BİR DAHA "ƏDƏBİ DÜŞÜNCƏLƏR" HAQQINDA

 

"Ədəbi düşüncələr"in Azərbaycan dilindəki ilk nəşrinə yazdığım kiçik ön sözdə həmin kitabın mənim üçün tamamilə gözlənilməz bir hadisə olduğunu demişdim.

Dediklərimi təkrar etmək istəmirəm və yalnız bir cəhəti bir daha vurğulamağı lazım bilirəm ki, kitaba toplanmış ədəbi qeydlərdə - esseciklərdə oxucu yazıçılarla, bədii əsərlərlə, ədəbi hadisələrlə bağlı bir-birindən fərqli fikirlərə, fərqli müqayisələrə, bir-biri ilə üst-üstə düşməyən yanaşmalara, münasibətlərə, hətta bir-biri ilə zidd mülahizələrə rast gələ bilər və bu təbiidir, çünki söhbət müxtəlif vaxtlarda (müxtəlif onilliklərdə!) yazılmış yazılardan gedir.

Bədii zövq də, dünyagörüşü və düşüncələr də, aydın məsələdir ki, zamana bağlıdır və hər hansı bir kitab haqqında, yazıçı haqqında 25 yaşında, 45 yaşında, 65 yaşında yazdıqların, bu əsərlərə və müəlliflərə münasibətin - dinamik bir şeydir, dəyişir, başqalaşır.

Ancaq güman edirəm ki, dəyişməyənlər daha çox olur.

Koronavirusla bağlı uzunmüddətli "Evdə qal" kampaniyasından istifadə edərək, mən yenə (neçənci dəfə?!) səliqəsiz, qatmaqarışıq arxivimi səliqə-səhmana salmaq istədim və bu zaman yenidən yadımdan çıxmış cürbəcür yazılar, o cümlədən də, ədəbiyyatla bağlı qeydlər ortaya çıxdı.

Oxuduğum kitablar, əsərlər haqqında qısaca qeydlər yazmaq ilk gənclik çağlarımdan etibarən mənim vərdişim idi (elə indi də davam edir) və bunlar mənim biləvasitə təəssüratlarımdır, özüm üçün qeyd etdiyim fikirlər, qənaətlərdir.

Mən bunların haçansa çap olunacağını düşünməzdim.

Əslində, bunlar yazıçının qeydləri yox, oxucunun qeydləridir.

Bu qeydlərin də bəziləri gənclik illərində, bəziləri aradan keçən onilliklərdə yazılıb və onların başlıqlarını isə mən sonradan - çapa hazırlayanda yazmışam.

Bunu da deyim ki, "Ədəbi düşüncələr" tam şəkildə, yəni bu yeni əlavələrlə birlikdə Azərbaycan Tərcümə Mərkəzində nəşrə hazırlanır.

Birinci nəşrdən isə artıq 18 il keçib və o zaman "Ədəbi düşüncələr" oxucuların, mətbuatın diqqətini cəlb etdi, bir çox məqalələr yazıldı, müzakirələr keçirildi.

Həmin birinci nəşrin tarixçəsi isə belə oldu ki, "Ədəbi düşüncələr"i mətbuatda oxumuş rəhmətlik Vaqif İbrahimoğlu (bizim məşhur teatr xadimimiz və rejissorumuz)  mənimlə söhbət əsnasında: "- Mütləq kitab kimi hazırlamaq lazımdır" - dedi və kitab nəşr olunandan sonra o, özü də bu kitabı mükəmməl bir səriştə ilə rus dilinə tərcümə etdi - Vaqif çox mütaliəli, geniş dünyagörüşlü bir sənətkar idi.

Tərcümə etdiyini isə yalnız tərcümə qurtarandan sonra mənə dedi.

"Ədəbi düşüncələr" Vaqifin tərcüməsində Bakı, eləcə də Moskva mətbuatında (o cümlədən, "Literaturnaya qazeta"da) çap edildi, kitab kimi nəşr olundu və aradan keçən bu illər ərzində isə  başqa dillərə də çevrildi.

... O ki qaldı mənim arxivimə, yenə də eləcə səliqəsiz qaldı.

