"Türk oxucusunun Azərbaycan ədəbiyyatına marağı artır"

 

Türkiyəli yazıçı, "Türk ədəbiyyatı" jurnalının baş redaktoru Bəxtiyar Aslan bu günlərdə Azərbaycanda qonaqdır. Onunla görüşüb ölkəmizə səfəri son yaradıcılıq yeniliklərilə bağlı həmsöhbət olduq.

- Bəxtiyar bəy, Azərbaycana xoş gəlmisiniz. Belə bir çətin dövrdə bu səfər sizə necə təsir bağışladı?

- Xoş gördük! Bakı nisbətən rahat göründü mənə. Çünki Türkiyədə vəziyyət daha pisdi. Burda yoluxma ölüm o qədər çox deyilmiş. Mətbuatdan da izləyirdim. Azərbaycan hökuməti erkən tədbirlər görüb bunu vaxtında əngəlləyə bilib. Türkiyədə sıx tədbirlər görüldü, amma yay aylarında toylar, bayram ziyarətləri, istirahətlər işi çətinləşdirdi. Ona görə bura gəlmək burdakı qardaşlarımızın yaxşı olduğunu görmək məni rahatlatdı. Başqa tərəfdən, karantin dövründə hər kəsin çəkdiyi əziyyəti mən çəkdim. Sosial həyatımız məhdudlaşdırıldı, işlərimiz yarımçıq qaldı, heç yerə çıxa bilmədik. Bu baxımdan da Bakıya gələrək sanki nəfəs aldım. Onsuz da Bakını çox sevirəm. Mənimçün Türkiyədə yaşamaqla burda yaşamağın heç bir fərqi yoxdur. Hətta həyatımın sonuna kimi burda yaşaya bilərəm. Gələcək üçün belə bir fikrim var hətta.

- İndiki gəlişin səbəbi əsasən ilə bağlıdır?

- Əslində, Bakıya gəlməyi çox istəyirdim. Koronavirus məsələsinin bir az sakitləşməyini gözləyirdim. Bu il Azərbaycanın Xalq yazıçısı Kamal Abdullanın 70 illik yubileyidir. Bununla bağı nəzərdə tutulan işlərimiz var. Həmin işlərin ətraflı müzakirəsi üçün buradayam.

- "Türk ədəbiyyatı" jurnalının son vəziyyəti necədir?

- Jurnalın çapına davam edirik. Sadəcə son sayları mən məcburən uzaqdan idarə etməli oldum. Əvvəl dizaynerlə birlikdə oturub hazırlayırdıq, karantin zamanında isə virtual işlədik. Böyük bir problemimiz yoxdur. Hətta virusa görə yazıların sayı artdı. İnsanlar evdə qaldıqca yəqin ki, daha çox yazıblar. Türkiyədə bəzi dərgilər koronavirusla bağlı xüsusi saylar, toplular çap etdilər. Biz elə bir şey eləmədik. Fikrimiz yoxdur. Məncə, bu hadisənin ədəbiyyata təsirini bu gün anlamaq çox çətindir. Bəziləri isti-isti yazmağı uyğun görürlər, amma mən pandemiyanın təsirlərini həqiqətən vaxt görəcəyimizi, indi yazdıqlarımızın tam uyğun olub-olmadığını bilmirəm. Çünki hansısa hadisə olar, insan yaşayar, üstündən zaman keçər, hekayəsini yazanda təxminən 20 il əvvəli yazar. Pandemiyaya özəl say düşünmədik, amma bununla bağlı bir neçə yazı çap etdik. Bəlkə vaxtımız olarsa, daha geniş bir görərik. Məsələn, "Pandemiya ədəbiyyat" adı ilə... Burda təkcə koronavirus deyil, tarix boyunca dünyanı təhlükəyə salan xəstəliklərdən danışarıq.

- Azərbaycanda kitabınız çap olunmuşdu. Ordakı hekayələri tərcümə edən yazarlarla görüşməyi, fikir mübadiləsi aparmağı, gələcək üçün yeni bir planlamağı düşünürsüzmü?

