Pandemiya insanlarda daha çox hansı psixoloji problemləri üzə çıxardı?

 

PSİXOLOQ KƏNAN RƏHİMOV: "KARANTİN DÖVRÜNDƏ İNSANLARDA ƏN ÇOX PANİK ATAK VƏ DEPRESSİYANIN KÜTLƏVİ HAL ALDIĞINI MÜŞAHİDƏ ETDİM"

 

Pandemiya ilə bağlı sərt karantin dönəmində insanlar həm maddi, həm psixoloji olaraq çətin günlər keçirdilər. Həmin dönəmdə bir çox psixoloqlar internet üzərindən insanlara dəstək olmağa çalışdılar.

Kənan Rəhimov da həmin psixoloqlardandır ki, o, nəinki insanlara internet üzərindən dəstək olur, hətta onlarla telefon vasitəsi ilə söhbətlər edir, insanların problemlərini dinləyir, müəyyən vaxt ərzində psixoloji olaraq çətin vəziyyətdə olan insanların bu durumdan çıxmasına köməklik edirdi.

Psixoloq Kənan Rəhimovla söhbəti təqdim edirik.

 

***

 

- Kənan bəy, sərt karantin dövründə sosial şəbəkələrdə sizin canlı yayımlarınıza tez-tez rast gəlirdik. Həmin yayımlarda insanlara psixoloji dəstək olur, onlara çətin ruhi vəziyyətdən çıxmaları üçün yol göstərirdiniz. Həm əlaqə nömrəsi verirdiniz ki, fərdi olaraq da sizə müraciət edə bilsinlər. Bu barədə, bir az ətraflı danışardınız.

- İlk növbədə onu deyim ki, mən peşəkar  psixoterapevt olaraq 2003-cü ildən Azərbaycanda fəaliyyət göstərirəm. Həm burda təlim mərkəzi açmışıq. O dövrdən xeyli sayda yerli mütəxəssislər yetişdirmişəm. Pandemiya dövründə isə bizim təlim mərkəzi başqa mərkəzlər kimi öz fəaliyyətini onlayn sistem şəklində aparmağa başladı. Beləcə, mənim yetərincə boş vaxtım yarandı. Digər tərəfdən, bu dönəmdə psixoloji problemlər yaşayan çox sayda insan mənə müraciət etməyə başladı. Mən internet üzərindən konsultasiyalar keçirmək qərarına gəldim. Sözsüz ki, bu konsultasiyalar ödənişli idi. Amma müraciət edən insanların sayının artdığını görəndə, mən canlı yayımlar edərək bu cür toplu konsultasiyalar, psixoloji dəstək verməyə başladım. Bu prosesi indi davam etdirirəm.

- Həmin dönəmdə sizdən psixoloji dəstək almaq üçün müraciət edən insanların şikayəti ən çox nədən idi?

- Həmin dönəmdə insanlarda ən çox panik atak depressiyanın kütləvi hal aldığını müşahidə etdim. Bu iki psixoloji durumun əsasında da insanın özünün öz gələcəyinə, özünə bağlı olan münasibəti dayanır. Əgər insan öz keçmişi ilə bağlı olan məsələləri düzgün qiymətləndirmirsə, özünü tənqid edirsə, bu, onda mütləq şəkildə depressiya yaradır. Çünki keçmişdə etdiyi səhvləri özünə bağışlamır, yaxud ailə üzvləri tərəfindən özünə qarşı tənqid görür. Əgər o, bu tənqidləri əsaslı hesab edirsə, artıq özündən asılı olmayaraq öz daxilində bu tənqidlərin doğruluğu ilə bağlı inanc yaradır, belə bir fikir formalaşdırır. Bu isə daim onu ruhdan salır. Belə inanclar qədər çox olarsa, qədər şiddətli olarsa, insanı o qədər depressiyaya salır.

Öz gələcəyi ilə bağlı insanda ümidsizlik, qeyri-müəyyən hisslər baş qaldıranda, "Gələcəyim necə olacaq", "Görəsən, sabah baş verəcək" kimi faciəvi fikirlər ortaya çıxanda panik atak bir az da artır. Beləcə, insanın daxili təşvişi artdıqca, hansısa bir məqama qədər buna tab gətirə bilir. Amma bu, bir az da artanda gələcəklə bağlı belə faciəvi qayğılar, fikirlər insana təsir edir. Artıq beyin öz rejimini dəyişir, sadə desək, panik atak formasında qəflətən peyda olan boğulma hissləri, başgicəllənməsi, ürək sıxıntısı, ölüm qorxusu yaranır.

- Bu cür problemlərlə bağlı sizə müraciət edən insanlar ən çox hansı yaş qurupunu əhatə edirdi?

- Panik atak istər gənc yaşda, istərsə yuxarı yaşlarda insanlarda olur. Bu problemlə bağlı mənə müraciət edən insanlardan ən gənci 14 yaşında idi. Mən uşaqlarla işləmədiyim üçün daha az yaşlıları qəbul etmirəm. Mən bu müraciətləri müşahidə edirdim, bu cür şikayətlərin sayı birdən-birə kütləvi şəkildə artmağa başlamışdı.

