələr də, ətraf mühit, xüsusilə məktəbdəki
mühit düzgün
yöndə fəaliyyət
göstərmirsə, o zaman
ortaya müsbət nəticə çıxmaz.
Yəni
o dediyimiz şəxsiyyəti
formalaşdıra bilmərik.
Buna görə də, mütləq ailənin, müəllimlərin
və ətraf mühitin üçünün
birgə fəaliyyəti
olmalıdır. Və
bunlar əl-ələ
verərək, birlik nümayiş etdirərək
fəaliyyət göstərsələr,
istədiyimiz əsl insan modelinə nail ola bilərik.
- Dediyiniz düzgün, cəmiyyətə faydalı,
milli-mənəvi dəyərlərə
sadiq bir fərdin yetişməsi üçün böyüklərdən
başlıca nə tələb olunur? Siz, bir təşkilat olaraq bu baxımdan
uşaqlarla bağlı
hansı addımları
atılmasını doğru
hesab edirsiz?
- Biz uşaqların dünyagörüşünün
formalaşması üçün
onları əsasən
qiraətə həvəsləndiririk.
Bunun üçün mütaliə
günləri təşkil
edirik. Pandemiya dövründə də, hazırda da bu işlə
məşğuluq. Mütaliə günlərində hər
həftə uşaqların
bir yazıçı
ilə görüşü
təşkil edilir, oxumaları üçün
əsərlər tövsiyə
olunur. Növbəti həftələrdə isə oxunan əsərlər müzakirə
olunur, uşaqlar öz fikirlərini bildirirlər. Qarşılıqlı müzakirələr şəklində
həm uşaq öz fikirlərini sərbəst şəkildə
ifadə edə bilir, həm də oxuduqları kitabların köməyi ilə artıq onların nitqləri inkişaf edir, söz bazaları zənginləşir. Bununla yanaşı,
hər dəfə bir yazıçını
görmək onlarda kitab oxumağa, mütaliəyə, yazmağa
xüsusi həvəs
formalaşdırır. Bundan başqa, mütaliə günlərində biz uşaqları
psixoloqlarla və pedaqoqlarla görüşdürürük,
onlarla maraqlı oyunlar keçiririk. Nağıl,
oyun terapiyası təşkil edirik ki, bunlar da
uşaqlar tərəfindən
hədsiz sevinclə qarşılanır. Çünki uşaqlar üçün
ən vacib şey onunla zaman keçirmək və oyun oynamaqdır.
- Bu işdə sizə dəstək vermək, sizinlə çiyin-çiyinə
çalışmaq istəyən
insanlar olurmu?
- Əlbəttə, olur. Savadlı ana sağlam cəmiyyətin göstəricisidir. Biz də bu şüarı əsas götürərək qadınların, anaların sosial həyatda fəallığının artırılması ilə bağlı təlimlər təşkil edirik. Anaların təkcə təhsil baxımından yox, həm də tibbi biliklərinin artırılması ilə bağlı təlimlər, vebinarlar təşkil olunur. Bu işdə bizə həkimlərimiz yardım göstərirlər. Müəyyən həkim komandamız var ki, onlar bu mövzuda anaların yardımına çatır. Biz ən xırda detallara vararaq, müxtəlif mövzularda - uşağın doğulmasından, ananın hamiləliyindən, ana südünün faydalarından tutmuş, ta yeniyetməlik dövrünə qədər - bütün inkişaf mərhələləri ilə bağlı müxtəlif mövzularda vebinarlar təşkil edirik. Bir sözlə, biz işimizi cəmiyyətin əsas təhsil və tərbiyəedici qüvvəsi olan valideyn və müəllimlərin üzərində qurmuşuq. Bütün bunlarla bağlı hər bir problemə, yanaşmaya açığıq, bununla bağlı bizim müəyyən valideyn və müəllim auditoriyamız var ki, biz hər zaman onların fikirlərini dinləyirik. Hətta işləmək istəyən, özünü inkişaf etdirmək istəyən valideyn və müəllimlər üçün müəyyən şöbə də var. Onlar bizim layihələrin rəhbəri olaraq fəaliyyət göstərir, öz işlərini qururlar. Beləcə, onlar həm də öz layihələrinin rəhbəri olaraq öz ideyalarını gerçəkləşdirib, öz auditoriyalarını yığır və cəmiyyətin maarifləndirilməsində iştirak edirlər.
