Nyutonun pişikləri
Deyilənə
görə, dahi fizik Nyutonun biri böyük, o biri balaca iki
pişiyi varmış. Onların həyətdən
evə girmələri
üçün Nyuton
ev qapısının
aşağı tərəfində
iki deşik açmışdı - biri
böyük pişik üçün böyük
deşik, o biri də balaca pişik üçün balaca deşik. Beləliklə, hər pişik
özünə aid deşikdən
keçib evə girə bilirdi.
"Nadan" adamlar deyərdi ki, iki pişiyin evə girməsi üçün elə bircə böyük pişik üçün açılmış böyük
deşik də yetərli ola
bilərdi. Guya balaca pişik də bu böyük deşikdən
istifadə edə bilərdi. Amma yox!.. Belə olardısa, o
zaman 16-cı əsrdə hələ izi-tozu belə görünməyən ədalət
prinsipinin qəribə bir
damarı vaxtından əvvəl işə düşərdi.
O damarı ki, sonralar onu demokratik
prinsip kimi qəbul edəcəkdilər.
Bu prinsipə əsasən, böyüklüyündən, kiçikliyindən,
sanbalından, siqlətindən,
nüfuzundan, çəkisindən,
mövqeyindən, yerindən
(yavaş-yavaş ictimai-siyasi
müstəviyə yaxınlaşıram),
nəhayət, imkanından,
imkansızlığından asılı olmadan hamı, cəmiyyət içində yaşayan hamı eyni hüquqa malik olub eyni "qapıdan" keçəcəkdilər.
Nazirin yanında müəllim, hakimin yanında mühəndis, milyonçunun
yanında fəqir və sair və
ilaxır. Hamısının yolu bir böyük
deşikdən keçmiş
olacaqdı. Buna hansı cəmiyyət imkan verər?! Ay sağ ol.
Demokratik
cəmiyyət. Bizdə isə
iki deşiyin ikisi də var
və o deşiklər,
hələ ki, "işləyir". Yaxşı ki,
hələ deşiklərin
sayı ikidir, çox deyil. Daha xırda detalizasiyalara ehtiyac yoxdur. Yaxşı ki, belə deyək,
"Nyutonun iki pişiyi varmış".
Bir-birindən bir az xırdalar
və bir az böyüklərə ayrılmağımız baş
tutmayıb. Var bir böyük
deşik və var bir balaca
deşik. Hər birimiz
başımızı aşağı
salıb öz deşiyimizi yaxşı tanıyırıq.
Bu iki müxtəlif
deşikdən keçənlərin
hər dəstəsinin
öz psixoloji durumu formalaşmaqdadır.
Bilmirəm, siz fikir vermisiniz,
ya yox, bizdə
böyük deşikdən
keçənlərlə balaca
deşikdən keçənlərin
ünsiyyət formasında
qəribə nüanslar
özünü göstərir. Böyük
deşiyin adamı ünsiyyət zamanı o biri deşiyin adamına yuxarıdan aşağı elə baxır ki, binəva, böyük nədi, balaca deşikdən keçməyə
belə, az
qalır utansın. Bəlkə də bu məqam
mənim diqqətimi xüsusi olaraq cəlb eləməzdi, bunu tərbiyə və qanacağın dərəcəsinə aid edərdim.
Amma!
Siz həmən
böyük deşik adamının bir xarici ilə ünsiyyət formasına
da fikir veriniz. Bizimki onun yanında
özünü balaca
deşik adamı kimi aparır. Süni və təbii təbəssümlər, etik
normaların təntənəsi,
rahatlıq və üzdəki məmnunluq, heyranolmanın ən müxtəlif çalarları
adamı valeh edir. Zalımın balası, sən
belə bacarırsansa,
öz həmvətənindən
bunu niyə gizlədirsən?! Bu "ikili" standart axı artıq siyasi və daha çox parazitoloji məqamlardan xəbər verir.
