Bu da 40-cı qapı...

 

ŞAİR AY BƏNİZ ƏLİYARIN PORTRET CİZGİLƏRİ

 

Sözə, şeirə heyranlığımı xatırlayanda, yadıma təxminən 60 il uzaqlıqda qalmış bir yaz günü düşür. Həmin ilin yazı nədənsə gecikmişdi və ağaclar da gec çiçəkləmişdi.

Və mən bağçamızda çiçəklərə bürünmüş bir gilas ağacının altında oturub "Ana dili" kitabından bir şeiri oxuyurdum:

 

Səhər çağında,

Gilas bağında.

Uçurdu bir quş,

Edirdi cik-cik...

 

Qəribədir, indi aradan uzun illər keçəndən sonra da ürəyimə yatan bir şeiri oxuyanda yadıma gecikmiş bir yaz günü düşür. Həmin yaz günündə gilas ağaclarının çiçəklədiyi bir bağça düşür və mən səhər çağında o bağçada belədən-beləyə uçan azad, sərbəst balaca bir quşcığazın xoş avazını, nəğməsini eşidirəm...

İstedadlı şair AY Bəniz Əliyarın saysız-hesabsız poeziya nümunələrini də mən beləcə heyranlıqla oxuyuram:

 

Torpaq da hər canlı kimi

Yazın xoş ətrini duyur.

Yağış çırmalanıb yenə,

Hisslərimin tozun yuyur.

 

Çağdaş poeziyamızda məxsusi yeri, dəsti-xətti olan AY Bəniz Əliyar qədim və həmişəcavan Şabran torpağında yaşayıb-yaradır.

"Hər şeirin öz yaşı olduğu kimi, hər yaşın da öz şeiri yazılır. Bunun əksinə olaraq AY Bəniz Əliyarın şeirlərində sakit, ehtirassız Aybənizdən daha çox, həyata fəal müdaxilə hissi olan, rast gəldiklərinə kənardan seyirçi kimi baxmayan, ətrafda cərəyan edən hadisələrin burulğanına girməyi, başa düşməyi, ürəyinin süzgəcindən keçirməyi bacaran qayğıkeş, düşüncəli Aybənizi görürəm" - bu səmimi, isti sətirlər şairənin 2002-ci ildə çap olunan ilk kitabına ön söz yazmış tanınmış şair, həkim-professor Paşa Qəlbinurundur. İndiyə kimi AY Bəniz Əliyarın "İlk görüş", "Dənizin dostu", "İşığa can atan arzular", "İntizar", "Qürubda günəş", "Cənnətdən gələn məktublar", "Darıxmaq" adlı şeir kitabları çapdan çıxıb və oxucular tərəfindən rəğbətlə qarşılanıb.

 

***

 

AY Bəniz Əliyar öz yaradıcılığı ilə çox-çox məşhur, adlı-sanlı oxucularının, qələm dostlarının diqqətini cəlb edib. Sağ olsunlar, onlar da bu istedadlı şairəmiz haqqında ürək açıqlığı, qəlb səxavəti ilə xoş sözlər deyiblər. Xalq yazıçısı Elçinin fikrincə:

"Baxın, mətbuatdakı elə ilk yazılarından istedadı hiss olunan şairənin -  AY Bəniz Əliyarın lirik qəhrəmanı hansı bir daxili aləm çırpıntısı ilə dəruni bir qorxunu yox, məhz kədəri - bu yerdə kədər ilə tənhalıq üzvi bir vəhdətdədir - necə ifadə edir:

 

Bir az insanlardan qaçmaq,

bir az özünü dinləmək...

Bir az torpağı qoxlamaq,

getmək və geri dönməmək..."

 

Akademik İsa Həbibbəyli isə onun haqqında belə düşünür:

"... AY Bəniz Əliyarın harada yaşadığını bilməsək, şeirlərindəki zəngin obrazlar aləminə, düşüncəsində müasirliyə görə onu paytaxtın ən qaynar ədəbi mühitini təmsil edən şairlərdən biri hesab edə bilərik. Fikrimcə, o, müasir Azərbaycan şeirinin istedadlı nümayəndələrindən biridir və böyük ədəbiyyatın yaranması yollarında məsuliyyətlə xidmət edir".

