Azərbaycan Xalq Cümhuriyyətinin
diplomatik nümayəndəlikləri
Azərbaycan
Xalq Cümhuriyyətinin beynəlxalq aləmdə ilk
addımları atmasından artıq yüz ildən artıq
vaxt keçir.
XX əsr mövcud imperiyaların
dağılmasını, Azərbaycanın Müsəlman
Şərqində ilk respublika formasında (Müsəlman
Şərqinin ilk Cümhuriyyəti) dövlət müstəqilliyinin
bərpa edilməsini və onu əhatə edən dövlətlərlə
qısa müddətdə diplomatik münasibətlər
qurmasını özündə ehtiva edən inanılmaz dərəcədə
sürətli bir əsr olub. Lakin təəssüf
ki, bu müstəqilliyin ömrü çox da uzun sürmədi.
1920-ci ilin aprelində Sovet-bolşevik rejimi beynəlxalq
hüquq normalarını kobud şəkildə pozaraq Azərbaycanı
işğal etdi, nəticədə ölkə müstəqilliyini
itirdi və Azərbaycan Xalq Cümhuriyyətinin diplomatik
münasibətlərinə son qoyuldu.
Yalnız
yetmiş il SSRİ-nin tərkibində
olandan sonra yeni bir tarixi nailiyyət - 1991-ci ildə Azərbaycan
Respublikası yenidən öz dövlət müstəqilliyini
bərpa etdi. Artıq otuz ildir ki, Azərbaycan bu
bölgədə və bütövlükdə dünyada
öz mövqelərini davamlı olaraq möhkəmləndirir
və inkişaf edir.
Azərbaycan
diplomatiyasının bir əsrlik fəaliyyət yolunu daha
aydın təsəvvür etmək üçün hələ
Azərbaycan Xalq Cümhuriyyətinin mövcud olduğu
dövrdə ABŞ, Böyük Britaniya, Fransa, İtaliya,
İsveç, İsveçrə, Belçika, Polşa,
Ukrayna, Gürcüstan və digər ölkələrin
Bakıdakı diplomatik nümayəndəliklərinin fəaliyyət
göstərdiyini xatırlatmaq yerinə düşər.
AXC hökumətinin də öz növbəsində
Paris Sülh Konfransındakı nümayəndə heyətini
nəzərə almasaq, xarici ölkələrdə diplomatik
və konsulluq nümayəndəlikləri fəaliyyət
göstərirdi.
Bu materialda AXC hakimiyyəti dövründə xarici
ölkələrdə fəaliyyət göstərən
diplomatik nümayəndəliklərimiz haqqında bəzi məlumatlar
vermək istəyirik. Eyni zamanda, bu diplomatik nümayəndəliklərin
fəaliyyəti barədə müfəssəl məlumat
verilməsinə iddia etmədən biz həmin dövrdə fəaliyyət
göstərmiş diplomatik nümayəndəliklərin rəhbərləri
haqqında, həmçinin, Azərbaycanın xarici dövlətlərlə
iqtisadi, beynəlxalq münasibətləri və mədəni
əlaqələri barədə bəzi məlumatlar verməyə
çalışacağıq.
Qeyd edək
ki, AXC hökumətinin Gəncədən Bakıya
köçürülməsindən sonra gənc
respublikanın Xarici İşlər Nazirliyi öz dəftərxanasını
təcili qaydada "Metropol" mehmanxanasının bir
neçə otağında yerləşdirmişdi. 1918-1920-ci illərdə AXC-nin Nazirlər Kabinetinin əməkdaşları
da burada işləyirdilər və AXC Kabinetinin ilk iclası
da burada keçirilmişdi. Sovet hakimiyyəti
illərində memarlar Sadıx Dadaşovun və Mikayıl
Useynovun layihəsi əsasında burada əsaslı təmir
işləri aparıldı, binanın fasadında abidələr
qoyuldu və daha iki mərtəbə tikildi. Sonradan həmin
bina bir neçə dəfə əsaslı təmir ediləndən
sonra Nizami Gəncəvi adına Azərbaycan
Ədəbiyyatı Muzeyinə çevrildi.
