Gülüstan Əliyeva: "Son illər gənclərimizin vətənpərvərlik ruhu daha da yüksəlib

 

Müsahibimiz Əməkdar artist, dosent Gülüstan Əliyevadır. Gülüstan xanımla son ayların karantin mühiti, bu dövrdə insan münasibətləri barədə başladığımız söhbətin əsas mövzusu gənc nəslin milli mənlik şüuru, vətənpərvərlik hisslərinin inkişafı, bu yöndə musiqinin, sənətin və sənətkarların, eləcə də televiziyaların roludur. Onun bu barədə fikirlərinin oxucularımız üçün də maraqlı olacağını düşünürük.

- Gülüstan xanım, karantin dövrünü necə keçirdiniz, nələr elədiniz?

- Çox insanlar deyirlər ki, bu dövrdə darıxıblar, maraqsız keçib, sıxılıblar. Mən elə düşünmürəm. Məncə, bu, insanlara çox yaxşı bir dərs idi ki, onlar bir az düşünməyə, ətrafına və öz içinə nəzər salmağa vaxt tapsınlar. "İnsan cəmiyyətdə kimdir?" - bu haqda fikirləşmək üçün bizə vaxt verdi pandemiya. Çevrəmizdəki insanlarla, dostlarımızla, hətta evimizdə övlad-valideyn münasibətlərini dərindən yoxlamaq üçün şərait yarandı. Çünki bizim zamanında öyrəndiyimiz ailə forması, övlad-valideyn münasibətləri bir az dəyişib. Ona görə bu baxımdan ailə içi münasibətlərdə də insanlar özlərini tanımaq dövrü keçdilər.

Pandemiya dövründə işimizlə, məktəblə bir gün də əlaqəmiz kəsilmədi. Onlayn, virtual şəkildə dərslərimiz, əlaqələrimiz davam etdi. Televiziya proqramlarına təkliflər olanda hətta onlara qatılmağı, hansı mövzularda danışmağı da özümüzçün sorğuladıq.

- Dünyanın bu qədər inkişaf etdiyi bir vaxtda insanın kiçik bir virusun qarşısında aciz qalması sizə nələr düşündürdü?

- Fikrimcə, tək mən yox, bütün insanlar bu haqda düşündülər ki, təbiət bir daha öz gücünü bizə göstərdi. Gördük ki, hər şey göylərdən idarə olunur, yerdə heç nə yoxdur. Təbiət bir daha sübut etdi ki, o, insansız da var idi və bundan sonra da ola bilər. Bununla dünyaya meydan oxuyan insanın əslində, nə qədər gücsüz olduğunu yadımıza saldı.

- Aylardır, teatrlara da həsrət qalmışıq...

- Bəli, heç danışmayın. Çox darıxıram. Zaman-zaman həmkarlarımla danışırıq, onlayn şəkildə məşqləri də davam etdiririk, təqdim olunan tamaşalara da baxırıq. Bu yöndə işlərimiz davam edir. Amma yenə də səbirsizliklə teatra qayıdacağımız günü gözləyirik.

- İyulda Ermənistanla Azərbaycan arasında Tovuz rayonu sərhədində yaşanan gərginlik bu günlərdə yenidən artmağa başladı. Ölkəmizdə əsas gündəm mövzularından biri də budur. İnsanlarda vətənpərvərlik duyğuları bir daha alovlanıb. Baş verənlərə Sizin münasibətiniz necədir?

- Biz müharibə şəraitində yaşayan ölkə olduğumuzdan hər zaman bu cür şeylərə hazır olmalıyıq. Bildiyiniz kimi, mən də Cəbrayıl rayonundan məcburi köçkün kimi gəlmişəm. 20 faiz torpaqlarımız düşmən tapdağındadır. Ən yaxşı şəraitdə yaşasaq da belə, vətən, torpaq həsrəti bircə an da unudulmur. Ölkə başçımız illərdir çalışır ki, bu, sülh yolu ilə həll olunsun. Amma əgər sülh yoluyla həll olunmursa, başqa yolu da var. Hörmətli Prezidentimiz bu siyasəti çox böyük iradəylə, səbirlə, uzaqgörənliklə həyata keçirir. Biz bir ziyalı kimi hər birimiz bunun şahidiyik. Heç bir ana, heç bir qadın istəmir ki, onun övladı, yoldaşı şəhid olsun. Milliyyətindən asılı olmayaraq, biz kimsəyə övlad itkisini, ər itkisini arzu etmirik. Amma oğul da vətən üçün doğulur. Uşaqkən böyüklərdən eşidirdik ki, oğul düşmən çəpəridir. Bunun mahiyyətinə çox varmırdıq, amma bu gün anlayırıq. Oğullarımız bu gün düşmənə sipər olurlar, olacaqlar da. Necə ki, 1980-ci illərdən başlayaraq, elan olunmamış müharibə gedir, buna artıq "dur" deməyin vaxtıdır.