Bizdə indi Azərbaycan dilinin vacibliyi, onun öyrənilməsinin
əhəmiyyəti yenə
yada düşüb. Zaman-zaman
bu durum
xatırlanır və sanki borc qaytarırmış kimi
dilimiz "pay" verilir. "Dilimiz əldən
getdi" kimi şüarlar yenə gündəmdədir.
"Başqa dildə oxuyanlardan
milli mənafeyimizi qoruyan
çıxmaz" deyib dad
qılanlar unudur ki, başqa dildə oxuyanlar, zaman bunu "zaman-zaman" göstərib, milli
mənafe ortaya gələndə daha çevik, daha geniş
düşünə bilirlər. Və onlar
vətəni sevməkdə heç də
o birilərindən geri
qalmırlar. "Vətəni sevmək" deyilən bir xüsusiyyət heç
də özəl imtiyaz deyil,
kimlərinsə inhisarı deyil.
Mən bir hadisəni
xatırlayıram. Bir amerikalı Azərbaycana
tibbi amacla uzunmüddətli
proqram əsasında işləməyə
gəlmişdi. Təzə-təzə müstəqil olduğumuz zamanlar idi. O, təbii ki, hər
özünə dəyər verən xarici
kimi üç il yaşayacağı ölkənin dilini öyrənmək istədi. Hətta
yadımdadı ki, öz
ailə üzvlərini də bu işə
cəlb eləmək niyyətindəydi. Bu,
onun Azərbaycan dilini
sevdiyinə görə deyildi. Öz işinə məsuliyyətlə
yanaşdığına görə idi. Və
indi düşünürəm, bu, həm də ondan xəbər
verirdi ki, bu adamı Azərbaycana gəlməzdən əvvəl
heç bir xüsusi xidmət orqanları müvafiq
instruksiyalarla tanış edib
buradakı sosial vəziyyəti real şəkildə ona
anlatmamışdılar. Anlatsaydılar, o
bilərdi ki, Azərbaycanda bir xarici Azərbaycan dilini bilməsə də, normal
şəkildə işləyə bilər. Bir
az sonra o, bunu bildi
və Azərbaycan dilini öyrənməkdən
imtina etdi. Bu, ona lazım olmadı. Çünki biz
hamımız - hansı dildə hansı məktəbi
qurtarmağımızdan asılı olmayaraq
- hamımız bu xaricinin
Azərbaycandakı sosial əhatəsinə
öz doğma dilimizin çəmbərini çəkə
bilmədik. Bəlkə heç bu barədə düşünmədik. O adam rusca yaxşı-pis bilirdi və bu ona Azərbaycanda işləməyi üçün yetərli oldu.
Tələsməyək. Ruscanın bu
araçılığını qınamağa tələsməyək.
İndi guya ki, nə dəyişəcəkdi?! İndi də ingilisdillilərimiz bu dostumuzun, necə deyərlər,
"çulunu sudan
çıxarmasına" kömək edəcəkdi.
Bilirsinizmi, mənim qəti fikrimdir ki, dilimizin xaricilər tərəfindən maraq obyekti olmasının əsas səbəbi biz azərbaycanlıların öz ölkəmizə verdiyimiz dəyərlə bağlıdır. Mən dəfələrlə şahidi olmuşam ki, xarici ölkə universitetlərində Azərbaycan dilinə, ədəbiyyatına, tarixinə, ümumiyyətlə, multikultural durumuna münasibət ölkəmizdəki siyasi durumun istiqrar dərəcəsi ilə bağlıdır. Adam Azərbaycan dilini ona görə öyrənmək istəyir ki, bu ölkənin dünya ölkələri sistemindəki yeri onun üçün maraqlı olur. Açıq desək, mən inanmıram ki, hansısa başqa bir postsovet respublikasında (əlbəttə ki, Baltikyanı ölkələri çıxmaq şərtilə) yerli dilə bu dərəcədə maraq olsun. Bu isə ölkənin özünəinamlı inkişafı və özünəhörmətin müqabilində olur, desək, səhv etmərik.
