Ərəfə - Almaz Bəyazidin hekayəsi
Altmış yaşımın tamamından cəmisi
üç ay keçirdi. Texniki səhv
ucbatından şəxsiyyətimi təsdiq edən vəsiqəmi
Asan Xidmətdə dəyişdirməli oldum.
Kiçik
ölçülü, mavi rəngli, parlaq kardon
parçasından mənə baxan şəklimdə gəncliyimdən
əsər-əlamət qalmayan, ağ saçlarım,
kiçilmiş və ət çuxuruna düşmüş
gözlərim, batmış ovurdlarım "bu sən deyilsən"
- deyir və mən bir də bu şəkili görməmək
üçün həmişə gözümü
yayındırırdım. Ona görə yox ki,
mən qocalmaqdan qorxurdum. Əsla.
Əslində, az qala mənə bu
yaşadək möhlət verən Yaradana minnətdar idim. Axı mən lap körpəykən, gənc ikən,
təzə ana olarkən və arzularımın ən
çılğın vaxtında da ölə bilərdim.
Demək, bugünə
kimi həyatımda heç bir faciə baş verməmiş
və ölümün xilasına ehtiyacım
olmamışdı. Hətta hərdən lazım
olduğundan artıq
yaşadığımı da
düşünüb narahat oluram.
Yeni şəxsiyyət
vəsiqəmin on il yararlılıq
müddəti sanki bundan sonra daha on il yaşamağıma zəmanət
verirdi. Doğrusu, bu, hardasa mənim qəlbimdə
azacıq sevinc hissləri oyadırdı. Çox
romantik olduğumdan yaşamalı olduğum soyuqqanlı həyatla
dil tapmaq mənim üçün çətin idi.
Artıq
mənim üçün hər şeyin mənasını
itirdiyi bir vaxtda, xarakterimdə qoruyub saxladığım
yalnız bir şey var idi: surətpərəstlik. Mən
yaraşıqlı, savadlı, mədəni, daima səliqəsi
ilə nəzəri
cəlb edən zövqlü insanları xoşlayırdım.
Bir sözlə, gözəllik vurğunu idim.
Müasir dizaynlar və açıq rəngli
mebellərdən zövq almırdım. Mən
tünd şabalıdı, ağır mebelləri daha
çox sevirdim. Həm də onlar təmiz
qoz ağacından olmaq şərti ilə
parıltısız olmalı idi. Təəssüf
ki, arzu etdiyim belə mebelləri almaq heç zaman mənə
qismət olmadı. Ta o zamana kimi ki, artıq onların
olmasının mənim üçün heç bir əhəmiyyəti
də yox idi. Mən iki otaqlı, kiçik dəhlizi,
mətbəxi və vanna otağı olan mənzilimdə
çox rahat yaşaya bilirdim.
Arzu etdiklərimin bir neçəsi artıq öz əhəmiyyətini
itirdikdən sonra məni tapdığından artıq həyatdan
nəsə arzulamaq həvəsimi itirmişdim.
Çox sevdiyim isti yay fəslində səhərə
yaxın açıq qalmış torlu pəncərəmdən
eşidilən quşların cəh-cəhi artıq mənim
könlümü oxşamırdı. Günəşin
yatağıma düşən isti şüaları da mənə
əvvəlki zövqü vermirdi. Heç
sevmədiyim payızda saralıb tökülmüş xəzəllər
də artıq məni kövrəltmirdi. Otların
arasından boylanan çox kiçik, çox gözəl
adını bilmədiyim bənövşəyi, sarı
çiçəklər də artıq məni özünə
cəlb etmirdi. Günəşin yenə
buludlarla qaraya boyanacağını, soyuğun və küləyin
zərif çiçəkləri soldurub məhv edəcəyini,
əbədi ədalətin yaramaz həyatdan başqa heç
nəyin əbədi olmadığını
düşünüb qüssələnirdim. Hərdən özümü Pasternaka bənzədirəm.