 

8 iyul 2020

Bilgəh

 

***

 

BROUDİ FACİƏSİ

 

Maraq üçün rayon kitabxanasına getmişdim və orada gözlənilmədən "Broudi qəsri"ni* gördüm və götürdüm ki, təzədən vərəqləyim.

Üç gündü yolüstü Tovuzda, Arifgildə** qonaq qalmışıq.

 

Əmir müəllimgil*** də bizimlə gəliblər və səhər-səhər gözəl bir armud ağacının altında oturub, hələ qatı açılmamış (deyəsən, bu kitabı birinci elə mən açırdım) "Broudi"ni vərəqləyəndə, Əmir müəllim də həyətə çıxdı.

Əmir müəllimdən ətrafa, həmişəki kimi, müsbət dalğalar yayılırdı. Kitabı görəndə:

- Yaxşı kitabdı? - soruşdu.

- Hə, yaxşı kitabdı.- dedim.

Kitaba son söz yazmış N.Dyakonova deyir ki, "Broudi qalası" güclü və vicdanlı" romandır

Broudi ailəsinin faciəsi, əlbəttə, çox təsirli qələmə alınıb, ancaq Nensinin ölümü, bir sıra başqa səhnələr həddən artıq naturalistcəsinə yazılıb, hətta o qədər ki, dediyim həmin təsirin dərəcəsini azaldır.

N.Dyakonova da Dikkensin romanında balaca Pol Dombinin ölümünün təsviri ilə Nensinin ölümünün təsviri arasında müqayisə aparır və Kroninin naturalizmini qeyd edir.

 

Mənə elə gəlir ki, Kroninə Zolyanın təsiri var. Bilmirəm, belədir, ya yox? Bəlkə o, Zolyanı heç oxumayıb da...

 

Bir də, məncə, bədii obraz kimi Meyson**** mister Broudiyə nisbətən daha dolğun, daha canlıdır.

 

______________________________

 

*Arçibald Kroninin romanı.

 

** 1960-cı illərin ortalarında İlyas Əfəndiyevin kiçik qardaşı, hüquqşünas Arif Əfəndiyev Tovuzda raykomun 1-ci katibi vəzifəsində işləyirdi. Yayda maşınla Kislovodska yola düşəndə Bakıdan birbaşa getmirdik, Tiflisdən keçib, Hərbi Gürcü Yolu ilə Nalçikə, oradan da Kislovodska gedirdik. Bu dəfə bir neçə gün də Tovuzda qalmışdıq.

 

*** Görkəmli riyaziyyatçı, professor Əmir Həbibzadə İlyas Əfəndiyevin yaxın dostu idi və həmin il də onlarla bərabər yola çıxmışdıq

 

**** Kroninin "İstehkam" romanının qəhrəmanı.

 

YADDAŞ

 

Haçansa hansısa nağılımızda oxuduğum bir fikir axır vaxtlar tez-tez yadıma düşür:

 

"Yaxşılara yaxşılıq edin, pislərə isə öz pislikləri kifayətdir".

 

İSTEDAD GÜZƏŞTƏ GEDİR

 

Sovet ideologiyası çox istedadları sosrealizmə yönəltdi və o istedadları susuz ağac kimi qurutdu (məs.: A.Fadeyev).

 

Elə istedadlar oldu ki, sosrealizm bataqlığı içində də özünü qoruya bildi (məs.: M.Şoloxov).

 

Elələri də oldu ki, özlərini tam ifadə edə bilməsələr də, ordan-burdan su tapıb o ağacı tamam qurumağa qoymadı və məncə, bunlardan biri də Konstantin Fedindir.

 

Onun "Narovçat xronikası" oxudum. Bu kiçik povesti 1924-25-ci illərdə yazıb (hələ sosrealizmin hakimi-mütləq olmadığı bir dövrdə) və bu povest mənim aləmimdə Lev Tolstoyun çox istedadlı bir varisinin (şagirdinin) qələmindən çıxıb.

 

Oxuduqca, bu povestdə "Sergiy ata"nın* əməlli-başlı təsirini hiss edirdim.

