Sabir satirasinda
özünütanima və milli kimlik
III məqalə
Ədəbi düşüncədə
milli özünüdərk problemləri
Bir əsrdə iki dəfə müstəqilliyini
qazanmış Azərbaycan xalqı buna qədər
böyük bir milli özünüdərk prosesindən
keçib. Zaman-zaman xalq bu mərhələlərdən
keçərək milli özünüdərkin ən
yüksək səviyyəsinə çatıb və dövlətçiliyini
formalaşdırıb. XIX əsrin
ortalarından xalqın ədəbi, bədii, mədəni fəaliyyət
potensialı artaraq milli ideya ətrafında birləşib.
Xalqın milli ideya ətrafında keçdiyi
özünüdərk prosesi həm də ədəbi
düşüncədə öz əksini tapıb.
Minillik Azərbaycan poeziyası XX əsrin əvvəllərində
yeni mərhələyə daxil olur. Bu mərhələni
şərtləndirən yalnız poeziyanın realizmə (tənqidi
realizmə!) daxil olması deyildi, həm də onun istiqamətini
dəyişməyə, özünüdərkə yönəlməsi
idi. XIX əsrdən başlayan bu proses əsrin əvvəllərində
ictimai məzmun qazanır; poeziyada özünü tanıma,
milli özünüdərketmə prosesi baş verir. Satirik poeziya bir forma olaraq özünün ən
yüksək zirvəsinə qalxır. Şübhəsiz,
bu zirvənin başında Mirzə Ələkbər Sabir
dayanırdı. Onun şeirlərində
milli kimlik, vətəndaşlıq, milli yaddaş kodları
satirik formada təzahür etdi. Milli özünüdərkin
ifadə vasitələri müxtəlif və zəngindir; bu
proses bu və ya digər şəkildə bütün janr və
formalarda üzə çıxa bilir. M.Ə.Sabirin
böyüklüyü orasında idi ki, satira
güzgüsünü xalqın milli-mənəvi
varlığına, onun ayrı-ayrı qütblərinə
yönəltdi, yaddaşını təzələdi və hərəkətə
gətirdi. Onun bütün şeirləri
xalqın milli qürurunun, oyanan vicdanının,
keçmiş yaddaşının ifadəsidir. Bu mənada Sabirin poeziyası tamamilə yeni bir məzmun
daşıyır. Təəssüf ki, indiyədək
şairin poetikasında bu problemə çox az
əhəmiyyət verilmiş, onun
yaradıcılığı yalnız bəzi ədəbi
parametrlər, daha çox, ideoloji, sosioloji yöndən tədqiq
edilmişdir. Sovet dövründə şairin
yaradıcılığına birtərəfli
yanaşılmış, "fəhlə və kəndli
şairi" olaraq qiymətləndirilməyə
çalışılmışdır. Sonrakı
dövrdə də Sabir poeziyası müxtəlif ədəbiyyatşünaslıq
problemləri nöqteyi-nəzərindən tədqiq
edilmişdir. Düşünürəm
ki, Sabir poeziyasını araşdırmanın yeni mərhələsi
gəlib çatmışdır; bu mərhələdə
araşdırmanın mahiyyətində şeirlərini milli
oyanma, özünütanıma istiqamətində təhlil
edilməsi ön sıraya keçir.
Xalqın, cəmiyyətin
özünütanımasında gülüş və satira
mühüm yer tutur; məhz bu yolla Rable, Svift, Molyer, Servantes,
Mark Tven, Şedrin, Qoqol, Çexov və b. satiriklər həyatın
müxtəlif problemlərinə güzgü tutmuş,
gerçəkliyi xalqın düşüncə tərzinə
oturda bilmişlər. Sabirin də böyüklüyü
xalqın kimliyini, onun tarixi düşüncəsini və
bugününü satirik şəkildə, ona gülə-gülə,
ağlaya-ağlaya, ağlada-ağlada ortaya
çıxarmasıdır. O, satira aynasını
xalqın zahirinə deyil, mənəvi-əxlaqi
düşüncəsinə yönəltmiş, onu kəskin
satira atəşinə tutmaqla, rədd etməklə, həm də
təsdiq etmişdir. Sabir satirasının bir
qütbündə onun mövcud kimliyini rədd etmək, digər
qütbündə isə yeni kimliyini təsdiq etmək
düşüncəsi dayanır. Bu yanaşma həm də
yaradıcılığının ana xəttini təşkil
edir:
Səs
salma, yatanlar ayılar, qoy hələ yatsın,
Yatmışları
razı deyiləm kimsə oyatsın,
Tək-tək
ayılan varsa da, haqq dadıma çatsın,
Mən
salim olum, cümlə cahan batsa da, batsın;
Millət necə tarac olur olsun, nə işim var?!
