Məhəmməd Füzuli adına Əlyazmalar
İnstitutu 70 yaşında
Azərbaycan
Milli Elmlər Akademiyası Məhəmməd Füzuli
adına Əlyazmalar İnstitutu (əvvəllər Respublika Əlyazmalar
Fondu) orta əsrlər Şərq yazılı abidələrinin
toplanması, sistemləşdirilməsi, mühafizəsi və
nəşri üzrə vahid bir mərkəz kimi 1950-ci ildə
Nizami adına Ədəbiyyat İnstitutunun əlyazmalar
şöbəsi əsasında yaradılıb.
Əlyazmaların
respublikamızda toplanması işinə hələ XX əsrin
əvvəllərindən, sovet hakimiyyətinin ilk illərindən
başlanıb. 1924-cü ilin 21-24 sentyabrında Bakıda
Birinci Ümumazərbaycan diyarşünaslar qurultayı
keçirildi. Burada mədəni quruculuqla əlaqədar
başqa məsələlərlə yanaşı, Azərbaycanı
Tədqiq və Tətəbbö cəmiyyəti nəzdində
xüsusi əski çap kitabları və əlyazmalar
şöbəsi olan elmi kitabxana təşkili məsələsinə
də baxıldı.
1950-ci
ildən müstəqil müəssisə kimi fəaliyyət
göstərən, əvvəllər Respublika Əlyazmalar
Fondu, sonradan son onilliklərdə Əlyazmalar İnstitutu
adlanan bu elmi idarənin müasir elmi-tədqiqat mərkəzi
kimi təşəkkülü Ümummilli liderimiz, Ulu öndər
Heydər Əliyevin adı ilə bağlıdır. Məhz
onun təşəbbüsü
və iradəsi ilə bu akademik orqan Bakının
İstiqlaliyyət küçəsində yerləşən
gözəl və tarixi binaya köçürüldü,
1986-cı ildə müəssisə SSRİ Nazirlər
Sovetinin qərarı ilə İnstitut statusuna layiq
görüldü.
İnstitutun
əlyazma fondunun əsasını əvvəllər orta əsr
kitabxanalarına, eləcə də, Azərbaycanın XIX-XX əsrlərdə
yaşamış görkəmli mədəniyyət xadimlərindən
Abbasqulu ağa Bakıxanov, Mirzə Fətəli Axundzadə, Əbdülqəni
Əfəndi Xalisəqarızadə, Hüseyn Əfəndi
Qayıbov, Bəhmən Mirzə Qacar, Mir Möhsün Nəvvab
və başqalarının şəxsi kolleksiyalarına daxil
olan materiallar təşkil edir. Əlyazmalar İnstitutunun
müstəqil ixtisaslaşdırılmış elmi müəssisə
kimi təşkili dövründə buraya müxtəlif mədəni-maarif
təşkilatlarından, kitabxanalardan minlərlə əlyazma, əski çap kitabları, tarixi sənədlər
və başqa arxeoqrafik sənədlər
toplanmışdır. Hazırda AMEA Məhəmməd
Füzuli adına Əlyazmalar İnstitutu dünyanın ən zəngin əlyazma
xəzinələrindən birinə çevrilmişdir,
buradakı ərəb qrafikalı yazılı abidələr
məzmunu və nadirliyi baxımından ən məşhur
kitabxana və muzeylərin eksponatlarından heç də geri
qalmır.
Əlyazmalar
İnstitutu orta əsr elmlərinin bütün sahələrini
- tibb və astronomiya, riyaziyyat və mineralogiya, poetika və fəlsəfə,
teologiya və hüquqşünaslıq, qrammatika, tarix və
coğrafiya, bədii nəsr və poeziyaya aid Azərbaycan,
türk, ərəb, fars və başqa dillərdə zəngin
və nadir əlyazma kolleksiyasına malikdir. İndi Əlyazmalar
İnstitutunda 40 mindən artıq material vardır. Bunlardan 12
minə qədəri ərəb qrafikalı əlyazmalardır.
