"Bir Vətəndən bir Vətənə":
kamil araşdırma örnəyi
DƏYƏRLİ
TÜRK ALİMİ ÖMƏR ÖZCANIN KİTABI HAQQINDA
QEYDLƏR
2018-ci ildə
Türkiyədə "Dərgah Yayınları"nda Azərbaycan,
Türküstan, İdil-Ural, Krım, Şimali Qafqaz - bir
sözlə, Türk dünyasından Türkiyə
Cümhuriyyətinə mühacirət etmiş şəxslərin
həyat və fəaliyyətini araşdıran dəyərli
Ömər Özcanın "Bir Vətəndən bir Vətənə"
kitabı nəşr olunub.
Kitabın adının altındakı yazı
başlıca mövzunu əsaslı şəkildə izah
edir: "Rusiya müsəlmanlarından Türk elm, fikir və
siyasət həyatına fayda verənlər".
47 məqalədən ibarət 680 səhifəlik kitabda
Vətəndən ayrı düşmüş azərbaycanlı
siyasi mühacirlərin və elm adamlarının fəaliyyəti
yeni sənədlər işığında təqdim edilib.
Qeyd edək
ki, uzun illərdən bəri mühacirət tarixi ilə məşğul
olan Ömər bəyin Azərbaycanda "Səlim Rəfiq Rəfioğlu"
adlı kitabı, "Azərbaycan" jurnalında,
"525-ci qəzet", "Azərbaycan müəllimi"
kimi qəzetlərdə çoxlu məqaləsi nəşr
olunub. Onun Məhəmmədəmin Rəsulzadə başda
olmaqla bir çox görkəmli şəxsiyyətlərimiz
haqqında həm Azərbaycan, həm Türkiyə mətbuatında,
Azərbaycanda çıxmış önəmli kitablar
haqqında, özəlliklə Ankarada "Türk Yurdu" dərgisində
çoxsaylı yazıları işıq üzü
görüb. Azərbaycanlı tədqiqatçılarla
birbaşa dostluq əlaqələri olan Ömər bəy
zamanında bir çox mühacir siyasətçilərlə
şəxsən görüşüb və ilkin qaynaqlar əsasında
onların həyat hekayələrini yazıb. O, Azərbaycan
Cümhuriyyəti liderlərindən Miryaqub Mirmehdizadədən
II Dünya müharibəsindən sonra qardaş Türkiyəyə
mühacirət etmiş Cabbar Ərtürkə qədər
bir çox görkəmli şəxsiyyətlərimiz
haqqında ən geniş araşdırmaların müəllifidir.
"Bir Vətəndən
bir Vətənə" kitabında onun Azərbaycanın məşhur
şəxslərindən Mirzə Kazım bəy, Məhəmmədəmin
Rəsulzadə, Məhəmmədşərif Əfəndizadə,
Miryaqub Mirmehdizadə, Məhəmmədsadıq Aran, Məhəmməd
Ağaoğlu, Mirzəbala Məhəmmədzadə, Məhəmməd
Kəngərli, Dilşad Talıbxan Elbrus, Cabbar Ərtürk,
İren Məlikof, Əflan Muğan, Ramiz Abutalıbov, Əli
bəy Hüseynzadə haqqında ilkin qaynaqlar əsasında
məqalələri yer alıb.