5 noyabr 1918-ci ildə "Azərbaycan" qəzeti elan
etdi ki, Xarici İşlər Nazirliyi Naberejnaya küçəsindəki
binada yerləşib. "Azneft" meydanına bitişik olan
bu əzəmətli bina 1865-67-ci illərdə tikilmişdi.
Onun son sahibi 1920-ci ildən sonra Parisə
mühacirət etmiş neft milyoneri Seyid Mirbabaev olmuşdu.
Azərbaycan Xalq Cümhuriyyətinin 1-ci və 2-ci
Hökumət kabinetlərində Xarici İşlər naziri vəzifəsinə
Məmməd Həsən Hacınski təyin edilmişdi. Hökumət Gəncədən
Bakıya köçdükdən sonra 1918-ci il
oktyabrın 6-da Fətəli xan Xoyski hökumətində dəyişikliklər
edilərkən Xarici İşlər naziri vəzifəsi
Əlimərdan bəy Topçubaşova həvalə olundu. Azərbaycan Xalq Cümhuriyyəti Parlamenti
yaradıldıqdan sonra 1918-ci ilin dekabr ayında Parlamentin
tapşırığı ilə Fətəli xan Xoyski tərəfindən
dekabrın 26-da formalaşdırılmış 3-cü
Hökumət kabinetində Fətəli xan Xoyski Baş nazir vəzifəsi
ilə yanaşı, Xarici İşlər naziri vəzifəsini
də icra etdi. 1919-cu il aprelin 14-də
Nəsib bəy Yusifbəylinin təşkil etdiyi 4-cü
Hökumət kabinetində bu vəzifəni Məmməd Yusif
Cəfərov, 1919-cu il dekabrın 24-də 5-ci Hökumət
kabinetində isə Fətəli xan Xoyski tutdu. Azərbaycan
Xalq Cümhuriyyəti dövründə Xarici İşlər
Nazirliyi sistemində 239 nəfər işləyirdi.
1920-ci
ilin aprelinədək aşağıda adları çəkilən
ölkələrdə Azərbaycan nümayəndəlikləri
fəaliyyət göstərmişdi: Gürcüstan, İran,
Türkiyə, Ukrayna. Bundan başqa, Batumidə
baş konsulluq, Krımda isə konsulluq agenti fəaliyyət
göstərirdi. Həmçinin, Azərbaycanın
Türküstanda (Zakaspidə), Kubanda, Donda, Petrovsk
(Mahaçqala), Buynaksk və İrkutsk şəhərlərində
diplomatik nümayəndəliyi yerləşirdi.
Türkiyə
XX əsrin əvvəllərindən Azərbaycanda
genişlənən milli-azadlıq mübarizəsində onun
öncülləri Osmanlı dövlətinə boyük
ümid bəsləyirdilər. Əsrin əvvəllərindəki
təlatümlü hadisələr Azərbaycanın
türk-müsəlman əhalisinin həyatında milliyyətçilik
ideyasının geniş yayılmasına və
inkişafına ciddi təkan verdi.
AXC tərəfindən
28 may 1918-ci ildə dövlət müstəqilliyi bəyan
ediləndən sonra Osmanlı Türkiyəsi qardaş Azərbaycanın
dövlət müstəqilliyini tanıyan ilk dövlət
olmuşdur. 4 iyun 1918-ci ildə iki ölkə
arasında diplomatik münasibətlər qurulmuşdur. Azərbaycan və Türkiyə arasında
danışıqların nəticəsi olaraq iki ölkənin
birləşmiş qoşunu sentyabrın 15-də
Bakını işğaldan azad etdilər. Bu hadisənin ardınca Azərbaycanın müasir
tarixində ilk dəfə olaraq İstanbulda Azərbaycan səfirliyinin
rəsmi açılış mərasimi təşkil olundu.
