Yunanıstan: səfər
təəssüratları və zəngin keçmişi barədə
düşüncələr
(Əvvəli ötən
sayımızda)
Ellinlər Avropa xalqlarının elmində, incəsənətində
və ədəbiyyatında pozulmayan iz qoymaqla, qüdrətli
sivilizasiya yaratmışdılar. Qədim
Yunanıstanın mədəniyyəti - mifologiyası, fəlsəfəsi,
inşaat və təsviri sənət sahəsindəki bilikləri
hər bir adi təhsil görmüş adama da məlumdur.
B.e.ə. IV əsrin ortalarında yunan şəhərləri
üzərində ağalıq hüququnu Makedoniya sülaləsi
ələ keçirdi. Aleksandr Makedoniyalının (b.e.ə. 356-323-cü
illər) nəhəng, lakin uzun ömrü olmayan imperiyası
Cənubi-Şərqi Avropada, Cənubi-Qərbi Asiyada və
Şimali-Şərqi Afrikada geniş ərazilərə malik
idi. Ona görə də ellinist adlanan mədəniyyətə
(b.e.ə. IV əsrin sonu - I əsrə aid olan dövrdə
mövcud olmuşdu) yunan və Şərq ənənələrinin
vəhdəti xarakterikdir.
Aleksandrın ölümündən sonra onun
imperiyası bir neçə dövlətə - ellinist
monarxiyalarına parçalandı. Ellinizm
epoxasının özündə (b.e.ə. II əsrdən
başlayaraq) Balkan yarımadasında Roma imperiyasının
hakimiyyəti bərqərar oldu. Əvvəlki
yunan şəhər-dövlətlərinin yerində Roma əyalətləri
meydana gəldi. Bizim eranın IV əsrində
isə Roma imperiyası iki hissəyə - Qərbi və Şərqi
Roma imperiyalarına parçalandı. Şərq
hissəsi VIII əsrdən etibarən keçmiş yunan
koloniyası olan Vizantium şəhərinin adı ilə
Bizans adlandırıldı. Onun yerində
imperator Konstantin 330-cu ildə tikdirdiyi şəhər onun
öz adı ilə Konstantinopol adlandı. Roma imperiyasının vətəndaşları kimi
isə xalq romeyalar (romalılar, türklər isə bunu
"rumlular" kimi ifadə edirlər) adlanırdı. Onların içərisində daha çoxsaylı
və mədəni etnik birlik yunanlardan ibarət idi. Avropanın ən böyük sivilizasiyalarından
biri olan yüksək Bizans mədəniyyətinin
yaradılmasında yunanların böyük xidmətləri
var idi. Ölkədə inkişaf etmiş elmlər - fəlsəfə,
tarix, ədəbiyyat, təbiətşünaslıq elmləri,
xüsusən tibb elmi Balkan yarımadasının, Qərbi
Avropanın, həmçinin, Asiya və Afrikanın bəzi
vilayətlərinin inkişafına xeyli təsir göstərmişdi.
Osmanlı imperiyasının tərkibində
XIV əsrdən
başlayaraq Osmanlı türk işğalçıları
bir an da yatmayan, sakitləşməyən
dalğa kimi Avropaya axışdılar. 1453-cü
ildə Mehmet Fateh tərəfindən Konstantinopolun
tutulması ilə Bizans imperiyası öz mövcudluğunu
itirdi və keçmiş imperiyanın paytaxtı öz
adını da itirib, İstanbul adlandırıldı. Yunanlar çox sayda vergilərə məruz
qaldı, onlardan ən ağırı "qan ianəsi"
idi. Bu, böyük imtiyaza sahib olan
yeniçərilərin hərbi hissələrini doldurmaq
üçün xristian oğlan uşaqlarının məcburi
qaydada seçilib yığılması idi. Uşaqları ailələrindən ayırıb
sultana, həm də İslam dininə fanatik sədaqət
ruhunda tərbiyə edirdilər. Xeyli
müddət ərzində onlara evlənməyə də icazə
verilmirdi, həyatın mənasını onlar yalnız
nümunəvi hərbi xidmətdə görürdülər.
Osmanlılar spartalıların ənənələrini bir qədər
dəyişərək, daha dəhşətli etməklə,
mahiyyət etibarilə davam etdirirdilər.
Yunan xalqı yadelli qəsbkarlarla barışa bilməzdi. Kəndli
üsyanları baş verirdi. Bir sıra
dağ vilayətləri, həmçinin, Kerkira adası
heç vaxt türklərə tabe olmamışdı. 1822-ci ildə Yunanıstanın müstəqilliyi
elan edildi. Lakin türklərə
qarşı müharibə hələ uzun illər davam etdi.