"Ulus"dakı Rəsulzadə
Ömər Özcanın Rəsulzadə ilə
bağlı məqaləsində onun epistolyar irsini zənginləşdirəcək
bir məktub verilib. İdil-Ural türklərinin liderlərindən,
yaxın dostu Ayaz İshakinin vəfatı münasibətilə
onun kürəkəni, professor Tahir Çağataya
yazdığı bu məktub Türk dünyasının iki
böyük liderinin vəfalı münasibətlərinin bir
xatirəsidir. Geniş məqalənin ikinci hissəsində
Ömər bəy ilk dəfə olaraq M.Rəsulzadənin
Cümhuriyyət Xalq Partiyasının qəzeti olan
"Ulus"da "M.Ə.Yalvaçoğlu" imzası ilə
üç məqaləsini müəyyən edib (Yeri gəlmişkən,
"Yalvaçoğlu" əski türkcədə "Rəsulzadə"
deməkdir). "Bir Temizliğe Dair: Sovyet
Türkçülüğü", "Azerbaycan
Kompozitörü Hacibeyli Üzeyir", "Azeri Şairi
Nizami ve Dünyanın Bugünkü Durumu" adlı məqalələri
Rəsulzadə irsinin öyrənilməsi baxımından
olduqca maraqlıdır. Təsadüfi deyil ki,
Üzeyir Hacıbəyli haqqında olan yazı Sovet Azərbaycanında
da əks-səda doğurub və Mirzə İbrahimov
"Ulus" böhtançılarına" adlı məqaləsi
ilə "Yalvaçoğlu" - Rəsulzadəyə cavab
yazıb.
Rəsulzadənin Almaniyadan
dönüşü
Rəsulzadə ilə bağlı məqalədə
önəmli bir məsələ də Məhəmmədəmin
bəyin II Dünya müharibəsindən sonra Almaniyadan
Türkiyəyə necə və hansı şəraitdə
qayıtmasıdır. "Yeni İstanbul" qəzetində
"Mustafa Nermi" imzası ilə çap olunmuş
"Resulzade'nin Ana Yurda Son Dönüşü" adlı məqalədə
müəllif Almaniyadan Rəsulzadə ailəsi ilə birgə
qayıdış hekayələrini geniş şəkildə
təqdim edib. Ömər bəyin və
Mustafa Nərminin məqaləsindən öyrənirik ki, Rəsulzadə
krımlı bir türkün sürdüyü Amerika hərbi
kamyonunda Mustafa Nərminin başçılığı
altındakı səkkiz nəfərlik dəstə ilə
Münxen vağzalına gəlib və orada Paris qatarına
minib. O, kamyonda bir çuval üzərində
oturmalı olub. Yolda xarab olan kamyonun təmirini
bir kənddə gözləyərkən qatara gecikmə təlaşı
yaşayıblar. Xoşbəxtlikdən,
qatara vaxtında çatıblar, ancaq alman-fransız sərhəd
stansiyası Kehldə sənədləri yoxlanılarkən
Fransa vizası alınmadığını görən
fransız məmur yola davam edə bilməyəcəklərini
bildirərək əşyalarını qatardan
düşürməsini tələb edib. Kiçik
dəstəni düşərgəyə geri dönmək həyəcanı
bürüyüb. Mustafa Nərmi
fransız məmura dərdlərini kimə anlada biləcəklərini
soruşduqda stansiyadakı zabitlə danışa biləcəkləri
cavabını alıb. Rəsulzadə
vaqondan endirilmiş əşyaların, çamadanların
başında gözləyərkən Mustafa bəy axtarıb
tapdığı fransız zabiti ilə
danışdığında "olmaz!" cavabı alıb.
Ancaq o, ruhdan düşməyərək dərədən-təpədən
söhbətə başladıqda bəlli olub ki, bu zabit onun
atası ilə Paris Universitetində birgə oxuyub və onun ən
yaxın dostu olub. Bu anlaşılınca
qatarın yola düşməsinə on dəqiqə
qalmış zabit bütün məsuliyyəti öz üzərinə
götürərək Fransa torpaqlarına girmələrinə
icazə verib. Vaqona yenidən yerləşmiş
dəstənin əsəbləri hələ gərginmiş.
Qatar hərəkətə gələndə
bir-biriylə qucaqlaşıblar, Rəsulzadənin gözləri
yaşarıb.
