Kamilliyə gedən yolun postmodern şərhi: Fəxri Uğurlunun hekayələri

 

Fəxri Uğurlu nasir kimi oxuculara yaxşı tanış olan imzadır. O, "Tək ağac" (1991), "Diləklərin azması" (1992), "Oğuznamələr" (professor Kamil Vəliyevlə birlikdə, 1993), "Üç kəndin bir dərdi" (Şəhidlər haqqında, 1995), "Uşaqların mahnısı" (1999), "Mövlana Cəlaləddin Rumi onun "Məsnəvi"si" (2007), "Hekayələr" (2010) kitablarının müəllifidir.

Yaradıcılığının ilkin etapında modern nəsr nümunələri ilə oxucuların diqqətini cəlb edən Fəxri Uğurlunun sonrakı yaradıcılığında postmodernizm cərəyanına məxsus elementlər üstünlük təşkil edir. Onun "Tanrı dağları" adlandırdığı hekayələr silsiləsi postmodern Azərbaycan nəsrinin maraqlı hadisələrindəndir. Bu silsiləyə 12 hekayə daxildir: "Ehsan", "Ana, sənin ərin kimdir?", "Leylinin Məcnunluğu", "Şeyx Sənan", "Fərhadın Xosrovu öldürməsi", "Dul", "İsgəndərin qanunu", "Atillanın qəbri", "Dərviş", "Oğlum sonuncu dayanacaqda düşəcək", "Məryəmin oğlu", "Peyğəmbər". 

"İsgəndərin qanunu" hekayəsində İsgəndərin darıxmağı əslində, özü ilə tək qalmaq qorxusundan doğur. O, içindəki tənhalığı başqa səslərlə ovutmağa çalışdıqca bu tənhalıq dibsiz quyu kimi daha çox oyulub böyüyür İsgəndər anlayır ki, çıxdığı yürüşlər, aldığı ölkələr, oxuduğu kitablar belə bu quyunu doldurmağa qadir deyil. İsgəndərin bu məqamdan etibarən ətraf aləmdən qoparaq öz daxilinə səyahəti başlayır. Çünki onu yad ellərə qovan öz içindən xəbərsiz olması, içindəki dünyanın qapılarını öz üzünə bağlaması idi. Qadağan olunmuş Olimp dağında rast gəldiyi Əflatun (Platon) ona öz daxilinə səyahətin yolunun nişan verir, içindəki boşluqdan qurtulmağın, həyatın anlamsızlığından, darıxmaqdan azad olmağın yolunu göstərir: "Sən dünyanı almaq istəmisən, almısan da. Ancaq onu heç vaxt sevməmisən. Sevsəydin, burdan görükən mənzərə səni çaşdırmazdı, burdan baxıb gördüklərini aşağıda da görə bilərdin. Sevsəydin, dünya özü ayağına gələrdi, daha qoşun-qoşun adamları qılıncın tiyəsi tək itiləyib, çərləyən atları başmağın tək dəyişib dünyanı qapı-qapı gəzməzdin". İsgəndər Əflatun obrazları fərqli dünyaların, hökm əqlin qarşılaşdırılmasını simvolizə edir. Qeyd edək ki, hekayədə İsgəndər Əflatun əks dünyagörüşlərini təmsil etsələr , yazıçı Ərəstu (Aristotel) obrazı ilə orta, mötədil mövqenin mövcudluğuna da işarə edir.

Əsər irfani məqamlarla da zəngindir. Əsərin alt tekstoloji qatında ədəbiyyatımızda Nizami Gəncəvinin arxetipləşdirdiyi "İsgəndər - ədalətli hökmdar" obrazı ilə qarşılaşırıq. F.Uğurlu da dahi sələfinin yolu ilə gedərək İsgəndəri irfani-ruhani hökmdarlıq mərtəbəsinə yüksəldir. Əsərdəki çoban qızı obrazı da məhz sufi-irfani simvol kimi çıxış edir. İlk baxışda oxucuda belə qənaət yaranır ki, İsgəndərin çoban qızının yanında xoşbəxt olması onun dünya işlərindən yorulub sadə, idillik həyata can atması ilə bağlıdır. Əslində isə çoban, çobanlıq, kəpənək (obraz geyim mənasında) məhz irreal, ruhi-mənəvi dünyanın, tanrıya qovuşmanın rəmzləridir. İsgəndərin real dünyada missiyası tamamlanmışdı onun ruhunun rahatlığa qovuşması, ruhunun missiyasını başa çatdırması üçün alternativ dünyaya keçidi labüd idi: "İsgəndər çoban qızından ayrılıb Olimpin kəlləsindən aşağı boylananda üstünə daş-qaş düzülmüş bəzəkli bir qayıqda insan dənizinin üzüylə yavaş-yavaş yoxluğa sarı üzdüyünü gördü. Gecikdiyini görüb dağdan düşmədi, qayıtmağa yer qalmamışdı. Yenə çoban binəsinə, çoban qızının görüşünə getdi".

