Güneydəki ana dilli ədəbi
irsimizin unudulmaz tədqiqatçısı
MƏRHUM PROFESSOR
HÜSEYN HƏŞİMLİNİN GÜNEYLİ
ŞAİR SƏİD SƏLMASİ HAQQINDA ARAŞDIRMALARI
MÜHÜM ELMİ DƏYƏR KƏSB EDİR
Naxçıvan
elmi mühitində Cənubi Azərbaycana dair
araşdırmaların əsas istiqaməti cənublu ədəbi
simaların mühiti, həyatı və ədəbi irsi, Cənubi
Azərbaycanda ana dilli mətbuat, Azərbaycan dilinin cənub
qoluna məxsus şivələr, toponimlər və onların
müqayisəli təhlili, Cənubi Azərbaycan ədəbiyyatının
tədrisi məsələlərinə yönəldilib, bir
sıra əhəmiyyətli elmi nəticələr əldə
edilib.
Cənubi
Azərbaycan mövzusu istiqamətində Naxçıvan elmi
mühitində tədqiqat aparan elm adamları sırasında
akademik İsa Həbibbəyli, filologiya elmləri doktorları
Yavuz Axundlu, Fərman Xəlilov, Hüseyn Həşimli, Qalibə
Hacıyeva, Əsgər Qədimov, filologiya üzrə fəlsəfə
doktorları Nəzakət İsmayılova, Xanəli Kərimli,
Əli Qəhrəmanov və başqalarının xidmətləri
böyükdür.
Cənubda yaşayan söz sənətkarlarının
yaradıcılığının tədqiqi unudulmaz alimimiz,
mərhum professor Hüseyn Həşimlinin elmi
araşdırmalarında da mühüm yer tutmaqdadır. Alim Cənubi
Azərbaycandan olan nakam taleli şairimiz Səid Səlmasi
haqqında ilk sistemli və əhatəli tədqiqat işinin
müəllifi kimi bir sıra elmi araşdırmalarını
bu mövzuya həsr etmişdir. Onun "Fədakar vətəndaş,
novator şair", "Nəzirə sonetə nəzirə,
yaxud Əhməd Kamal və Səid Səlmasi",
"Romantik şair Səid Səlmasinin təvəllüd
tarixi və tərcümeyi-halının Bakı dövrü
barədə bəzi qeydlər", "Səid Səlmasinin
publisistikası", "Müasirləri Səid Səlmasi
haqqında", "Nazire soneye nazire, yahud Ahmet Kemal ve Seit
Selmasi" elmi məqalələri bu istiqamətdədir. Alimin məqalələrində S.Səlmasinin
ömür yolu, ədəbi və publisistik əsərləri,
müasirlərinin ona münasibəti konkret faktlarla
araşdırılaraq ədəbi-elmi ictimaiyyətə təqdim
olunmuşdur. Onun Təbrizdə
"Körpü" jurnalında dərc olunan "Fədakar
vətəndaş, novator şair" məqaləsində S.Səlmasinin
ömür yolu və yaradıcılığının əsas
məqamları şərh edilib. Gənc şairin - bir əlində
silah, bir əlində qələm - Səttarxan hərəkatında
iştirak etməsi, 1909-cu ildə döyüşlərin
birində aldığı yaradan həyatla vidalaşması,
bu ağır itkinin ədəbi mühitdə də
böyük kədərlə qarşılanması, bu
münasibətlə M.Hadi və Ə.Qəmküsarın mətbuatda
dərc etdirdikləri şeir və məqalələri
haqqında da yazıda geniş məlumat verilmişdir. S.Səlmasini
istedadlı şair və publisist, Cənubi Azərbaycanda sonet
janrının ilk və uğurlu nümunələrini yaradan
biri kimi qiymətləndirən alim geniş və əhatəli
təhlili əsasında belə qənaətə gəlir ki,
"Səid Səlmasi həm fədakar vətəndaş kimi
mübarizələrlə dolu, fəqət qısa
ömür sürmüş, həm də Cənubi Azərbaycanda
poeziyanın janr baxımından yeniləşməsində
novator şair kimi əhəmiyyətli rol oynayıb".