Avropa ölkələrindən
üsyançılara kömək göstərmək
üçün könüllülər gəlirdi, onların
arasında böyük ingilis şairi Corc Bayron da var idi.
Nəhayət, 1830-cu ildə Yunanıstan
müstəqil dövlətə çevrildi. Dörd il sonra isə Afina bu dövlətin paytaxtı
elan edildi.
İkinci Dünya müharibəsində İtaliya
yunanların ərazisinə müdaxilə etdi. Yunanlar "Oxi!" - yunan dilində "Yox!"
şüarını irəli sürdülər. Ümumiyyətlə, indi də adamlar bu sözü
nitqlərində çox işlədirlər. 28 noyabr - "Oxi günü", yunan
xalqının milli bayramı kimi qeyd edilir.
1941-ci ildə Yunanıstana alman faşist ordusu soxuldu və
xalq kütləsi partizan müharibəsinə başladı. Xalq qəhrəmanı
Manolis Qlezos uca divarı aşaraq Akropoldakı nasist
bayrağını çıxarıb atmış, onun yerində
milli yunan bayrağını dancmışdı. Akropolda biz minillərin abidəsinin divarına
vurulmuş bu barədəki xatirə lövhəsinə minnətdarlıq
hissi ilə tamaşa etdik. 1944-cü ildə
Xalq Azadlıq Ordusu (ELAS) bütün əraziləri faşist
işğalçılarından azad etdi. 1946-cı ildə
monarxiya quruluşu elan edildi, xalq mübarizəyə qalxsa da,
üç il sonra vətəndaş
müharibəsi yatırıldı, Böyük Britaniya
öz təsir dairəsinə daxil olan bu ölkədə
monarxistlərin qələbəsinə köməklik göstərmişdi.
Çox sayda mübariz doğma vətənini tərk
etməyə məcbur oldu. Onlardan xeyli hissəsi
SSRİ-yə mühacirət etmişdi
1973-cü ildən etibarən onların böyük dəstəsi
vətənə qayıtdı və ümumiyyətlə,
yunan mühacirlərinin repatriasiya prosesi başlandı.
Yunan dili və şəhərlər
Yunanıstan bircinsli etnik tərkibə malikdir. Əhalisinin
96 faizi yunanlardır. Son illərdə
Yaxın Şərqdən, Afrikanın şimalından və
Əfqanıstandan qaçqın axını bu ölkəyə
də üz tutmuşdur. Monoetnik əhalisi olan, digər
avtoxton xalqları qovub ata-baba yurdundan qovmaqla, səhranın
qumunun rəngini andıran vahid millətə malik olması ilə
öyünən Ermənistanla isə heç bir ölkə
müqayisə oluna bilməz, bu vaxt yalnız əgər Sakit
okeanının kiçik adalar ölkələri nəzərə
alınmasa.
Yunanların canlı xalq dili diametikadır. Rəsmi ədəbi
dil isə kafarevusdur ("təmiz dil" mənasını
verir). Kafarevusa milli mədəniyyətin
simvolu - antik dövrün varisi kimi baxılır.
Yunanıstanda ənənəvi olaraq Bizans imperiyası
dövründən ortodoks (pravoslav) dini
yayılmışdır. Ölkədə cəmi 10 milyona
yaxın əhali yaşayır, Rusiyada olduğu kimi,
qadınlar kişilərdən çoxdur,
axırıncıların çoxu iş tapmaq
üçün əcnəbi ölkələrə
mühacirət edirlər.
Hələ qədimdən Yunanıstanda yüksək
inkişaf etmiş dənizçiliyə və ticarətə
görə, həmçinin, becərilən torpaqların
çatışmaması ucbatından şəhər həyatı
xeyli inkişaf etmişdi. Şəhərlərin
əksəriyyəti keçmiş zamanlardan meydana gəldiyindən,
onlarda köhnə planlaşma və antik dövrün
çox sayda gözəl abidələri qalmışdır.
Liman şəhərləri ölkədə
çoxluq təşkil edir. Çünki
dəniz nəqliyyatı iqtisadiyyatda mühüm yer tutur.
Yunan milyarderi Aristotel Onassis yük gəmilərinin,
xüsusən 1956-cı ildə Süveyş kanalı
böhranı vaxtı neft daşıyan tankerlərin kirayəyə
verilməsindən və fraxtından böyük var-dövlət
qazanmışdı.
Kənd təsərrüfatının da ümumi daxili məhsul
istehsalında payı çoxdur. Ölkə
başlıca olaraq tütün, zeytun, üzüm və sitrus
meyvələrinin ixracı üzrə
ixtisaslaşmışdır. Ən qədim
məhsuldar bitki növlərindən biri üzümlə
yanaşı, zeytundur. Zeytun yağı
istehsalına görə Yunanıstan İspaniya və
İtaliyadan sonra dünyada üçüncü yerdədir.