Xalqımın vətəni uğrunda sərgilədiyi bu coşğusu məni bir şəhid xanımı, şəhid bacısı olaraq çox sevindirir. Torpaq üçün ölənlər olduğu zaman o torpaq yaşayır. 1991-ci ildə həyat yoldaşım və onun kimi oğullar, 1994-cü ildə qardaşım və onun kimi igidlər olmasaydı, Azərbaycan bugünkü Azərbaycan olmazdı. Bu vətənin azadlığı üçün neçə-neçə övladlarımız canından keçiblər. Şəhidlik ən böyük zirvədir. İnsanın canından əziz heç nə yoxdur. Cəmi bir dəfə dünyaya gələn insan o şirin canını "yaranan bir gün öləcək, niyə vətən üçün şərəflə ölməyim?!" şüarı ilə bu torpaqlar üçün qurban verirsə, o, çox böyük insandır. Vətənin azadlığı üçün canından keçən hər kəs əbədiyyən yaşayacaq. Bu ölkə, bu xalq durduqca onlar unudulmayacaq, adları Azərbaycanın adıyla qoşa çəkilib yaşayacaq. İki ay öncə Tovuz hadisələrində minlərlə insanımız könüllü səfərbərliyə yazıldı, "bu torpağın müdafiəsinə hazırıq" - dedi. Bu, insanlarımızın vətənpərvərlik ruhunun nə qədər yüksək olduğunun göstəricisidir. Bu, məni çox sevindirir.

- Tarix boyu musiqi vətənpərvərlik ruhunu coşduran ən önəmli vasitələrdən biri olub. Sizcə, bu gün Azərbaycan musiqisi bu missiyanı nə dərəcədə yerinə yetirir?

- Azərbaycanın çox mükəmməl hərb tarixi var. 20-ci əsrin əvvəllərindən Üzeyir Hacıbəylinin rəhbərliyilə notlu musiqi yarandığı dövrdən bu günə kimi bizim çox gözəl musiqi nümunələrimiz var. İstər opera, istər mahnı, istər balet janrında çoxlu sayda örnəklərimiz var ki, bugünkü gənclər, bəstəkarlıq məktəbinin tələbələri, məzunları onlardan kifayət qədər faydalanaraq, yeni vətənpərvərlik mövzulu əsərlər yarada bilərlər. Mən də mahnı, oratoriya janrında vətənpərvlik mövzusuna müraciət edirəm. Ən sonuncu belə bir mahnım Tovuz döyüşlərində şəhid düşən generalımız Polad Həşimov haqqında oldu. Düşünürəm ki, hər bir milli qeyrəti olan azərbaycanlı musiqiçi vətən qarşısındakı öz borcunu belə yerinə yetirərək o əsərləri yaratmalı, ərsəyə gətirməlidir. Müşahidə etdiyim qədəriylə, bu sahədə də işlər gedir. Həm müsabiqələr, həm dərsliklər, həm də mahnılar formasında biz bunları görürük. Bir müəllim, sənət adamı kimi onlara öz dəstəyimizi də verməyə hər zaman hazırıq.

- İllərin sənətkarı və pedaqoqu kimi gənclərin milli-mənlik şüuru, vətənpərvərlik duyğularını necə qiymətləndirirsiz?

