BİR DAHA "ƏDƏBİ
DÜŞÜNCƏLƏR" HAQQINDA
Ədəbi düşüncələr
"Ədəbi düşüncələr"in Azərbaycan
dilindəki ilk nəşrinə yazdığım kiçik
ön sözdə həmin kitabın mənim
üçün tamamilə gözlənilməz bir hadisə olduğunu
demişdim.
Dediklərimi
təkrar etmək istəmirəm və yalnız bir cəhəti
bir daha vurğulamağı lazım bilirəm ki, kitaba
toplanmış ədəbi qeydlərdə - esseciklərdə
oxucu yazıçılarla, bədii əsərlərlə, ədəbi
hadisələrlə bağlı bir-birindən fərqli fikirlərə,
fərqli müqayisələrə, bir-biri ilə
üst-üstə düşməyən yanaşmalara,
münasibətlərə, hətta bir-biri ilə zidd
mülahizələrə rast gələ bilər və bu təbiidir,
çünki söhbət müxtəlif vaxtlarda (müxtəlif
onilliklərdə!) yazılmış yazılardan gedir.
Bədii
zövq də, dünyagörüşü və
düşüncələr də, aydın məsələdir
ki, zamana bağlıdır və hər hansı bir kitab
haqqında, yazıçı haqqında 25 yaşında, 45
yaşında, 65 yaşında yazdıqların, bu əsərlərə
və müəlliflərə münasibətin - dinamik bir
şeydir, dəyişir, başqalaşır.
Ancaq güman edirəm ki, dəyişməyənlər
daha çox olur.
Koronavirusla bağlı uzunmüddətli "Evdə
qal" kampaniyasından istifadə edərək, mən yenə
(neçənci dəfə?!) səliqəsiz,
qatmaqarışıq arxivimi səliqə-səhmana salmaq istədim
və bu zaman yenidən yadımdan çıxmış
cürbəcür yazılar, o cümlədən də, ədəbiyyatla
bağlı qeydlər ortaya çıxdı.
Oxuduğum kitablar, əsərlər haqqında qısaca
qeydlər yazmaq ilk gənclik çağlarımdan etibarən
mənim vərdişim idi (elə indi də davam edir) və
bunlar mənim biləvasitə təəssüratlarımdır,
özüm üçün qeyd etdiyim fikirlər, qənaətlərdir.
Mən bunların haçansa çap
olunacağını düşünməzdim.
Əslində, bunlar yazıçının qeydləri
yox, oxucunun qeydləridir.
Bu qeydlərin də bəziləri gənclik illərində,
bəziləri aradan keçən onilliklərdə
yazılıb və onların başlıqlarını isə
mən sonradan - çapa hazırlayanda yazmışam.
Bunu da deyim ki, "Ədəbi düşüncələr"
tam şəkildə, yəni bu yeni əlavələrlə
birlikdə Azərbaycan Tərcümə Mərkəzində
nəşrə hazırlanır.
Birinci nəşrdən
isə artıq 18 il keçib və o zaman "Ədəbi
düşüncələr" oxucuların, mətbuatın
diqqətini cəlb etdi, bir çox məqalələr
yazıldı, müzakirələr keçirildi.
Həmin
birinci nəşrin tarixçəsi isə belə oldu ki,
"Ədəbi düşüncələr"i mətbuatda
oxumuş rəhmətlik Vaqif İbrahimoğlu (bizim məşhur
teatr xadimimiz və rejissorumuz) mənimlə söhbət əsnasında:
"- Mütləq kitab kimi hazırlamaq lazımdır" -
dedi və kitab nəşr olunandan sonra o, özü də bu
kitabı mükəmməl bir səriştə ilə rus
dilinə tərcümə etdi - Vaqif çox mütaliəli,
geniş dünyagörüşlü bir sənətkar idi.
Tərcümə
etdiyini isə yalnız tərcümə qurtarandan sonra mənə
dedi.
"Ədəbi
düşüncələr" Vaqifin tərcüməsində
Bakı, eləcə də Moskva mətbuatında (o cümlədən,
"Literaturnaya qazeta"da) çap edildi, kitab kimi nəşr
olundu və aradan keçən bu illər ərzində isə başqa
dillərə də çevrildi.
... O ki
qaldı mənim arxivimə, yenə də eləcə səliqəsiz
qaldı.
