Azərbaycanda rusdilli təhsil: gerçəklik,
yoxsa eyforiya?
Hər bir dövlətin istər siyasi, istərsə də
sosial-iqtisadi və strateji gücünün təməlində
elm və təhsil sisteminin nə dərəcədə
mükəmməl və rəqabət
dayanıqlılığı durur. Təbii ki, bu
dayanıqlılıq bir tərəfdən təhsilin keyfiyyəti
ilə xarakterizə olunursa, digər tərəfdən öz
milliliyini, ənənəviliyini qorumaqla ölkəni yad mədəniyyət
və ideologiyalardan hifz etməlidir.
Məlumdur ki, yüzillər boyu ölkəmizdə yerli
mədəniyyət və elm-təhsil sistemi ilə gəlmə
mədəniyyətlər və təhsil institutları
arasında ciddi rəqabət olub, nəticə etibarı ilə
yerli mədəni dəyərlərimiz və təhsil
sistemimiz üstünlüyünü və ənənəviliyin
qoruyub saxlayıb. İki yüz illik bir müddətdə
Azərbaycanda mövcud olan və öz mövcudluğunu
israrla qorumağa çalışan rus təhsil sistemi bu
gün də yerli və milli mahiyyətli təhsil sistemimiz ilə
açıq rəqabət müstəvisindədir.
Məlumdur ki, zaman-zaman gündəmə gətirilən,
Azərbaycanda mövcud olan rus məktəbləri
"problemi" son günlər yenidən aktual müzakirə
mövzusuna çevrilib. Bu məsələ ilə bağlı cəmiyyətimizdə
birmənalı fikir yoxdur. Bir qrup insanlar
ölkəmizdə çoxsaylı rus məktəblərinin
mövcudluğunu müstəqil dövlətçilik prinsiplərinə
zidd hesab edərək bunu milli təhsil sisteminə, ana dilinə,
milli məfkurəmizin formalaşmasına ciddi problem və
alternativ hesab edir, bu məktəblərin
bağlanmasının vacib olduğunu vurğulayırlar.
Digər kəsim insanlar isə rus məktəblərinin
bağlanacağı təqdirdə təhsil sistemində
keyfiyyət səviyyəsinin aşağı düşəcəyini,
cəmiyyətimizin dünyaya inteqrasiya baxımından mənfi
tendensiyalarla üzləşəcəyini vurğulayaraq bu təşəbbüslərin
yolverilməz olduğunu əsaslandırmağa
çalışırlar. Hətta bu
istiqamətin tərəfdarları bölgədə mövcud
olan geosiyasi vəziyyətin dövlətçiliyimizə təhdidlər
yaradacağını da qeyd etməkdən çəkinmirlər.
İlk növbədə qeyd edək ki, Azərbaycanda rus
məktəblərinin fəaliyyətə başlaması XIX əsrin
30-cu illərinə təsadüf edir. Sovet imperiyası
dövründə isə Azərbaycan təhsili çoxəsrlik
tarixə malik olan ənənəvi təhsildən məhrum
edilib, rus təhsil sistemi əsasında formalaşıb,
rusdilli məktəblərin sayı isə daha da
çoxalıb.
Müstəqilliyimizin ilk dövrlərində Azərbaycan
cəmiyyətində milli şüurun oyanışı,
milli-mənəvi dəyərlərə qayıdış, təhsil
sisteminin yenidən milli əsaslar üzərində
qurulması və inkişafı istiqamətində atılan
addımlar, rus təhsil sistemini və rus məktəblərinin
perspektivliyini arxa plana keçirdi. Həmçinin, Azərbaycan
təhsil sisteminin qərbyönümlü istiqamətdə
inkişaf meylləri və yeni təhsil
çalarlarının meydana gəlməsi sovet təhsil
sistemindən imtinanı daha da sürətləndirdi.
Müasir şəraitdə istər qərb, istərsə
də ənənəvi rus təhsil siteminin müsbət dəyərlərindən
bəhrələnərək milli təhsil sistemini inkişaf
etdirməyə çalışan cəmiyyətimiz
üçün ölkəmizdə mövcud olan əcnəbi,
xüsusilə də rus məktəblərinin təhsil
sistemində neqativ və ya pozitiv rol oynaması öz
aktuallığını saxlamaqdadır.
Məlumdur ki, dünyada mövcud olan müstəqil
dövlətlərdə əsas təhsil sistemi aparıcı
etnosun milli təhsil dəyərləri əsasında
formalaşır və tədris prosesi bu etnosun rəsmi
dövlət dilində həyata keçirilir. Bu dövlətlərdə
yaşayan milli azlıqlara isə öz dillərində təhsil
almaq üçün hüquqi əsaslarla təsbit olunmuş
təhsil imkanları yaradılır. Mövcud
dünya standartlarına uyğun olaraq Azərbaycanda da təhsil
sistemi və təhsil prosesi bu meyarlar əsasında fəaliyyət
göstərməkdədir. Ölkəmizdə təhsil
sistemi ənənəvi milli dəyərələr üzərində
qurulmuş, milli azlıqlara isə Konstitusiyamızda təsbit
olunmuş təhsil hüququndan istifadə edərək təhsil
alma imkanları yaradılmışdır.