Yəni özünə qərq olmuş kimi... Amma
oxuyub bildiklərimə rəğmən Pasternak
yaşadığı cəmiyyətə uyğun gəlirdi.
Mənim isə yaşadığım cəmiyyət
ilə heç bir uyğunluğum yox idi. Özümdə
dünyanı yenidən qurmaq və idarə etmək kimi
güc hiss edirdim. Lakin mən bunun
üçün nəhəng bir filin yanında kiçik bir
qarışqa olduğumu anlamayacaq qədər axmaq deyildim.
Məni sevməyənlərin məni sevənlərdən
daha çox olduğunu bilirəm. Bu, mənim
çoxlarının deyə bilmədiklərini asan və
rahat söyləməyimdən irəli gəlirdi. Ətrafım yalançı, şöhrətpərəst
insanlarla doludur. Yuxarıdan
aşağı, aşağıdan yuxarı insanlar
yalansız yaşaya bilmirlər. Bu, onlara
sanki yaşamaq üçün hava və su kimi
lazımdır. Əvvəllər mən
bu yalançı insanların saxtakarlığından təngə
gələrək "Bəsdir, gopa basmayın" - deyərək
kobudcasına bağırardım. Məsələn,
idarəmizə yeni təyin edilmiş yaşlı və
savadsız kuratorumuzun kütbeyinliyinə dözməyərək,
"Sizi hansı məntiqlə bu vəzifəyə təyin
ediblər? Siz nəvələrinizlə
vaxt keçirsəniz, daha yaxşı olardı" - deyib
onun könlünə toxunaraq özümə qarşı nifrət
hissi oyatmışdım.
Əlbəttə, mən bunu onun yaşının bir qədər
çox olması üçün yox, kütbeyin olduğu
üçün demişdim. Mənə görə
insanın həyat fəaliyyətinin yaşa heç bir dəxli
olmamalıdır. Yox, əgər insanlar
müəyyən yaşdan sonra cəmiyyət tərəfindən
yararsız hesab edilərsə, elə vaxtında onları həyatdan
təcrid etmək, sağlam hissələrini
qablaşdırmaqla ehtiyat hissə kimi də saxlamaq olar. Məsələn, bir ay bundan qabaq şirəçəkən
maşınımı təmir etmək üçün
ustanın kiçik emalatxanasında artıq yararsız olan
bir düjün şirəçəkənin yalnız
ayrılmış hissələrinin səliqə ilə
düzüldüyünü gördüm. Və bir anlıq artıq yaşı ötüb
heç nəyə yaramayan insanların da gələcəkdə
hissələrlə satılacağını sarsaq fərziyyələrimlə
düşünüb rahatlıq tapdım.
Mən indi gopçularla savaşda beynimi və
boğazımı axmaqcasına yormağıma çox
peşmanam.
Məsələn, qonşularımdan biri yaxşı
montyordur. İşıq xəttimizdə nasazlıq olduqda ona
müraciət edirəm. O, mənim hansı sahədə
işlədiyimi bildiyi üçün: - Sizin nazirin
bağına elektrik xətlərini mən çəkmişəm.
Arada zəng vurub məni bağa dəvət
edir, deyir gəl bir-iki badə vuraq, - deyib ürəkdən
gülmüşdü.
Adam uydurduğuna və mənim də onun uydurduğuna
inandığıma o qədər inanmışdı ki, mən
bu müqəddəs yalanın qarşısında söz tapa
bilməmişdim. Əslində, adi bir montyorun nazirlə
arabir bahalı viski içərək dərdləşməsində
qeyri-adi heç bir şey yoxdu və qonşum insanların ən
doğru ünsiyyətlərini əks etdirən bir yalan
uydurmuşdu. İndi mənim
"gopçu" adlandırdığım qonşuma
acığım tutmur, insanlar öz arzu etdiklərini
uydurduqları yalanla ovudaraq rahatlıq tapırlar deyə
düşünürəm. Həyat və
insanlar haqqında düşüncələrim tədricən
baş verərək kulminasiya nöqtəsinə
çatdı. Bu da əsrin əvvəlində,
koronavirus deyilənin yeni bir növünün peyda
olunmasına təsadüf etdi. Az qala
ovcuma yerləşə biləcək qədər kiçik
görünən dünyanın fonunda həyat mənim
üçün tamamilə mənasını itirmiş oldu.