- İndiki gənclərin vətənpərvərlik hisslərindən razıyam. Ta gəncliyimdən bu günə kimi bu hadisələrin içərisində yaşayanlardan biri də mənəm. Ötən əsrin 80-90-cı illərinin gəncliyi və bu günün gəncliyi... Müqayisə etsək, fərqləri də görərik. Hər şey ailədəki və cəmiyyətdəki təbliğatdan başlayır. Görürəm ki, son illər gənclərimizdə bu ruh daha da yüksəlib. 2000-ci illərin əvvəliylə müqayisədə 2010-2015-ci ildən bu yana gənclərimiz vətənpərvərlik mövzusunda daha aktivdirlər. Bu sahədə inkişaf var. Təbliğat, maarifləndirmə çox önəmlidir. Bütün televiziyalar, onlayn media, xaricdəki diasporalarımız bununla daha çox məşğul olmalıdırlar. Şəhidlərimizin həyatı, döyüş yolu qəhrəmanlıq salnaməsi kimi bədii şəkildə insanlara təqdim olunmalıdır ki, onların milli şüuru inkişaf etsin. Övladlarımıza çox kiçik yaşlarından bunları aşılamalıyıq. Mən belə görürəm ki, bugünkü gənclik Qarabağ uğrunda döyüşə ürəkdən hazırdır. Onlara uğurlar arzulayıram. Ümid edirik ki, Ali Baş Komandanımızın rəhbərliyi ilə biz ən az itkilərlə torpaqlarımızı qaytaracağıq.

- Təbliğatın əsas istiqamətverici qüvvələrindən biri televiziyadır. Televiziyanın bu yöndə işini necə qiymətləndirirsiz?

- Bütün televiziyaları eyni səviyyədə qiymətləndirə bilmərik. Bəzi kanallarda bu, çox zəifdir, bəzilərində isə daha yüksəkdir. Əlbəttə, bu yöndə əsas qüvvə yenə də bizim - o sahədə çalışan sənət adamlarının üzərinə düşür. Biz də yayım şuralarına dəstək olmalı, bu səpkidə verilişlərin artırılmasına kömək etməliyik. Formanın elə bir önəmi yoxdur, əsas məqsəddir, məğzdir. Nəticə olaraq, o verilişə baxan hər bir insan vətənin azadlığı, xoşbəxt gələcəyi üçün cizgilər, izlər, mənalar, məntiqlər tapmalıdır. Düşünürəm ki, zamanla buna nail olacağıq. Çünki televiziyalarda bu sahələr üçün xüsusi şöbələr, departamentlər var ki, bu yöndə işlər aparırlar.

- Yaradıcılığınızdakı son yeniliklər nələrdir?

- Bu məhdudiyyətlər dönəmində də işimizdən qalmadıq. 10-a yaxın yeni mahnılar yazdırmışam. Dediyim ki, şəhid generalımız Polad Həşimov haqqında mahnı ifa etmişəm. İşlərlə bağlı kitablardan biraz uzaq düşmüşdüm, indi mütaliəmi yenidən çoxaltmışam. Elmi fəaliyyətimə vaxt ayırmışam. Hər bir iş əslində, yaradıcılıqdır. Əgər işini sevirsənsə, deməli, orda yaradıcılıq da olacaq, inkişaf da. Mən, baxmayaraq ki, 25 ilə yaxındır, Opera və Balet Teatrında fəaliyyətdəyəm, 18 ildən çoxdur, müəllim kimi çalışıram, amma yenə də hər gün nəsə yenilik axtarışındayam. Həm bir sənət adamı kimi yaradıcılığımda, həm də bir müəllim kimi tələbələrlə münasibətimdə, onlara bilikləri aşılayarkən hansısa yeni formalar axtarıram.

Bu gün bütün dünya elektron idarəolunmaya keçib. Çalışırıq ki, biz də bununla ayaqlaşaq, mümkün olduqca daha çox istifadə edərək daha uğurlu nəticələr əldə edək.

- Sizin dərs prosesinizdə iştirak etmişəm. Maraqlıdır ki, o dərsi necə virtual keçmək olar?

- Nazirlər Kabineti yanında Operativ Qərargahın yeni bir qərarı çıxdı ki, fərdi dərslərdə uşaqlarla tək-tək məşğul olmaq imkanı yaradılsın. Biz həm bu cür fərdi şəkildə, həm də virtual olaraq dərslərimizə davam edəcəyik. Hər hansı dərsi onlayn etmək olar, amma xüsusi istedad tələb edən dərsləri bu cür keçmək çətindir. Ötən yarımil onun çətinliyini yaşadıq. Bu ildən sağ olsunlar ki, bizə belə bir şərait yaratdılar.

 

Şahanə MÜŞFİQ

 

525-ci qəzet.- 2020.- 26 sentyabr.- S.19.