Azərbaycanda peşə təhsilinin yeni
yüksəliş mərhələsi
"Peşə təhsili xüsusi əhəmiyyət
daşıyan məsələdir, xüsusilə indiki şəraitdə. Bu gün Azərbaycanda
yaradılan yeni peşə məktəbləri, əlbəttə
ki, sovet vaxtında mövcud olan peşə məktəblərindən
böyük dərəcədə fərqlənir. Sovet vaxtında daha çox orta məktəbdə
böyük nəticələr əldə edə bilməyən
uşaqlar 8-ci sinifdən peşə məktəblərinə
üz tuturdular və bu, adi bir praktika idi. Bu gün isə
peşə məktəbləri çox böyük hörmətə
layiq məktəblər olmalıdır... Əlbəttə
ki, burada da, ilk növbədə, ümumi inkişaf meylləri
nəzərə alınmalıdır, hansı peşələr
bizə nə vaxt lazım olacaq... Odur ki, peşə
məktəblərinin gələcək inkişafı daim
diqqət mərkəzində olmalıdır".
Azərbaycan Respublikasının Prezidenti cənab
İlham Əliyevin 27 iyul 2020-ci ildə yeni Təhsil nazirimizi
videoformatda qəbul edərkən söylədiyi bu fikirlər
ölkənin peşə təhsili ictimaiyyəti
üçün proqram sənədinə çevrilib. Azərbaycanın
peşə təhsili müəssisələri yeni tədris
ilinə bu konseptual məqsəddən doğan böyük
ruh yüksəkliyi ilə başlayıblar.
Yarım əsrə yaxın zəngin təhsil ənənələri
olan, regionun əmək bazarına müvəffəqiyyətlə
daxil olan Qəbələ peşə təhsili müəssisəsi
respublikada son 3 ildə yaradılmış 10 Dövlət
Peşə Təhsil Mərkəzindən biri olmaq statusuna
yüksəlib.
Bu, bizim üçün böyük şərəf
olmaqla, məsuliyyət də doğurur. Əlbəttə,
hər bir təhsil subyektinin gücü onun maddi-texniki
bazasının zənginliyi, kadr potensialının yüksək
peşəkar tərkibdə olması ilə şərtlənir.
Bu cəhətdən biz hər cür dövlət
qayğısı ilə əhatə olunmuşuq.
İndi Qəbələ
Dövlət Peşə Təhsil Mərkəzi az qala qabaqcıl xarici ölkələrin təhsil
müəssisələri ilə müqayisə olunacaq Kampusu -
Təhsil Şəhərciyini xatırladır. Yüksək
keyfiyyətli təhsil verilməsi üçün müxtəlif
peşə istiqamətləri üzrə dövlət təhsil
standartlarının bütün tələblərinə cavab
verən zəngin infrastrukturumuzu bu ali
dövlət qayğısının təzahürü hesab
edirik. 1. 300 kvadratmetrə yaxın sahəsi olan ikimərtəbəli
və üçmərtəbəli tədris korpusları, 2,6
hektar ərazidə tədris - istehsalat sahəsi, zəngin təlim-texniki
vasitələrlə təmin olunmuş ümumi sayı 150-yə
çatan auditoriyalar, fənn kabinetləri, laboratoriya və tədris
emalatxanaları, 280 yerlik konfrans zalı, fondu minlərlə
ölçülən kitabxana, iki böyük qazanxana, 80
yerlik yataqxana, tələbə və müəllim yeməkxanası,
kompüter - informasiya mərkəzi, habelə təlim məqsədləri
üçün alınmış ağır və
kiçik qabaritli kənd təsərrüfatı
texnikaları, dəzgahlar, aparatlar, qaynaq qurğuları,
iaşə avadanlıqları tələbə və mühəndis
- pedaqoji heyətimizin ixtiyarındadır.
Tədris ilinə müvəffəqiyyətlə
başlamışıq. İlk uğurlu faktımız odur ki, cari
tədris ilində Mərkəzə tələbə qəbulu,
demək olar ki, iki dəfə artırılıb. 21
ixtisas üzrə planlaşdırılan 740 nəfər tələbə
qəbulu proqnozu 80 faizədək yerinə yetirilib, 500 nəfər
tələbə sıralarına qəbul edilib və dərslərə
başlayıblar. Azərbaycan Respublikası
Nazirlər Kabineti yanında Operativ Qərargahın ölkənin
tədris müəssisələrində tədrisin təşkili
ilə bağlı qarşıya qoydugu vəzifələrə
müntəzəm əməl edirik. Belə ki,
hazırda kütləvi dezinfeksiya tədbirləri başa
çatdırılıb, qruplarda tələbə
sıxlığı göstəriciləri tənzimlənib,
təhsilalanlara və təhsilverənlərə bütün
tibbi-profilaktik qaydalar izah olunub, auditoriyalarda ara
məsafələri nizamlanıb. Dərs cədvəlləri
vəziyyətə uyğun olaraq gündəlik və növbəli
əsaslarla tərtib edilib, digər zəruri tədbirlər
görülüb.