H.Həşimli
bu istiqamətdəki tədqiqatlarını daha bitkin formada
2013-cü ildə "Səid Səlmasi"
monoqrafiyasının nəşri ilə
yekunlaşdırmış, ötən əsrin əvvəllərində
Güney Azərbaycanda elmin, maarifin, mədəniyyətin tərəqqisi,
yüksəlişi istiqamətində çoxşaxəli tədbirlər
həyata keçirmiş, məktəblər, mətbəələr
açmış, mətbuat orqanları nəşr
etdirmiş, həmçinin, Səttarxan hərəkatında,
hürriyyət uğrunda mübarizələrdə çox
yaxından iştirak etmiş, fədai şair kimi şöhrətlənmiş
S.Səlmasinin həyat və yaradıcılıq yolunu zəngin
materiallar əsasında ilk dəfə sistemli tədqiqata cəlb
etmişdir. Şair-publisist, azadlıq mücahidi Səid Səlmasi
haqqında yazılan monoqrafiyanın elmi dəyərini
artıran ən mühüm cəhət isə müəllifinin
də qeyd etdiyi kimi, "kitab hazırlanarkən mövzu ilə
əlaqədar son yüz ildən artıq dövrün aid mətbuat
materialları, ədəbi, elmi qaynaqları
araşdırılmış, Azərbaycanla yanaşı,
İran, Türkiyə və Rusiyada nəşr olunmuş
müvafiq əsərlərə müraciət olunmuş, bir
sıra məsələlər ilk dəfə
aydınlaşdırılmış, yaxud dəqiqləşdirilmişdir".
Monoqrafiyanın "Məslək fədaisinin ömür səhifələri,
mühiti, müasirləri" bölməsində S.Səlmasinin
təvəllüd tarixi, doğulduğu yer, ailə və təhsil
mühiti, mühitdəki əlaqələri, səyahətləri,
maarifçi kimi fəaliyyəti, Səttarxan hərəkatında
iştirakı, siyasi-inqilabi fəaliyyəti və əlaqələri,
ölümü ilə bağlı məqamlar, müasirlərinin
onun haqqındakı fikirləri konkret qaynaqlar əsasında
geniş şərh olunmuş, onun ömür yolu ilə
bağlı əksər qaranlıq məqamlara aydınlıq
gətirilmişdir. Monoqrafiyada S.Səlmasinin inqilabi fəaliyyəti
daha geniş tədqiq edilmiş, Səttarxan hərəkatının
fəal nümayəndələrindən biri kimi siyasi
mübarizələrdə iştirakı, 14 nəfərdən
ibarət azadixahlar özəyi təşkil etməsi,
Türkiyədəki "İttihad və tərəqqi" cəmiyyəti
və gənc türklər hərəkatı ilə inqilaba
yardım məqsədilə əlaqələr saxlaması və
1909-cu il döyüşlərinin birində həlak olması
kimi məqamlar mənbələr əsasında təhlil
edilmişdir. Səlmasinin vəfatının Azərbaycan,
İran və Türkiyədə çox böyük əks-səda
doğurması isə mətbuatda dərc olunan materiallardan
aydın olur ki, bu materialların əksəriyyəti H.Həşimli
tərəfindən ilk dəfə tədqiqata cəlb
olunmuşdur. M.Qənizadə, "Ə.T.",
"Culfalı", "Ə.F." imzalı müəlliflər,
M.Abdullayev, Ə.Qəmküsar, axund Y.Talıbzadə,
Ə.Müznib, M.Hadi, Ə.Hüseynzadə, M.S.Ordubadi,
M.M.Sabit, A.Sur, S.Mümtaz, M.Paşayev, M.Cəfərov,
M.Müsəddiq, C.Xəndan, Z.Əkbərov, İ.Cəfərpur,
M.Aslanov, İ.Ağayev, N.Rizvan, K.Əliyev, Ş.Vəliyev
kimi şair, publisist, ədəbiyyatşünasların S.Səlmasi
haqqında müxtəlif mətbuat orqanlarında dərc
etdirdikləri materialları alimin gərgin zəhməti sayəsində
əldə edilmiş və geniş elmi ictimaiyyətə təqdim
olunmuşdur.
Alimin tədqiqatında S.Səlmasinin
yaradıcılığı da geniş təhlil
olunmuşdur.
"Romantik şairin lirikası" bölməsində
şairin ilk qələm təcrübələri, inqilabi ruhlu
şeirlərinin təhlili yer almış, xüsusilə də
Türkiyə və Rusiya vasitəsilə Avropa ənənələri
ilə tanışlığı nəticəsində sonet
janrının Azərbaycan ədəbiyyatında ilk nümunələrini
yaratması və ədəbiyyatımızın Şərq-Qərb
kontekstində zənginləşməsində, o cümlədən,
janr-üslub baxımından təkamülü və
novatorluğunda onun özünəməxsus xidmətləri
geniş şərh olunmuşdur. Alim S.Səlmasini Azərbaycan
ədəbiyyatında Avropa poetik ənənələrinə
müraciət edən, Avropa poeziyasına xas olan qapalı
qafiyə sistemini sınaqdan çıxaran, şeirin bədii
strukturunda anjambemandan istifadə edən ilk şairlərimizdən
biri kimi təqdim etmiş və bunun konkret nümunələr,
mənbələr, faktlar əsasında elmi tədqiqinə
nail olmuşdur. Qapalı qafiyə sisteminin XX əsrin əvvəllərində
yaşayıb-yaradan H.Cavid, M.Hadi, A.Şaiq, Ə.Səbur kimi
romantiklərin də yaradıcılığında rast gəlindiyini
vurğulayan alim bu qafiyə modelini (abba, qddq, mppm) Səlmasinin
"Füyuzat" jurnalında dərc olunan "Etmə
israr" şeirinin təhlili əsasında geniş şərh
etmişdir. H.Həşimli Səlmasinin "Xəyali-mənfur"
sonetini Azərbaycan ədəbiyyatında bu janrda yazılan
ilk nümunə kimi dəyərləndirmiş, bu janra ən
çox müraciət edənin isə şair Ə.Səbur
olduğunu nəzərə çatdırmışdır.