Bəllidir ki, bəzi ölkələr
bütün mümkün vasitələrlə İstanbulda Azərbaycan
səfirliyinin açılış mərasimini pozmağa
çalışır və diplomatik nümayəndəliyin
fəaliyyətinə maneələr yaradırdılar.
Azərbaycanın görkəmli siyasi xadimi, diplomat,
hüquqşünas, çar Rusiyasında Birinci Dövlət
Dumasının üzvü Əlimərdan bəy
Topçubaşov 1918-ci ilin avqustunda Osmanlı imperiyasında
Azərbaycanın ilk diplomatik nümayəndəsi kimi fəaliyyətə
başlamışdır. Osmanlı imperiyası
ilə geniş və hərtərəfli diplomatik münasibətlərin
qurulması üçün AXC Hökuməti ona fövqəladə
səfir və səlahiyyətli nazir qismində bütün səlahiyyət
və hüquqlar vermişdi.
23 avqust 1918-ci ildə Ə.Topçubaşov Gəncədən
çıxaraq bir neçə gün Tiflisdə ləngiməli
oldu. Sentyabrın 7-də o, Batumiyə gəlib
çatdı və burada iki həftə qalaraq gəmini
gözləməli oldu. O, yalnız sentyabrın sonunda
İstanbula gəlib çata bildi. Oktyabr ayında
Ə.Topçubaşov Türkiyənin Baş naziri, Xarici
İşlər naziri, Ədliyyə və Maliyyə nazirləri,
Silahlı Qüvvələr nazirliyinin yüksək çinli
nümayəndələri, həmçinin, xarici ölkələrin
Türkiyədə olan diplomatik nümayəndələri ilə
görüşlər keçirərək, geniş diplomatik
danışıqlar apardı. Oktyabrın 28-də
Azərbaycanın səlahiyyətli nümayəndəsi ilə
Türkiyənin Təhsil Nazirliyinin rəhbərliyi
arasında görüş keçirildi və
görüşdə ilk növbədə hələ 1918-ci
ilin yayında Məhəmməd Əmin Rəsulzadə və
Əhməd bəy Ağayev tərəfindən
qaldırılmış məsələ - Türkiyədən
müəllimlərin dəvət edilməsi məsələsi
müzakirə edildi. Nazirlik tərəfindən
bəyan edildi ki, bu təşəbbüs
unudulmamışdır və bu yaxınlarda yerinə yetiriləcəkdir.
Görüş zamanı azərbaycanlı gənclərin
Türkiyədə təhsillərini davam etdirməsi məsələsi
də qaldırıldı. Təhsil Nazirliyinin, Mədəniyyət
Nazirliyinin, həmçinin, görkəmli ziyalıların
köməkliyi ilə Ə.Topçubaşov İstanbulda
press-büro yaratdı ki, bu da Azərbaycan haqqında
materialların yayılmasında böyük rol
oynayırdı. Elə həmin gün
Ə.Topçubaşov Şeyxülislamla
görüşdü. Şeyx Qafqazdakı
vəziyyətlə, gənclərin dinə münasibəti
ilə maraqlandı, həmçinin, milli dilin inkişaf
etdirilməsi məsələləri müzakirə edildi.
Ə.Topçubaşovun oktyabr ayında
apardığı diplomatik danışıqlar
bütövlükdə Azərbaycan Xalq Cümhuriyyətinin
beynəlxalq vəziyyətinə müsbət təsir
göstərdi. Lakin İstanbulda vəziyyətin tez-tez dəyişməsi,
kabinetlərin bir-birini əvəz etməsi nəzərdə
tutulan planların həyata keçirilməsini ləngidirdi.
Ə.Topçubaşov İstanbulda olarkən Azərbaycan
Xalq Cümhuriyyətinin Xarici İşlər naziri təyin
olundu, 7 dekabr 1918-ci ildə isə o, Azərbaycan Parlamentinin sədri
seçildi.