8 iyul 2020
Bilgəh
BİR BƏNZƏTMƏ HAQQINDA
Aşıq poeziyasında tez-tez (hərdən də
klassik poeziyada) rast gəlirəm ki, gözəlin cismani
portretini çəkəndə, bədəninin, sifətinin,
çox zaman da sinəsinin ağlığını qar
ağlığına bənzədirlər.
İndi
Sarı Aşığın da bayatılarında belə bir təşbehə
rast gəldim:
Mən
Aşıq qara baxdım,
Ağ baxtım, qara baxtım.
Sinən
yadıma düşdü,
Dağlarda qara baxdım.
Səmimidir,
axıcıdır, cinas uğurludur, ancaq bir məsələ
var: sinəsi yada düşən o gözəl canlı məxluqdur
və onun sinəsi, əlbəttə, istidir, hərarətlidir.
Qar isə soyuqdur və bu təşbeh o sinənin
istisini, hərarətini hiss etməyə qoymur, oxucunu
"soyudur", onun, əgər belə demək
mümkünsə, "poetik qızınmasına" mane
olur.
Sinə
(döş, məmə) - qar bənzətməsi, qəribədir
ki, aşıq poeziyasında və ümumiyyətlə,
folklorumuzda obrazlaşıb, qoşmadan qoşmaya, gəraylıdan
gəraylıya, bayatıdan bayatıya keçir.
Belə
bir bayatı da yadıma düşür:
Bağban
bağdan bar istər,
Xəstə
könül qar istər,
İgiddə
arzuya bax,
Əl dəyməmiş nar istər.
Gözəl bayatıdır, ancaq bir misra - "xəstə
könül qar istər", məncə, "igid
arzusuna" soyuqluq gətirir. "Xəstə
könül" - burada cismani mənada deyil, bu xəstəlik
şifirlənmiş "nar" xəstəliyidir, söhbət
həmin şifrlə bağlı isti yanğıdan gedir.
Bu gözəl
bayatıda da dolayısı yolla həmin bənzətməylə
rastlaşırıq:
Aşıq,
dağdan qar göndər,
Cənnət
bağdan bar göndər.
Açılmamış
sinədən
Dərilməmiş nar göndər.
Bu bənzətmə
hətta müasir şairlərimizin də
yaradıcılığına yol tapıb, məs.:
Nə ad verim hüsnünə, dağlardakı
qarmısan?
(M.Rahim).
Sarı
Aşığın qar soyuğundan uzaq belə bir
alliterasiyası isə çox xoşuma gəldi:
Mən
Aşıq yara bağlar,
Yar meylin yara bağlar.
Yaramı
yar bağlasın,
Yar yaxşı yara bağlar.
VULKAN PÜSKÜRMƏSİ
Vera Tulyakova - Nazim Hikmətin sonuncu xanımı - xatirələrində
yazır ki, 1953-cü ilin martında Nazim infarkt keçirir və
bir müddət SSRİ Nazirlər Sovetinin Moskva
yaxınlığındakı "Barvixa"
sanatoriyasında müalicə olunur.
Dostlar - rus yazıçıları Stalinin ölümünü
ondan gizli saxlayırlar ki, sarsılar, ürəyi dözməz. Axırda
fikirləşirlər ki, Nazim bunu bilməlidir və bu
ağır xəbəri "Barvixa"da ona Konstantin Simonov
çatdırır.
Nazim dəhşət içində donub qalır. Bir neçə
dəqiqə heç nə deyə bilmir. Hər
ikisi yaşarmış gözləriylə bir-birinə
baxır.
Simonov:
"- Bundan sonra biz necə yaşaya biləcəyik? Axı o,
bizim əvəzimizə də düşünürdü!.." - deyir.
Nazim:
"- Nə?" - soruşur.
Simonov təkrar
edir: "- O, bizim əvəzimizə də
düşünürdü!.."
Birdən
Nazim yavaş-yavaş, sonra isə bərkdən, az qala qəhqəhə ilə gülməyə
başlayır və belə bir isterikadan sonra, nisbətən
sakitləşərək: "- İndi biz özümüz
düşünəcəyik! Özümüz! Özümüz!"
- deyir.