Buna baxmayaraq, mən altmış il dostluq
etdiyim həyatdan tam qopa bilməyərək onda bir məna
axtarsam da, heç nəyə nail ola bilmirdim.
Ən çox qorxduğum şey xəstəlikdir. Uzun çəkən,
yalnız ölümün ümidinə qalıb xilas edilən
xəstəlik mənə həmişə dəhşətli
gəlirdi. Qəfil ölən insanları
xoşbəxt hesab edirəm. Xəstəlikdən
danışmışkən, dünən xəstəxanaya
getməli oldum. Həkimlik peşəsini
çox sevdiyimdən çoxlu həkim dostlarım var.
Onlardan birinin vasitəsilə bir başqa həkimə yönəldildim.
"Bizim hörmətli
yazıçımızdır" - deyə məni dönə-dönə
tapşırdı. Sanki mənim
kitablarım və yazdıqlarım olmasaydı, dünyada nələrsə
baş verəcəkdi. Yazıçıların
dünyaya gərəkliyinin şişirdilməsi məni
utandırdı.
Xəstəxananın dar və uzun dəhlizi xəstələrlə
dolu idi. Hamı maskada olsa da, xəstələrin yanı ilə
gələnlər dəhlizdə sıxlıq və
havasızlıq yaratmışdılar. Ağır
və yüngül xəsarət alanları müşahidə
etmək maraqlı idi. Baxçada oynayarkən
ayağı kəsilmiş qızcığaz, yüngül
avtomobil qəzasından ayağı çatlamış, burnu
zədələnmiş, velosipedden yıxılaraq başı
qanamış balaca oğlan, mənə məlum olmayan bir
çox xəstələr sağa-sola qaçaraq ilk
yardım ilə məşğul olan həkimi izləyərək
zarıyırdılar. Mənim vəziyyətimin
yüngülləşməsi vacib olmadığından həkim
ən vacib xəstələri qəbul edir, yarılmış
dəriləri tikir, sınmış ayaqları gipsə
qoyaraq onları gülə-gülə yola salırdı.
Hündürboy, qarayanız, yaraşıqlı
həkimin tünd yaşıl rəngli həkim geyimi tərdən
islanmışdı. O, tez-tez sağ qolu ilə
alnının tərini silirdi. Düşünürəm
ki, həkim fədakardır. Mən
yazıçı olaraq insanlara necə xidmət edirəm?
- deyə özümdən soruşuram.
Boşboğazlıqdan savayı, əlimdən bir iş gəlmədiyini
anlayıb peşmançılıq hissi keçirirəm. Mən
yaxşı həkim ola bilərdim. Artıq bunun üçün çox gec
olduğunu, hətta çox şeylərin çox gec
olduğunu düşünüb yüngülvari qüssələnirəm.
Əsrlərlə
yaradılan ən gözəl insan obrazını səhnədə
yaradan aktyor belə əsl həyatda yaratdığı obraz qədər
mərd, mübariz, fədakar qəhrəman ola
bilmirsə, onda bu yazılanlar yalnız bir fərdin arzu etdiklərindən
başqa bir şey deyilmiş.
Heç sevmədiyim yazıçı Pamukun Nobel
mükafatına satqınlıqla müvəffəq
olduğuna bütün varlığımla inanıram. O, buna "erməni
soyqırımını" tanımaqla nail oldu. Bəli, bu, böyük şöhrət hesab edilir və
məncə, yazıçı deyilən Pamuk həyatı, zəmanəni
udduğunu zənn edib rahat həyat sürməyindədir.