Bundan başqa, institutda XIX-XX əsrdə yaşamış Azərbaycanın
görkəmli elm və ədəbiyyat xadimlərinin şəxsi
sənədləri, tarixi sənədlər və fraqmentlər,
əski çap kitabları, əvvəlki dövrlərin qəzet
və jurnalları, mikrofilm və fotosurətlər mühafizə
edilməkdədir.
İnstitutda
saxlanan üzərində tarixi qeyd edilən ən qədim əlyazma
X əsrin sonunda tanınmış leksikoqraf İsmail əl-Cövhəri
tərəfindən tərtib edilmiş klassik ərəb
dilinin izahlı ensiklopedik lüğəti hesab edilən "Əs-sihah"
əsərinin əlyazmasıdır ki, 1117-ci ildə avtoqraf
nüsxəsindən üzü
köçürülmüşdür. Əbu Əli ibn
Sinanın "Qanun fit-tibb" ("Tibbi qanun") əsəri
(II cild) ərəb dilində yazılmış, tibbə və
farmakologiyaya aid məşhur risalədir. 1143-cü ildə,
müəllifin ölümündən 104 il sonra Bağdadda nəsx
xətti ilə köçürülüb. Dünyada qədimliyinə
görə ən nadir nüsxələrdən biridir. Tibb
elminin inkişafına ciddi təsir göstərmiş
fundamental əsərlərdən biri hesab edilir. İbn
Sinanın bu əsərinin keçən əsrin 80-ci illərində
rus və özbək dillərində Daşkənddə nəşri
zamanı Özbəkistan alimləri ikinci kitabın elmi-tənqidi
mətnini tərtib etmək üçün Bakı əlyazmasından
əsas nüsxə kimi istifadə ediblər.
X-XI əsrlərdə
İspaniyada-Kordovada yaşamış ərəb alimi Əbül-Qasim
əz-Zəhravinin "Əl-məqalə əs-səlasun"
("Otuzuncu traktat") əsəri ərəb dilində tibbə
aid fundamental risalənin bir cildidir. Cərrahiyyə sahəsində
Müsəlman Şərqində elmi tərəqqiyə təsir
göstərib. Əsərin əsas xüsusiyyəti kimi 200-ə
qədər cərrahiyyə alətinin rəsminin çəkilməsi
qeyd edilir. Əz-Zəhravi yeganə orta əsr müəllifidir
ki, cərrahiyyə alətlərinin təsvirini vermiş,
konkret əməliyyatlar zamanı onların tətbiq edilməsi
üsullarını göstərmişdir. Əsərin
Bakı əlyazması XIII əsrdə
köçürülüb.
Rüstəm
Cürcani adlı müəllifin farmakologiyaya aid "Zəxireyi-Nizamşahi"
adlı əsərinin XIII əsrdə
köçürülmüş nüsxəsi Əlyazmalar
İnstitutunda saxlanılır.
Əbi
ibn Hüseyn Qəzvininin "Mənahic üt-talibin vəl məarif
üs-sadiqin" əsərinin Əlyazmalar İnstitutunda
saxlanan nüsxəsi 1377-ci ildə
köçürülmüşdür.
Şeyx Mahmud Şəbüstərinin "Gülşəni-raz"
əsərinin XIV əsrdə
köçürülmüş bir nüsxəsi Əlyazmalar
İnstitutunda saxlanılır.
XV əsrdə
köçürülmüş aşağıdakı
yazılı abidələr Əlyazmalar İnstitutunda
saxlanılır: Xacu Kirmaninin "Humay-Humayun" əsəri
(1415), Kamal Xocəndi divanı (1436), Rövşəni
divanı (1484), Nəsimi divanı (1494), Sədinin
"Bustan" (1494), İbn Xəlliqanın "Vəfayat əl-əyan"
əsəri (1484), Nəsirəddin Tusinin "Zicci-Elxani"
adlı astronomik cədvəli, Məhəmməd ibn Əbubəkr
Əş-Şafeinin "İrşad-ül-möhtac ilə
şərhi-minhac" risaləsi və s.
Yazılı abidələr Əlyazmalar İnstitutunda
yaradılmış xüsusi iqlim şəraiti olan xəzinələrdə
mühafizə olunur.
