Canlı dekorasiyada ilk tamaşa Şamaxıda nümayiş etdirilib

 

Sentyabrın 18-də Şamaxı rayonunda yerləşən XIV əsrə aid Kələxana türbələrində Mingəçevir Dövlət Dram Teatrının səhnələşdirdiyi "Sara" adlı yeni tamaşanın premyerası baş tutub.

"Sara" tamaşası şifahi xalq ədəbiyyatı nümunələrindən sayılan "Apardı sellər Saranı" xalq dastanının motivləri əsasında  hazırlanıb.

Qeyd edək ki, bu tamaşa Azərbaycanda ilk dəfə olaraq canlı dekorasiyadan istifadə edilərək nümayiş olunub nümayiş boyu əntiq teatra cəhdlər təqdim edilib.

Canlı dekorasiya açıq havada, səma altında tarixi abidələrin fonu deməkdir, yəni bu dəfə adət etdildiyi kimi dekoratorlar tərəfindən xüsusi olaraq tamaşa üçün hazırlanan dekorasiyaları deyil, tarixi memarlıq abidələri canlı olaraq görünür.

Premyeranın sentyabrın 18-nə təyin olunması təsadüfi xarakter daşımır. Belə ki, həmin gün dahi bəstəkar Üzeyir Hacıbəylinin 135 illik yubileyi milli musiqi günü qeyd olunurdu. Mingəçevir Dövət Dram Teatrı bununla Azərbaycan milli musiqisinə, milli mədəni mənəviyyatına öz töhfəsini verib.

Tamaşa hazırlanan zaman Nazirlər Kabineti yanında Operativ Qərargahın xüsusi karantin rejimiylə bağlı bütün şərtləri tələbləri nəzərə alınıb nümayiş boyu müvafiq şərt tələblərə əməl olunub.

Tamaşanı səhnələşdirən Əməkdar incəsənət xadimi Bəhram Osmanov, quruluşçu rejissoru Cavid Təvəkkül, quruluşçu rəssamı Əməkdar rəssam Rəfael Haşımov, musiqi tərtibatı Elnur Rəsulov, rəqslərin quruluşu Eyvaz Əliyev, rejissor asissentləri Məlahət Ağayeva, Asim Məmmədov, layihənin rəhbəri Səxavət Məmmədovdur.

Tamaşada Xalq artisti Ella Yaqubova, Əməkdar artist Şıxı Yaqubov, tərəqqi medallı Aydın Quliyev, Aygün Fətullayeva, İlqar Rəhimov, Hüseyn Mustafayev, Vüsalə Quliyeva, Paşa Salmanov, Eyvaz Əliyev, Ceyhun Əhmədov, Turqut Məsimli, Gülxatun Abdullayeva Türkan Alışzadə iştirak ediblər.

 

Şahanə MÜŞFİQ

 

525-ci qəzet.- 2020.- 22 sentyabr.- S.9.