Düşmənlərə möhtac olur olsun, nə
işim var?!
Sabir bədii sisteminin strukturu bütün mahiyyəti ilə
burada ifadə olunur; daha doğrusu, "Millət necə tarac
olur-olsun, nə işim var?! şeiri
şairin milli özünəməxsusluq konseptinin kredosudur. "Bizə nə?!" satirasında da cəmiyyət
hadisələrinə eyni mövqedən yanaşır.
"Gər bu il xalqı təbah etdi
giranlıq, bizə nə?! Tapmayır ac-yalavaclar
güzəranlıq, biz nə?!" düşüncəsində
olanlar özünü cəmiyyətdən ayrı təsəvvür
edir, baş verən hadisələrə biganəlik və
laqeydliklə özünüdərkin qarşısında sipər
çəkirdilər. Onlar daxilən
çürümüşlər, xalqın məfkurəsini dərk
edə bilmir, onun gələcəyi haqqında
düşünmür, yalnız özlərini fikirləşirlər.
"Zahida, gəl soyunaq bir kərə
paltarımızı" şeirində zahidə müraciətlə
müqayisə xalqın oyanmasına,
özünütanımasına yönəlmişdir. Cəmiyyət içində uzun illərdir zahidə
olan qəlibləşmiş hörmət şübhə
altına salınaraq "Çıxaraq zahirə batindəki
əfkarımızı", - deyə müraciət edilir.
Əgər belə olarsa, "Hər kimin
ağı qara isə" utanar və "Bəlkə illərcə
yatanlar" oyanar. Şair yatanları oyatmağa
çalışır, çünki xalq oyandıqdan sonra
özünü tanıyacaq, kimin kim
olduğunu yaxşı biləcək:
Gəl
yazaq şərt üçün öz tərcümeyi-halımızı,
Həm də
doğru olaraq şərh edək əhvalımızı,
Xəlq tətbiq
eləsin halımıza qalımızı,
Anlasınlar
da nolur, qayeyi-amalımızı,
Hər
kimin qəlbi qara isə utansın o zaman,
Bəlkə illərcə yatanlar oyansın o zaman.
Satira bütün dövrlərdə müxtəlif
variasiyalarda eybəcərliyə, nöqsanlara qarşı
çevrilir.
Lakin hər dövrdə satiranın
qarşısında müəyyən estetik prinsiplər
dayanır. Görkəmli rus alimi Yuri Borev klassisizm dövründə
satiranın xarakteri haqqında yazırdı: "Klassisizm
dövründə satira mücərrəd əxlaqi və
estetik normalardan çıxış edirdi, satirik
gülüşün obyekti də mücərrəd-mənfi əlamətləri
özündə birləşdirən personaj idi. Riyakarlığa, avamlığa,
adamayovuşmazlığa qarşı satiralar (Molyer) belə
yarandı". Tənqidi realizm
estetikasında isə satiranın əsas tənqid hədəfi
xalq və onun xarakteri idi. Sabir
satirasının milli idealı xalq idi; onun satirik şeirlərində
xalqın milli özünüdərk problemi qoyulur.
Şair milli şüuru formalaşdırmaq
üçün xalqın təfəkküründə olan
idealları lağa qoymaq, tənqid etmək yolu ilə
xalqı cəhalət pərdəsi altından
çıxarmağa çalışırdı. Burada yeni dərketmə
var, ayrı-ayrı fərdləri deyil, xalqı
düşünür, xalqı tənqid edir. Özü
də həqiqəti xalqın üzünə deyir; indiyədək
heç kim xalqın üzünə onun
bu qədər yatmış olduğunu bu şəkildə deməmişdi.
Heç kim cəmiyyətin "xalqın
düşmənə möhtac" duruma
saldığını cəsarətlə deyə bilməmişdi.