Həmən
xarici dostum Azərbaycanda öz işini uğurla görüb
geri qayıtdı. Mən indi
düşünürəm: o, özü ilə burdan nə
apardı?! Bilmirəm. Amma o
şübhəsizdir ki, əgər o adam burdan
Azərbaycan dilini də özü
ilə aparsaydı, digər apardıqlarının (təəssürat,
xatirə və sair) ömrü
qat-qat uzun olardı.
Dilə qayıdaq. Mən bunu dəfələrlə demişəm ki, iki-üç nəfər
azərbaycanlının bir-birilə rus
dilində və ya hər hansı başqa xarici dildə
danışması ilə dil əldən
gedə bilməz. Əksinə, əgər bu
adamlar qol-qanadını
sındıra-sındıra Azərbaycan dilində
danışsalar, bəlkə dil bu zaman əldən
getmək yoluna qədəm qoyar. Bu, məsələnin
kvazielmi yozumu. Digər
tərəfdən, nəhayət, biz bunu bilib yaddan
çıxarmamalıyıq: Əgər dil
iki, ya da
üç nəfərin başqa
dildə danışması ilə əldən gedəcəksə,
o dil dünəndən
əldən getsə yaxşıdır. Bu
da məsələnin kvaziyumoristik
tərəfi.
Məsələyə
bir qədər başqa müstəvidən yanaşaq. Bu gün bir
gəncin milli, yaxud qeyri-milli dəyərlər əsasında
formalaşmasının üç əsas
komponenti var. Bu, ailə, küçə və məktəbdir.
Azərbaycan Prezidenti bu
yaxınlarda məktəbli və şagirdləri yeni dərs ili münasibətilə
təbrik edərkən ailə komponentinin
əhəmiyyətini və məsuliyyətini xüsusi
qeyd elədi. Həqiqətən
də, əgər biz bu
gün milli gələcəyimizin
keşiyində durub onu
ancaq dil bilgisi ilə məhdudlaşdırmaq istəyiriksə
(əlbəttə ki, burada
dili təkcə bilməkdən söhbət
getmir, eyni zamanda, dil vasitəsilə
dərk edilən milli kimliyimiz
də söz konusudur),
bunun məsuliyyətini ancaq məktəbin üzərinə qoymaq düzgün deyil. Ailə, başqa
sözlə, tələbkarlar burada öz yaxalarını qırağa çəkə
bilməzlər. Yoxsa, əks təqdirdə
elə anlaşılar ki, tələbkar öz boynundan hər cür məsuliyyəti atmaq
istəyir. Başqa dildə təhsil alan övladı ilə bacara
bilmədiyini bəribaşdan boynuna
alır. Tələbkarın məsuliyyəti bir
gənc üçün hansı dildə,
hansı şəraitdə, vətəndən hansı
uzaqlıqda oxumasından asılı olmadan
onun milli dəyərlər
üzərində formalaşması işinə öz töhfəsini verməlidir. Bundan boyun qaçırmaq
tələbkarın bugünkü
iradını şübhə altına alır və milli inkişaf
strategiyasına kökündən ziddir.
Deməli!!!
Deməli,
bir azərbaycanlı övladı hansı dildə
oxumasından asılı olmayaraq bir azərbaycanlı kimi
formalaşmalıdır. Budur əsas
məsələ! Və onu da nəhayət, bilək ki,
başqa dillərdə oxumağı milli dayaqlara xəyanət
etmək kimi qiymətləndirmə
naşılığının zamanı artıq keçdi. Bu
nağıllara inananlar get-gedə
azalır və bu, gözəldir. Bu gün
övladlarımız, gənclərimiz nəinki, rus, ingilis, fransız, alman, hətta İndoneziya
dilində, Çin dilində oxumaq istərlərsə, nə gözəl. Oxusunlar! Biz dünyaya açılmış bir ölkəyik. Təkcə Azərbaycan
dilində haracan gedəcəyik?!
O ki
qaldı milli məsələlərə, onların mütəxəssislərinə
və "mütəxəssislərinə" belə deyərdim.