Həyat hekayələri və
biblioqrafiyalar
Ömər Özcanın məqalələrinin əsas
özəlliyi bundadır ki, mühacirət tarixinə ölkələr
üzrə deyil, bir bütöv kimi baxır. Ona görə də azərbaycanlı,
türküstanlı, idil-urallı və s. məmləkətlərdən
olan mühacirlərin bir-biriləri ilə dostluqları, bəzi
hallarda rəqiblikləri haqqında geniş bilgisi var. Bu
baxımdan Azərbaycan Cümhuriyyətinin Paris Heyəti-Mürəxxəsəsinin
(Nümayəndə Heyətinin) üzvlərindən,
"İttihad" partiyasının təmsilçisi, rus
işğalından sonra mühacirətdə
yaşamış Miryaqub Mirmehdizadənin mühacirət həyatı
haqqında bu olduqca qiymətli ilk geniş məqalə də
istisna deyil. Həmin yazıda Miryaqub bəyin
görkəmli siyasi mühacirlərdən Cəfər Seyidəhməd
Kırımərlə məktublaşmaları, başqa siyasi
mühacirlərlə münasibətləri ilə
yanaşı, onun İstanbulda son taleyi də maraq doğurur.
Ömər bəyin aşkar etdiyi bəlgə və bilgilərə
görə, Mirmehdizadə uzun illər Avropada yaşadıqdan
sonra Türkiyəyə qayıdıb, İstanbulda hərbi
akademiyada rus dili müəllimi kimi çalışıb,
1949-cu ilin 7 noyabrında vəfat edib, Fəriköy məzarlığında
torpağa tapşırılıb.
Miryaqub bəylə bağlı məqalənin sonunda
Ömər bəy ilk dəfə olaraq onun 5 kitabını və
85 məqaləsini əhatə edən geniş
biblioqrafiyasını hazırlayıb. Bu
biblioqrafiyadan yararlanmaqla Mirmehdizadə haqqında sanballı
kitablar yazaraq ortaya qoymaq mümkündür.
Ö.Özcanın azərbaycanlı mühacirlərlə
bağlı hazırladığı başqa bir biblioqrafiya Azərbaycan
Cümhuriyyəti Məclisi-Məbusanının (Parlamentinin)
üzvlərindən Məhəmmədsadıq Axundzadəyə
(Mehmet Sadık Arana) aiddir. M.Aranla Cəfər
Seyidəhməd Kırımər arasındakı münasibətlərdən
bəhs edən məqalədə Aranın geniş həyat
hekayəsi təqdim olunub, onun İstanbul və
Finlandiyadakı fəaliyyəti incəliklə göstərilib.
Məqalənin sonunda Aranın 200-dən
çox yazısı və onun haqqında olan yazılar qeyd
edilib. Ömər bəyin bu cür
ağır zəhmət və xeyli vaxt tələb edən
işi yüksək elmi səviyyədə yerinə yetirməsi
gerçəkdən alqışa layiqdir.
İrəvanda doğulub ömrünü uzaq Amerikada
başa vurmuş Məhəmməd Ağaoğlu haqqında
indiyədək yazılmış ən dəyərli məqalələrdən
biri də yenə Ömər bəyin qələmindən
çıxmış bu kitabda yer alıb. Sənətşünas
alim M.Ağaoğlunun Azərbaycan, Türkiyə və
Amerikadakı fəaliyyətindən geniş şəkildə
söz açan Ömər bəy onunla bağlı müxtəlif
xatirə və məktubları ilk dəfə üzə
çıxararaq onların əsasında yeni bilgiləri
ictimaiyyətə təqdim edib.
Ömər
bəy "Mirza Bala Mehmetzade ve Bir Vesika" adlı
yazısında Rəsulzadənin yaxın silahdaşı,
mühərrir, siyasətçi Mirzəbala Məhəmmədzadənin
İstanbulda ali təhsilə davam etməsi
ilə bağlı iki sənədin mətni ilə
oxucuları tanış edib. Bu sənədlərdə
M.Məhəmmədzadənin Bakıda oxuduğu və
İstanbulda təhsilə davam edə biləcəyi
haqqında məlumat verilib.
Həsən Səbri Ayvazovla Əli bəy Hüseynzadə
haqqındakı məqaləsində isə Ömər bəy
Ayvazovun Bakıda çıxan məqalələrinin
siyahısını, Əli bəyə yazılmış 4 məktubun
mətnini təqdim edib. Türk dünyasının iki görkəmli
şəxsiyyəti arasındakı bu münasibətlər
Azərbaycan və Krım türklərinin ötən əsrin
başlarındakı əlaqələri baxımından
böyük maraq doğurur.