- Aysel xanım, artıq bir ildən çoxdur ki, uşaq, valideyn, müəllim münasibətlərinin düzgün qurulması istiqamətində fəaliyyət göstərirsiniz. Bu vaxt ərzində yəqin ki, artıq sizdə kifayət qədər fikir formalaşmış olar ki, gənc nəslin milli mənlik şüurunun püxtələşməsi, onların bu fikirdə, bu təfəkkürdə yetişməsi üçün nə etmək, onlarla hansı istiqamətlərdə iş aparmaq lazımdır?
- Gənc nəsildə milli mənlik şüurunun formalaşmasının kökündə ailədəki düzgün tərbiyə dayanır. Ata və ananın bir-biri ilə düzgün münasibəti, bir-birinə olan sevgisi, hörməti birbaşa övlada da sirayət edir, övlad da bundan nümunə götürərək özünün cəmiyyətdəki yerini formalaşdırır. Ailədə tərbiyə sistemi elə qurulmalıdır ki, burada milli-mənəvi dəyərlərimizə hörmət olunmaqla, müasir dövrün sağlam vətəndaşının yetişməsi üçün mühit olsun. Sağlam vətəndaşın yetişməsi sağlam cəmiyyətin qurulması deməkdir. Biz bu gün nə qədər müasirliyə can atsaq da, müasirliyimizin kökündə də yenə milli-mənəvi dəyərlərimizə, mentalitetimizə hörmət durmalıdır. Bunu isə ailədə valideyn formalaşdırmalı, övladlarına aşılamalıdır. Təməl bu cür qurularsa, ailə və cəmiyyət üçün sağlam şəxsiyyətlər yetişdirə bilərik. Nəticədə də cəmiyyətimiz sağlam olar.
- Yəni milli-mənəvi dəyərlər, öz kimliyini tanımaq, mənsubiyyətini bilmək üçün əsas iş valideynlərin üstünə düşür? Bəs məktəbin, cəmiyyətin rolu?
- Təbii ki, burda hər şeyi valideynlərin üstünə yıxmaq da düzgün deyil. Biz valideynlərlə işlədiyimiz üçün görürük ki, bir çoxlarının hər baxımdan maariflənmələrinə ciddi şəkildə ehtiyac var. Valideynin maariflənməsində isə televiziya kanalları, sosial şəbəkələr, ətraf mühit mühüm rol oynayır. Bu gün bütün bunlar valideynlərin maariflənməsinə kifayət qədər xidmət göstərə bilmir. Valideynlər düzgün yöndə maariflənə bilmədikləri üçün bu, birbaşa onların övladlarına da sirayət edir. Buna görə də, valideyn-övlad münasibətlərində çox problemlər ortaya çıxır.
Son olaraq
onu demək istəyirəm ki, valideynləri hər məsələdə
qınamaq olmaz. İnanın ki, onlara nəyi göstərirsənsə,
onu da qəbul edirlər.
Bu gün cəmiyyət
bir başqa yöndə
inkişaf edir,
yaxşı olmayan üzünü
göstərir. Buna görə valideynlər
qərarsız qalıblar. Onların düzgün
yol göstərənə, problemlərini
paylaşacaq insanlara
ehtiyacı var. Biz də
bu məqsədlə təşkilatlanmışıq.
Ola bilər ki, biz bütün cəmiyyətimizi
işıqlandıra bilmərik, amma ən
azından, öz ətrafımız üçün bunu bacarsaq, bu, özü
böyük irəliləyiş, inkişaf olar.
Natəvan ABDULLA
525-ci qəzet.- 2020.- 19 sentyabr.-
S.19.