Cəsarət Sabirə həqiqət uğrunda
mübarizə aparmağa imkan verdikcə, xalqın həqiqətə
gedən yolunu təmizləyir və açırdı.
Ədəbiyyatşünas Məsud Əlioğlu şairin
satirasının bu keyfiyyətini nəzərdə tutaraq
yazırdı: "Hamının gördüyü, lakin dərk
edə bilmədiyi, hamının şahidi olduğu, lakin
xilasına qabiliyyəti və şüuru
çatmadığı ictimai yaraları, dərdləri dərindən
duyduğu və şərh etdiyi üçündür ki,
şairin həyatı və yaradıcılığı
qüssə və möhnət alovları içərisində
idi".
Sabir
xalqın mənəvi yaddaşına müraciət edərək
"övladi-vətən"in "qoy hələ avarə
dolan"masını, səfalət çirkabına "əli-başı
bulanmasını" istəyir; çünki bu zaman
ayrı-ayrı fərdlərin işi yaxşı gedir. Fərdlərin marağı önə
çıxdığı zaman xalqın marağı ikinci
plana keçir. Onun qəhrəmanı
xalqın keçmişinin yada salınmasının da əleyhinədir,
ona görə ki, xalq öz keçmişinə baxdıqda
qürurunu, vicdanını dərk edəcək və onu geri
qaytarmağa çalışacaq. Dünyadakı
başqa xalqların tərəqqi etməsi də onu
maraqlandırmır, yalnız yatarkən yuxuda görür.
Şairin "Ol gün ki, sənə xaliq edər lütf bir
övlad", "Bilməm nə görübdü bizim
oğlan oxumaqdan", "Qocalıqdan şikayət",
"Cəhd eylə sən ancaq nəzəri xəlqdə pak
ol", "Etdi bu fələk hər kəsə bir tövr
yamanlıq", "Tərpənmə, amandır bala, qəflətdən
ayılma", "Nə yazım?" və başqa satirik
şeirlərində həqiqət güzgüsünü
xalqın düşüncəsinə yönəldir, onun ən
zəif tərəflərini ortaya çıxarır. Xalqın mənəvi varlığında kök
salmış laqeydlik, haqsızlıq tufanları, gerilik
möhnətləri, gələcək haqqında qüssə
və bədbinliyi atmaq istəyi onu kəskin tənqid etmək
yolundan keçirdi. Xalq, cəmiyyət
özünü tanımaq üçün ayna
qabağında durmalı, orada özünü görməli,
özünə yenidən baxmalı və yalnız bundan sonra
ictimai həqiqəti dərk etməlidir. "Nə
yazım?" şeiri şairin milli özünüdərk
prosesində ziyalıların, şairlərin rolunu bəlirləyərək
oxucunu "nədən həqiqəti qəbul etməməsi"nə
hazırlayır. Bu, realizmin əsas proqramı olduğu
kimi, Sabir poeziyasının da ana xəttidir:
Hələ
mən dörddə birin yazmayıram, karına
bax,
Üstümə
gündə söyürsən bu qədər, arına bax,
Özün
insaf elə, əfkarına, ətvarına bax!
İstəmirsən yazam? Öz eyibli kirdarına bax!
Kişi,
sən eybini qan, mənlə əbəs cəng eləmə!
Özünü,
həm məni bu barədə diltəng eləmə!
Sabir cəmiyyətin ayrı-ayrı zümrələrini,
mental dəyərlərini qamçılayarkən həqiqətə
əsaslanır, ona sığınır və xalqın gələcək
dünyagörüşünü, milli mənlik
şüurunu formalaşdırırdı. İlk dəfə olaraq, bədii
düşüncədə xalqın qarşısına ayna
tutaraq "Yoxsa bu ayinədə əyri görürsən
özünü?!", - deyə sual edirdi.
Xalq aynaya baxıb özünü görür,
kimliyini tanıyır, qüsurlarını dərk edirdi.
Onun bütün bu tənqidləri xalqın
taleyi, dünəni və bugünü ilə bağlanırdı.
O, ictimai həqiqətin müdafiəçisi kimi
çıxış edirdi. Bəzən bu
çıxışlarında bir mücahid rolunu
oynayırdı. Tənqid o zaman
güclü, təsirli və emosional olurdu ki, həqiqətə
əsaslanırdı. Sabir məhz bu faktora
söykənir, həmişə Allaha şükr edən bir
toplumun zəifliklərini göz önünə sərirdi.