Mərkəzi və Cənubi Yunanıstanda zeytun torpaqları
0,5 milyon hektar sahəni tutur.
Yunanıstan ənənəvi beynəlxalq turizm ölkəsidir. Bütün
böyük şəhərlər və iri adalar öz
aralarında hava yolları ilə əlaqə saxlayır.
Əcnəbi turistlər füsunkar antik abidələrə,
xüsusən arxeoloji muzeylərə böyük maraq göstərirlər.
Burada qədim yüksək sivilizasiyanın, ötən
minilliklərin və əsrlərin qiymətli izlərini az qala addımbaşı görmək
mümkündür. Antik dövrün abidlərinə
- məbədlərin, qalaların, teatrların, su kəmərlərinin
qalıqlarına həm materikdə, həm də adalarda rast gəlinir.
Axı orada şəhərlər də, kəndlər
də qədimdir. Onlar ötən əsrlərin
həyatını və üslubunu əks etdirirlər. Antik şəhərlərə ictimai
yığıncaqların, açıq teatr
tamaşalarının keçirildiyi geniş meydanlar xas idi.
Bizans dövründən isə köhnə məhəllələrdəki
dar küçələr qalmışdır.
Yunan incəsənəti və fəlsəfəsi
Lap qədimdən yunanlar musiqi sənətinə mühüm tərbiyəvi amil kimi baxırdılar. Elə bir bayram yoxdur ki, onda mahnı oxunmasın, rəqs edilməsin. Yunan üçün rəqs başqa xalqlarda olan kimi təkcə əyləncə deyildir, o, hərəkətin ritmində həm sevinci, həm də qüssəni ifadə edir. Rəqs vasitəsilə istirahət etmək yunanların milli xarakteridir. Bizim yallı tipli rəqslərə daha çox rast gəlinir. Onun ən geniş yayılmış növü "Sirtaki"dir. Ən köhnə rəqslər ibadət vaxtı ifadə edilən mərasim rəqsləridir. Adətən, rəqslər musiqidən başqa, mahnı oxunması ilə müşayiət olunur. Lira, fleyta, skripka kimi alətlərlə yanaşı, gözəl səs tembri ilə seçilən buzukidən də istifadə olunur. Buzukini yunanlar Şərqdən götürmüşlər, lakin ən çox yayılan milli musiqi alətinə çevrilmişdir.
Quldarlıq
epoxasında yunanlar incəsənətdə mürəkkəb
yol keçmişdir. Klassik dövrün
(b.e.ə. V-IV əsrlər) bütün dünyaya məlum
olan əsərləri antik mədəniyyətin bədii dəyərini
bütünlüklə təcəssüm etdirir. Bu əsərlər
digər xalqların incəsənətinə böyük təsir
göstərmişdir. Renessans dövründə Qərbi
Avropanın rəngkarlığı və heykəltəraşlığı
ideal nümunə kimi antik irsə müraciət etmişdi.
Qədim
yunan fəlsəfəsi b.e.ə. VII-VI əsrlərdə
quldarlıq cəmiyyətinin inkişafı və möhkəmlənməsi
dövründə meydana çıxdı. Bu fəlsəfə özündə Avropa fəlsəfəsinin
rüşeymlərini daşıyırdı,
axırıncı isə İntibah epoxasında inkişaf etməyə
başladı.
B.e.ə. V əsrdə Sokrat özünün çox saydakı şagirdləri ilə apardığı canlı söhbətlərdə idrakın və əxlaqın əsaslarını axtarmağa səy göstərirdi. O, hesab edirdi ki, dövlətə xidmət vətəndaşlıq borcudur. Onun şagirdi Platon (b.e.ə. V əsrin sonu-IV əsrin birinci yarısı) idealist fəlsəfənin əsasını qoydu. Sokratın ölümündən sonra onun böyük şöhrət qazanmasında Platonun müstəsna rolu olmuşdu, o, yazdığı dialoqlarda Sokratı bir filosof kimi geniş təbliğ etmişdi. Platon sevinirdi ki, heyvan yox, insan kimi, barbar yox, ellin kimi və Sokrat kimi müdrikin dövründə doğulmuşdur. Platonun yaratdığı Akademiyada antik cəmiyyətin görkəmli mütəfəkkiri Aristotel (b.e.ə. IV əsr) 20 ilə qədər öz vaxtını keçirdi. Aristotelin qüdrətli ağlı o dövrdəki biliklərin hamısını əhatə edirdi, onların içərisində iqtisadiyyat da var idi. Bir çox dahilər öz elmi əsərlərində məhz Aristotelə müraciət etmişdir.
(Ardı var)
Telman ORUCOV
525-ci qəzet.- 2020.- 28 sentyabr.-
S.22.