Bu epizodu oxuyanda mənə elə gəldi ki, Nazimin
isterikası onun daxili aləmindən - qəfəsdən qopan
təhtəlşüur bir püskürmə idi.
Qəfil vulkan püskürməsi kimi.
ŞEKSPİR MİTÇELL
DEYİL
Hər dəfə belə şeylər oxuyanda,
özümü tənələyirəm ki, niyə
vaxtımı itirib, bunu oxuyuram?
Yarımçıq da qoya bilmirəm.
Aleksandra
Ripleyin "Skarlett" romanı guya ki, "Küləyin
apardıqları"nın ("Küləyin
sovurduqları" daha dəqiq olar) ardıdır, yəni
Ripley bu romanın ardını yazıb.
Kütlə üçün yazılmış
romandır, yəqin elə ona görə də tərcümə
olunur, satılır.
Əslində, Mitçellin romanı da "mənim
romanım" deyil, bestsellerdir, sadəcə müharibədən
əvvəl çəkilmiş film və o filmdəki Vivyen
Li və Klark Heybl bu romanı məşhurlaşdırdı.
Ripleyin yazdığı isə daha da artıq dərəcədə
sentimentaldır və onun Skarlett Hamiltonu Mitçellin
Skarlettindən daha artıq "şirəlidir".
Ümumiyyətlə, başqasının əsərinin
davamı olaraq başqa bir əsər yazmağa ədəbiyyatın
nə dərəcədə ehtiyacı var?
İndi
kimsə oturub, "Romeo və Cülyetta"nın
ardını yazsın ki, sevimli övladlarını itirdikdən
sonra Kapulettilərlə Montekkilərin başlarına nələr
gəldi?
Düzdü,
Şekspir Mitçell deyil, amma hər halda...
YAZILMAMIŞ ROMAN HAQQINDA
Rəşid
bəy Axundov 1874-cü ildə Brüsseldən atasına (Mirzə
Fətəliyə) yazdığı məktubda böyük
bir sevinc və ruh yüksəkliyi ilə xəbər verir ki,
imtahandan əla qiymət alaraq, "Politexnik məktəbin tələbələri
sırasına, birinci kursa qəbul olunmuşam" və gizlətmək
istəmədiyi bir fəxarətlə yazır ki, professor
Şmit onun əlindən tutub: "- Sizi təbrik edirəm, cənab,
siz əla imtahan verdiniz." - deyir.
İllər keçdi və bu sevincin sonu intiharla
qurtardı.
Həmin illərin təfərrüatına varıb,
roman yazmaq olar.
Ancaq baxır, necə yazırsan?
Yüz dəfə yazılmış şablon bir
süjetdir (məhv olmuş arzular, göz yaşları və
s.), ancaq belə yanaşsaq, mahiyyətcə şablon olmayan
bir süjet yoxdur.
Bəzən
eyni süjet ayrılıqda hər biri orijinal olan bədii
şedevrlər yarada bilir - "Anna Karenina" və
"Xanım Bovari" kimi.
Anna
kübardır və ən yüksək kübar cəmiyyətinin
xanımıdır, nüfuzlu dövlət adamı Aleksey
Kareninin arvadıdır, Emma isə fermer qızıdır, əyalətdə
yaşayır, monastır yetirməsidir, ancaq sosial baxımdan,
mühit baxımından tamamilə fərqli bu
qadınları birləşdirən - süjetdir.
İstedad isə eyni süjetə malik tamamilə orijinal
iki böyük əsər yaradıb.
Burasını da deyim ki, mənim üçün Flober
- ilk növbədə "Salombo"dur.
FARİSEYLİK
Uzun
müddət sosialist Albaniyasının rəhbəri olmuş
Ənvər Xoca xatirələrindən və siyasi mülahizələrindən
ibarət "Xruşşov
Stalini iki dəfə öldürüb" kitabında Sovet
İttifaqının Stalindən sonrakı rəhbərliyi barədə
təəssüratlarını yazır və Mixail Suslovu
("qaloşlu adam"ı!) beçə, xoruzcuq (rusca
"petuşok") adlandırır, "erməni
alverçisi Mikoyan" ("armyanskiy torqovets Mikoyan")*
adlandırdığı Anastat Mikoyanın isə
Xuruşşovun yanında "padşahın təlxəyi"
( "şut korolya") rolunu oynadığını,
Xuruşşovun onu daima ələ saldığını
deyir və s.