Şair "Etdi bu fələk hər kəsə
bir tövr yamanlıq" şeirində xalqın nədən
bu günə qalmasının nədənlərini arayır və
bu səbəbləri ortaya qoyur. Şairin gəldiyi
poetik qənaət daha sərt və kəskindir:
Bir rus
görəndə oluruq xar yanında,
Quzu,
keçiyik biz...
Keçməz
sözümüz bir pula sərdar yanında,
Çünki nəçiyik biz?!
Tanrı
buna şahid
Quzu,
keçiyik biz...
Yaxud
"Ata nəsihəti" şeirinə nəzər salaq;
şair atanın dili ilə oğluna "boş yerə elmə
çalışmamasını", "gündüz-gecə
səy etməməsini" ona görə məsləhət
görür ki, qanı və canı gedir, tələf olur. Ata elm oxuyanların bu dünyada fayda görmədiyini
deyir və bu yolda malını qoyanları "divanə"
adlandırır. Şair bir qədər də irəli
gedərək, oxuyanların "sasalım" (sosializm) və
"demorqat" (demokrat) olub xalqın evini
yıxdığını, "qanunu" bəyənmədiyini,
"çoban-çoluq oğlunun" hamını bəyənməyərək
bəy ilə "bahəm" olmasını dilə gətirir.
O, oğlunun bu cür işlərdən uzaq olmasını istəyir.
Oğluna nəsihətində "boynuna
beşatılan asıb" yaraqlı olması və "qeyrətdən
uzaq olması" istənilir. Sabir bədii
təfəkküründə təsdiq edilən şey əslində,
inkarı doğururdu. Sabirin milli-sosial
şüurunda satirik obrazın özünüifşasında
gizlənən ideal milli özünüdərkin
qavranılması üçün ən yaxşı vasitələrdən
biri olur.
Sabirin satirik şeirlərində millətin maddi və mənəvi
əzabları, ağrıları, itirdikləri bütün
detalları ilə poetik şəkildə ifadə olunur. Bütün
bunlar xalqın dərdlərinin ayrı-ayrı formaları
kimi satirik poeziyanın ana xəttini təşkil edir. Şair bu ağrıları yaxından duyur və yaşayırdı.
Onun qaldırdığı problemlərin
aktuallığı və yaşarılığı da bunda
idi. Sabirin satirik şeirində milli
özünüdərkin siyasi platformasını bütün
aydınlığı ilə görmək olar. Bu cəhətdən
Sabirin "Fəxriyyəsi"ni
satirasının ictimai məzmuna keçməsi
baxımından yeni bir mərhələ hesab etmək olar. Romantiklərin xalqın keçmişinə, tarixinə
üz tutaraq tərənnüm etdikləri şairin
satirası üçün tutarlı bir fakt olur. Sabir bu şeirində romantik şair Ə.Qafarzadənin
"Turanlılarız, sahibi-şənü şərəfiz
biz, Əslafımızın nayibi xeyrül-xələfiz
biz" misraları ilə tərənnümünün
ünvanını dəyişib ona ictimai və milli məna
verməyə nail olur. Xalqın keçmişi ilə
indisini müqayisə edən şair "Zənn etmə ki,
bu əsrdə avareyi-nanız, Əvvəl nə idiksə, yenə
biz simdi-həmanız...", - deyərək
opponentinə cavab vermiş olurdu. Opponenti kimi tarixə
müraciət edən Sabir Xarəzmləri, Çingizləri,
Teymurları, Toxtamışları, Qızıl Ordaları,
Şah İsmayılı, Sultan Səlimi, Nadir şahı və
b. xatırlayır, Səlib yürüşündə qalib gəldiklərini
dilə gətirir. Göründüyü kimi,
romantik ədəbiyyatın ən çox fəxr etdiyi bu
adlarda, hadisələrdə, dövrlərdə belə Sabir
xalqı özünütanımasında yeni kodlarla
düşünməyə vadar edir. Şairə görə,
bunlarla yanaşı, "öz haqqımızı gözləməyə
bitərəfiz, biz", "Həqqa ki, səzavari-nişanü
şərəfiz biz", "Guya ki, biyabanda bitən bir ələfiz
biz", "Əlyövm uruslaşmaq ilə zişərəfiz
biz" və s. Göründüyü kimi, şairin
satirik-poetik təfəkküründə bütöv bir
xalqın keçdiyi yol təhlil edilir. Lakin bu təhlildə
şəxsi münasibətlər deyil, ictimai-siyasi
yanaşmaya geniş yer verilir. Onun
satirası mücərrədlikdən çox konkretliliyə
söykənir.
