Öz papağınla danış"
Litva
yazıçısı və Pozitivistlər Klubunun təsisçisi
Yaronimas Lautsüs həm də Belarus Yazıçılar
Birliyinin üzvü, "Tri zvyozdoçki" nəşriyyatının
baş redaktorudur.
Onun miniatür janrında yazdığı əsərlər
dünyanın bir çox dillərinə tərcümə
olunub. Azərbaycan dilinə isə həmin əsərlərdən
nümunələri ilk dəfə Flora Naci çevirib və
o tərcümələrdən bir neçəsini oxuculara təqdim
edirik.
SƏHƏRİN
HƏDİYYƏSİ
Bir damcı şehin necə doğulduğunu
görmüsənmi?
O an Kainatın sənə nə demək istədiyini
dərk etdinmi? Onun mesajını
anladınmı?
Bir çiçəyi suvarmaq, ona həyat vermək
üçün bir damla şeh əmələ gəlir, bu da
sənin günlərini sevinclə doldurmaq deməkdir.
Məgər bu, insan həyatına bənzəmirmi?
Axı, hər birimiz bu dünyaya kiməsə gərək
olmaq üçün, özümüzü və
başqalarını sevindirmək üçün gəlirik. Kiməsə
bu fani, boş yerə çarpışan dünyada dayaq olmaq
üçün gəlirik. Yaxın
adamlarımıza ürəyimizin işığını,
ruhumuzun isti nəfəsini vermək üçün gəlirik.
Əgər gördüyün işlərin daim
axarında həyat bəxş edən şeh
damcısının doğulduğunu görməmisənsə,
gecə qaranlığını yararaq Yer kürəsini
salamlayan günəşin ilk şüalarının nə
pıçıldadığını eşitməyə
çalış.
Hər açılan səhər yeni və
günü-gündən daha çox bənzərsiz Həyatın
başlanğıcıdır.
GÜNDÜZÜN YOLU
Gündüz - uzaqlara aparan yol, gecə isə bu yolun əvvəlinə
qayıdışdır. Gündüz Zamanla birlikdə məkanları
yararaq Sən səyahət edirsən.
Gecə keçdiyin yolları, olub-keçənləri
dərk edirsən. Gecə Sən hər şeyi daha aydın
görürsən.
Görə bilərsən ki, hansısa məqamda yolu tək
gedirdin, çünki Zaman Səni tərk etmişdi.
Bəzən
gecə
açıq-aydın görürsən ki, yolda özünü itirmişdin.
Gecələr gözümüz önündə
keçilmiş və hələ keçilməmiş
yollarımız canlanır. Ən əsası - səhər gözlərimizi
açanda oyandığımızı anlayaq. Anlayaq
ki, yaşamaq üçün oyanmışıq.
O GƏLƏNDƏ
Kədər Sənin evinə gələndə onu digər
qonaqlar kimi qarşıla.
Əgər o, Sənin qapını döyürsə,
deməli, Sənə ehtiyacı var.
Əgər o, Sənin qapının astanasında
dayanıbsa, deməli, Sənə deyiləsi vacib sözü
var.
Görüşməzdən əvvəl onun fikirlərini
təxmin etməyə çalış.
Onunla skamyada əyləş.
Dinlə onu, onu başa düş.
Qonağı qapıya qədər ötür.
Onun qoyub
getdiyi ruhu sakitləşdirən işığı qəbul et.
YADDAŞIN İŞIĞI
İndi o, kimin ondan "şam sönəndə
işıq hara yox olur" soruşduğunu xatırlamır.
Verilən suala cavab axtararkən fərqli variantlara əl
atırdı, onlar isə yeni suallar doğururdu.
İşıq yolu nədir? İşıq və
qaranlıq necə qarşılaşır?
Qaranlıq həmişə qaranlıq idi? Yoxsa şam
sönməmişdən əvvəl olduğu kimi, o da nə
vaxtsa işıq olub?
İşıq sönənə qədər
işıqlandırdıqlarını xatırlayırmı?
İşıq verilən insanlardan heç olmasa biri
xatırlayırmı ki, bir zaman bu işığın
altında yaşamışdır.
Onlar başqa bir işıq tapmışlarmı, yaxud
qaranlıqda qalaraq, onunla barışmışlarmı?
Yaddaş İşığı cavab gözləyir.
Hələ ki, qaranlıq çökməyib.
HƏYAT TƏNLİKLƏRİ
Səhhət, minus xəstəliklərim -
sağlamlığımdır.
Yaddaş, minus unutqanlığım -
yaddaşımdır.
Gündəlik sevinclər, minus unutduğum əzablarım
- həyatımın sevincləridir.
Bütün
insanlar, minus məni qane etməyənlər - bu, mənim təkliyim
ola bilər.
Dünyanın var-dövləti, minus mənə
lazım olmayanlar - mənim sərvətimdir.
Həyat bütün mənfi və müsbət cəhətləri
ilə, sevgisi və ümidi ilə - mənim Həyatımdır.