 

Fedin suda boğulmuş Afanasi Sergeyeviçin cansız sifətini elə təsirli təsvir edir ki, Hacı Muradın ölüm səhnəsinin təsviri mənim yadıma düşdü. Povestdəki hadisələri danışan İqnatiy - o, Simonov monastırında rahibliyə hazırlaşır - həmin cəsədi görəndən sonra deyir ki, Afanasi Sergeyeviçin sifəti heç vaxt yadımdan çıxmayacaq.

 

Doğrusunu deyim ki, o kiçik povesti az qala bir ay bundan qabaq oxumuşam, ancaq o sifət mənim də yadımdan çıxmayıb.

 

Sonralar Fedin "İlk sevinclər"i, "Qeyri-adi yay"ı yazdı və bu romanlar, əlbəttə, "Qızıl ulduzlu qəhrəman"ın** tayı deyil, ancaq onun istedadının xeyli dərəcədə sosrealizmə güzəştə getməsi də açıq-aşkardır.

 

Fedin partiyanın üzvü deyildi, buna baxmayaraq, Sosialist Əməyi Qəhrəmanı oldu, Stalin mükafatları aldı, ancaq təəssüf ki, güzəştsiz istedad elə həmin 1924 - 1925-ci illərdə qaldı.***

 

__________________________

 

* L.Tolstoyun povesti

 

** Semyon Babayevskinin romanı.

 

*** 1975-ci ildə mən Yazıçılar İttifaqında işə başlayanda Fedin SSRİ Yazıçılar İttifaqının sədri idi - hündür boylu, canlı gözləri ilə adama zənlə baxan, həmişə şux və dəblə geyinən, həmişə də qırmızı qalstuk taxan və pencəyinin döş cibindən də qırmızı dəsmalının ucları görünən şümal bir adam idi.

 

FÜZULİ LİRİKASININ MİQYASI

 

Məndə Məcnundan füzun aşiqlik istedadı var,

Aşiqi-sadiq mənəm, Məcnunun ancaq adı var.

 

Bu məşhur misraları dahiyanə "Leyli və Məcnun" poemasının məllifi yazıb.

 

Bu qəzəlin lirik qəhrəmanı nə demək istəyir?

 

Yəni poemadakı Məcnunun da "aşiqi sadiqliyinin" miqyası şübhə altındadır?

 

Və onun - Məcnunun "aşiqlik istedadının" dərəcəsi, kondisiyası lazım olan səviyyədə deyil?

 

Bu tipli sualların yaranarsa, əlbəttə, Füzuli yaradıcılığına yanlış yanaşma olar, çünki söhbət poemadakı konkret surətdən, konkret olaraq poema qəhrəmanı Məcnunun aşiqlik səciyyəsindən getmir.

 

Söhbət, ümumiyyətlə, Füzuli yaradıcılığındakı "aşiq sadiqliyi", "aşiq istedadı" bədii anlayışlarının miqyasından gedir və bu miqyasın sərhədi, yəni başlanğıcı və sonu, bitdiyi bir nöqtə yoxdur.

 

Əlbəttə, ola bilər ki, bu qəzəl "Leyli və Məcnun"dan sonra yox, əvvəl yazılıb, ancaq belə olsa da, Füzuli yaradıcılığındakı dediyim həmin mahiyyət dəyişmir.

 

Füzuli divanı yəqin ki, birinci qəzəldən sonuncu qəzələdək poemadan əvvəl yazılmayıb, yəni Füzuli lirikasında poetik aşiqlik xətti qəzəldən-qəzələ inkişaf edərək, gəlib poemadakı Məcnunda obsalyutlaşmayıb. Çünki Füzuli divanı eyni dahiyanə səviyyədədir və burada aşağı bədii-esteik səviyyədən yüksək səviyyəyə gedən bir inkişaf diaqramından (eləcə də tənəzzül diaqramından) söhbət gedə bilməz.

 

Söhbət inkişafdan yox, yüksək səviyyənin daxilindəki küllün, poetik mündəricatın sərhədsizliyindən gedir.

 

Elə Füzulinin özü bunu yaxşı deyir, bu dinamikanı dəqiq göstərir:

 

Məndən, Füzuli,

istəmə əşari-mədhü zəmm,

Mən aşiqəm, həmişə sözüm aşiqanədir. 

 

LENİN, STALİN VƏ POEZİYAMIZ

 

Leninin, Stalinin obrazları sovet dövrü Azərbaycan poeziyasının tarixinə həkk olunub.