Azərbaycan
Hökumətinin 1 avqust 1919-cu il tarixli Qərarı ilə
İstanbuldakı diplomatik missiyanın rəhbəri vəzifəsinə
istedadlı yazıçı, publisist, dramaturq, tarixçi
Yusif bəy Vəzirov - Yusif Vəzir Çəmənzəminli
təyin olundu, onun müavini və maliyyə məsələləri
üzrə müşaviri isə Cahangir bəy Qayıbov təsdiq
olundu. Yusif Vəzir 1919-cu ilin noyabr ayından
1920-ci ilin aprel ayınadək Azərbaycan Cümhuriyyətinin
fövqəladə və səlahiyyətli səfiri vəzifəsində
işləmişdir.
Məşhur
sovet və Azərbaycan diplomatı, ictimai xadim, Azərbaycan
emiqrantlarının tədqiqatçısı Ramiz
Abutalıbovun Böyük Britaniyanın Milli arxiv
materiallarına istinad edərək yazıb dərc etdirdiyi məqalələrinin
birində Yusif Vəzirin İstanbula gəlib çatmaq
üçün hansı çətinliklərdən
keçdiyi, səfirimizin xarici dövlətin kəşfiyyat
xidməti tərəfindən nəzarət altına
alındığı barədə ətraflı məlumat
verilir. Həmin məqalədə Ramiz
Abutalıbov qeyd edir ki, bu gün Yusif Vəzirin Türkiyədəki
diplomatik fəaliyyəti barədə kifayət qədər məlumat
yoxdur. Buna görə də bu istiqamətdə
daha tam və geniş tədqiqatların aparılmasına
ehtiyac vardır. Belə tədqiqatın
aparılmasında Azərbaycan XİN-in və Türkiyənin
arxiv materiallarının əhəmiyyətli dərəcədə
köməyi olardı.
Deyilənlərə
sübut kimi, o da xidmət edə bilər ki, Türkiyə
Cümhuriyyətinin Nazirlər Kabinetinin Dövlət arxiv
İdarəsində saxlanan 21 yanvar 1920-ci il
tarixli qəzetdə Azərbaycan Xalq Cümhuriyyətinin Paris
Sülh Konfransında dövlət müstəqilliyinin
tanınmasına həsr olunmuş məqalə dərc
olunmuşdur. Səhifənin sol tərəfində
Azərbaycanın İstanbuldakı səfirliyinin
binasının şəkli verilmişdir. Şəklin
altında belə bir yazı vardır: "Dünən Azərbaycan
səfirliyində qardaş Azərbaycanı müstəqilliyi
münasibəti ilə təbrik etməyə tələsən
türk ictimaiyyətinin bir çox nümayəndələrinin
şərəfinə ziyafət təşkil
olunmuşdu".
Həmin günlərdə qardaş Türkiyənin
özü çətin günlərini yaşayırdı,
ölkə "Antanta" hərbi-siyasi blokundan olan
işğalçılar tərəfindən bir neçə
hissəyə parçalanmışdı. Türkiyə
həm də öz müstəqilliyi uğrunda mübarizəni
davam etdirirdi və işğalçılara müqavimət
göstərirdi. Bütün bu çətinliklərə
baxmayaraq, Türkiyə ictimaiyyətinin nümayəndələri
qardaş Azərbaycanın müstəqilliyinin
tanınmasına çox böyük əhəmiyyət
verirdilər və Azərbaycan diplomatlarını təbrik
etmək üçün Azərbaycan Xalq Cümhuriyyətinin
İstanbuldakı səfirliyinin binasına gəlmişdilər.
Burada həmçinin qeyd etmək lazımdır ki, həmin
dövrdə Türkiyənin bir sıra ölkələrdə
səfirlikləri fəaliyyət göstərirdi və onlar
da Azərbaycan Xalq Cümhuriyyətinin tanınmasında vacib
rol oynayırdılar.