Ən müqəddəs insanlıq hisslərinin
ədalətin məhvi onun vecinə də deyil, deyə
düşünürəm. Bir sözlə,
bütün sirlərini qulağıma
pıçıldamış dünyada heç bir
marağım qalmayıb. Bu ara
başımı qaldırıb orta ölçülü
çərçivədən məhəbbətlə mənə
baxan iki uşaq şəklinə baxır və acı-acı
gülümsəyirəm. Çünki onlar
artıq mənə çox yad insanlardılar. Sadəcə Yer üzünü insanla doldurmaq
üçün Allah onları məhz mənim vasitəmlə
dünyaya göndərdiyini və onların mənə
heç bir borcu olmadıqlarını düşünürəm.
Artıq biz ayrı məkanlarda, ayrı arzularla
yaşayan insanlarıq. Oğlum Amerikada
arvadı və qızı ilə, qızım Almaniyada əri
və oğlu ilə öz həyatlarını yaşayırlar.
Yazı masamın qoyulduğu divarda
keçmişdən qalma bir ailə şəklimiz var. Mən,
həyat yoldaşım, qızım və oğlum. Biz birgə çox xoşbəxt
görünürük. Çəkdirməli
olsaydıq, indi bizim sayca daha böyük ailə şəklimiz
ola bilərdi. Bu isə
qeyri-mümkün idi. Artıq mən
onları əvvəlki sevgi ilə anmıram. Uzaqlaşmaq unudulmağın
başlanğıcıdır. Uşaqkən
mən onları hədsiz dərəcədə sevirdim. Onların qayğısına qalmaq ən
böyük xoşbəxtliyim idi. Hər səhər
məktəbə yola saldıqda və məktəbdən
qayıtdıqda "Ana" deyərək boynuma
sarılır, mən isə onları köksümə
sıxaraq öpürdüm. Sonralar sağ ol və salam demək belə unuduldu. Çünki
onlar dəhlizdə ayaqqabılarını geyinib və ya
soyunduqları zaman bahalı əl telefonları qulaqlarında
olardı. Onların artıq köksümdən
də vacib sığındıqları kiçik bir əşyaları
vardı. Çox həsrətində
olduqlarımı sonralar bir müddət nəvəm mənə
yaşatsa da, valideynləri ilə xaricə getdikdən sonra bu
istilikdən də məhrum oldum. Artıq
nəvəmi də unutmağa başlamış və onun da
nə zamansa böyüyüb yaramaz insanlardan birinə
çevriləcəyini düşünüb qüssələnirdim.
Mənə görə bütün insanlar
yaramaz, qorxaq, aciz zavallıdırlar və onlar dünyanı
özlərinə bənzətməkdə davam etməkdədirlər.
Övladlarım mənim onları dünyaya gətirməyimin
öz istəyim olduğunu, bunu məndən xahiş etmədiklərini
soyuqqanlıqla deyəcək qədər müasir idilər.
İş fəaliyyətimlə bağlı təqaüdə
çıxmağım bütün missiyalarımın sonu
demək olardı. Mən artıq hər səhər
şifonerimi açaraq bu gün işə nə geyinəcəyimin
qayğısından azad olmuşdum. Elə
bu səbəbdən də bir neçə vacib geyim əşyalarımdan
savayı, bahalı köynəklərim, donlarım,
ayaqqabılarım, çantalarımdan isə birini saxlamaq
şərti ilə kasıb bir qadına
bağışladım. Hətta bahalı
və çox təzə qalmış yataq mebelimi də
çox kasıb bir ailəyə bağışlamaqla
onları sevindirməyimə çox sevindim. İndi mən "ikinci əl" deyilən
satış mağazasından aldığım adi
keçmişi xatırladan dəbdən düşmüş
bir çarpayıda yatıram.