RUHUN GÜZGÜSÜ QARŞISINDA
Sükut ruhun güzgüsüdür.
Yalnız sükutda ürəyinin
döyüntüsünü eşidə bilərsən. Onu dinləməyə
çalış.
Qaranlıq qüsurlarının
güzgüsüdür.
Yalnız qaranlıqda onların nə qədər dərin
və qara olduğunu görə bilərsən. Bu dərin
uçuruma nəzər sal.
İnsan bütün sualların
güzgüsüdür.
Əsası odur ki, suallara cavab axtarmağında
dayanmayasan. Səni
düşündürən hər şeyi dərk et.
Yer kürəsi addımlarının
güzgüsüdür. Orada sənin bütün həyat yolun əks olunur:
haradan gəldiyin və hara getdiyin. Ətrafına
baxın.
Səma ümidin güzgüsüdür. Ümid
göylərəcən yüksələndə sənin həyatının
məqsədinə çevrilir. Xəyallarını
buludlara qədər yüksəlt.
Kainatın
bütün güzgülərinə bax ki, özünü
olduğun kimi deyil, ola biləcəyin kimi
görə biləsən.
SÜKUTUN RUHUNU TAPACAQSANMI...
Yalnız İnsanın və Sükutun ruhu var.
Sükutun yaradıcıları İlahi
başlanğıcın yaradıcılarıdır.
Onlar şairlərdən, rəssamlardan, bəstəkarlardan
da möhtəşəmdirlər.
Kainatın
Yaradanı ilk sözü səsləndirəndə, sükut
partladı və qalaktikalar ulduzlar, planetlər yarandı... Günəş, Yer kürəsi və onun üzərində
yaşayan hər bir canlı zahir oldu.
Sükut, Zaman kimi, əbədidir.
Sükutun yaradıcıları onu xaos, səs
kakofoniyası, qışqırıq, dava-dalaş, səs-küy
aləmində tapırlar.
Sükutu dərk etmək, onun ruhunu anlamaq Yaradanın
yolunu dərk etmək, anlamaq deməkdir. Bu yolu
özün üçün açmaq və onunla öz
Ulduzuna qarşı getmək deməkdir.
Yalnız Sükutu tapdıqda sən ürəyinin necə
döyündüyünü, onun Kainatın Sükutu ilə nədən
danışdığını eşidə bilərsən.
TALEYÜKLÜ İNSAN
Başqa
bir insana atılan daş nə hiss edir?
Daş özü uçuş yolunu dəyişdirə
və yan uçaraq heç kimə dəymədən yerə
düşə bilərmi?
Birinin sonradan bu daşı yerdən
qaldıracağına və məbədin təməlinə
qoyacağına ümid varmı?
Bəlkə yerə düşmüş bu daşı
qaldırmaq Taleyin hökmü ilə sənə nəsib
olacaq? Bəlkə bu taleyüklü insan Sənsən?
KAİNATIN SƏSLƏRİ
Bütün ulduzlardan, planetlərdən, qalaktikalardan,
göyün yüksəkliyindən, yerin alt qatlarından
görünən və görünməyən aləmin səsləri
gəlir.
Ulduzlar, qalaktikalar, planetlər, dağlar, çəmənliklər,
göllərin bir-biri ilə danışıqlarının səsləridi.
Bu kainat dilinə qulaq asan Yer kürəsi insanların
bunu niyə eşitmədiyini başa düşə bilmir. O, eşitdiklərini
insanlara anlaya biləcəkləri bir dildə
çatdırmağa çalışır:
yağışın şırıltısı, meşənin
səs-küyü, dənizin pıçıltısı
dilində. Səma, işıq, zülmətin
işarələri ilə izah edir.
Lakin insanlar yağışdan çətir altında
gizlənir. Meşədə yalnız doğranılıb oduna
çevrilə bilən ağacları görürlər.
Dənizə yalnız balıq ovu
üçün çıxırlar. Peyğəmbərlik işarələri ilə dolu
Səma isə insan üçün getdikcə daha əlçatmaz
və görünməz olur.
Ən çox insanlara ünvanlanan Kainatın səsləri
hər kəsə çatır, insanların özündən
başqa.
Lakin Kainatın da, insanların da ümidləri
oxşardır. Əsası odur ki, dinləyəsən,
eşidəsən və başa düşəsən.
İŞIĞI
GÖZLƏYƏRKƏN
Bəzən gözlənilmədən yandırılan
işıq insanın gözlərini qamaşdırır və
bir müddət görmə qabiliyyətini itirir.
Bəzən işıq uzaq səmada parlayır, onu
işıqlandırır və yerə çatmadan
sönür.
Kimsə belə halda Taleyinin işarəsini
görür.
Bu mesajın mənasını açmağa
çalışaraq insan Həyatının sirlərini
öyrənməyə başlayır.
Belə də olur ki, uzaqda görünən bir
işartı insana xoşbəxtliyə aparacaq yolu göstərir. Fortunanın
yol göstərən parıltısı bizi səsləyir.