Zülmətsevər
insanlarız üç-beş yaşımızdan,
Fitnə
göyərir torpağımızdan, daşımızdan,
Tarac edərək,
bac alırız qardaşımızdan,
Çıxmaz,
çıxa bilməz də bu adət başımızdan...
Əslafımıza
çünki həqiqi xələfiz biz!
Öz
qövmümüzün başına əngəl kələfiz
biz!
Sabir xalqın, türk toplumunun keçib gəldiyi yolu
ümumi bir nəzərlə bugünkü durumunu dəyərləndirir. "Kim nə
deyər bizdə olan qeyrətə?!" sual və nidası
ilə xalqın xarakterini, ictimai hədəflərini müəyyənləşdirir.
Şair burada da "Fəxriyyə"də
olduğu kimi, qafqazlı igid ərləri tərənnüm
edir. Ancaq bu igid ərlərin öz dilindən
eşitdiyimiz tərifdə əksini
düşünürük. "Nərlər"in,
"hünərvərlər"in hünəri nədən
ibarətdir: "iş görəcək yerdə söz əzbərləmək",
"ancaq quru, boş söhbətə" aşiqlik,
"keçməyə çay gəlməmiş"
çırmanmaq, "yay gəlməmiş"
qızmağa başlamaq, "asta qaçıb xəlvətə"
dürtülmək, "əhlimizi başqalarına"
satmamaq, "qeyrəti-milliyyəmizi" atmamaq və s.
Şairin "Kim nə deyər bizdə olan qeyrətə,
Qeyrətimiz bəlli bütün millətə"
ironiyasında xalqı yaxşı tanımaq və
tanıdığı üçün də ona olduğu qiyməti
verməkdir. Milli ideal o zaman formalaşır ki,
özünü yaxından tanıyır. Sabirin
şeirlərində xalq özünü yenidən
tanıdı və dərk etdi.
Milli şüurun formalaşması yalnız romantizmdəki
milli şərqilər ilə deyil, həm də Sabirin
"Millət şərqisi" ilə baş verirdi. Sabirin bu
cür şərqiləri çoxdur və bu şərqilər
xalqın özünütanımasında və dərketməsində
poetik mənbədir. Şair bir çox
şeirlərini dövrün millətinə üz tutaraq
yazır, etdiyi tərəqqiyə ironik münasibət
bildirirdi. Millətə "tərəqqi"dən
sonra "İndi bir az da dincəl, baş qoy yatağa, millət",
- deyə ironiya edirdi. Əgər başqa
şeirlərində bu və ya digər şəkildə
xalqı oyanmağa çağırırdısa, burada
"oyanmış" milləti yatmağa səsləyir.
Nəticə eynidir, ironik münasibət bizi əksinə
düşünməyə vadar edir. Millətin
keçdiyi yola nəzər salan şair "hər
dürlü iş" gördüyünü, "islama xidmət"
edərək "məzhəbləri
ayırdığını", "yüzlərcə coqə
yapıb, minlərcə söz buyurduğunu" dilə gətirir.
Şairin gəldiyi satirik qənaət isə daha
düşündürücüdür: "Hər gündə
bir cəmaət atdın qırağa millət! İndi bir az da dincəl, baş qoy yatağa, millət!"
Komizmin sosial təbiəti bundan ibarətdir ki,
ironiyanın müxtəlif çalarları real gerçəkliyi
əks etdirir. Şairin axtardığı müsbət
ideal onun tənqid hədəflərində özünü
büruzə verir:
Uyquda ikən
aləm, əfradını oyatdın,
Cümlə
miləl içində öz şənini ucaltdın,
Hörmətli
ad qazandın, ali məqama çatdın,
Əhsən,
səd əhsən, əhsən bu təmtərağa, millət!