Ancaq indiki halda məsələ bunlarda deyil.
Kitabdakı bir epizod mənim üçün maraqlı
(və əlamətdar!) göründü.
Dini
etibarilə müsəlman olan Ənvər Xoca yazır:
"Söhbətimiz
əsnasında yoldaş Stalin məndən soruşdu:
-
Yoldaş Ənvər, siz donuz əti yeyirsiz?
Mən:
- Bəli.
- dedim.
Yoldaş
Stalin:
-
İslam dini donuz ətini qadağan edib..."
Və bundan sonra Stalin Ənvər Xocaya xalqın əqidəsinə
hörmət etməyi, bu məsələdə ehtiyatlı
olmağı tövsiyə edir.
Və bu sözləri, bu məsləhəti müsəlman
məscidlərini (Azərbaycanda olduğu kimi) ayaqqabı sexlərinə,
anbarlara çevirən, onları xarabaya qoyan bir diktator deyir.
Şekspir
qələminə layiq bir fariseylik!
__________________________
* Enver
Xodja. Xurushev ubil Stalina dvajdı, Moskva,
"Alqoritm", 2010, str. 44.
BAŞQA BİR
SİVİLİZASİYA?
Klassik yapon hokkularını tərcümə edirəm*
və tərcümə etdikcə də mənə elə gəlir
ki, bu hokkular, xüsusən Basyonun hokkuları nə vaxtsa,
başqa bir sivilizasiyanın özünüifadəsidir.
Başqa bir xalqın yox, məhz başqa bir
sivilizasiyanın.
Şərq və Qərb poeziyası bir-birindən fərqlidir,
ancaq indiki halda söhbət fərqdən yox, tamam başqa
poetik özünüifadədən gedir.
Burada təbiətlə hisslər arasında elə bir
aktiv harmoniya var ki, o. nə klassik Qərb, nə də klassik
Şərq poeziyasında var.
Bu poeziyada yağlı boyalar yoxdur, yalnız zərif
qrafik cizgilərdir. Bədii təfəkkür tərzi
başqadır və klassik yapon nəsri də elə həmin
başqa təfəkkür tərzinin ifadəsidir.
S.Entyonun "Pion fənəri" povestinə
yaponşünas V.Markova ön söz yazıb və deyir ki, bu
povest "Şəhrizad"ın kiçik
qardaşıdır.
Doğrusu,
mən XVIII əsrdə yazılmış bu povestdə
"1001 gecə" ilə nə birbaşa, nə də
dolayısı ilə bir yaxınlıq gördüm - məsələ
onda deyil ki, "1001 gecə" koloriti istiqanlı, "Pion fənəri"in
koloriti isə soyuqqanlıdır. Yəqin ona görə ki,
yapon xalqının psixolojisi, arzu və istəyi, sevinc və
kədəri bizi (hər halda, məni) belə bir
"başqa planetli" bədii özünüifadəyə
sövq edir.
Eyni cəhəti qədim yapon dramaturgiyasında da
görürük.
Antik dramaturgiyanı ("Şah Edip",
"Antiqona", "Medeya", "Elektra"), qədim
yapon dramaturgiyası ("No" teatrı dramaturgiyası,
yaxud "Kabuki" teatrı dramaturgiyası) ilə müqayisə
etmək mümkün deyil, ona görə yox ki, biri
yaxşıdır, o biri pisdir, ya da ki, aralarında
yüzilliklər var.
Ona görə ki, tamamilə müxtəlif bədii təfəkkür
ifadələridir.
Hətta Yaponiya nisbətən
"avropalaşdıqdan" sonra Akutaqava kimi nəhəng bir
yazıçının, ondan sonrakı dövrün Kavabata,
K.Oe, Kobo Abe** kimi böyük yazıçılarının
yaradıcılığında da həmin xüsusilik
açıq-aydın hiss olunur.
Mən "istiqanlı-soyuqqanlı" deyəndə,
bu, "pis-yaxşı" söhbəti deyil, dediyim həmin
bədii təfəkkür tərzinin xarakteridir.
K.Abenin "Qumluqda qadın" və "Başqa sifət"
("Özgə sifəti", "Yad sifət") kimi XX əsr
nəsrinin, yaxud "İstehkam"*** kimi XX əsr
dramaturgiyasının sanballı nümunələrində,
bircə istiqanlı təsvirə belə rast gəlmək
mümkün deyil.