Bu siyasi və hüquqi təsbitləri
mövcud statistik rəqəmlərlə əsaslandırmağa
çalışaq.
İlk növbədə qeyd edək ki, Azərbaycanda
mövcud olan təhsil sistemi haqqında geniş şəkildə
təhlil aparmaq üçün müvafiq dövlət
qurumlarının açıqladığı statistik rəqəmlər
olduqca məhdud və yetərsizdir. Buna baxmayaraq, təhsil
qurumlarının nümayəndələrinin mətbuata
verdiyi rəsmi açıqlamalar, müstəqil təhsil
ekspertlərinin apardığı təhlillər, KİV vasitəsilə
əldə edilən rəsmi qaynaqlı məlumatlar əsasında
ümumi mənzərəni canlandırmaq mümkündür.
2019-2020-ci
il rəsmi məlumatlarına görə,
Azərbaycanda cəmi 4443 sayda orta məktəb (bəzi məlumatlara
görə isə 4472) vardır. Respublika
üzrə 314 məktəbdə tədris Azərbaycan və
rus dillərində, 1 məktəbdə isə Azərbaycan,
rus və gürcü dilində aparılır. Bundan əlavə, respublika üzrə tədrisi
yalnız rus dilində olan 15 ümumtəhsil məktəbi fəaliyyət
göstərməkdədir. Ümumilikdə
Azərbaycanda Bakı şəhəri də daxil olmaqla 340 məktəbdə
rus dilində tədris aparılır. Ümumilikdə
bu məktəblərdə 95-100 min şagird rus dilində təhsil
alır.
Məlumdur ki, Azərbaycnda 120 min nəfər rus mənşəli
vətəndaş yaşayır. Nəzərə alsaq ki, ölkəmizdə
10 milyondan bir az artıq əhali
mövcuddur, ümumtəhsil məktəblərinin say
dinamikasına görə rus mənşəli vətəndaşlarımızın
təhsil hüququnun tamamilə təmin olunması
üçün 44-50 rus məktəbi yetərlidir. Həmçinin, azərbaycanlı vətəndaşlarımızın
müəyyən hissəsi rus təhsilli olduğu
üçün onların övladlarının təhsil
hüququnun təmin olunması da olduqca vacib məsələlərdən
biridir. Çünki Respublikamızın
Ali Qanununa görə hansı dildə danışmasından
asılı olmayaraq bütün şəxslər təhsil
hüququ ilə təmin olunmalıdırlar. Bu meyardan
çıxış edərək, rusdilli vətəndaşlarımızın
təsil alma imkanlarını məhdudlaşdırmaq
yolverilməz və qanundan kənar haldır.
Diqqətə
alanda ki, Azərbaycanda təqribən 350-400 min əslən azərbaycanlı,
ancaq rusdilli olan vətəndaş var və onların
övladlarının təhsil hüququnu təmin etmək
üçün orta məktəblərin ümumi say
dinamikasına görə bölgü aparsaq, 150 rus məktəbinin
yetərli olduğu qənaətinə gəlmək
mümkündür. Ümumilikdə ölkədə
rus mənşəli və rus təhsilli azərbaycanlı ailələrin
övladlarının rus dilində təhsil alması
üçün 200 rus məktəbinin fəaliyyəti yetərlidir.
Mövcud statistik rəqəmlərə
baxdığımızda ölkəmizdə fəaliyyət
göstərən rus məktəblərinin sayı mövcud
rusdilli əhalinin tələbatından ən azı 140 məktəb
artıqdır. Məlumdur ki, bu məktəblərin
şagirdlərlə təmin olunması Azərbaycan təhsilli
ailələrin övladları hesabına həyata
keçirilir.
Azərbaycan cəmiyyətində formalaşan ümumi
fikrə görə, rus məktəblərində təhsilin
keyfiyyəti, ümumi mədəni
dünyagörüşü Azərbaycan məktəblərindən
üstündür. Bu amil Azərbaycan təhsilli ailələrin
öz övladlarını rus məktəblərində
oxumağa stimullaşdıran amillər kimi dəyərləndirilə
bilər. Bu fikrin nə dərəcədə
doğru və ya yanlış olduğunu dəqiqləşdirmək
üçün statistik rəqəmlərə müraciət
edək.
Dövlət
İmtahan Mərkəzinin 2020-ci il qəbul
prosesinin yekunları ilə bağlı
açıqladığı ilkin nəticələrə
görə, bu il ali məktəblərə qəbul
üçün I-IV qruplar üzrə sənəd verən
71224 abituriyentin 65194-ü Azərbaycan, 6030-u isə rus məktəblərinin
məzunları olub. Rus məktəblərini bitirən məzunlardan
I qrup üzrə sənəd verən 2479 abituriyentdən 200
keçid balından yuxarı nəticə göstərən
məzunların sayı 908 nəfərdir (36,6
faiz). II qrup üzrə, 1343 abituriyentdən 600 nəfər (44,7 faiz), III qrup üzrə 1561 abituriyentdən
853 (54, 7 faiz), IV qrup üzrə 642 abituriyentdən 372 nəfər
(58 faiz) keçid balı toplayaraq Ali məktəblərə
qəbul olmaq üçün imkan əldə etmişlər.