 

O dövrün elə bir məşhur (və qeyri-məşhur!) şairi yoxdur ki, Lenin və Stalin haqqında poetik mədhiyyələr yazmasın.

 

Buna təəssüf etməyin də mənası yoxdur.

 

Bu - konkret dövrün, zamanın timsalında tarixin poeziyaya müdaxiləsidir.

 

Poeziya tarixində (poeziya ömründə!) belə hadisələr daimidir.

 

FRANSIZ İNTİBAH NOVELLALARI 

 

İntibah dövrü ədəbiyyatı deyəndə, ilk olaraq İtaliya və ilk növbədə də, yəqin ki, "Dekameron", sonra da Sakkettinin "Üç yüz novella"sı, Ciraldi Çintonun "Ekatommiti"si (keçən həftə "Çinto və Cavid" haqqında esseni "Ədəbiyyat"a göndərdim*) və b. yada düşür.

 

Elə buna görə də Navarralı Marqaritanın (Navarra kraliçasının) "Heptameron" novellaları mənim üçün bir kəşf oldu.

 

Xalis qadın təbəssümü ilə yazılmış bu maraqlı novellalara usta qələmli və bəzi məqamlarda da nazlı-qəmzəli müəllifin bu sözlərini epiqraf kimi işlətmək olar: "Mən dəfələrlə eşq-məhəbbətdən ölən insanlar haqqında eşitmişəm, ancaq bütün həyatım boyu bircə dəfə də görməmişəm ki, onlardan kimsə həqiqətən ölsün."

 

____________________

 

* "Sübh şəfəqinin işığı. Hüseyn Cavid yaradıcılığı və Avropa intibahı haqqında" adlı həmin esse 1982-ci ildə yazılıb ("Ədəbiyyat və incəsənət", 17 sentyabr 1982).

 

İUDANIN İNCİLİ

 

Henri Panasın "İudanın incili" romanı nəşriyyat annotasiyasında yazıldığı kimi, "dünya ateist ədəbiyyatının ən görkəmli bədii əsərləri sırasındadır".

 

Müəllif özü isə romanı apokrif  kimi təqdim edir.

 

Əsər müxtəlif dillərə tərcümə edilir, nəşr olunur.

 

Ancaq mənim üçün bu roman nə ateist bir əsər kimi, nə də apokrif kimi maraqlıdır.

 

Bu əsərin mənim üçün qiyməti ondadır ki, yazıçı İudanın həm ittihamçısı, həm də vəkilidir.

 

İuda Məsihi (İsa peyğəmbəri) satan və əsrlər boyu Avropa rəngkarlığında, ədəbiyyatında lənətlənərək kanonlaşdırılmış xəyanətkarın ismidir.

 

Mən bizim "Ruscaazərbaycanca lüğət"lərimizə baxdım və bu lüğətlərin hamısında "İuda - xain, satqın" kimi tərcümə (?) və təqdim edilib, yəni İuda artıq isim yox, sifətdir, terminləşərək, xainliyi, satqınlığı ifadə edən bir məfhuma çevrilib.

 

Panas isə insan haqqında roman yazıb və bu insanın - İudanın canlı bir məxluq kimi səhvləri də var, məziyyətləri də var, o, bütün varlığı ilə sevməyi bacarır, bu, həm ilahi sevgidir (Məsihə sevgisi), həm də insani, yəni cismani sevgidir (Mariyaya sevgisi).

 

Deyə bilmərəm ki, bu roman - şedevrdir.

 

Sadəcə, bu roman əsl ədəbiyyata aparan yolun, əgər belə demək mümkünsə, yolçusudur.

 

CƏMİYYƏT - İNSAN - YAZIÇI 

 

Laksness hələ ki, mənim XX əsr ədəbiyyatındakı "5-liy"imə daxildir: Tomas Mann, Folkner, Hamsun, Şoloxov, Laksness (Tolstoy XIX əsrdir).

 

N.Krımova və A.Poqodin onun haqqında müştərək yazdıqları monoqrafiyada bu yazıçını "zəmanənin çox kəskin (son dərəcə kəskin, orijinalda "ostrosoüialğnıy") sosial yazıçı kimi təhlil və təqdim edir.

