Elmə və alim adına sədaqət
nümunəsi
Solmaz
xanım Rzaquluzadənin ölüm xəbəri onu tanıyan
və sevən hər kəs kimi, məni də
ağrıtdı. Elmə 50-ci illərin ortalarında gəlib
Azərbaycan fəlsəfəsinin elm kimi
yaradılmasının başlanğıcında duran,
bütöv bir epoxanı təmsil edən filosoflar nəslinin
sonuncu nümayəndələrindən daha biri fani
dünyanı tərk edib əbədiyyətə qovuşdu.
O, bizim
üçün elmimizin, institutumuzun tarixinin canlı təcəssümü,
nəcibliyin, həqiqi alim etikasının canlı örnəyi
idi. 60 il Fəlsəfə İnstitutunun
"fəlsəfə və ictimai fikir tarixi" şöbəsində
çalışmışdı. 1954-cü ildə
Azərbaycan Dövlət Universitetinin tarix fakültəsinin fəlsəfə
bölməsini bitirib aspiranturaya daxil olduğu gün 23
yaşlı gənc qızın taleyində bəlkə də
ən əlamətdar, taleyüklü gün oldu. "Xaqani Şirvaninin ictimai-siyasi və fəlsəfi
görüşləri" mövzusunu namizədlik işi
kimi götürməsi Solmaz xanımın gələcək
elmi axtarışlarının istiqamətini müəyyənləşdirdi.
Azərbaycan fəlsəfəsinin çox mürəkkəb
və tədqiqi çətin olan orta əsrlər
dövrünü onun, necə deyərlər, kəhər
atını oynatdığı meydana çevirdi.
Qeyd etmək
lazımdır ki, 50-ci illərin ortalarında akademik Heydər
Hüseynovun "XIX əsr Azərbaycanda ictimai və fəlsəfi
fikir tarixindən" fundamental monoqrafiyasının (1949) aqibəti
ilə bağlı faciəvi hadisələr hər kəsin
xatirində hələ çox təzə idi və
düşmənlərimizin istəyinə rəğmən, cəmiyyətdə
azərbaycançılıq duyğularını
qaldıraraq, mədəniyyət tariximizə böyük
maraq oyatmışdı. Maneələr də az
deyildi. Azərbaycan alimləri Avropa, Hindistan, İran şərqşünaslarının
tədqiq etdikləri, üstəlik, bütün ədəbiyyatlarda
İran şairi kimi tanıdılan həmvətənlərinin
irsini (onların arasında Xaqani də vardı) elmi cəhətdən
öyrənməyə can atırdılar. Lakin
bu tədqiqatlara gizli qadağa vardı. Fəhlə-kəndli
dövlətində saray şairləri hörmətdə
deyildilər. Elə bu vaxt şərqşünas
alim, şair Mirzə Mübariz Əlizadənin Xaqaninin bir
beytini çox sərbəst şəkildə tərcümə
edib, mənasını xeyli dəyişdiyi "İstəmirəm
adımı çağıralar Xaqani, mən yoxsullar
şairi Xəlqaniyəm, Xəlqani" beyti meydana gəldi və
dillər əzbəri oldu. Beyt yerinə düşdü,
Xaqanini saray şairindən "yoxsullar şairi"nə,
proletar şairinə çevirərək, dövrün gözündə
"reabilitasiya" etdi. Solmaz xanım bizə
danışırdı ki, onu fəlsəfə tarixinə, elmə
gətirən də məhz - sonralar ilk mənbələrdə,
əlyazmalarda
axtarıb tapa bilmədiyi - "İstəmirəm
adımı çağıralar Xaqani, mən yoxsullar
şairi Xəlqaniyəm, Xəlqani" misralarındakı vətənpərvərlik
pafosu olmuşdur. Xaqaninin irsini araşdırmaq
üçün isə tədqiqatçı ərəb və
fars dillərini bilməli idi. Aspiranturada
yalnız ona, ayrıca ərəb və fars
dillərini öyrətməsi üçün müəllim
dəvət edilməsi mövzuya necə böyük önəm
verilməsindən xəbər verir. Bu müəllim
isə Azərbaycan ərəbşünaslıq məktəbinin
yaradıcısı, dünyada məşhur poliqlot alim,
professor Ələsgər Məmmədov idi. Ümumiyyətlə, deməliyəm ki, fəlsəfə
təhsili və ilk mənbələrlə, əlyazmaları
ilə işləmək imkanı verən dil bilgisi Solmaz
xanımın orta əsr Azərbaycan fəlsəfəsinin dərin
bilicisi, mütəxəssis kimi yetişməsinə kömək
edən mühüm amillərdir.
