Meh
"Sevdiyin hər şey çox güman ki, bir gün
itəcək, lakin sevgi əvvəl-axır fərqli bir şəkildə qayıdacaq"
Frans Kafka
O gün çox erkən çəkildi otağına. İşıqları söndürdü. Balaca lampasını da yandırmadı. Yorğanını açıb yerinə səssizcə uzandı.
Sonra yorğanı büsbütün
başına çəkdi.
Gözlərini yumdu. Gözünün kənarından bir damcı yaş süzülüb, incidən
bir xal kimi
bəzədi gül yanağını. Sonra da yuvarlanıb yastığının
üstünə düşdü.
Yastığın cimcimə güllərdən
olan naxışlarının
arasında gözdən
itdi.
Gecənin səssizliyində burnuna bir qoxu gəldi. Bir meh toxundu üzünə.
Bir də bir cüt
şehli ləçək.
Azacıq da çiyələk
ətirli. Sonra o meh
gecəliyinin yaxasından
içəri keçdi.
Sardı-sarmaladı onun balaca, zərif boynunu. Oxşadı.
Saçlarını qoxladı. Bayaqdan üşüyən
bədəni yavaş-yavaş
isinməyə başlandı.
Gözlərini qorxa-qorxa açdı.
Ətrafa boylandı. Otaqda al-əlvan ulduzlar sayrışırdı. O gecə hamısı açıq qalan pəncərədən süzülüb
onun otağına gəlmişdi. Hər tərəf çilçıraq
olmuşdu. Amma bilmirdi
ki, bu ulduzlar
bu gecə təkcə onun üçün parlayırdılar.
Ehtiyatla dikəldi. Balaca əllərilə alnından süzülüb
gələn ilıq tərini sildi. Meh artıq yox idi. Amma bayaqkı qoxu
elə bil, onu çağırırdı.
Nazik yorğanını üstündən
atdı. Ayağa qalxıb
qoxunun arxasıyca dəhlizə çıxdı.
Onu oyadan meh yenə toxundu
qızılı saçlarına. Sevindi. Mehi
bir də hiss etməyəcəyindən qorxmuşdu.
Meh onu çağırırdı.
Arxasıyca getdi. Mətbəxin qapısı aralı idi. İçəri isə qaranlıq.
Meh ondan qabaq keçdi.
Birdən başının üstündən bayaq otaqda sayrışan ulduzlar topayla gəlib mətbəxə
girdi. İçəri al-əlvan oldu.
Elə bil, dünyanın bütün işıqları
ora toplanmışdı.
Sonra topayla kürəyindən
ehmallıca itələyib
onu içəri apardılar. Mətbəxin qapısı bağlandı.
Orada bir meh, bir
o, bir də ulduzlar qaldı. Hə, bir də
o baş gicəlləndirən
qoxu...
O gecə mətbəxə heç kəs gəlmədi. Nə su istəyən
oldu, nə də qapısının şüşəsindən işığı
sezən. Bəlkə də,
o gecə hamı bilərəkdən yuxuya verilmişdi.
Mətbəxdə iki balaca əl
dirijorluq edirdi. Süd yağa
qarışmışdı. Yağ mayaya. Hələ un... Ələndikcə dənələri havada uçuşur, sonra narın-narın, yağış kimi aşağı enirdi.
O gecə hər kəs onun əmrinə
tabe idi. Sonra hamısı birləşdi,
balaca əllərin istisindən yoğrulub bir yerə toplaşdı.
Yumaq oldu. Balaca əllər yumağın
üstünü örtdü.
Yumaq dərin yuxuya getdi. Qalan hər şey
yavaş-yavaş öz
qutularına, qablarına
qayıtdı. Elə bil
burada heç nə olmamışdı.
Heç
nəyə toxunulmamışdı.
Meh onun gözlərinə toxundu. Gözünün yuxarı uzun
kirpikləri yavaş-yavaş
sallanıb, aşağıdakılara
qarışdı.
Günəş çoxdan çıxmışdı. Pəncərədən düşən şəfəqlərilə
"oyan-oyan", deyə
onun yanaqlarına toxunurdu. O, gözlərini
açdı. Ətrafa həyəcanla
boylandı. Nə ulduzlar
var idi, nə də çiyələk ətirli
meh. Amma o qoxu... O, yenə gəlirdi. Yorğanını tələsik üstündən
atıb ayaqyalın mətbəxə qaçdı.
Qapısını açıb içəri
girəndə stolun üstündə dəsmalla
örtülmüş, günəş
kimi qızarmış
südlü çörəyi
gördü. Yaxınlaşıb çörəyi iylədi.
Çörəyin ətrini içinə
çəkdi. Bu, həmin qoxu idi. Onu gecə oyadan
qoxu. Anasının südlü çörəyinin
qoxusu.
Arxadan bir əl toxundu qızılı saçlarına. Diksinib arxaya
çönəndə nənəsinin
gözəl üzünü
gördü. Gözləri doldu. Yaşlar incilər kimi
topalanıb kirpiklərində
dayandı. O, əllərini
açıb nənəsinin
boynuna sarıldı. Nə isə demək istəyirdi ki, yenə mətbəxin aralı qalan qapısından bir meh girdi içəri.
Onun üzünü tumarladı.
Sanki "Sus! Sirrimizi heç kəsə demə!", deyə balaca dodaqlarına toxundu. Balaca əllər bir az da bərk sarıldı
nənəsinə. Amma bu dəfə həyəcanla
yox, məmnunluqla.
Bəlkə də bu gecə yaşadığı
bir yuxu idi, amma artıq
bilirdi ki, o, darıxan kimi, anası süd çörəyinin ətrilə,
sayrışan ulduzlarla,
günəşin şəfəqlərilə,
mehin ilıq nəfəsilə onun yanına gələcək.
Fidan MALİK
525-ci qəzet.-2020.- 25 sentyabr.-
S.15.