___________________
* Bu tərcümələr
1979-cu ildə mənim ön sözüm, məlumat və
şərhlərimlə nəşr olundu (Nərgizin bircə
ləçəyi... Bakı, "Gənclik" nəşriyyatı);
təkmilləşdirilmiş ikinci nəşr: Bizim həyatımız
- bir şeh damlası, Bakı, Tərcümə Mərkəzi,
2016.
** Mən
bu qeydləri yazanda hələ Murakamini oxumamışdım,
indi onu da bu sıraya daxil edirəm, xüsusən
"Sineqavalı meymun" povestini
***
Sonralar bu pyesi rus dilindən tərcümə etdim (Skapenin kələkləri,
Bakı, Tərcümə Mərkəzi, 2017, səh. 441-523).
HƏSƏD KOMPLEKSİNİN
İFADƏSİ
Deputatları sərhəddə yoxlamırlar.* Mən də
Amerikada rus dilində nəşr olunmuş bir sıra kitab, o
cümlədən də. bukinist
mağazasında tamam gözlənilmədən
tapdığım və Bibliya Tərcümə
İnstitutunun 1982-ci ildə təmiz Azərbaycan dilində nəşr
etdiyi "Rəb İsa Məsihin Xoş Xəbəri, yaxud
Əhdi-Cədid (İncil)"i alıb, gətirdim.
Bu kitab
haqqında ayrıca yazacağam.**
Lev
Trotskinin üç il bundan əvvəl,
1985-ci ildə Nyu-Yorkda nəşr olunmuş "Stalin"
ikicildliyini də o kitablarla birlikdə gətirmişəm.
Həmişəki kimi Moskvadan qatarla gəlirdim və
yolda bu ikicildliyi başlayıb, Bakıda bitirdim.
Həsəd!
Həsəd! Həsəd!
Bu kitabı Trotskiyə açıq-aşkar "nə
üçün mən yox, Stalin?" - həsədi
yazdırıb.
Mənə görə, Stalin son dərəcə
ağıllı, bacarıqlı və son dərəcə də
zalım, qəddar bir dahi idi.
Belə
olmasaydı, səhər-axşam sərxoş bir pinəçinin
oğlu, ucqar bir əyalətdə doğulub
böyümüş Soso Cuqaşvili (İvanov yox, Sidorov,
Petrov yox, hətta Bronşteyn-Trotski, yaxud da Rozenfeld-Kamenyev də
yox, Cuqaşvili!) nəhəng Sovet İttifaqının
hakimi-mütləqi və dünya tarixinin ən məşhur
diktatorlarından, hökmdarlarından biri, bəlkə də
birincisi ola bilməzdi.
(II
Yekaterinanı bəxt ulduzu birdən-birə Almaniyadan
Rusiyanın imperator sarayına gətirmişdi və saray əsabələrinin
köməyi ilə elə həmin "bəxt ulduzu" onu
imperator - Rusiya tarixinin II Yekaterinası etmişdi. Cuqaşvili
isə əvvəldən axıradək öz
bacarığı, dərrakəsi, hiyləgərliyi, qətiyyəti
ilə rəqiblərini bir-bir məhv edərək, pillə-pillə
Kremlə qalxmışdı və II Yekaterina dövründən
də xeyli dərəcə nəhəng rus-Sovet tarixinin
(imperiyasının) "yoldaş Stalin"i olmuşdu.)
Trotskinin
isə həsədi Stalini "heç kim"
- başına şahlıq quşu qonmuş təsadüfi
bir adam (Yusif Sərrac) kimi göstərməyə
çalışır.
Səhifələri
petitlə yığılmış bu böyük ikicildliyin
məğzi ondan ibarətdir ki, baxın, bu - mən (yeri
düşdü-düşmədi tarixdən
"intellektual" paralellər gətirir, Sovet
İttifaqının yaranmasında və vətəndaş
müharibəsində Stalindən fərqli olaraq, bolşeviklərin
qələbəsində müstəsna xidmətlərini
xatırladır və s.), bu da - Stalin (savadsız, dərrakəsiz,
kəmfürsət, ortabab və s.).