Əlyazmalar İnstitutunun əsas prioritet fəaliyyət
istiqaməti azərbaycanşünaslıqdır. Burada eləcə də qorunan abidələrin
mühafizə şəraitinin daim müasirləşdirilməsi,
onların müntəzəm dezinfeksiya, gigiyena və bərpası
məsələlərinin həlli, əlyazmaların
kataloqlaşdırılması və sistemləşdirilməsi,
onların tədqiq edilməsi və nəşr etdirilərək
elmi tədavülə və müasir nəsillərə
çatdırılması işi aparılır. Azərbaycan əlyazmaşünaslığının
metodoloji və elmi-nəzəri problemlərinin işlənib-hazırlanması
əlyazmaşünas alim və tədqiqatçılar
qarşısında duran ən aktual və vacib məsələdir.
Ümumiyyətlə, respublikada yazılı abidələr
üzərində indiyədək aparılan elmi
axtarışlarda mühüm nailiyyətlər əldə
edilib. Bu sahədə Əlyazmalar İnstitutu alimlərinin
qazandığı uğurlar ayrıca qeyd edilməyə
layiqdir. Keçən əsrin 50-80-ci illərində
müəssisədə Azərbaycan humanitar elminin Məmmədağa
Sultanov, Cahangir Qəhrəmanov, Həmid Araslı, Rüstəm
Əliyev, Əzizağa Məmmədov, Əzizə Cəfərzadə
kimi simaları çalışıblar. Həmin
dövrdə Azərbaycan əlyazmaşünaslığının
ayrı-ayrı istiqamətləri inkişaf etdirilib.
Müəssisənin
fəaliyyətə başlamasının ilk onilliklərində
kollektivinin üzvləri tərəfindən "Kitabi-Dədə
Qorqud"un mətni, Xaqani Şirvani, Şeyx Mahmud Şəbüstəri,
Seyid İmadəddin Nəsimi, Kişvəri, Şah
İsmayıl Xətai, Məhəmməd Füzuli, Abbasqulu
ağa Bakıxanov, Xurşidbanu Natəvan, Heyran xanım, Fatma
xanım Kəminə, Lütfəli bəy Azər, Mirzə Həsən
Qarabaği və b. kimi bir sıra klassiklərin irsi öyrənilib
və əsərləri nəşr etdirilib. Bu
dövrdə Əlyazmalar İnstitutunun alim və tədqiqatçıları
əlyazmaşünaslıqla bağlı bir sıra metodoloji
problemlərin üzərində işləyib, filologiyanın
bu sahəsinin inkişafı üçün ilk elmi-təcrübi
töhfələrini veriblər. Fazil Seyidov
"İkimininci ilə qədər hicri, miladi və şəmsi
illəri cədvəli"ni, Pənahi
Makulu irihəcmli "Ədəbi məlumat cədvəli"ni,
Qulam Darabadi "Kalliqrafiya" monoqrafiyasını nəşr
etdirib, M.Sultanov əlyazmaların elmi-paleoqrafik təsviri
metodunu işləyib-hazırlayıb. 1950-60-cı illərdə
müəssisənin fondunda mühafizə edilən şəxsi
arxivlərin elmi təsviri işi də başlanıb, 1955-ci
ildə Ağəmi İbrahimov "Mirzə Fətəli
Axundov arxivinin təsviri"ni nəşr etdirməklə
biblioqrafik kataloq tərtibinin əsasını qoyub, 1961-ci və
1965-ci illərdə Mərziyə Paşayeva "Cəlil Məmmədquluzadə
arxivinin təsviri"ni və "Cəfər Cabbarlı
arxivinin təsviri"ni, 1962-ci ildə Cənnət
Nağıyeva "Süleyman Sani Axundov arxivinin təsviri"ni
nəşr etdirib.
1960-cı illərdən başlayaraq, Əlyazmalar
İnstitutunda mühafizə edilən əlyazmaların
kataloqlaşdırılması təcrübəsi həyata
keçirilib.