Yeri gəlmişkən, ötən dərs ilimiz bir
sıra diqqətəlayiq nəticələrlə əlamətdar
olub. Biz Almaniya və Koreya təcrübəsini fəaliyyətimizə
gətirmək istəyirik. Bu, dual (ikili )
təhsil proqramı deməkdir. İndi Avropa
ölkələrində peşə təhsilinin 40 faizi nəzəri
təlimlərə, 60 faizi qazanılmış biliklərin
istehsalatda mənimsənilməsinə həsr olunur. Sınaqlar bu tənasübün əmək
bazarı üçün olduqca müvəffəqiyyətli
olduğunu sübut edir. Artıq Mərkəzimizdə
belə bir texniki əməkdaşlığa
başlanılıb. Almaniya ilə tərəfdaşlıq
çərçivəsində ölkəmizdə
seçilmiş 3 pilot rayondan biri bizik (Digərləri isə
Qax və İsmayıllı rayonlarıdır). Bu layihədə bizim Təhsil Mərkəzi lider
seçilib. Qarşıdakı illərdə
bütün yaradıcılıq gücümüzü və
texniki imkanlarımızı dualpeşə təhsili və təlimi
üzrə regionda avanqard rola sahib olmağa
fokuslamışıq.
Bizim üçün yeganə prioritet səriştə
əsaslı, rəqabətqabiliyyətli kadrlar
hazırlanması, onların əmək bazrında real yerinin
müəyyən olunmasıdır. Bu məqsədlə hələ
ötən ilin axırlarında "Karyera Mərkəzi"
yaratmışıq. Məzunlarımız,
onların məşgulluq imkanları, işəgötürənlərlə
sıx əməkdaşlıqlar qurulmuşdur. İxtisaslı fəhlə kadrlarından tutmuş hər
bir məzunumuzun bacarıqlı istehsalat komandirləri səviyyəsinədək
uzanan məzmunlu həyat yolunu izləmək, karyera
inkişafında vəsilə olmaq bu Mərkəzin əsas
devizidir.
Fəaliyyətimizin digər ana xəttini dövlət-özəl
partnyorluğu təşkil edir. Yerli istehsal nümunəli brend məhsulları
ilə tanınan Qəbələ "ASPİ Aqro"
Üzümçülük Məhdud Məsuliyyətli Cəmiyyəti,
"Gilan Holdinq Dairy" İstehsal Müəssisəsi,
"Qafqaz" Otellər Şəbəkəsi indi tələbələrimizin
ugurlu təcrübəsinin və gələcək daimi məşğulluğunun
ünvanına çevrilmişdir. Məzunlarımız
burada böyük həvəslə
çalışmaqdadırlar.
Bu məqsədlə həm də Qəbələdə
fəaliyyət göstərən sahibkarların və işəgötürənlərin
geniş dairəsini əhatə edən Koordinasiya
Şurası da yaratmışıq. Onların tələb
və təklifləri, təhsil və kadr
hazırlığı prosesində iştirakı, istehsalat təcrübələrinə,
habelə məzunların attestasiyasına bilavasitə cəlb
olunmaları vəhdət halında Təhsil Mərkəzimizin
uğurlarını artırmaqdadır.
Axı, biz tələbələri təkcə kamil
peşə sahibləri kimi görmürük, onların həm
də şəxsiyyətyönlü, biznes təfəkkürlü,
yaradıcı, novator yetişdirilməsini başlıca
prioritet sayırıq. Mərkəzdə yaradılmış
"Biznes inkubatoru" məhz, bu niyyətimizi əks etdirir.
Təhsilalanlarda sahibkarlıq düşüncə
tərzinin formalaşdırılması, reklam
yaradıcılığı qabiliyyəti, əmək
bazarının çağırışlarını dərk
etmək, daim dəyişən, yenilikçi, mobil və
innovativ ideyalara sahib olmaq vərdişləri aşılamaq
"Biznes inkubatoru"nun fəaliyyət proqramıdır.
