Azərbaycan xalçaçılıq sənətinin bilicisi

 

QÜDRƏT HİDAYƏT TÜRKHANIN 1968-Cİ İLDƏ LONDONDA NƏŞR OLUNMUŞ "İSLAM XALÇALARI" KİTABI HAQQINDA QEYDLƏR

 

Avropa arxivlərində nə axtarsam, mütləq  Azərbaycandan bir səsə, bir rəngə rast gəlirəm. Bu tanış izləri  böyük maraqla təqib edirəm və ölkəmizin xarici ölkələrdə iz qoymasına, əlbəttə, həddindən artıq sevinirəm.

Qurban Səid (Əsəd bəy) haqqında tədqiqat apararkən təsadüfən Züleyxa Əsədullayeva ilə bir reportaja rast gəldim. Əslində, Züleyxa xanımın soyadı Əsədullayeva deyil, Meylamovadır. Çünki atasının adı Xələf Meylamovdur. Anası Ağabacı Əsəddullayeva, Şəmsi Əsədullanın qızıdır.

1920-ci ildə Qırmızı ordunun Azərbaycana hücumundan sonra Xələf Meylamov bolşeviklər tərəfindən həbs edilir. Xanımı Ağabacı Əsədullayeva və uşaqları Türkiyəyə qaçmağı bacarırlar. Züleyxa Əsədullayeva bir amerikalı ilə evlənərək Amerikaya köçür. Anası Ağabacı Əsədullayeva az sonra Türkiyədə vəfat edir. Oğulları Əsəd, Hidayət və Səməd isə Türkiyədə yaşayırlar.

Bu ailəni araşdırmağımın səbəbi Züleyxa Əsədullayevanın qardaşı Əsəd Meylamovdur. Banin "Qafqaz günləri" əsərində tez-tez Əli və Əsəd Meylamovlardan danışır. Digər tərəfdən, Züleyxa Əsədullayeva da müsahibəsində Əsəd Bəylə (Qurban Səid) qardaşı Əsədin çox yaxın dost olduqlarını deyir.

Əsəd bəyin izini axtararkən, ehtimal ki, qardaşı olan Qüdrət Hidayət Türkhanın izini tapdım. Daha doğrusu, kitabını tapdım. Azərbaycanda bir bloqerin (Cavidaga.com) diqqətini çəkən kitabı İsveçrədən köhnə kitabların satıldığı bir mağazadan sifariş etdim. Gözəl xalça motivi ilə bəzədilmiş kitabın üz qabığında (Islamic Rugs) "İslam xalçaları" yazılıb. Müəllifi Qüdrət H.Türkhandır.

1968-ci ildə Londonda "Arthur Barker" nəşriyyatı tərəfindən yayımlanan kitabın redaktoru xanım Lynne Thornton dünyaca məşhur sənət tarixçisidir. Şərqşünaslıq və Afrika rəssamları haqqında kitablar yazan, Avropada yaxşı tanınan Lynne Thornton Paris, Amsterdam və Brüsseldəki sənət mərkəzlərində, sənət fakültələrində mühazirələr oxumuş, radio və televiziya proqramları hazırlamışdı.

Qüdrət H.Türkhan bütün şərq xalçalarını rəngləri, toxuma üsulları və hekayələri ilə birlikdə izah edən kitabını həyat yoldaşına və qayınatasına ithaf edir. Müəllif əvvəlcə kitabında xalçalarla ilk tanışlığına və bir xalçaya necə valeh olduğuna belə aydınlıq gətirir:

"Bütün ömrümü xalçaların əhatəsində keçirdim. Mən bir Qafqaz türküyəm. Abşeron yarımadasında, Bakıdan bir qədər aralıda, babamın kəndi olan Hilədə təsəvvür olunmayan dərəcədə zəngin bir xalça kolleksiyamız var idi. Xalça mütəxəssislərinin babam Ağa Şəmsi bəy Əsədulla ilə danışıqlarına qulaq asır, xalçaların mənşəyi və istehsalı, sənətkarlıqla bağlı müzakirələri dinləyirdim...

1916-cı il bir bayramda əmimi ziyarət edib əlindən öpməyə gedirdim. Bayram ziyarətləri uşaqlar üçün ailə münasibətlərinin inkişafı baxımından xüsusilə vacib idi. Azərbaycan türkləri arasında güclü bir şəxsiyyət olan Hacı Zeynəlabdin Şərqə aid xüsusi əsərlər toplamağı sevirdi. Dörd il əvvəl məşhur rus kolleksioneri Kont Strogonovun almaq istədiyi bir xalçanı Sankt-Peterburqdakı auksionda 75.000 rubla almışdı. Xalça XVII əsrin əvvəllərində fars imperiyasında toxunmuş xalçaların ilk nümunələrindən idi. İlk dəfə Polşa bazarında satılmışdı.