 

"Za rubejom"da da oxuyuram ki, Laksness "burjua cəmiyyətinı tənqid edən yazıçı" (1972, ¹ 40) kimi qiymətləndirilir.

 

Ədəbiyyatın predmeti - hansı cəmiyyətdə yaşamasından asılı olmayaraq, insandır.

 

Yazıçı insandan yazır.

 

Laksness isə böyük yazıçıdır.

 

TARİX VƏ ƏDƏBİYYAT

 

Deyirlər ki, ədəbiyyat - tarixi tarixçilərdən yaxşı ifadə edir.

 

Yəqin ona görə ki, tarixçi əldə etdiyi faktlara söykənir, ədəbiyyatın isə fəhmi var və o, hiss edir.

 

Əlbəttə, tarixçinin zəhməti olmasa, həmin hiss köməksizdir və bu zaman ancaq fantastik əsərlər meydana çıxır.

 

Tarixçi Karfagenlə bağlı faktları ortaya qoyur, Floberin fəhmi isə bu faktların sayəsində Karfageni göstərir.*

 

Eyni zamanda, ədəbiyyat öz dövrünün də tarixi diaqnozunu verir.

 

Uğursuz Rusiya hərbi səfərindən sonra (1812) divara dirənmiş Avropa dövlətləri birləşib, Rusiya ilə birlikdə üç il müddətində Napoleonu iki dəfə və həmişəlik taxtdan saldı.

 

Bir müddətdən sonra Bayron yazmışdı:

 

Biz buna görəmi şiri taxtdan saldıq ki,

Canavarların qarşısında baş əyək?*

 

_______________________

 

* "Salom

 

bo" povestində.

 

** Rus dilindən sətri tərcümədir.

 

MİLLİ DİL

 

Dil - mənim təsəvvürümdə nəinki ədəbiyyatın, hətta nəinki sənətin, ümumiyyətlə, milli mədəniyyətin əsasıdır.

 

Dil - kökdür.

 

O kökdən qalxmış gövdə - mədəniyyətdir.

 

Həmin gövdənin budaqları isə - sənətin növləri və ilk növbədə ədəbiyyatdır.

 

ƏDƏBİYYATIMIZIN İTKİSİ

 

İşə gələndə* çox gözlənilməz və ağır bir xəbər eşitdim.

 

Sabir Süleymanov vəfat edib.**

 

Bu nədir? Bizim nəslin də yarpaq tökümü başlayır?

 

Sabir bizim nəslin insafsızcasına az tanınan istedadlı bir nümayəndəsi idi.

 

Sadə, təmkinli, təvazökar və istedadlı.

 

Onun 60-cı illərdə yazdığı povestlər - "Qarayel", "Çinar kəhrizinin suyu", "Cərəyan", "Şaqul" yalnız bizim nəsl yaradıcılığının yox, ümumiyyətlə, nəsrimizin yaxşı nümunələridir.***

 

Ən yaxşı nümunələri isə o, özü ilə apardı.

 

Sabirdən yaxşı yazanlar olacaq, daha artıq dərəcədə Sabirdən pis yazanlar olacaq, ancaq Sabirin yazacaqlarını daha heç kim yazmayacaq və bu, ədəbiyatımızın itkisidir.

 

_________________________

 

* O zaman Yazıçılar İttifaqında katib işləyirdim, rəhmətlik Sabir isə "Azərbaycan" jurnalında nəsr şöbəsinin müdiri idi.

 

** O, 1979-cu ilin sonlarında vəfat etmişdi.

 

*** Bu povestlər mənim ön sözümlə nəşr olundu (Çinar kəhrizinin suyu. Bakı, "Yazıçı", 1985).

 

YEVTUŞENKONUN FAMİLİYASI

 

Yevgeni Yevtuşenko yazır:

 

Mənim familiyam - Rusiyadır,

Yevtuşenko isə - təxəllüsümdür. 

 

Bu misralara görə rus ədəbi prosesi də, baxıram ki, onu epatajlıqda günahlandırır.

 

Ancaq məncə, məsələ başqadır - Yevtuşenko yaradıcılığı bu misraları doğruldurmu?

 

Şəxsən mən bu suala dəqiq cavab verə bilmirəm.