Arabir bətnimdən dünyaya gələnlər və
on bir ildən bəri Rusiyada məskunlaşmış ərimlə
internetlə görüntülü danışmalı oluram. Müstəqilliyimizin
ilk illərində pul qazanmaq üçün əsarətindən
yenicə ayrıldığımız Rusiya ərimə qucaq
açdı. Rus qadını ilə mənə
xəyanət etdiyindən xəbər tutduqda çox
sarsıldım. İndi o, məndən onu
bağışlamağımı, yenidən bir ailə
olmağımızın həsrətini çəkdiyini, məni
çox sevdiyini dönə-dönə deyir. Onun əhəmiyyətini itirmiş arzu və sevgisi
çox gülünc görünür.
Əslində, mən bu cəmiyyətdəki
yararsızlığımdan elə də kədərə qərq
olmuram. Əksinə, bunun mənə bir qədər
rahatlıq gətirdiyini hiss edirəm.
Düşündüyüm müqəddəs ailə
tablosunun parçalanmasını cəmiyyətin
parçalanması kimi qəbul edirəm. Mən müqəddəs
hisslərin bərpa edilməsi naminə özünü fəda
edə bilməyəcək dərəcədə zavallı
bir yazıçı olduğumdan xəcalət çəkərkən
Nobellə kifayətlənib dünyanın ədalətsizliyinə
soyuqqanlı yanaşan yazarlara lənət oxuyur, ədalətin
ədalətsizliyinə qəzəblənirdim.
Mən iyirminci mərtəbənin açıq
eyvanındakı alçaq kətilin üstünə
çıxaraq aşağıya, yaşıl otlara
bürünmüş torpağa məhəbbətlə
baxıram. Sanki torpaq mənə hiyləgərcəsinə
"gəl" deyirdi. Mən ateist deyiləm,
amma mənim və həyatımın yaradıcısı olan
Allahımdan da tam razı deyiləm. Sanki
Allah Yer deyilən dünyanı və insanları
yaratdıqdan sonra onlardan üz çevirmişdi. Əlahəzrət ölümün mənim
vaxtımın çatdığını görmədiyini
anlaya biləcək qədər ağıllı idim. Bədənimizin hansısa hissəsindəki dəhşətli
fiziki ağrının günahkarı kimi həmən
ölümü xatırlasaq da, onun bizi bu ağrılardan
xilas edən yeganə qüvvə olduğu sirri də mənə
məlum idi. Həmən özünü
yetirən ölüm ruhumuzu ağrıyan bədənimizdən
xilas edir. Mən ağrılarımı
görməzdən gələn və nə üçünsə
gecikməli olan ölümün ayağına özüm getməli
oluram. İnsanlar buna intihar deyirlər və
bu bütün dini kitablarda günah hesab edilir. Elə isə mən bütün kitablara rəğmən
bu qədər günahlar içərisində fırlanan həyatı
günahkarcasına tərk etməkdən çəkinmirəm.
Bu an zavallı Martin yadıma düşür. Yaşadığım ilk quruluşda onu nə qədər
sevdimsə, sonrakı quruluşda bütün
varlığımla dərk etdim. Mən Martin İden qədər zavallı
və şöhrətin mənasız ucalığına
çatacaq qədər bir yazıçı ömrü
yaşamasam da, bu an onunla eyniliyimin fərqindəyəm.
Son
üç nöqtədən sonra mən artıq dərin
peşmançılıq hissi ilə xilas olmaq üçün
boş buludlardan yapışaraq sürətlə torpağa
düşərək param-parça olmuş bədənimdən
ayrılaraq rahatlıq tapmış ruhumla baş-başa
qalacam və mənim sizə son sözüm bu olacaq: Həyat
gözəlmiş...
Almaz BƏYAZİD
2020
525-ci qəzet.- 2020.- 19 sentyabr.-
S.18;23.