- Müraciətlərin kütləvi hal aldığına görə canlı yayımlar etmək qərarına gəldiniz?

- Bəli, həmin dönəmdə insanlara psixoloji yardım göstərmək üçün canlı efirlər edirdik. İndi hətta bazar günləri psixoloji texnikalar üzrə məşqlər olur. Bunlar praktiki məşqlərdir.

Mənim ödənişsiz peşəkar psixoloqlar yetişdirmək niyyətim var. Bunun üçün yeni bir proqram tərtib etmişəm. Bu proqram təxminən bir il davam edəcək. Qeyd edim ki, bu, psixologiya üzrə təhsili olanlar üçün bir proqramdır.

- Bu addımı atmaqda məqsədiniz nədir? Ölkəmizdəki psixoloqların sayı vətəndaşların problemlərini həll etmək üçün kifayət deyil ki?

- Bu sahəni inkişaf etdirməyə həqiqətən ehtiyac var. Həm mənim  boş vaxtım var, həm də internet üzərindən terapiyalar keçirmək mümkündür deyə, bu işlə məşğul olmağa başladım. Əvvələr ayda bir-iki dəfə psixoloji konsultasiyalar üçün pasient qəbul edirdimsə, artıq bu dönəmdə bir günə 5-6 konsultasiya keçirməyə başladım.  Həmin dönəmdə müşahidə etdim ki, terapiyaların qiymətindən şikayətlənirlər.  Mən də bu baxımdan narahatlıq hiss edirdim. İnsanların maddi durumu çətindir və bu dönəmdə psixoloji olaraq da problemlər artıb. Bunun həll yolu üçün bir düstur fikirləşirdim ki, onlara necə daha çox yardım etmək olar. Nəticədə belə bir çarə tapdım. Sözsüz ki, burda əldə olan vasitələrdən düzgün istifadə etmək lazım idi. Mən anladım ki, ilk növbədə insanlara ödənişsiz, kütləvi yardım etmək üçün onlayn konsultasiyalar, psixoloji söhbətlər təşkil etmək lazımdır. Beləcə karantin dönəmlərində həftədə üç dəfə canlı efirlə konsultasiyalar verməyi qərara aldım. Hətta bir neçə həftə, demək olar ki, hər gün bu canlı efirləri internet üzərindən etdim. Hər gün canlı yayımlara bir məşhur insanı dəvət edirdim, beləcə onların da izləyiciləri arasında ehtiyacı olan insanlar bu maarifləndirici psixoloji söhbətlərdən yararlana bilirdilər.

Burada əsas məqsədim o idi ki, bu maariflənmə işi davam etsin və insanlar həm öz keçmişlərinə, həm də öz gələcəklərinə bir şəxsiyyət kimi münasibətlərini dəyişdirsinlər. Ona görə ki, bütün psixoloji problemlərin kökü gəlib məhz bu məqamda  - insanın öz keçmişinə, öz gələcəyinə və öz şəxsiyyətinə qarşı münasibətində dayanır. Sadə dildə desək, bu üç əsas dəyər hamının öz əlindədir. Hər kəs bu üç məsələylə bağlı düşüncəsini dəyişdirə, düzəldə bilər, yetər ki, bunun mahiyyətini dərk etsin. Ona görə də maarifləndirməyə daha çox vaxt ayırıram.

- Sizin canlı yayımlarda verdiyiniz məsləhətlərdən insanlar nə dərəcədə yararlana bilirlər?

- Düzü, bu ödənişsiz xidmət məni yenə də qane etmir. Mən bunun insanlara  çox faydalı olacağını düşünürdüm, amma o qədər də təsir göstərmədiyini müşahidə edirəm. Verdiyim informasiyaları insanlar anlayır, amma tətbiq etmirdilər. Çünki onlar dəyişilməyə meylli deyillər. Buna görə də fərqli bir görmək lazım olduğunu düşündüm. Beləcə, ikinci mərhələyə keçməyi qərara aldım. Mən artıq ödənişsiz konsultasiya yox, demək olar ki, ödənişsiz təlim keçirirəm. Bu da bayaq sizə bəhs etdiyim həmin təlimlərdir ki, bu prosesin içində olan insanlar birbaşa öz işini bu sahədə qurmağa başlaya biləcəklər.  Onlar artıq praktiki məşğələləri keçə-keçə konsultasiya etməyə başlaya biləcəklər. Beləcə, daha münasib məbləğə rayonlarımızda da insanlar psixoloji konsultasiyalardan yararlanmaq imkanı qazanacaqlar. Bu terapiyalar onlar üçün əlçatan olacaq.

 

Natəvan ABDULLA

 

525-ci qəzet.- 2020.- 22 sentyabr.- S.12.