 

SUAL

 

Pyotr Çaadayev deyirdi: "Həqiqət vətəndən daha qiymətlidir... (artıqdır, üstündür; orijinalda: "istina doroje rodinı").

 

Həqiqət ilə vətəni qarşı-qarşıya qoymaq nə dərəcədə düzdür?

 

DETEKTİV ƏDƏBİYYATDIR?

 

Detektiv əsər də bədii ədəbiyyat adı ilə çap olunan istənilən nümunə kimi, yaxşıdırsa - ədəbiyyatdır, pisdirsə - qeyri-ədəbiyyatdır.

 

Şerlok Holms, Braun ata, Meqre, Puaro, Miss Marpl - bunlar kimdir?

 

Ədəbiyyat qəhrəmanlarıdır, yoxsa qeyri-ədəbiyyat?

 

Bəs E.Ponun detektiv hekayələri necə, ədəbiyyatdır, ya yox?

 

Bu sadə, bəlkə də bəsit sualları K.Saraqosanın "Və Yaradan da son sahildədir" romanından sonra verirəm və elə bu romanın özü sübut edir ki, hər şey janrdan yox, istedaddan asılıdır.

 

Bu gərgin süjetli (qətl hadisəsi baş verib) romanın qəhrəmanı Xoseçu qatildir və Xoseçunun daxili aləmindəki təbəddülatın psixoloji təsviri maraqlı və inandırıcıdır.

 

Kitaba ön söz yazmış X.Kobo "qələmləri ilə əbədi həqiqətlərin sarsılmazlığını sübut edən" yazıçıları "XIX əsr dünya ədəbiyyatının nəhəngləri və bizim günlərin onlarla müqayisədə sadə və iddiasız görünən yazıçıları" deyə iki qismə bölür və hər iki qismin ədəbiyyatda öz şərəfli yeri olduğunu deyir.

 

Düz deyir.

 

Saraqosa da mənə görə həmin sadə və iddiasız istedadlı yazıçılardan biridir.

 

"YENİ DÖVR" REJİSSORLARI

 

Sovet İttifaqının Qorbaçov "perestroyka"sından istifadə edən "yeni dövr" rejissorları Şekspirin, Molyerin, Çexovun başına nə oyunlar açırlar?!

 

Söhbət teatrlarda yavaş-yavaş küll halını alan təmayüldən gedir.

 

Ola bilsin ki, gözəl estetik nəticələr əldə edilir, gözəl müasir tamaşalar yaranır, ancaq bu - artıq Şekspir deyil, Molyer, Çexov deyil.

 

Rus dramaturqu Valentin Krasnoqorov mənim xoşuma gələn obrazlı şəkildə yazır ki, "bu gün rejissorlar  pyesləri öz səhnə fantaziyaları üçün yarımfabrikat kimi qəbul edirlər."

 

Yarımfabrikat - yəni xammal.

 

Təkrar edirəm: ola bilsin ki, yuksək bədii-estetik səviyyəli tamaşalar yaranır (və belə hadisələr az olmur!), ancaq söhbət məhz hansısa dramaturqun qələmindən çıxmış pyesdən yox, bu pyesin rejissor tərəfindən "özəlləşdirilmiş" motivlərindən gedir.

 

Elə bil, böyük bir binadır, onun mənzillərini adda-budda özəlləşdirib, kənara çəkərək, binadan ayırırsan - o bina sökülüb-dağılacaq, yoxsa yox?

 

MÜŞFİQ MİSRALARININ OVQATI

 

Müşfiqin dörd misrası fikrimdə dolaşır:

 

Tərlansan, göydən (fəzadan - E.)

enməzsən,

Bu torpaqda (həyatda, dünyada! - E.)

sevinməzsən,

Mən dönərəm (fikrimdən, arzumdan, istəyimdən - E.), sən dönməzsən,

Yaşa könül, yaşa könül!

 

Yəni könül, sən fəzalarda yaşa, fəzalardan enmə, çünki Yer üzündə yaşamaq mümkün deyil.

 

Və Müşfiqin bu misralarından bir addım o tərəfdə neçə illərdən sonra Tofiq Abdinin dediyidir:

 

Mənsiz bu dünyanın işi keçərmiş,

Əcəba, dünyaya mən niyə gəldim?