Kitabda yer
alan önəmli məqalələrdən
biri də Türkiyədə professor dərəcəsinə
yüksəlmiş Dilşad Talıbxan Elbrusla
bağlıdır. Məqalədə Dilşad
xanımla yanaşı, dayısı, Azərbaycanın
tanınmış ziyalılarından Hüseyn bəy Mirzəcamalov
(Hüseyn Camal Yanar) haqqında maraqlı bilgilər verilib.
Ömər bəy onun Türkiyə həyatı haqqında
yazır: "Hüseyn bəy ərəbcə və farsca
biliyi sayəsində düşüncə adamı Mövlana
ilə məşğul olub. Mühacirətin
ilk başlarında Müsavat Partiyası Xarici Bürosunun qərarı
ilə 1924-cü ildə Mədəniyyət Komitəsi nəzdində
Azəri Türk Gənclər Birliyi qurulub. Bu təşkilata Məhəmmədsadıq Aran başqanlıq
edib. Siyasi mühacirlərdən Şəfi bəy
Rüstəmbəyli, Səlim Ağasıbəyli, Məhəmməd
Ağaoğlu və Hüseyn Camalbəyov (Hüseyn Camal Yanar)
fəal üzvlər arasında yer alıblar. Bu
dərnəyin 1929-dakı İdarə Heyəti
toplantısında Hüseyn Camal Yanarın nəzarət
komissiyası üzvü olaraq hesabat verdiyi bilinməkdədir".
II Dünya müharibəsi
mühacirləri
Ömər bəyin bu dəyərli əsərində
Türkiyəni Vətən seçənlər arasında II
Dünya müharibəsindən sonra mühacir həyatı
yaşayan şəxslərin də həyat hekayələri
verilib. Dr.Məhəmməd Kəngərli, Cabbar
Ərtürk, Əflan Muğan kimi Almaniya cəbhəsində
həyat mücadiləsi vermiş şəxslərin fəaliyyəti
barədə də geniş yazılar ortaya qoymuş Ömər
bəy onların özəlliklə Türkiyədəki fəaliyyətini
araşdırıb.
1914-cü ildə Qarabağda doğulmuş M.Kəngərli
II Dünya müharibəsində almanlara əsir
düşüb. Bu əsirlik dönəmində 1942-ci ildə Berlində
Məhəmmədəmin Rəsulzadə ilə tanış olub və ömrünün sonunadək
onun siyasi xəttini davam etdirib. 1946-cı ildə
Kəngərli Rəsulzadənin təlimatı ilə
Münxendə Azərbaycan Demokrat Birliyini təsis edib. Rəsulzadənin
vəfatından sonra da onun yolundan davam edən Kəngərli
Azərbaycan Milli Mərkəzinin sədri vəzifəsinədək
yüksəlib, SSRİ-nin dağılmasından sonra müstəqil
Azərbaycandan gələn dövlət
başçılarını qarşılayıb, mərhum
prezident Əbülfəz Elçibəyə tarixi bayraq da hədiyyə
edib. Kəngərli 2006-cı ildə vəfat edənədək
Türkiyədə Azərbaycan mühacirətinin
ağsaqqalı olaraq böyük hörmət və sevgi
qazanıb.