 

***

 

Söz adamı-qələm əhli, istər şair olsun, istər nasir, həm də demə, mahir bir rəssam imiş. Bir balaca fırça tutmaq məharətin ola ki, molbert arxasına keçib qələm əhlinin sözlə təsvir etdiyi bir mənzərəni boyaların dili ilə bir tabloya çevirəsən. Baxdığınız tabloda gözlərinizin dincəlməyini, ruhunuzun oxşamağını istəyirsinizsə AY Bənizin bu şeirini oxuyun:

 

Qaranlığa boğulmuşdu gecənin gözü,

Çəyirtkələr yarışırdı verib səs-səsə.

Qəmlənmişdi göydə Ayın yarımçıq üzü,

Pərvanələr ertəgözlü batmışdı yasa.

Kim deyərdi bu gecənin səhəri yoxdu,

Ay özü də Ay olmazdı gizlənməsəydi.

Sanardın ki, bir ins-cinsdən xəbəri yoxdu,

Maşın fiti, qatar səsi səslənməsəydi.

Ruhunuzla birgə gözləriniz də oxşanmadımı?

 

***

 

Novella nəsrə aid janrdır. Oxuculara ədəbiyyat nəzəriyyəsindən dərs keçmək niyyətində deyiləm. Qısaca bunu qeyd edim ki, novellada süjet adətən oxucunun gözləmədiyi bir sonluqla bitir.

Açığı, həcmcə o qədər də böyük olmayan bir şeirdə belə gözlənilməz sonluğa rast gəlməmişəm. Bəlkə başqa oxucular oxuyub. Sözüm bunda deyil. AY Bəniz Əliyarın bu şeiri isə əsl novelladır ki var:

 

Qapımı döyəcəksən,

qapım sənə qurban,

Pəncərəmdən boylanacaqsan,

pəncərəm sənə qurban...

... sənə qoşulub gedəcəm,

arxamda buraxıb

körpə balalarımı,

həyat yoldaşımı,

hər şeyimi...

Ölüm, ay ölüm,

ay gözəl-göyçək sevgilim...

Qapıma gəlmə,

yerini de, mən gəlim...

 

Bu da vaxtsız körpə itirmiş şairənin sinələri dağlı anaların ürəklərini, dillərini yandıran ağılarımız, bayatılarımız kimi oxucunu için-için ağladan, korun-korun yandıran ana acısı-elegiyası:

 

Bir körpə qəbrinə zillənib gözüm,

On il bundan qabaq bətnimdə idi.

Necə uşaq idi, balaca, şirin,

On ildi eləcə körpə qəbirdi.

Qurtula bilmirəm düşüncələrdən,

Çox keçib, əlbəttə, deyirlər, nə var.

On ildi saçını daramıram mən,

Yəqin ki, bir xeyli uzanmış olar...

 

***

 

Əl-ayaq yığışandan sonra axşam bazarına yolunuz düşübmü? Satan satıb, alan alıb aldanıb... Piştaxtaları hələ də boşalmayan bir bazara... Çəkidə-hesabda kəf gəlib kefi də saz olan, müştərisinin üzünə baxıb, halından-əhvalından xəbərdar olan, çəkidə də, qiymətdə də zərərə düşsə də, insafa gəlib onu razı salmasını müşahidə etmisinizmi?

İstər meqapolis, istərsə də bizim Şabranın kiçik əyalət bazarı olsun - AY Bəniz Əliyarın "Axşam bazarı" şeiri bəlkə də şərqində Günəş doğanda, qərbində Günəş batandakı bir dünyanın Axşam bazarıdır.

Çəkilər eyni, qiymətlər eyni, satıcının da, alıcının da fikir-düşüncəsi eyni... Satmağı bacarmaq, bacarıb aldanmamaq... Təkcə şairəni düşündürən tərəzinin haqq-hesab gözünün əyilməməyidir.

 

Yenə ucuzlaşdı axşam bazarı,

Biri təbin satdı, biri ilhamın.

Biri ad çıxardı - "İlin yazarı",

Biri ad qazandı - "Gündəm adamı".

 

***

 