 

Əliağa Vahidin bu misraları isə mənim üçün, elə bil, bu əhval-ruhiyyənin, bu ovqatın davamıdır:

 

Biz xarabat əhliyik,

meyxanələrdən çıxmışıq,

Badələr nuş etmişik,

peymanələrdən çıxmışıq.

 

NATALİ SARROT VƏ ELZA TRİOLE

 

Qəribə bir hadisədir ki, iki məşhur fransız qadın yazıçıları, Fransada "yeni roman"ın dünya ədəbi prosesinə daxil olmuş müəllifləri - Natali Sarrot və Elza Triole - ikisi də Oktyabr inqilabından sonra gənc yaşlarında Rusiyadan Fransaya köçmüş rus yəhudiləridir.

 

Elza Triole Lui Araqonun həyat yoldaşı və Mayakovskinin, eləcə də bir sıra başqa məşhurların sevgilisi olmuş Liliya Brikin kiçik bacısıdır, ancaq ən əsası odur ki, fransız "yeni roman"ını, dediyim kimi, dünya ədəbi prosesinə gətirmiş yazıçılardan biridir.

 

"Yeni roman" böyük mənada Yeni Sözdürsə (dünyaya - kanonlaşmış ideallara, əxlaqi kriteriyalara baxış yeniliyi, xislətin daha dərin qatlarına enmək və göstərmək yeniliyi, təhkiyədə və psixoloji təhlildə "şüur axını" və s.), o zaman Triolenin "Sələm qızılgüllər" romanı həqiqətən yeni romandır.

 

Yüzilliklər boyu neçə-neçə nəsillər Perronun "Zoluşka"sı ilə böyüyüb, Zoluşka xoşbəxtliyi bədii ədəbiyyatın xəyallar aləmində ana xətlərdən birinə çevrilib və imkansız, kasıb, sevincsiz-fərəhsiz bir həyat keçirən qızın birdən-birə şahzadəyə rast gəlməsi, şahzadə xanımına çevrilməsi, daxmadan çıxıb saraylarda yaşaması - bir sözlə, Zoluşka taleyi bədii ədəbiyyatdakı həmin xəyallar aləminin ifadəsi olub.

 

Bu, ədəbiyyatda Kozetta* taleyidir.

 

"Sələm qızılgüllər"in qəhrəmanı Martina da siçanlar gəzişən daxmadan gözəl mənzillərəcən gedib çıxır, ancaq Zoluşkadan fərqli olaraq, sonda o, elə həmin daxmada siçovullara yem olur.

 

Martina ədəbiyyatda klassik Kozetta taleyinin əks qütbündədir.

 

Triole öz qəhrəmanının taleyindəki təbəddülatı elə psixoloji təfərrüatla işləyə bilib ki, mən bu "yeni roman"da Dostoyevski təsirini açıq-aşkar hiss etdim və ümumiyyətlə, mənə elə gəlir ki, Triole üçün XIX əsr rus ədəbiyyatı həmin əsrin fransız ədəbiyyatından daha doğmadır.

 

Dostoyevski təsirini Natali Sarrotda daha artıq hiss edirsən.

 

Həcmcə kiçik olan "Siz onu eşidirsiniz?" romanı, belə demək olarsa, bədii-psixoloji romandır (psixologiya romanıdır) və buradakı atalar və oğullar problemi ənənəvi nəsillər problemindən fərqli olaraq, ayrı-ayrı məktəblər, zövqlər, dəblər problemi yox, dərin psixoloji ziddiyyətlər problemidir.

 

Övladların zarafatı, gülüşü atanın daxili aləmini sarsıdır, hətta həmin daxili aləmi məhv edir və mənə elə gəldi ki, buradakı psioloqizm "Qaratoxmaq qadın"dan**  "Karamazov qardaşları"na gedən möhtəşəm rus bədii-psixoloqizminin davamıdır.

 

Bəlkə hissə qapılıram? Ola bilər.

 

Onsuz da oxucunun fikri - subyektiv fikirdir və burada mütləqlik axtarmaq lazım deyil.

 

ELÇİN

 

525-ci qəzet.- 2020.- 19 sentyabr.- S.14.