Artıq qeyd etdiyimiz kimi, Yusif Vəzirin müavini və
onun maliyyə məsələləri üzrə
müşaviri vəzifəsinə Zaqafqaziya müftisi
Hüseyn Əfəndi Qayıbovun oğlu Cahangir bəy
Qayıbov təsdiq olunmuşdu. Cahangir Qayıbov əvvəllər
Tiflis, Bakı və Tehranda banklarda işləmiş, 1919-cu
ilin iyul ayının 7-dən Azərbaycan Xalq Cümhuriyyətinin
Xarici İşlər nazirinin müşaviri vəzifəsini
icra etmişdir. 1919-cu ilin may ayının 10-dan nazirliyin dəftərxanasının
direktoru olmuşdur. 1919-cu ilin iyul ayının
27-dən İstanbuldakı diplomatik nümayəndəlikdə
müavin və maliyyə hissəsinin müşaviri təyin
edilmişdir. 30-cu illərdə Cahangir bəy
həbs edilmiş, sonra isə güllələnmişdir.
Xalq
Cümhuriyyəti dövründə Türkiyədə
işləmiş diplomatlar:
Behbudov Səlim
bəy - 1919-cu ildən İstanbuldakı nümayəndə
heyətinin üzvü;
Cəlilzadə
Osman bəy - 1920-ci ildən İstanbuldakı diplomatik
nümayəndəliyin katibi;
Xasməmmədov Xəlil bəy Hacıbaba oğlu -
1918-ci ildə İstanbul sülh konfransına göndərilmiş
Azərbaycan nümayəndə heyətinin üzvü. 1920-ci ilin
aprelində Azərbaycan Xalq Cümhuriyyətinin Türkiyədə
səfiri təyin olunmuşdu. Aprel işğalından
(1920) sonra Azərbaycana qayıtmamış, İstanbulda
yaşamışdır;
Pepinov
Əhməd bəy Ömər oğlu - 1919-cu ildən
İstanbuldakı nümayəndə heyətinin katibi;
Rəsulzadə
Məhəmməd Əmin Hacı Molla Ələkbər oğlu
- 1918-ci ildə İstanbula sülh konfransına göndərilmiş
Azərbaycan nümayəndə heyətinin sədri. 1918-ci ildə
yaradılmış Azərbaycan Milli Şurasının sədri;
Rüstəmbəyov
Əsəd bəy - 1919-cu ildən İstanbuldakı Azərbaycan
nümayəndə heyətinin üzvü;
Səfikürdski
Aslan bəy Ağalar bəy oğlu - 1918-ci ildə
İstanbula sülh konfransına göndərilmiş Azərbaycan
nümayəndə heyətinin üzvü;
Vəkilov Mustafa bəy Nadir ağa oğlu - general-mayor,
1918-ci ildə Ə.Topçubaşovun rəhbərliyi ilə
İstanbula göndərilən Azərbaycan missiyasının
katibi.
Azərbaycan
Xalq Cümhuriyyətinin Paris Sülh Konfransında iştirak
etmiş nümayəndə heyəti
28 dekabr 1918-ci ildə ölkə parlamenti Paris Sülh
Konfransında iştirak edəcək nümayəndə heyətinin
tərkibini təsdiqlədi və nümayəndə heyətinin
rəhbəri kimi parlamentin sədri Əlimərdan bəy
Topçubaşov, onun müavini isə hökumət
üzvü Məmmədhəsən Hacınski təyin edildi. Parlament
üzvləri Əhməd bəy Ağayev və Əkbər
ağa Şeyxülislamov nümayəndə heyətinin tərkibinə
daxil edildilər. Miryaqub Mehdiyev, Ceyhun bəy Hacıbəyov
və Məhər Məhərrəmov məsləhətçilər
təyin olundular. Nümayəndə heyətinin texniki
işçiləri aşağıdakılardan ibarət idi: əməkdaşlar
- Ə.Hüseynzadə, V.Marçevski, katiblər - S.Məlikov
və Ələkbər bəy Topçubaşov, tərcüməçilər
- A.Qafarov, Q.Qafarova, G.Məmmədov, nümayəndə heyətinin
rəhbərinin şəxsi katibi - Rəşid bəy
Topçubaşov.