Başlanğıc belə qoyuldu. 1961-ci ildə
"Xaqani Şirvaninin ictimai-siyasi və fəlsəfi
görüşləri" mövzusunda namizədlik (indi fəlsəfə
doktoru) dissertasiyasını müdafiə etdi, 1962-ci ildə
eyniadlı monoqrafiyası çap edildi. Ardınca
"Baba Kuhinin dünyagörüşü" (Bakı, 1978)
və "XI-XII əsrlərdə Azərbaycanda panteizm
tarixindən" (Bakı, 1982) adlı monoqrafiyaları
işıq üzü gördü. Rus
dilində yazılmış bu kitablar artıq raritetdirlər,
kitabxanalarda belə tək-tək nüsxələri
qalmışdır. Solmaz xanımı biz həmçinin,
orta əsrlər dövrünün nəzəri-metodoloji və
konkret problemlərinə həsr edilmiş çoxsaylı
sanballı məqalələrin müəllifi, müsəlman
Şərqində fəlsəfi fikrin inkişafında
müstəsna xidmətləri
olan Zəncani, Baba Kuhi, Bəhmənyar,
Xaqani, Məhsəti, Şihabəddin Sührəverdi, Eynəlqüzat,
Şəms Təbrizi, Nəsirəddin Tusi, Məhəmməd
Təbrizi, Şəms Məğribi, Abbasqulu ağa
Bakıxanov kimi onlarla Azərbaycan mütəfəkkirinin fəlsəfi
görüşlərini araşdıran istedadlı tədqiqatçı
kimi tanıyırıq. Solmaz Rzaquluzadənin məqalələri
dövrün sanballı toplularında yer almışdır.
Beşcildlik "Fəlsəfə ensiklopediyası"nın
üçüncü cildində (Moskva, 1964) "Məhsəti
Gəncəvi", beşinci cildində (Moskva, 1970) "Xaqani
Şirvani", ASE-də "Azadfikirlilik" (I cild, 1971),
"Vəhdət əl-vücud" (II cild, 1977),
"SSRİ-də fəlsəfə tarixi" toplusunda (I cild,
M., 1968) dərc edilən "Xaqani Şirvani" məqalələri
onun qələminin məhsuludur. "Azərbaycan fəlsəfə
tarixi"nin I
(Bakı, 2002) və II cildlərindəki (2008) elmi
materialın xeyli hissəsi onun tədqiqatlarının nəticələrini
əks etdirir. Yeri gəlmişkən, Solmaz
xanım bu cildlərin həm də məsul katibi idi.
Solmaz Rzaquluzadənin
araşdırdığı problemlərə ciddi elmi əsaslara
söykənən özünəməxsus yanaşma tərzi
vardır. Fəlsəfi irsini tədqiq etdiyi mütəfəkkirlərin irsini bir tərəfdən, mümkün qədər adekvat
şərh etməyə çalışır, digər tərəfdən,
insanı, elə öz müasirini də, daim
düşündürən və narahat edən
dünyagörüşü səciyyəli suallara cavab
axtarır. Tədqiqat obyekti olan mütəfəkkirin
dünyagörüşünün hər hansı bir tərəfini
deyil, bütövlükdə tam mənzərəsini
canlandırmaq - onun yaradıcılığına xas olan daha
bir özəllikdir. Solmaz xanım onların varlıq və
idrak haqqında təlimlərini, sosial-siyasi, etik-estetik
görüşlərini mümkün qədər geniş
şərh və təfsir etməyə, burada idealist və
materialist ünsürlərin sintezini, rasionalizmin irrasional və
mistik məqamlarla əlaqəsini, təlimlərinin fəlsəfi
təməli olan vəhdəti-vücudun xarakterindən
doğan dünyaya, hadisələrə dialektik
baxışlarını açıb göstərməyə
cəhd edir.
Çoxdan bəridir ki, vəhdəti-vücudun panteizm
olub-olmaması filosoflar, şərqşünaslar arasında
mübahisə mövzusuna çevrilmişdir. Hər bir məsələdə
olduğu kimi, bu məsələdə də Solmaz
xanımın öz mövqeyi vardı. O, bu iki
anlayış-istilahın müxtəlif mədəniyyətlərdə
yalnız zahirən fərqlənməsinə baxmayaraq, eyni
mahiyyət daşıdığına əmindi və bunu əsaslandırırdı.
"XI-XII əsrlərdə Azərbaycanda panteizm tarixindən"
əsərində panteizmi Qərbə aid edib, vəhdəti-vücudla
bir-birinə əks təlimlər olduğunu iddia edən məşhur
türk tədqiqatçıları Ferit Kam, J.Fenninin fikirləri
ilə oxucusunu tanış edir, Hayri
Bolayın mülahizələri üzərində xüsusi dayanıb,
onları tutarlı dəlillərlə təkzib etmişdir.
Solmaz Rzaquluzadənin əsərlərində hər bir
müddəanın dalında dərin düşüncə və
elmi əsaslılıq dayanır. Təsadüfi deyil
ki, bu əsərlər dünyada müsəlman Şərqinin
mədəniyyətini, o cümlədən, fəlsəfəsini
tədqiq edən müəlliflərin diqqətini həmişə
özünə cəlb etmişdir, indi də edir. Yeri gəlmişkən,
mən özüm də orta əsrlər dövrünə
aid hər hansı bir fəlsəfi məsələ
haqqında qənaətimdə möhkəmlənmək
üçün onun əsərlərinə daima müraciət
edirəm.