Alim tədqiqatında sonet janrının tarixinə də nəzər
salmış, yeddi yüz əlli ildən çox tarixi olan bu
janrın ilk nümunələrinin İtaliya ədəbiyyatında
Yakopo da Lentini tərəfindən
yaradıldığını, italyan və ingilis soneti
adlı iki struktur modelinin daha geniş yayıldığını,
ingilis sonetinin yaradıcısının H.Serrey, bu janrı
zirvəyə qaldıranın isə V.Şekspir olduğunu,
populyar bir janr kimi Amerika və Avstraliya ədəbiyyatlarında,
həmçinin, Şərq xalqlarının poeziyasında da
geniş yayıldığını nəzərə
çatdırmışdır. "Xəyali-mənfur"
soneti ilə bağlı geniş təhlil aparan müəllif
əhəmiyyətli bir məqama da toxunmuşdur: "O vaxta qədərki
Azərbaycan poeziyasında, demək olar ki, təsadüf edilməyən
yeni bir poetexnik xüsusiyyət - şeirin bədii strukturunda
anjambemandan istifadə ilk dəfə məhz həmin sonetdə
qeydə alınır ki, bu da bilavasitə Qərb ədəbi
ənənələri ilə bağlıdır". Poeziyamızda anjambemana müraciət barədə
ilk dəfə məlumat verən alim anjambemanın mahiyyəti
və əsas təzahür formaları barədə də
geniş təhlillər aparmış, dünya ədəbiyyatşünaslığındakı
müxtəlif təsnifat və yanaşmalar əsasında
anjambemanın heca, misra və bənd növləri üzrə
qruplaşdırılması qənaətinə gəlmişdir.
S.Səlmasinin "Xəyali-mənfur"
sonetində isə anjambemanın həm bənd, həm də
misra keçid növlərindən istifadə
olunmasını, ümumilikdə isə poeziyamızda misra
keçid növünün kütləviləşdiyini
müxtəlif nümunələr əsasında şərh
etmişdir.
Alim
Naxçıvan-Cənubi Azərbaycan əlaqələrinin
inkişafı istiqamətində də səylə
çalışmış, Cənubi Azərbaycanda nəşr
olunan "Körpü" jurnalında məqalə dərc
etdirməklə bərabər, Naxçıvan Dövlət
Universitetində 2016-cı ildə keçirilən "Şəhriyar
yaradıcılığında müasirlik" adlı
konfransda "Məhəmmədhüseyn Şəhriyar və
klassik Azərbaycan ədəbiyyatı" məqaləsi ilə
çıxış etmişdir. Məqalədə M.Şəhriyarın
Azərbaycan və fars şairləri ilə
yaradıcılıq əlaqələrindən bəhs
olunmuş, əsərlərində bir sıra klassik Azərbaycan
ədiblərinin irsindən yaradıcı şəkildə bəhrələnməsi
diqqətə çatdırılmışdır. Nəbati,
Şükuhi, Ləli, Nizami Gəncəvi, Xaqani Şirvani, Məhəmməd
Füzuli, Saib Təbrizi, Molla Pənah Vaqif, Seyid Əzim
Şirvani, Mirzə Ələkbər Sabir kimi ədiblər
Şəhriyarın bəhrələndiyi klassiklərimiz kimi
təqdim olunmuşdur.
Nəticə olaraq belə qənaətə gələ
bilərik ki, Naxçıvan elmi mühitində Cənubi Azərbaycan
mövzusunda həyata keçirilən çoxsaylı
araşdırmalar içərisində prof. H.Həşimlinin
tədqiqatları öz elmi yeniliyi və aktuallığı
ilə diqqət çəkir. Alimin gərgin əməyi sayəsində
nakam taleli şairimiz S.Səlmasinin həyat və yaradıcılıq
yolu sistemli şəkildə araşdırılmış, əsərlərinin
əksəriyyəti ilk dəfə üzə
çıxarılaraq ədəbi-elmi ictimaiyyətə təqdim
olunmuşdur. Bu
baxımdan alimin tədqiqatı cənubda yaşayan söz sənətkarlarımıza
həsr olunan əhəmiyyətli araşdırma və mənbə
kimi öz aktuallığını hər zaman qoruyub
saxlayacaq.
Sahab ƏLİYEVA
AMEA Naxçıvan Bölməsi
Elmi Kitabxanasının direktoru
525-ci qəzet.- 2020.- 22 sentyabr.-
S.14.