İnstitutun ilk "Əlyazmalar kataloqu" M.Sultanovun və
C.Qəhrəmanovun redaktəsi altında 1963-cü və 1977-ci illərdə (iki
cilddə) nəşr edilib, bundan sonra əlyazmaların
kataloqlaşdırılması işinə daha böyük əhəmiyyət
verilib və bir sıra kataloqlar tərtib olunub. 1970-ci ildə Ə.Məmmədov
Şah İsmayıl Xətainin, üç il
sonra C.Qəhrəmanov İmadəddin Nəsimi irsinin elmi-tənqidi
mətnlərini hazırlayıb nəşr etdirib və
bununla da institutda sonrakı dövrlərdə türkdilli abidələrin
orijinal qrafikada elmi-tənqidi mətninin hazırlanması
işlərinin genişləndirilməsinə yol
açılıb. 1970-ci ildə C.Qəhrəmanov
"Nəsimi "Divan"ının leksikası"
adlı fundamental tədqiqatını nəşr etdirməklə
ümumiyyətlə, Azərbaycanda linqvistik mənbəşünaslıq
sahəsinin əsasını qoyub, sonralar alimin rəhbərliyi
altında bu sahə daha da inkişaf etdirilib.
70-80-ci
illərdə müəssisənin M.Sultanov, C.Qəhrəmanov,
Ə.Məmmədov, C.Nağıyeva, F.Seyidov, M.Paşayeva,
Ş.Cəmşidov, N.Qarayev, M.Məmmədova, E.Seyidbəyli
kimi görkəmli alim və təcrübəli mütəxəssisləri
ilə ünsiyyət şəraitində Azadə Musayeva,
Möhsün Nağısoylu, Kamandar Şərifov, Əbülfəz
Əliyev, Arif Ramazanov, Aydın Xəlilov, Tahirə Nurəliyeva,
Tahirə Həsənzadə, Zəminə Hacıyeva, Hacı
Mayıl Əliyev, Əkrəm Bağırov, Söhrab
Bayramlı, Müqəddəs Payızov, Müzafəddin Əzizov,
Həsənağa Nəcəfov, Adil Sadıqov, Təyyar Əkbərov
kimi alim-tədqiqatçılar, mütəxəssislər
yetişib, onlar həmin dövrdə Azərbaycan əlyazmalarının
mühafizəsi, tədqiqi və nəşri işinin
inkişafına öz töhfələrini veriblər.
Ancaq
bütün nailiyyətlərinə baxmayaraq, İnstitut
öz fəaliyyətinin ən coşqun dövrünə məhz
Azərbaycan Respublikasının milli istiqlaliyyətinin bərpa
edilməsindən sonra qədəm qoymuş, adı- çəkilən
alim və tədqiqatçılarla yanaşı, Paşa Kərimov,
Fərid Ələkbərov, Əli Əliyev, Nailə Səmədova,
Sevər Cabbarlı, Rəna Məmmədova, Zəkiyyə Əbilova,
Aybəniz Rəhimova, Sona Hadıyeva, Mustafa Əliyev, Rauf
Şeyxzamanlı və bu kimi gənc kadrların elmi
potensialı tam gücü ilə məhz bu dövrdə
açılıb. Müqayisə üçün göstərmək
olar ki, 60-cı illərin sonunda müəssisədə cəmi
47 əməkdaş, o cümlədən, 3 elmlər doktoru və
bir neçə elmlər namizədi işlədiyi halda, bu
gün institutun təkcə elmi işçilərinin sayı
100-dən çoxdur. Yeni şəraitdə institutun işlədiyi
problematika da genişləndirilib, Azərbaycan əlyazma
kitabının tarixi, paleoqrafiya məsələləri,
islamşünaslıq, tarixi mənbəşünaslıq,
elm tarixi və tərcümə tarixi istiqamətlərində
işlər də həyata keçirilməyə
başlanıb. Həmin sahələr üzrə nəşr
edilmiş M.Adilovun "Azərbaycan paleoqrafiyası və
tarixi orfoqrafiya məsələləri", "Türk mətninin
transfoneliterasiya problemləri", "Azərbaycan əlyazmalarında
filiqranlar" (Ə.Əliyevlə), T.Nurəliyevanın
"Azərbaycan ədəbiyyatının tədqiqində əlyazma
kolleksiyalarının əhəmiyyəti", K.Şərifovun
"Mətnşünaslığın əsasları" və
"Əbdülqəni Nuxəvi Xalisəqarizadə", A.Xəlilovun
"İlk Azərbaycan kitabı", A.Musayevanın "Əlyazma
kitabı və XV-XVI əsrlər Azərbaycan ədəbiyyatı",