Bu, "qara qızılı insan kapitalına
çevirək" - deyən dövlət
başçımızın qeyri-neft sektorunun
inkişafına bu yolla dəstək vermək məramımızdan
irəli gəlibdir.
Biz gələcəyə böyük inamla
baxırıq.
Bu əzmi bizdə ölkə rəhbərliyi,
Təhsil Nazirliyinin yeni proqram sənədləri, Peşə
Təhsili üzrə Dövlət Agentliyinin yeni islahatlara
start verməsi ikiqat artırıb. Yuxarıda
sadalanan kompleks tədbirlərin fonunda həmin dəstək və
qayğıdan ruhlanaraq Mərkəzimizin inkişafı
üçün Layihə-konsepsiya hazırlayırıq.
Ondan məqsədimiz budur: Mərkəzin simasında ölkədə
və regionda öz seqmentində lider mövqeyinə sahib,
modern peşə məktəbinin (MPM) nümunəsini yaratmaq.
Demək olar ki, bütövlükdə dövlət-biznes
əməkdaşlıgına əsaslanan bu layihə öz
proqram müddəalarını "Azərbaycan
Respublikasında Peşə Təhsili və Təliminin
İnkişafı üzrə Strateji Yol Xəritəsi"ndən
götürüb. Şərti olaraq Modern Peşə Məktəbi
adlandırdığımız layihənin mahiyyətini
ümumiləşdirilmiş qısa tezislərlə belə
xarakterizə etmək mümkündür:
- Tədrisin
optimal yollarla təşkili sayəsində azad olmuş 1300
kvadratmetrlik ikinci tədris korpusunun 2 və 3 ulduzlu otellərə
rekonstruksiya edilməsi;
- Dövlət-biznes
əməkdaşlığı çərçivəsində
Mərkəz ərazisində müxtəlif təyinatlı
xidmət obyektlərinin - bərbərxana, gözəllik
salonu, əl qaynağı sexi, dülgər və xarrat
emalatxanaları, tədris mərkəzi, özəl
bağça açılması;
- Mərkəzin
yataqxana ərazisində respublika təhsil işçilərinin
istirahətini nəzərdə tutan "Müəllimlər
Evi"nin - 2 və ya 3 mərtəbəli
yaşayış kooperativinin tikilməsi;
- Ərazinin əlverişli məkana açıq olan
hissəsində avtomobillərə bütün növlər
üzrə texniki qulluq göstərən çoxfunksiyalı
xidmət məntəqəsinin açılması.
Şərh
olunan layihə üzrə proqnozlaşdırılan gözləntilərimiz
yerli turizmin inkişafına töhfələr,
iş yerlərində istehsalat təcrübələrinin təşkili,
məzunların gələcək real məşğulluq
imkanlarının təmin olunmasıdır. Layihənin
ölçülə bilən meyarları qismində regionda
peşə cəlbediciliyinin hazırkı 600-700 nəfərdən
1000 nəfərədək yüksələcəyini, peşə
təhsilinin yerli əmək bazarı üçün spesifik
olan turizm və aqrar sektorlar üzrə
ixtisaslaşacağını, habelə Mərkəzin stabil gəlirlər
indeksinin formalaşacağı təqdirdə kollektivin sosial
rifahının əhəmiyyətli dərəcədə
yaxşılaşdırılacağını
düşünürük. Nəticə
indikatorlarının isə işəgötürənlərin
peşə təhsilinə və təliminə tam inteqrasiya
olunmasında, bir sözlə, peşə təhsilində
bütün parametrlər üzrə keyfiyyət dəyişikliyində
MPM-in lokomotiv rola sahiblənməsində görüruk.
Konsepsiya-layihənin reallaşacağı təqdirdə
Təhsil Mərkəzinin dövlətdən
asılılığı minimuma endirilməklə
günün çağırışlarına cavab verə
bilən modern bir məktəbin nümunə modeli
yaradılmış olacaq.
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzi
2020-2021-ci tədris ilinə belə bir zəngin proqramla gəlib. Ümidvarıq
ki, qarşıdakı illərdə əmək
bazarının ən yaxın tərəfdaşına ölkənin
sənaye və iqtisadi inkişafına layiqli töhfələr
verə biləcəyik.
Namik MURADOV
Qəbələ
Dövlət Peşə Təhsil Mərkəzinin
direktoru, iqtisad üzrə fəlsəfə
doktoru
525-ci qəzet.- 2020.- 24 sentyabr.-
S12.