 

"Fərhadın Xosrovu öldürməsi" hekayəsində Fərhad ilahi eşqin, Xosrov isə fani eşqin yolçularıdır. Fərhadın Şirinə sevgisi Xosrovun zənn etdiyi kimi cismani deyil, bu zərrənin küllə, ruhun ilahiyə olan sevdasıdır: "Doğru deyirsən, şah, mən adı çox, özü tək olanın şəklini çəkmişəm. Ancaq neyləyə bilərəm. Şirinin surəti o tək olanın gözəlliyini bütün güzgülərdən yaxşı göstərir". Məhz bu sufi sevgisi Fərhada sonsuzluğun, ölümsüzlüyün sirrini bəxş edib. Şirin Fərhadın rəsmləri ilə özündən içəridəki Şirini tanımağa cəhd edir, lakin fani dünyaya sevgi ona bu yolu sonuna qədər getməyə imkan vermir. Xosrovun dirilik gölünün suyu ilə əbədi yaşamaq istəyi onun əsl diriliyin ruhda olduğunu anlamamasından doğur. Fərhad dağları yarıb dirilik gölünün suyunu tapır. Lakin sellə gələn bu suyun bütün şəhərin məhvinə bu hadisədən dəhşətə gələn Şirinin özünü öldürməsinə səbəb olması insanın kamilliyə varmadan ölümsüzlüyə qovuşmasının mənasız imkansız olmasını simvolizə edir.

"Dərviş" öz içində azıb qalmış, cəmiyyət tərəfindən anlaşılmayan insanın hekayəsidir. Uşaqlıqdan xəyallarının qoynunda uçan, şəhərdə adiləşən, kənddə nağıllaşan bu insan daim özünü cəmiyyətə tanıtmağa, daxilindəkiləri anlatmağa çalışır. Lakin kimsə onun kimi düşünə, onun kimi sevə, onun kimi görə bilmir. Həyatda cəmiyyətin arzuladığı adam olur, lakin içində o uzunayaq, uzundimdik quşa minib uçmaq arzusunu daim qoruyub saxlaya bilir. Daxilindəki nağılı qoruyub saxlayan Dərvişin ölümündən sonra quşa, bu quşun onu qanadlarına alıb aparmasına ehtiyacı yoxdur. Əksinə, indi quş onun ruhundan yüngüllüyü, uçusu, əbədi olana doğru yolu öyrənir: "O üzündə gün işaran boz-qara buludun içiylə yanınca bir quş uçurdu. - Tanıdın məni, - quş deyirdi - tanıdın? ... Mən uçmaq istəyirəm, - deyirdi, - məni apar özünlə, məni apar..."

"Dul" hekayəsində əsas vurğulanan məqam insan ruhunun azadlığı məsələsidir. Dialoq şəklində qurulan hekayənin qəhrəmanları həyatı boyu xərçəngdən ölən həyat yoldaşından zülm görən qadın ağır xəstəlik səbəbindən ölümə məhkum olan gəncdir. Hekayənin zaman, məkan elementləri yoxdur, bütün struktur, təsvir ancaq iki şəxsin dialoqu vasitəsilə açılır. Özünü öldürmək istəyən qadını qurtaran gənc ona ruhunun azad etməsə, ölümün belə onu içindəki əsarətdən xilas edə bilməyəcəyini anladır.

"Oğlum sonuncu dayanacaqda düşəcək" hekayəsində müharibədə oğlu həlak olmuş atanın dramından söz açılır. Dərddən havalanmış qocanın bazardan evə qədər yolda oğlunun xəyalı ilə söhbəti fonunda bir insanın taleyinin gizlinləri açılır, onun xəyalı uğrunda keçdiyi yol işıqlandırılır. Oğlunu xəyalən yaşadan, avtobusda qoşa oturacaqda oğlu ilə birgə oturduğunu düşünən, "oğlum sonuncu dayanacaqda düşəcək" deyə onun yol haqqını ödəyən atanın dərdinin böyüklüyü oxucunu sarsıdır. Yazıçının atanın dilindən dediyi sözlər insan oğlunun minillik yaşam qaynağının, dirilik ümidinin məhz nəsildən nəslə ötürülən yaddaşda gizli olduğunu, nəslin davamının yalnız fiziki deyil, həm də mənəvi, ruhi davametmə olmasına inamla bağlı olduğunu vurğulayır: "Oğlu ölən atanın sonrası indisindən qabaq ölür, sabahı bu gündən ölür. Elə bircə bu günlə, bu saatla yaşamaq olmur ay oğul... Mən sənin damarlarından qanımı bütün dünyaya axıtmaq istəyirdim, sənin yaddaşından sabaha sağ çıxmaq istəyirdim. Sən məni öldürdün, oğul, məni...".

Beləliklə, silsilədəki hekayələrin hər biri strukturuna, nəql tempinə və mövzusuna görə fərqlənir. Buna baxmayaraq, heç bir hekayə silsilədən kənar, yad mətn təsiri bağışlamır. Silsilədəki alt mətni - kamilliyə gedən yolu oxucuya göstərmək üçün yazıçı hekayələri fərqli üsullarla qurur: 1.Arxetipik süjet və qəhrəmanlardan istifadə: "Leylinin Məcnunluğu", "Şeyx Sənan", "Fərhadın Xosrovu öldürməsi", "İsgəndərin qanunu", "Məryəmin oğlu", "Atillanın qəbri", "Peyğəmbər"; 2. Cari mövzular fonunda alt qatın açılması: "Dul", "Dərviş", "Oğlum sonuncu dayanacaqda düşəcək", "Ehsan", "Ana, sənin ərin kimdir?"

Fikrimizcə, Fəxri Uğurlunun "Tanrı dağları" hekayələr silsiləsini birləşdirən əsas məqam insanın kamilliyə, ruhi tarazlığa, ilahi eşqə, nirvanaya gedən yolunun kəşfinə cəhddir və bu hekayələr postmodern Azərbaycan nəsrinin diqqətəlayiq nümunələridir.

 

Elnarə QARAGÖZOVA

Filologiya üzrə fəlsəfə doktoru

 

525-ci qəzet.- 2020.- 26 sentyabr.- S.18.