Lakin taleyimizin ən həlledici işığı Təfəkkürümüzün
işığıdır.
Əgər o işıq gözləri
qamaşdırmırsa, ya da görünmədən sönmürsə,
insanı oyadır və Həyat yoluna çıxarır.
Belə işıq bizi yeni Kəşflərə
aparır.
Bizdə biliyə və anlayışa həvəs
yaradır.
Həyatımızı möcüzələr
üçün açıq edir.
Bizdə
həyat eşqi oyadır ...
Əgər
görünmədən sönmürsə...
İNSAN DAĞ KİMİDİR
Hətta ən uca dağ yalnız üfüqdən
yuxarı qalxan, ucalan və öz əzəmətində sanki
donmuş yer qabığıdır.
Dağ özü özlüyündə heç bir
fayda gətirmir. Əksinə, yolların, boru kəmərlərinin
çəkilməsinə, evlərin inşasına mane olur...
Həm də doğan günəşin
qabağını tutur.
Lakin geoloq dağa gələndə, onu öyrənməyə
başlayanda, onun daxilində gizlənmiş təbii sərvətləri
axtaranda, dağ əsl xəzinəyə dönür.
Dağ yüzlərlə insanı zənginləşdirir. Çox vaxt
böyük şəhərlər dağ ətəyində
salınır. Dağın dərinliklərindən
aşkar olunan sərvətlər sayəsində insanlar
qidalanır, geyinir, yeni axtarışlar üçün ilham
alır.
İnsan da dağ kimidir. Ona xas olan
istedadları axtarmağa başlamayınca, bütün
qabiliyyətlərini istifadə etməyi öyrənməyincə,
insan faydasızdır, həm özü, həm də
başqaları üçün.
Ancaq digər
yaradıcı insanlardan nümunə götürərək,
yaxud şüurunda birdən
parlayan impulsa tabe olaraq insan
öz unikallığını, həyatda əsas
missiyasını axtarmağa başlasa, şübhəsiz ki,
o, özündə gizli istedadlarını, əvvəllər
istifadə olunmamış fürsətləri aşkar edəcək,
bununla da onun həyatı möcuzəvi şəkildə dəyişəcək.
İnsan öz daxili sərvətlərinin tədqiqatçısına
çevrilir.
O, daim axtarışdadır. Həyatın sirlərinə
bələd olur, dünyanın sehrini, düşüncələrin
dərinliyini, toxunuşun, baxışların, səslərin
gözəlliyini kəşf edir.
Günəşin şüaları altında göy
qurşağı rəngləri kimi parlayan bu kəşflər
onu əhatə edən dünyanı bəzəyir. Misli
görünməmiş rənglərə və çalarlara
boyayır. Həyatı daha parlaq və
daha maraqlı edir.
Bunun üçün bəzən tək bir impuls kifayətdir. Bir dayanacaq.
Bir yeni baxış.
Təəssüf ki, çoxları bunu bacarmır.
Bəlkə
sənin bəxtin gətirər...
ÖZ PAPAĞINLA DANIŞ
Artıq
o xatırlamır ki, bu məsləhəti ona kim
vermişdir: məsləhətləşməyə
adam tapmadıqda papağını qoy qabağına və
onunla danış.
Bu məsləhət Onun xoşuna gəlmişdi.
İnsanlarla ötəri görüşdüyü
üçün kiminləsə danışmaq
günü-gündən daha da çətin olurdu.
İnsanlar bir yana qalsın! Həyat özü
ona ötəri toxunurdu.
Ancaq
həyatı tutub saxlamaq mümkün deyil. Dayandırmaqda
mümkün deyil.
Elə
bil Tale özü onun bütün planlarını həyatın
tozlu yolları boyunca dağıtmaq üçün gündəlik
narahatlıqlarından bir qamçı düzəldib ki,
heç bir şeyin dəyişdirilməsinə imkan verməsin.
Yalnız papağını başından
götürəndə, yalnız ondan iki əllə
yapışanda, o, qısa bir müddət ərzində Tale tərəfindən
qoyulmuş tempi dayandıra və ürəyini boşalda
bilirdi.
Təəssüf
ki, həyatı yeni bir şəkildə yenidən dərk etməyə
imkan verən bu kəşf heç kim tərəfindən qəbul
edilmədi.
Hər
kəs müvəffəqiyyət ardınca qaçmağa o qədər
tələsirdi ki, hətta papaqları ilə
danışmağa macal tapa bilmirdilər.
O,
yalnız bir gün ən yaxşı dostlarının necə
toplaşacağını, papaqlarını
çıxardacağını və bəlkə də illər
sonra ilk dəfə səmimi danışacaqlarını xəyal
edə bilərdi.
Vidalaşaraq
belə, onlar papaqlarını əllərindən buraxmayacaq,
yalnız harasa tələsən insanlarla dolu küçədə
onları başlarına qoyacaqlar.
Yaronimas LAUTSÜS
525-ci qəzet.- 2020.- 24 sentyabr.-
S.13.