Azərbaycan diplomatları 20 yanvar 1919-cu ildə
İstanbula yola düşdülər. Lakin İstanbula gəldikdən
sonra nümayəndə heyəti ingilis komandanlığı
tərəfindən azərbaycanlıların Paris Sülh
Konfransında iştirak etməməsi üçün
yaradılan hər cür maneələr səbəbindən
1919-cu il aprelin sonunadək burada ləngimək
məcburiyyətində qaldı. İngilis-fransız
komandanlığı Azərbaycan nümayəndə heyətinin
üzvü Əhməd bəy Ağayevi "Utopizm tərəfdarı
olmaqda və jurnal və parlament
çıxışlarında Antantaya qarşı
çıxmaqda" və s. məsələlərdə
ittiham edərək həbs edir. Nümayəndə
heyətinin rəhbəri Ə.Topçubaşovun
Ə.Ağayevi azad etmək üçün etdiyi
bütün cəhdlər nəticə vermədi. Əhməd bəy Ağayevi Malta adasına
sürgünə göndərdilər və bununla onu
danışıqlar prosesində iştirakdan kənarlaşdırdılar.
1921-ci ildə Mustafa Kamal Atatürk Əhməd
bəy Ağayevi azad etdi və o, Türkiyəyə getdi.
İstanbulda Azərbaycan nümayəndə heyətinə
daxil edilmiş Əli bəy Hüseynzadə də Əhməd bəu Ağayevlə
birlikdə həbs edilmişdi. Lakin onu həbsdən azad etmək
mümkün olsa da, Parisə Ə.Hüseynzadəyə də getməyə viza verilmədi
Yalnız
1919-cu il mayın 9-da Azərbaycan
diplomatları Fransaya gələ bildilər və onlar dərhal
işə başladılar. Başlıca məqsəd
Paris Sülh Konfransının Ali Şurası tərəfindən
Azərbaycanın müstəqilliyinin tanınması idi.
Müharibədə qalib gələn tərəf
kimi Antanta ölkələri - ABŞ, Böyük Britaniya,
Fransa və İtaliya Ali Şurada əsas rol
oynayırdılar.
Qeyd etmək
lazımdır ki, nümayəndə heyətimizin Paris
Sülh Konfransındakı rolu və fəaliyyəti, Azərbaycan
Xalq Cümhuriyyətinin bu konfransda tanınması faktı barədə
də çoxsaylı araşdırmalar, əsərlər və
məqalələr dərc edilmişdir. Düşünürəm
ki, bunlar barədə burada danışmağa lüzum yoxdur.
Burada onu xüsusi vurğulamaq lazımdır ki, 1920-ci ilin
yanvarında Paris Sülh Konfransında Azərbaycan Xalq
Cümhuriyyətinin siyasi tanınması baş verdi və bu, həmin dövrdə
Ə.Topçubaşovun rəhbərlik etdiyi Azərbaycan
nümayəndə heyətinin uğurlu diplomatik fəaliyyətinin
nəticəsi kimi qiymətləndirilməlidir.
Konfransın başlıca vəzifələrindən
biri Birinci Dünya müharibəsinin başa
çatmasını hüquqi cəhətdən rəsmiləşdirmək
olmuşdur. Bu müharibə nəticəsində Rusiya,
Avstriya-Macarıstan, Osmanlı və Almaniya imperiyaları
süquta uğramış və onların ərazilərində
Azərbaycan Xalq Cümhuriyyəti də daxil olmaqla, yeni
müstəqil dövlətlər yaranmışdı.
Onların hər biri müstəqilliyə daha böyük ərazilərlə
nail olmaq istəyirdi ki, bu da yeni müharibələrə gətirib
çıxara bilərdi. Buna görə də
yeni dövlətlərin sərhədlərinin tam müəyyən
edilməsi və onlar arasında müharibələrin
başlanmasına yol verməmək Sülh konfransının əsas
vəzifəsi idi.