Bu gün ölkəmizdə istedadlı bir şairə kimi tanınan, şeirləri qardaş Türkiyədə, Özbəkistanda işıq üzü görən, rus dilinə tərcümə edilən, Prezident tədaüdçüsü olmuş AY Bəniz Əliyar Şabran ədəbi mühitinin son illər yetirdiyi tanınmış nümayəndəsidir və buradan pərvazlanmış adlı-sanlı qələm dostlarının cərgəsinə, neçə vaxtdır ki, AY Bəniz Əliyar da qoşulub. Bizim üçün son dərəcə fərəhləndirici haldır ki, Şabran ədəbi mühiti son zamanlar ölkə miqyasında böyük diqqət və rəğbətlə izlənilir. Bu bölgənin söz adamlarının yaradıcılığı paytaxtda məmnunluqla qəbul edilir, yerli ədəbi mühitin ümumən ölkə ədəbiyyatı ilə qaynayıb qarışması sürətlə cərəyan edir. Təsadüfi deyil ki, görkəmli ədəbiyyatşünas alimimiz, AMEA-nın birinci vitse-prezidenti, akademik İsa Həbibbəylinin bir neçə il bundan qabaq çap etdirdiyi "Şabranda ədəbi həyat" adlı kitabında da bu məqam xüsusi vurğulanıb və bunun əsasları, səbəbləri haqqında olduqca dəqiq təhlillər verilib. Akademik bu barədə yazır: "Fikrimcə, Şabranda ölkə miqyasında qəbul edilən və Azərbaycan Yazıçılar Birliyinin Bölməsinə çevrilən ədəbi mühitin yaranmasının əsas səbəbi (2019-cu ildən əvvəlki illər nəzərdə tutulur - Aydın T.) rayona rəhbərlik edən şəxsin həm də ciddi bir yaradıcı sima olması ilə əlaqədardır... AYB-nin üzvü olan N.Nəcəfoğlunun yüksək səviyyəli yaradıcı şəxsiyyət olması onun bölgədəki "əhli-qələm"i arayıb-axtarmasını, onlarla ünsiyyət qurmasını, bədii yaradıcılıqla məşğul olan insanlara hörmət və ehtiramla yanaşmasını şərtləndirmiş, Şabrandakı ədəbi qüvvələrin bu ərazidə mərkəzləşməsinə münasib şərait yaratmışdır".

Akademikin sözlərinə qüvvət olaraq, deyim ki, AY Bəniz Əliyarın da yaradıcılığının güclü pərvəriş tapması və ölkə səviyyəsində tanınması, mərkəzi ədəbi mühitlə,  paytaxtdakı qələm dostları ilə sıx ünsiyyət qurması da məhz qeyd olunan illərdə baş verib.

 

***

 

AY Bəniz Əliyarın bir portret cizgisi də budur ki, yamanca şəkil çəkdirmək həvəskarıdır. Ömrünün, az qala hər gününü sözlə əbədiləşdirib şeirə köçürmək bir yana, dostlarla oturub durduğu anları da çəkib paylaşmağı da onun bir şakəridir.

Qələm dostumuz Qəşəm Nəcəfzadə AY Bənizin bu "zəif damarını" duyandan sonra bir neçə il bundan qabaq onun haqqında yazıb "Ulduz" jurnalında dərc etdirdiyi essesini "AY Bəniz Əliyar və onun yeddi şəkli" adlandırıb və orada çox maraqlı müşahidələr yer alıb: "Mənə elə gəlir ki, AY Bəniz Əliyarı milyon il əvvəl görmüşəm. Uzaq bir diyarda Günəş qürub etdiyi zaman. Günəşin sarı şüaları hələ saralmamış taxıl zəmisini qızılı rəngə boyayırdı. Həmin taxıl zəmisinin yanında AY Bəniz Əliyar şəkil çəkdirirdi, bir tərəfində rəfiqəsi, şairə Sevinc Məmmədova, bir tərəfdə gül balaları. Bir az o tərəfdə gözəl yazıçı Aydın Tağıyev dayanmışdı, uzağa baxırdı, günəşin batmasına tamaşa eləyirdi və üzünə düşən şüaları qamçı kimi əlinə alıb vaxtı döyəcləyirdi, bu günümüzə gəlib çatmaq istəyirdi. AY Bəniz tələsmirdi, şəkillərlə milyon il sonraya gəlmək üçün yarpaqlarla, ağaclarla, çiçəklərlə, hətta xəyallarla şəkil çəkdirirdi..."

 

***

 

Nağıllarımızda, mifologiyamızda 40 rəqəmi sirlidir, sehrlidir... Bir çox sirlər-sehrlər də elə 40-cı qapı açılandan sonra aşkarlanıb əyan olur. AY Bəniz Əliyar bu günlərdə ömür sarayının 40-cı qapısını bağlayır. 41-ci və bundan sonrakı qapılar da qoy xeyirə qənşər açılsın. İnanıram ki, onun sözünün sirri-sehri ilə oxucu ürəyinə hələ çox qapılar açılacaq!..

 

Aydın TAĞIYEV

AYB Şabran bölməsinin rəhbəri

 

525-ci qəzet.- 2020.- 25 sentyabr.- S.15.