Siz dilin
hayına qalmayın. Dil öz
hayına özü qalmağı
yaxşı bacarır. Bu dil
əgər sovet dövründən keçib gəlibsə, ona
zaval yoxdur. Siz azərbaycanlı gəncin milli
dəyərlər üzərində tərbiyəsini düşünün. Başqa
dilli məktəblərdə Azərbaycan
multikultural ənənələrinin
yaşamasının harayını çəkin. Çünki budur Azərbaycanın
dünya xəritəsində yerini möhkəmlədən əsas mənəvi
platforma. Bu
platformanı möhkəmlətmək uğrunda
çaba göstərməmiz
lazım. Həmən
məktəbləri bitirən gənclər isə, sizi inandırıram ki,
sizlər tərəfdən bu cür "milli" məhəbbətlə
əhatə olunsalar, sizlərin
qatqınızı unutmayacaq və gələcəkdə
sizlərə bu yolu
seçdiklərinin doğru seçim olduğunu sübut edəcəklər.
Biz
çox zaman demokratik ruhlu mədəni adamlar olduğumuzu
ortaya qoymaq istəyirik. Bizə belə gəlir ki, çəngəl-bıçağın yerini düz müəyyənləşdirməklə
bu məsələni uğurla
həll edirik. Amma iş bununla bitirmi?! Bitmir.
Demokratiyanın bizim tərəfimizdən,
təəssüf ki, unudulmuş
bir düsturu var. O düstur belə səslənir:
Mən sənə nifrət edə bilərəm. Amma mən həyatımı verərəm ki, sən öz fikirlərini
sərbəst şəkildə ifadə edə biləsən.
Volterin hələ 18-ci əsrdə
formullaşdırdığı ideya.
Demokratiyanın təməl prinsiplərindən biri.
Başqa
bir təməl prinsip belə səslənir: Özünə
rəva bilmədiyini başqasına rəva bilmə. Bizim az qala
başına and içdiyimiz,
amma... Yenə də amma!!!
Amma çoxumuzun hələ
də əvvəldən axıra qədər
oxumadığımız "Kitabi-Dədə Qorqud" dastanında bu prinsipin aparıcı ideyalardan
biri olduğu məlumdur.
Dastanı oxumuş olsaydıq, vaxtilə Nyutonun açdığı o
böyük deşiyin
yolçuları olaraq balaca
deşiyin yolçularına sayğı duruşunda bulunmazdıqmı?!
Amerikan dramaturqu Yudcin O,Nilin sözləridir.
Deyir ki, biz dilənçilərə
minnətdar olmalıyıq.
Çünki onlar bizə
imkan verirlər ki, biz onlara kömək edək.
Məhrumiyyətlər içində
itib-batan hər adam bunu etməyə
icazə verməz. Xəstə yanında sağlamlığımızdan
utanmırıqsa, ac yanında
toxluğumuz bizi qıcıqlandırmırsa, biz kimik, nəyik? Öncə bunu düşünək.
Sonra köməyə heç bir ehtiyac olmayan
məsələləri, xüsusilə
dillə bağlı məsələləri ön
plana çəkək
və "həll etməyə" çalışaq.
Bu məmləkətin başqa, daha real problemləri yoxdur məgər?! Nə özünüzün,
nə də başqalarının daxilindəki
enerjini səpələməyin,
dağıtmayın, lütfən,
cənablar. O enerjinin
misli-bərabəri yoxdur, qiyməti dünyalar qədərdir.
... Nyutonun pişiklərinə gəlincə. Elə bircə müxtəlif diametrli deşiklər açması və ölçüsünə, sanbalına görə hər pişiyə ona aid yol verməsi bu nadir şəxsiyyətin siyasi-ictimai baxışlarını ortaya qoyur. Pişiklərin bəlkə də rahatlığını qorumaq, onların bir-birilə qapışmasını əngəlləmək üçün gördüyü bu nəcib iş hardasa yaddan çıxıb və o, indi bizim təsəvvürümüzdə əsl mühafizəkar kimi yaşayır.
Kamal ABDULLA
ADU-nun rektoru, Xalq
yazıçısı
525-ci qəzet.- 2020.- 19 sentyabr.-
S.10.