Analoji olaraq bu nəticə Azərbaycan bölmələrində
- I qrup üzrə 27750 abituriyentdən 9435 (34 faiz), II qrup
üzrə 13773 abituriyentdən 5769 (41,9
faiz), III qrup üzrə 20604 abituriyentdən 12560 (60,9 faiz), IV
qrup üzrə 4410 abituriyentdən 3269 (74, 1 faiz) nəfər
şəklində olub.
Ümumilikdə
isə qəbul prosesində azərbaycan bölməsində
65194 abituriyentdən 31033-ü (47,6 faiz) ali
məktəblərdə tələbə adını qazanmaq
imkanı əldə etdiyi halda, rus bölməsində bu rəqəm
6030 məzundan 2733 (45,3 faiz) nəfərin tələbə
adına layiq olduğunu göstərir.
Bu statistik rəqəmlərə
baxdığımızda rus bölməsini bitirən məzunların
Azərbaycan bölməsini bitirən məzunlardan daha
üstün təhsilli olması fikri özünü
doğrultmur.
Rus məktəblərində təhsil keyfiyyətinin Azərbaycan bölmələrindən üstünlüyünü digər statistik məlumatlar da təsdiq etmir. Belə ki, bu il 200 baldan yuxarı keçid balı toplayan abituriyentlərdən 600 ballıq şkalanı keçənlərin sayı Azərbaycan bölməsi üzrə 1644 nəfər (5,3 faiz) olduğu halda, rus bölməsində bu say cəmi 133 nəfər (4,9 faiz) olub.
Qeyd
edilən bu statistik rəqəmlər onu göstərir ki, rus
bölmələrində təhsilin keyfiyyətinin daha da
yüksək olması ilə bağlı cəmiyyət
arasında mövcud olan eyforiya öz təsdiqini tapmır. Yəni ümumilikdə hər il təqribən rus
dilində təhsil alan 6030 nəfər məzundan 2733 nəfəri
(45,3 faiz) ali məktəblərə qəbul şansı
qazansa da, lakin 3297 nəfər (54,7 faiz) bu imkandan məhrum
olaraq sadəcə rus dilini bilən sıravi topluma
çevrilir. Beləliklə, bu şəxslər uzun illər
boyu ali təhsilli rus "intelligenti" olmaq arzusunu gerçəyə
çevirmək imkanından məhrum olurlar. Sadəcə 11
illik rus təhsili prosesində ən yaxşı halda rus dilini
öyrənməklə kifayətlənirlər.
Digər tərəfdən ümumi statistik rəqəmlərdən məlum olur ki, hər il Ali məktəblərin eyni ixtisasına Azərbaycan bölməsinin məzunlarından tələb olunan qəbul balları, rus bölməsi abituriyentlərindən tələb olunan ballardan nəzərəçarpacaq dərəcədə yüksəkdir. (Məsələn, BDU hüquq ixtisasında ödənişli əsaslarla Azərbaycan bölməsinin abituriyentləri üçün keçid balı 568 olduğu halda, rus bölməsi üçün 494-ə bərabərdir və s.) Bu isə bütün tələbələrin bərabər şəkildə təhsil almaq hüququna və ədalətlilik prinsipinə kölgə salır. Digər tərəfdən bu fakt azərbaycan təhsilli ailələrin öz övladlarını kütləvi şəkildə rus məktəblərində oxutdurmaq həvəsini stimullaşdırır.
Yuxarıda
qeyd olunan statistik rəqəmlərin verdiyi məlumatlar əsasında
aparılan təhlildən bu qənaətə gəlmək
olar ki, mövcud problemi, rus məktəblərinin tamamilə
bağlanması və yaxud onların sayının
artırılması ilə həll etmək mümkün
deyildir.
Bu
problemi həll etmək üçün ölkəmizdəki
rus məktəblərinin sayını, Azərbaycan vətəndaşları
olan rus mənşəli əhali və rus təhsilli azərbaycanlı
ailələrin ümumi sayına uyğun olaraq müəyyən
etmək lazımdır. Həmçinin, təhsilimizin
inkişafında ciddi keyfiyyət dəyişikliyinə səbəb
olmayan və Azərbaycan təhsilli ailələrin
övladları hesabına fəaliyyət göstərən əlavə
rus məktəblərinə isə qadağa qoyulmalı və
yaxud növbəti illərdən bu məktəblərin sayı
nəzərəçarpacaq dərəcədə
azaldılmalıdır.
Mübariz AĞALARLI,
AMEA Tarix İnstitutunun aparıcı
elmi işçisi,
dosent
525-ci qəzet.- 2020.- 22 sentyabr.-
S.10.