S.Cabbarlının "XVIII-XIX əsrlər Azərbaycan əlyazma
topluları" kimi bir sıra əsərlər milli yazı
tariximizin ayrı-ayrı sahələrinin tədqiqi istiqamətində
uğurlu addım kimi qiymətləndirilə bilər. İnstitutun əməkdaşlarından E.Seyidbəylinin
"Qarabağ torpaq mülkiyyətinə aid arxeoqrafik
materiallar". "Gövhər ağa Cavanşirin sənədləri"
və "Naxçıvan torpaq mülkiyyətinə aid
XVII-XVIII əsr Kəngərli arxeoqrafik sənədləri"
kitabları, T.Həsənzadənin "Marağalı Məhəmmədhəsən
xan Etimadüssəltənənin əsərlərində Azərbaycan
tarixi məsələləri" monoqrafiyası, yenə onun
hazırladığı Marağalı Məhəmmədhəsən
xanın "Xeyrati-hesan" əsərindən iqtibaslar, R.Məmmədovanın
Səfəvilər dövrü və Nadir şahla bağlı sənədlər
əsasında nəşr etdirdiyi tədqiqatlar, A.Ramazanov və
K.Şərifovun nəşr etdirdikləri Mir Möhsün Nəvvabın
"1905-1906-cı illərdə erməni-müsəlman
davası", N.Səmədovanın nəşr etdirdiyi
M.S.Ordubadinin "Həyatım və mühitim" memuarı
və məktubları, Ə.Bağırovun
hazırladığı M.S.Ordubadinin "Qanlı illər"
əsəri, eləcə də "Azərbaycan Xalq
Cümhuriyyəti-80" sənədlər və mənbələr
toplusu, irihəcmli "Rəşid bəy Axundov. Məktublar, sənədlər, tərcümələr,
məqalələr" kitabı Azərbaycanın
yaxın-uzaq mədəni, ictimai-siyasi və sosial
keçmişini öyrənmək üçün müasir
tarixşünaslıq elminə qiymətli faktlar verir.
Müstəqillik dövründə institutda anadilli abidələrin
orijinal qrafikada elmi-tənqidi mətnlərinin
hazırlanması və nəşri işində də nəzərəçarpacaq
nailiyyətlər əldə edilmiş, H.M.Əliyevin tərtibatında
Məhəmməd Füzuli divanının, A.Babayevanın tərtibatında
Füzulinin "Leyli və Məcnun" məsnəvisinin, A.Şəriflinin
tərtibatında İsanın "Mehri və Vəfa"
poemasının, P.Kərimovun tərtibatında Əlican
Qövsi Təbrizi divanının, T.Əkbərov tərəfindən
Xətai Təbrizinin "Yusif və Züleyxa" məsnəvisinin
elmi-tənqidi mətnləri ilk dəfə çap etdirilərək
mütəxəssislər arasında yayılıb. Əlyazmaların kataloqlaşdırılması və
arxiv materiallarının biblioqrafik göstəricilərinin nəşri
sahəsindəki irəliləyiş də qeyd edilə bilər.
2000-ci illərdə institutda ərəb əlyazmaları
kataloqunun üç cildi, fars əlyazmaları
kataloqunun üç, türk əlyazmaları kataloqunun iki
cildi, Məhəmməd Füzulinin biblioqrafiyası (tərtibçilər:
C.Qəhrəmanov və A.Xəlilov), Xacə Nəsirəddin
Tusinin biblioqrafiyası (tərt. A.Xəlilov və A.Musayeva),
"Kitabi-Dədə Qorqud"un
biblioqrafiyası (tərt. A.Xəlilov),
Qarabağ biblioqrafiyası, "Füyuzat"
jurnalının biblioqrafiyası (tərt. A.Xəlilov), həmçinin,
C.Nağıyevanın "Yusif Vəzir Çəmənzəminli
arxivinin təsviri" və M.Məmmədovanın
"Müslüm Maqomayev arxivinin təsviri", eləcə
də M. Adilovun
"Firudin bəy Köçərlinin şəxsi
arxivi" kitabları nəşr edilmişdir. Paşa Kərimovun
"XVII əsr anadilli Azərbaycan lirikası", "XVII əsr
ana dilli Azərbaycan poeziyası (İcmal və
portret-oçerklər)", "Sadiq bəy Sadiqinin
türkdilli yaradıcılığı" monoqrafiyaları
Səfəvilər dövrü Azərbaycan ədəbiyyatının
tədqiqi baxımından böyük maraq doğurur.