İndi
bir az da dincəl, baş qoy yatağa, millət!
Sabirin milli özünüdərkində xalq
bütövdür; onun yaradıcılığının
böyük bir qismi Cənubi Azərbaycanda baş verən
ictimai-siyasi proseslərə həsr edilib. "Ağladıqca
kişi qeyrətsiz olur, Necə ki, ağladı, İran
oldu" misralarında bu qiymət ən kəskin şəkildə
ifadə olunur. "Nədir ayə, yenə üsyanı
iranlıların?", "Doğrudan da, Məmdəli, qeyrət
halal olsun sənə!", "Neçin verməyir?",
"Satıram", "Gülüstan"i-Sədidən bir
hekayeyi mənzuməyə bənzətmə", "Bura
say", "Altmış illik ömrüm oldu səndə bərbad,
Ərdəbil!", "Əhli İranda pah oğlan, yenə
hümmət görünür",
və s. onlarla şeirlərində təkcə İran
hadisələrini təsvir etməmiş, həm də həmvətənlərinin
tarixi taleyi ilə maraqlanmışdır.
Sabir
yalnız İrandakı despotizmi tənqid etmir, həm də
"Hali-məczubim görüb, qare, demə divanədir, Nəreyi-şuridəmi
zənn etmə bir əfsanədir", - deyə Təbrizdə
baş verən milli mücadiləni, azadlıq
ideyalarını təqdir edirdi. Türklərin
Səttar xan ilə əhdi-peyman edərək istibdad
zülmünə qarşı qalxması, "millətə",
"milliyyətə can qurban etmələri" milli
mücadilənin təzahürlərindən biri kimi Sabir
şeirinin problematikasından biri idi. Xalqın oyanan
vicdanını səfərbər edərək milli mücadiləyə
qalxan Səttar xan Azərbaycan qəhrəmanına
çevrilir:
İştə
Səttarxan, baxız, İranı ihya eylədi,
Türklük,
İranlılıq təklifin ifa eylədi,
Bir rəşadət, bir hünər göstərdi, dəva eylədi,
Dövlətin
bir eynini dünyada risva eylədi,
Qaçmayıb
pərvanə tək oddan, demə pərvanədir,
Afərinim himməti-valayi-Səttarxanədir.
Sabir
birbaşa İran mövzusuna iyirmi beş
şeir həsr etmişdir ki, bu şeirlər xalqın milli
şüurunu formalaşdırmaq baxımından böyük
iş görmüşdür. Onun o zaman
qaldırdığı bu problemlər bu gün də
aktuallığını qoruyub saxlayır. Bu şeirlər Cənubda xalq arasında milli
özünüdərkin əsasını qoyur. A.Səhhətin
"Sabirin asarı... İran məşrutəsinə
bir ordudan ziyadə xidmət etmişdir", - sözlərində
böyük həqiqət vardır. Əslində,
İran məşrutəsinin bu şəkildə baş verməsinin
bir səbəbi də Sabir poeziyasında milli şüurun
formalaşması, vətəndaşlıq duyğusunun
baş qaldırması idi.
Sabirin əsas tənqid hədəflərinin arealı
millət, onun ayrı-ayrı zümrələri-mollalar,
müəllimlər, uçtellər, intilgentlər, zalxalar,
tükəzbanlar idi. Milli eybəcərliyin tənqidinin əsasında
isə milli ideal dayanırdı. Sabir
öz milli idealını kənarda axtarmırdı. Bütün sualları və nidaları ilə
xalqı mənəvi özünüdərkə səsləyirdi.
Bu özünüdərk müxtəlif forma və
üsullarla edilirdi. Bütün hallarda
Sabir satirik poeziyasının ana xəttini xalqı özünə
yenidən tanıtmaq və onu gələcəyə
hazırlamaq idi. Onun poeziyasının
bugünkü aktuallığını şərtləndirən
bu faktor, həm də irəliyə doğru hərəkət
edən estetikasının əsas prinsiplərindən biri kimi
yadda qalır.
Timuçin ƏFƏNDİYEV
Bakı Xoreoqrafiya Akademiyasının
rektoru,
Əməkdar elm xadimi, professor
525-qəzet.- 2020.- 25 sentyabr.- S.10-11.