Əlini öpmək üçün Hacı əminin qarşısına keçəndə bütün fikrim qızıl taxtının qarşısındakı möhtəşəm xalçaya yönəldiyindən dərslərim və gələcək təhsil planlarımla bağlı sualların heç birinə cavab verə bilmədim. Xalça ipək boyalı, açıq firuzəyi, yaşıl, mavi və zərif çəhrayıdan toxunmuşdu və içərisində qızıl saplar parıldayırdı.

Hacı əminin suallarından çox xəcalət çəkəndə anam müdaxilə edib soruşdu:

- Qüdrət, nə olub yenə? Bayaqdan fikrin xalçadadır. Baxdığın bəs deyil?

Xalçanın haradan gəldiyini və dəyərini bilmədən titrək səslə anama cavab verdim:

- Ana, bu xalça əsl ləl-cəvahiratdır. Dədəmin evində belə möhtəşəm xalça yoxdur.

Hacı Əmi gözəl bir təbəssümlə öncə mənə, sonra anama baxdı. Sonra da "Oğlunuzun gözəllikdən xəbəri var, nə qədər gözəldir" deyib mənə tərəf döndü:

- Sənə söz verirəm, bu gündən sonra bu xalça mənim deyil, sənindir. Öz evin olanda o xalça sənin olacaq. Ancaq o vaxta qədər icazə verin məndə qalsın.

İndi yenə də o xalçanın Hacının evində, Bakıda Dövlət muzeyində olduğunu düşünürəm".

Qüdrət H.Türkhan kitabda Azərbaycanda xalçaçılıq sənətinin necə təşəkkül tapması məsələsinə də toxunur:

"Ölkədə zəngin neft quyuları tapılana qədər qəbilələrin işi qoyun-keçi yetişdirmək, pambıq, taxıl və ipək istehsal etmək idi. Vaxt keçdikcə insanlar XVIII əsrdən daha sıx şəkildə xalı toxumağa başladılar və Tbilisi bazarında sataraq pul qazandılar".

Qüdrət H.Türkhan Azərbaycanda ən əhəmiyyətli xalça kolleksiyasının onun ailəsində olduğunu və zamanla evdə xalça ilə bağlı ciddi müzakirələrin yaşandığını qeyd edir:

"Babamın evimizdəki xalça kolleksiyasına baxan xalça satıcısı Şöhlət Ağa bir gün bizə gəldi və babama Tbilisidə əhəmiyyətli bir xalça satışının olacağını bildirdi. Babam ona qiymət və miqdarından asılı olmayaraq kolleksiyanı evdə zənginləşdirəcək hər cür xalça ala biləcəyini tapşırdı. Hamı Şöhlət Ağaya qəzəbləndi, çünki ev xalça ilə örtülmüşdü və evdə addımlamaq üçün yer yox idi. Evdəki insanlar ondan yeni xalçaları hara qoyacağını soruşduqda:

- Narahat olmayın, - dedi - Hər yerdə hər zaman gözəllik üçün boş bir yer var. Yerdə olmasa, xalçaları divarlara asacağıq".

Kitabda İslam dünyasında toxunmuş xalçalardan və kilimlərdən bəhs edilir, Quba, Təbriz, Xorasan, Bergame və Hərəkə xalçaları xüsusi vurğulanır. Müəllif Qafqaz xalçalarının motivlərindəki sirləri, rənglərin təbiətini təsvir edir:

"Qafqaz xalçaları demək olar ki, həndəsi naxışlarla toxunur. Motivləri tovuz quşları, dəvələr, itlər və insan fiqurlarıdır. Ulduzlar, kvadratlar brilyantlarla bəzəndikləri üçün digər xalça qruplarından da fərqlənirlər. Boyalar bütün Şərq xalqları üçün böyük əhəmiyyətə malikdir. Firuzəyi rəng ən vacib rənglərdən biridir. Kasıbdan varlıya qədər bütün insanlar pis gözlərdən qorunmaq üçün bu rəngdə olan daşa sahibdirlər. Bu gün də onu Türkiyədə, İranda tapa bilərsiniz və köçərilərin uşaqlarında, heyvanlarında belə firuzəyi mavi muncuq tapmaq olar. Gözmuncuqları hətta maşınlara da yapışdırılır. O muncuqdan mənim avtomobilimdə də var və bu ənənəyə sadiq qalaraq həyat yoldaşıma firuzə rəngli nişan üzüyünü almışam.

... Yaşıl rəngin Peyğəmbərin rəngi olduğuna inanılır və müqəddəs sayılır. Ağ rəng, xüsusən namaz xalçalarında qeyri-adi, dinclik və əmin-amanlıq deməkdirsə, qırmızı rəng türklərin milli rəngi və qələbə simvoludur. Sarı rəng zənginliyi və dünyəvi müvəffəqiyyəti simvollaşdırır. Monqolların və tatarların milli rəngi qara rəngdir. Qara rəng həm də müharibə və qələbə deməkdir. Çəhrayı rəng türkmənlər üçün ləyaqəti təmsil edir. Mavi rəng tale deməkdir".

