Gülüşü üzündə don vuran qadın
Necə
əzab çəkib,
necə dözmüsən,
Ömrünə-gününə can verən qadın.
Qürurlu görsənib saxta
gülmüsən,
Gülüşü üzündə
don vuran qadın.
Sevəndə sevmisən hamıdan
gizlin,
Baxışların qorxaq, gözlərin sezgin.
Ayrılıq oduyla aldın əvəzin,
Gülüşü üzündə
don vuran qadın.
Çox
şey istəmədin
axı həyatdan,
Üzüldü əllərin qohumdan, yaddan.
Heyf, yarımadın sevdiyin yardan,
Gülüşü üzündə
don vuran qadın.
Tənhayam yenə
Qaranlıq otaq
Tənhayam yenə...
Dizimi qucaqlayıb,
ağlaram yenə.
Gözümün yaşını,
üzüm qurudur.
Çöldə yağış yağır,
göy guruldayır.
Mənim
dərdlərimə
göy də ağlayır.
Divarlar çox soyuq,
otaq çox soyuq.
Yaman üşüyürəm
bu dərdlərimlə.
Heç
nə eşitmirəm,
heç nə duymuram.
Bircə
pəncərimi,
qapımı döyən,
Saçlarını yolan
küləkdən başqa.
Açmıram qapını,
əl çək deyirəm.
Bilirəm ki, yenə
bəd xəbərlisən
Qaytar gətirdiyin o
xəbərini,
Çatmasın o xəbər
öz mənzilinə.
Niyə
tək qalmışam,
niyə sən yoxsan?
Arzularım sənsiz
belini büküb.
Durub dayanmağa
gücü qalmayıb.
Onu incitməyə
haqqın
ki,
yoxdur.
Apar yağışını,
küləyini də,
apar
ikimiz olmayan yerə.
Necə
oğurladın,
elə də qaytar
ömrümə nur saçan
günəşimi də.
Artıq dəli olmuşam
Xəbərin var,
artıq dəli olmuşam.
bezdim
divarlarla danışmaqdan,
Xəyalını pərdə kimi asdım,
gözlərimin önünə.
Alışdım bu yalançı həyata,
yalanların içinə
atılmış bir əşya kimi
qaldım həsrətimin küncündə.
Sənin kimi yalana qarışdım,
adı olmayan quru dənizlər kimi.
Yazın
yağışını,
qışın qarını
sonra göz yaşlarıma qarışdırdım.
Yastığımın nəminə yapışdı üzüm,
sonra dəli kimi yastığı sən əvəzi,
bərk-bərk sinənə
çəkdim.
Boylanıram gecələr
pəncərədən ətrafa
Ay işığındakı
külək tərpədən
ağaclara.
Mənə elə gəlir
ki,
dəli oluram artıq,
yarpaqlar mənə gülür.
Sənli
xatirələrdən
narın yağış
tökülür.
Gülnar ÜMİD (HÜSEYNLİ)
525-ci qəzet.- 2020.- 26 sentyabr.- S.23.