Solmaz xanım bir çox fəlsəfi əsərlərin
ciddi, diqqətli redaktoru olmuşdu. Onların arasında
orta əsrlərin böyük Azərbaycan filosofu Bəhmənyarın
"Ət-təhsil" traktatının F.V.Saqadeyev tərəfindən
ərəbcədən ruscaya tərcüməsi də
vardır. O, 1998-ci ildə nəşr edilməyə
başlayan "Şərq fəlsəfəsi problemləri"
jurnalının ərsəyə gəlməsinə uzun illər
baş redaktor müavini kimi böyük əmək sərf
etmişdi.
Bilmirəm,
ailədən gələn ziyalılıqdandırmı, yoxsa əhatəsində
olduğu orta əsr Şərq müdriklərinin humanist
ideyalarındanmı Solmaz xanımın təbiətində insana
xas olan ən nəcib sifətlər cəmlənmişdi; o, səmimi,
genişürəkli, həssas qəlbli, qayğıkeş,
xeyirxah, başqasının - istər yaxını olsun, istərsə
də ilk dəfə gördüyü bir şəxs - sevincinə
də, dərdinə də şərik olmağı bacaran, əlindən
gələn köməyi əsirgəməyən, eyni zamanda,
prinsipial, ədalətsizliyə qarşı barışmaz və
hədsiz dərəcədə təvazökar insandı. Özünəməxsus incə yumor hissinə malik
idi. Yadımdadır, anadan olmasının
80 illiyinə həmkarları özündən xəbərsiz
onun çap olunmuş və olunmamış əsərlərini
bir yerə toplayıb "Azərbaycan fəlsəfi fikir
tarixindən" (Bakı, 2011) başlığı
altında nəşr etdirmişdilər. Kitabın təqdimatı
zamanı ona söz verilərkən, çox qısa
danışdı, həm təşəkkür, həm də
kitabın başqa tədqiqatçıların əsərlərinin
çap növbəsinə mane ola biləcəyinə
görə üzrxahlıq etdi, sonra, kitabda ən xoşuna gələn
şeyin, onun qalın üz qabığı olduğunu deyib,
tədbir iştirakçılarını güldürdü.
Amma düşünsən, gülməli də deyildi, bəlkə
zarafatının arxasında bir kinayə vardı, kim bilir?! Axı bu, bütün həyatını
elmə həsr etmiş alimin qalın karton üzlü ilk
kitabı idi.
Onun doktorluq müdafiə etməməsi, hətta
şüurlu şəkildə bundan imtina etməsi, öz əməyinə
görə heç vaxt və heç kimdən mükafat
gözləməməsi çoxlarını təəccübləndirirdi. İnstitutun
elmi Şurasının qərarı ilə ona fəxri doktor
adı veriləndə bir söz deməsə də, çox
narazı qalmış, hətta qızı bu barədə bir
neçə aydan sonda başqalarından xəbər
tutmuşdu.
Solmaz xanım çox ünsiyyətli insan idi. Onunla dünyada olan hər
şey barədə: siyasətdən tutmuş "şor tikə"yə
qədər, tarixdən tutmuş ailə qayğılarına
qədər hər mövzuda şirin söhbət etmək
olurdu. İncəsənəti çox sevirdi.
Konsertində olduğu Rastropoviçin
violonçel ifasından aldığı zövqdən elə
həvəslə danışırdı ki. Qarabağ dərdi
onun böyük dərdi idi. Bəzən xəstəliklərdən
şikayətlənərdi, amma tez də "gəlin pis
şeylərdən danışmayaq" deyə mövzunu dəyişər,
həmsöhbətini nikbin əhvala kökləməyə
çalışardı.
"Nəyə
gərək balıqtək için sıfır (yəni
qovuq, köpürcək), üstdən zər-zibaya
bürünmək, balıqqulağıtək üstün sadə,
için inci mədəni olsun gərək" - Solmaz
xanımın ilk monoqrafiyasında insanın dəyərinin
onun sərvətində, bahalı geyimlərində deyil, mənəvi
aləminin zənginliyində olduğu barədə Xaqanidən
gətirdiyi bu iqtibasda onun öz idealını görmək
olar. Bu idealı özündə daşıyan,
Azərbaycan fəlsəfə tarixi elminin inkişafında
böyük xidmətləri olan görkəmli alim və zəngin
mənəviyyata malik sadə, təvazökar insan Vətən
qarşısında missiyasını sədaqət və
şərəflə yerinə yetirərək artıq tarixə
adlamışdır. Bu tarixi yaşatmaq isə
bizim və gələcək nəsillərin borcudur.
Arzu HACIYEVA
AMEA Fəlsəfə
və Sosiologiya İnstitutunun
şöbə müdiri, fəlsəfə
elmləri doktoru
525-ci qəzet.- 2020.- 24 sentyabr.-
S.13.