Hazırda
Məhəmməd Füzuli adına Əlyazmalar
İnstitutunda 12 şöbə, 1 laboratoriya fəaliyyət
göstərir.
Son
dövrlərdə AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun xarici ölkə
kitabxanaları ilə əlaqələri genişlənib, surətlərini
əldə etdiyimiz yazılı abidələrimizin sayı
artıb. Əlbəttə ki, bunun əsas səbəbi
Azərbaycanın müstəqilliyinə
qovuşmasıdır. Artıq sovet
dövründə olduğu kimi, bir əlyazmanın surətini
əldə etmək üçün mərkəzdən,
müxtəlif məqamlardan icazə almağa ehtiyac yoxdur.
Xarici ölkə kitabxanalarından əldə
edilmiş əlyazma surətləri tariximizi, mədəniyyət,
elm və ədəbiyyat tariximizi yeni gözlə nəzərdən
keçirməyə imkan verir. Bu işdə
bizə kömək edən xarici ölkələrdə
yaşayan həmvətənlərimizin (bunlardan Almaniyada
yaşayan Məhəmmədəli Hüseyninin adını
xüsusi olaraq çəkmək istərdim), səfirliklərimizin,
Heydər Əliyev Fondunun yardımı böyük əhəmiyyətə
malikdir.
Onu da qeyd etmək istərdik ki, sovet dövründən
bəri respublikamızda saxlanan əlyazmaların əhalidən
toplanması prosesi getmişdir, Əlyazmalar İnstitutunda
saxlanan əsas materiallar bu toplanmanın nəticəsidir. Əlyazmalar İnstitutunun əməkdaşları
müxtəlif
bölgələrdə elmi ekspedisiyada olub, əhalidə
saxlanan əlyazmaların siyahısını tutublar.
Bünövrəsi
Ulu öndərimiz Heydər Əliyev tərəfindən
qoyulmuş müstəqil, çağdaş Azərbaycan
Respublikası inkişaf etdikcə milli-mənəvi dəyərlərimizə,
tarixi keçmişimizə, yazılı abidələrimizə,
onların tədqiqi, nəşri və təbliğinə
diqqətin get-gedə artması danılmaz faktdır. İnanırıq
ki, vaxt gələcək, dünya kitabxanalarında tariximizə,
mədəniyyət, elm və ədəbiyyat tariximizə dair
bütün əlyazmaların surətləri, elektron
variantları əlyazmaların vahid dövlət qorunma mərkəzi
kimi AMEA Məhəmməd Füzuli adına Əlyazmalar
İnstitutunda toplanacaq. Azərbaycan Milli Elmlər
Akademiyası Məhəmməd
Füzuli adına Əlyazmalar İnstitutu Böyük Britaniyanın Kembric
Univeritetinin nəzdində yaradılmış Beynəlxalq İslam Əlyazmaları
Assosiasiyasının ( TİMA) üzvüdür.
İnstitutda
əlyazmaların elektron kataloqu və nadir, nəfis, qiymətli
əlyazmaların elektron kitabxanasının yaradılması
işi də müasir tələblərə uyğun şəkildə
aparılır. Zəngin bir tarixi inkişaf yolu keçmiş
Azərbaycan Milli Elmlər Akademiyasının Məhəmməd
Füzuli adına Əlyazmalar İnstitutu da özünün
70 illik yubileyinə hazırlaşır. İnstitutun kollektivi
bu şanlı tarixə öz töhfəsini verdiyinə
görə qürur hissi keçirir.
Paşa KƏRİMOV
AMEA Məhəmməd Füzuli
adına
Əlyazmalar İnstitutunun elmi
işlər üzrə
müavini, filologiya elmləri
doktoru
525-ci qəzet.- 2020.- 24 sentyabr.- S.10-11.