Azərbaycanın
dövlət müstəqilliyinin tanınmasından sonra
1920-ci il 22 aprel tarixində AXC parlamentində "Azərbaycan
Xalq Cümhuriyyətinin Qərbi Avropada və Amerikada diplomatik
nümayəndəliklərinin təsis edilməsi və Azərbaycan
Hökumətinin Paris Sülh Konfransındakı nümayəndəliyinin
ləğv edilməsi haqqında" Qanun müzakirəyə
çıxarıldı və qəbul edildi. Bu Qanuna əsasən,
Fransa, Böyük Britaniya, İsveçrə, İtaliya,
Şimali Amerika Birləşmiş Ştatları, Almaniya,
Sovet İttifaqı və Polşa Respublikasında AXC-nin
diplomatik nümayəndəlikləri yaradılmalı idi.
Qanunda həmçinin qeyd olunmuşdu ki, Azərbaycanın
Paris Sülh Konfransındakı nümayəndəliyi AXC-nin
diplomatik nümayəndəliyi Parisə gəlib işə
başlayandan sonra ləğv olunmalı idi. Lakin 1920-ci il
aprelin 28-də Sovet-bolşevik rejimi tərəfindən Azərbaycanın
işğal edilməsi AXC-nin tam beynəlxalq tanınmasının
başa çatdırılmasına imkan vermədi. Əlimərdan bəy Topçubaşovun
başçılıq etdiyi nümayəndə heyəti, həmçinin,
bir çox Azərbaycan diplomatları vətənə
qayıda bilmədilər.
Xalq
Cümhuriyyəti dövrünün Paris Sülh
Konfransında işləmiş diplomatlar:
Atamalıbəyov Abbas Seyfulla bəy oğlu - Azərbaycan Xarici İşlər Nazirliyi Paris Sülh Konfransında Azərbaycan nümayəndə heyətinin üzvü M.Məhərrəmovu əvəz etmək üçün Atamalıbəyovu Fransaya ezam etmiş və o, nümayəndə heyətinin tərkibində katib kimi fəaliyyət göstərmişdir. 1920-ci il Aprel işğalından sonra Parisdə siyasi fəaliyyətini davam etdirmişdir;
Hacıbəyov Ceyhun bəy
Əbdülhüseyn oğlu - 1918-ci ilin dekabr ayından
nümayəndə heyətinin müşaviri. C.Hacıbəyli
1920-ci il aprel işğalından sonra Vətənə dönə
bilməmiş, Parisdə qalmağa məcbur olmuş,
ömrünü mühacirətdə başa vurmuşdur;
Koqnovitski
Pavel İvanoviç - 1919-cu ilin sentyabr ayının 1-dən
nümayəndə heyəti üçün material toplayan
komissiyanın üzvü təyin edilmişdir. 1920-ci ildən
Xarici İşlər Nazirliyinin topoqrafiya və statistika
şöbəsinin müdiri işləmişdir;
Məhərrəmov
Məmməd bəy - 1918-ci ilin dekabr ayından nümayəndə
heyətinin üzvü;
Məlikov
Səfvət bəy Həsən bəy oğlu - nümayəndə
heyəti katibliyinin əməkdaşı;
Mehdiyev
(Mirmehdiyev) Miryaqub - nümayəndə
heyətinin müşaviri;
Şeyxülislamov Əkbər ağa İbrahim oğlu - nümayəndə heyətinin üzvü;
Topçubaşov Ələkbər bəy -
nümayəndə heyəti katibliyinin əməkdaşı;
Topçubaşov
Rəşid bəy - nümayəndə heyətinin rəhbərinin
şəxsi katibi;
A.Qafarov, Q.Qafarova, G.Məmmədov - tərcüməçilər.
(Ardı var)
Rövşən AĞAYEV
525-ci qəzet.-
2020.- 23 sentyabr.- S.10-11.