II
Dünya müharibəsində almanlara əsir
düşmüş irəvanlı Cabbar İbrahim oğlu
Ərtürklə şəxsən tanış
olan Ömər bəy kitabında onun haqqında da geniş məqalə
yazıb. 1943-cü ildə qurulan, Ə.Fətəlibəylinin
rəhbəri olduğu Azərbaycan Milli Komitəsində təhsil
və mətbuat işləri üzrə müavin kimi
çalışan Ərtürkün daha sonra Fətəlibəyli
ilə münasibətləri pozulub. Türkiyəyə gələn
Ərtürk burada müxtəlif şəhərlərdə
müəllimliklə məşğul olub, türk tarixi ilə
bağlı bir neçə kitab qələmə alıb. Hələ Berlində yaşadığı müddətdə
"Doğu türklərinin istiqlal mücadiləsi"
adlı əsər yazan Ərtürkün Türkiyədə
"Anayurdda unudulan türklər", "Türkiyə
türkləri və Ana yurddakı türklərin
qurtuluşları", "Türk milliyyətçiliyi",
"Üçüncü dünya hərbinin zəngləri
çalınırmı?" adlı əsərləri,
Atatürkə həsr edilmiş şeir kitabı işıq
üzü görüb. Vəfatından sonra isə
"Qırmızı ordudan Qafqaz milli legionuna bir
türkün II Dünya müharibəsi xatirələri"
adlı geniş həcmli əsəri nəşr olunub. C.Ərtürkün 1956-cı ildə Kayseridə
"Zafer" mətbəəsində çap etdiyi
"Anayurdda unudulan türklük" adlı kitabında bizim
üçün önəmli yerlərdən biri Qafqaz
İslam Ordusunun komandanı Nuru paşa ilə Qahirədə
görüşməsi və onunla Azərbaycan haqqında
söhbət etməsi haqqındadır. C.Ərtürk əsərində
Azərbaycanın istilasını eşitdiyi zaman Nuru
paşanının nə hisslər keçirdiyini öz dilindən
yazır: "Qardaşımın şəhid olması qəlbimi
nə qədər yandırdısa Azərbaycanın
istilası qəlbimi ondan, da çox yandırdı.
Qardaşım bir fani idi. Fəqət Azərbaycandakı
türklük əbədi idi. Kaş öz həyatımı
itirəydim, amma Azərbaycan türklüyün kənarında
qalmayaydı".
Ömər
bəyin həyat və fəaliyyətini
işıqlandırdığı digər legioner Əflan
Muğandır. Muğanın Azərbaycandakı fəaliyyəti,
əsirlikdəki həyatı və Türkiyədəki
yaşamı haqqındakı məqalə həmin mühacirə
dair indiyədək meydana çıxarılmış ilk
yazıdır.
Özcanın kitabında yer alan başqa bir məqalə Azərbaycan mühacirət irsinin görkəmli tədqiqatçısı, uzun illər Parisdə YUNESKO-da çalışmış diplomat yurddaşımız Ramiz Abutalıbovun 75 illiyinə həsr olunub. Yeri gəlmişkən, Ramiz bəyin fəaliyyətini Türkiyə ictimaiyyətinə tanıdan Ömər bəy onun Giorgi Mamulia ilə birgə qələmə aldığı çox qiymətli "Odlar Yurdu. Azərbaycan siyasi mühacirətinin tarixi" kitabının ana dilimizdəki nəşrinə də geniş ön söz yazıb.
Qeyd
edək ki, "Bir Vətəndən bir Vətənə"
kitabında Türk dünyasının məşhur
mühacirlərindən Məhəmməd Ayaz İshaqi, Cəfər
Seyidəhməd Kırımər, Abdullah Battal Taymas, Əhməd
Temir, Abdullah Zihni Soysal, İsmayıl Otar, Mustafa
Çokayoğlu, Sabri Arıkan, Baymirza Hayit və başqa
görkəmli şəxslər haqqında da qiymətli məqalələr
yer alıb.
Sonda
bunu da xatırladaq ki, Ömər Özcanın bu il Türkiyədə
"Dərgah Yayınları"nda "Türkçüler
- Cumhuriyet Devrinde Bir İdealin Takipçileri" adlı yeni
kitabı da nəşr olunub.
Azərbaycan
alovlu dostu olan dəyərli dostumuz Ömər Özcan bəyi
bu gözəl kitabı münasibətilə gec də olsa təbrik
edir, ona yeni-yeni yaradıcılıq uğurları diləyirik!
Ədalət
TAHİRZADƏ
Dilqəm
ƏHMƏD
525-ci qəzet.- 2020.- 19 sentyabr.-
S.16; 23.