Xalçaların rənglərindən və motivlərindən söz açan müəllif şahidi olduğu bir toxuculuq prosesini təsvir edir və Şərq xalçalarının özünəməxsus ştrixlərindən danışır:

"Bəziləri mənə xalçalarla bağlı suallar verirlər. Xalçaların incəliklərini və qüsurlarını öyrənmək istəyirlər. Xalçalardakı sadə qüsurların haradan qaynaqlandığını düşünürlər. O antik və ya yarıantik xalçaların, kilimlərin Qərb sivilizasiyalarının təsirlərindən uzaqlarda, dağlarda, Asiya çöllərində yaşayan təhsilsiz insanlar tərəfindən, əsasən özlərinin  istifadəsi və təbii zövqləri ilə toxunduğunu unutmamaq lazımdır.

Müsəlman toxucular sadiqdirlər, hər şeyin mükəmməl olacağına inanırlar. Onlara görə yalnız Allah kamildir. Ayrıca xalçaların əksəriyyəti motivləri əzbər bilən gənc qızlar və ya qadınlar tərəfindən toxunur. Bu proses təkrarlanan bir iş olduğundan, xüsusən də əliuşaqlı analar düyünləməyə çox da əhəmiyyət vermirlər. Nəhayət, köçəri xalçalar dəzgahdan çıxarılır, günlərlə yuvarlanır və sonra yenidən birləşdirilir, beləliklə, xalçalardakı şəkillər dəyişdirilir".

Müəllifin rəngarəng uşaqlıq illəri, zəngin həyatı və səyahətləri ona yalnız xalçaları deyil, digər Şərq sənət əsərlərini də tanıdıb. Şərq ölkələrindəki zəngin şifahi ədəbiyyat, dildən-dilə danışılan əhvalatlar, ailədəki bu mövzuda aparılan müzakirələr kitabındakı rəngli xalçalar misalı söz inciləri kimi parlayır. Bu incilərdən hazırlanmış bir namazlıq xalçasının (canamaz) hekayəsi həm dramatik, həm də çox maraqlıdır:

"Sizə söyləyəcəyim bu qısa hekayə Şərq üçün namazlıq xalçalarının nə demək olduğunu göstərəcək. 1917-ci ildə babamla mən Xəzər dənizinin kənarında, Qızıl Avrat ilə Daşkənd arasındakı pambıq sahələrini və fabrikləri gəzdik. Mir Əhməd Əmir Xan adlı köçəri bir qəbilənin başçısının qonağı idik. Qaldığımız türkmən çadırı cürbəcür qiymətli xalçalarla örtülmüşdü. Həmin xalçalardan göz oxşayan bir namazlıq xalçası Əmir tərəfindən babama hədiyyə edildi. Xalçanın gözəlliyi  babamı  heyran etdi. Namazlıq xalçası ipəkdən toxunmuş və üstünə "La ilahə illəllah, Məhəmmədin Rəsulullah" yazılmışdı. Babam ona öz evində çox qiymətli xalçaların, o cümlədən, namazlıq xalçaların olduğunu bildirdi:

- Oğul, bunu mənə versən, bir daha görməyəcəksən və kədərlənəcəksən, -  dedi.

Əmir belə cavab verdi:

- Bu namazlıq xalçasını atamın anadan olduğu vaxt nənəm toxudu. İndi təəssüf ki, bir varisim yoxdur. Namazlıq xalçasını götürsən, mənə böyük bir şərəf verərdin.

Qafqaz valisi Nikolay Nikolayeviç babamın qonağı idi. Evimizdə o namazlıq xalçasını gördü və heyrətləndi. Babamdan xalçanı ona verməsini xahiş etdi. Babam dedi:

- Zati-aliləri, bu evdə istədiyin xalçanı götürə bilərsən, amma bu namazlıq xalçasını verə bilmirəm. Sən başqa bir dinə inanırsan. Bu xalçanı sənə versəm, nəvələrimin bəxti gətirməz".

Gözəl xatirələr və hekayələrlə bəzədilmiş kitabda çox mətləblərə toxunulur. Müəllif əjdaha motivli Quba xalçalarının erməni tacirlər tərəfindən dünyanın müxtəlif ölkələrində necə satılması məsələsinə də toxunur:

"Üzərində əjdaha motivləri olan Quba xalçaları artıq Qubada deyil, İrəvanda toxunur və xaricə satılır. XVII-XVIII əsrlərdə Qubada möhtəşəm xalça mərkəzləri açılmışdı. Varlı erməni tacirlər o dövrdə Qubadan xalçalar almışdılar. Şimali Amerikaya gedən və indi satılan xalçaların böyük bir hissəsi həmin o Quba xalçalarının  motivləri ilə əlaqələdir".

110 səhifəlik kitabın üzqabığı Topqapı sarayında olan rəngli bir xalçanın şəkli ilə bəzədilib. Kitabın müəllifi Qüdrət Hidayət Türkhan sonralar Braziliyaya köçüb və orada vəfat edib. Onun bu gün Türkiyədə varislərinin, qardaşı övladlarının olub-olmamasını araşdırmağa ehtiyac var.

 

Orxan ARAS

 

525-ci qəzet.- 2020.- 19 sentyabr.- S.11.