- Təəssüf ki, hamısıyla görüşməmişəm, hamısını tanımıram, amma bəziləriylə kitabın təqdimatı zamanında görüşdüm. Kitabdan kənarda qalan çox hekayəm var. Onlar da tərcümə olunub, bəziləri ara-sıra mətbuatda yayımlanıb. Hamısını Aslan Quliyev tərcümə edib. Kitab olaraq da çap olunması düşünülür. vaxt olar, bilmirəm. Akademik İsa Həbibbəylinin təşəbbüsü ilə Ədəbiyyat İnstitutunda kitabımın təqdimatı keçirilərkən çox dəyərli tənqidçilər kitab haqqında məqalələr yazdılar. Onları toplu şəkində çap etməyi düşünürəm. Burda olduğum günlərdə həmin tərcüməçilərdən kimlərlə görüşə bilsəm, sevinəcəyəm. Çünki onların bir qismi məni heç tanımadan əsərlərimi çevirdilər, ya da tənqidçilər məqalələr yazdılar. Bu, çox gözəl qədirşünaslıqdır. Vaxtı gələndə onlara daha layiqli şəkildə təşəkkür edəcəyəm.

- Azərbaycan Türkiyə türkcələrindən bir-birinə hazırkı tərcümələri necə qiymətləndirirsiz?

- Biz ona tərcümə yox, uyğunlaşdırma deyirik. Çünki çox yaxın dillərdir, tərcüməyə gərək yoxdur. Böyük ədəbi əsərləri bir dildən digərinə çevirmək ixtisas işidir. Türkiyədən Azərbaycan dilinə çox əsərlər çevrilir. Amma bunlar daha çox populyar əsərlərdir. Nəşriyyat, əlbəttə, düşünür ki, bunu çap etsəm, qədər sataram. Bu, iqtisadiyyatdır. Amma bu əsnada hər iki ölkənin önəmli əsərlərini bir-birində yayımlamaq lazımdır. Məsələn, Türkiyə romançılığının ən önəmli imzası Peyami Safa Azərbaycanda çox da tanınmır. Tarık Buğra, Əhməd Hamdi Tanpınar başqaları daha çox tanıdılmalı, oxunmalıdır. İmkanlarım olduqca mən bu işə əmək verəcəm. Mənimçün yaxşı bir ədəbi əsər oxuyub bitirərkən insanda nələrisə dəyişməli, ya da o dəyişimin təməlini qoymalıdır. Bir əsəri oxumadan öncəylə oxuyandan sonra arasında bir fərq yoxdursa, o, lazımsızdır. Hər iki ölkənin ədəbiyyatında yaxşı ədəbi əsərlər var, amma onlar populyar ədəbiyyata məğlub olurlar, deyəsən. Bu cür davam edərsə, milliliyimizi unuda bilərik.

Eyni zamanda, elmi tərcümələrə ehtiyac var. Azərbaycandakı ədəbiyyat nəzəriyyəsi ilə bağlı əsərlərin böyük qismi Türkiyədə yoxdur. Bizim əsərə baxışımız sizdən fərqlidir. Türkiyədəki baxışın da bir qismi burda yoxdur. Buna görə bir-birimizi daha yaxından tanımaq üçün elmi əsərlərin tərcümələrinə ehtiyacımız var. Bu da dövlət qurumlarının universitetlərin üstünə düşən işdir.

- Türkiyəli oxucunun Azərbaycan ədəbiyyatına münasibəti necədir?

- Doğrusu, çox da yaxşı deyildi. Amma son illərdə türk oxucusunda Azərbaycan ədəbiyyatına diqqət maraq artır. Biz vəqf olaraq bəzi Azərbaycan kitabları nəşr edərkən maraq görəcəyindən elə ümidli deyildik. Amma gözlədiyimizdən çox satıldı, maraq gördü. Gün keçdikcə artır. Məsələn, Anarın, Kamal Abdullanın, Sabir Rüstəmxanlının geniş oxucu kütləsi var, kitabları satılır. Türkiyəli oxucu yavaş-yavaş Azərbaycan ədəbiyyatına aşina olmağa başlayıb. Məncə, əsərlərdən öncə yazıçıları tanıtmaq lazımdır. Çağdaş oxucu bioqrafiyaya çox maraq göstərir. Yazıçıların həyatlarına dair maraqlı məqamlar, o məqamlardakı qaranlıq otaqlar oxucuya təqdim olunarkən o, həmin yazıçını oxumaq istəyir. Bioqrafiya ona görə Qərbdə geniş yayılan bir janrdır. Bizdə isə çox da yoxdur. Bəzi monoqrafiyalar var, amma yetərli deyil. Bunları çoxaltmalıyıq ki, iki ölkə oxucusunun əlaqələri artsın. Ədəbi əlaqələrin inkişafında buna ehtiyacımız var. Çünki qalıcı olan budur.

 

Şahanə MÜŞFİQ

 

525-ci qəzet.- 2020.- 26 sentyabr.- S.16.