Hətta Stalin haqqında başqa müəlliflərin
yazdıqlarından gətirdiyi sitatlarda da özü, yəni
Trotski ilə (!) Stalin müqayisə olunur. Bax, bu
tipli sitatlar: "17-ci ildə Stalin Peterburqa gələndə
onu qarşılayan olmamışdı, çünki o,
tanınmırdı. Ancaq Amerikadan Rusiyaya can
ataraq, Peterburqa gələn Trotskini qarşılayan kütlə
onu çiyinlərinə almışdı". Bu, Stalinin X.Vindeks imzalı hansısa "alman
bioqrafından" gətirilən sitatdır.
Bir sözlə, bu ikicildliyin müəllifi Lev Trotski yox,
həsəd və həmin həsədin yaratdığı dəruni,
ancaq köməksiz bir kin, qərəz və nifrətdir.
Orasını da deyək ki, həmin "savadsız, dərrakəsiz,
kəmfürsət, ortabab" Stalin Trotskini uzaq Meksikada da
tapıb, qətlə yetirdi.
_______________
* O zaman mən
Ali Sovetin deputatı idim.
** Bir
müddət sonra bu barədə yazmışam: "Tənqid
və ədəbiyyatşünaslığımızın
yaradıcılıq məsələləri", "Ədəbiyyat
və incəsənət", 7 iyul 1989.
MƏNƏVİ TƏNHALIĞIN
RƏSMİ
Poeziyanın (və ümumiyyətlə, sənətin)
gücü danışmaqda, nəql etməkdə yox, göstərmək
bacarığındadır və bu məqamda hər şey
istedaddan (bəlkə daha dəqiqi bu olar ki, istedad dərəcəsindən)
asılıdır.
Zahid
Sarıtorpaq şeirlərindən birini bu cür
başlayır:
gecəqondunun tavanındakı hörümçək torunda
bir
böcək cəsədi yellənirdi ölümündən
razı kimi
amma
düşənə oxşamırdı ağzı
açılı qalmış gecəyə
gecədəki yuxusuzluğun içinə
qonşudakı ağlağan körpənin səsindən
"Ağzı açıq gecə" obrazı
çox effektlidir.
Bu misraları oxuyanda əvvəlcə, Dali obrazları
yada düşür, elə bil ki, gecə yırtıcı
kimi ağzını açıb böcəyin düşməyini
gözləyir.
Ancaq bu sərt sürrealist mənzərədəki o
"ağzı açıq gecə" - yuxusuzdur,
qonşuda ağlayan körpənin səsi onu yatmağa
qoymayıb.
Və o
körpənin səsi bu yuxusuz gecə qaranlığına,
bu qorxunc məkana, elə bil, çağa qədərində
zərif bir həzinlik saçır və bu zaman həmin təzad
o dəhşəti insani bir kədərə çevirir, buna
görə də emosional təsiri daha da artırır,
fantastik dəhşət - həyati (real!) iztirabla, mənəvi
əzabla əvəz olunur.
Bu kədər "gecəqondu tavanındakı
hörümçək toru" ilə və o tora
düşüb yellənən böcək cəsədi ilə
birlikdə, elə bil, sözlə danışmır, rənglərlə
əhvalın, ovqatın - indiki halda mənəvi tənhalığın
rəsmini çəkir.
Mənim
şeir əzbərləməklə aram yoxdur, ancaq
haçansa Axmatovadan oxuduğum və o vaxtdan da hafizəmə
hopmuş iki misra yadıma düşdü.:
Mən
sağ əlimə
Sol əlimin əlcəyini geymişəm.
(Bu, sətri
tərcümədir, orijinalda isə belədir:
Ya na pravuyu ruku nadela
Perçatku s levoy ruki.)
Axmatova
"yalanlar içindəyəm, hər şey mənasızlaşıb,
hər tərəf tərs-məssəblikdir, dəyərlər
qiymətdən düşüb və s. və i.a və
bütün bunlara görə də mən biganəyəm,
heç nəyin mənim üçün fərqi yoxdur"
demir, həmin biganəliyin, mənəvi fərqsizliyin şəkilini
çəkir.
LOPE DE VEQA VƏ "BAŞQALARI"
Nikolay
Tomaşevski - ispan və italyan ədəbiyyatı üzrə
mütəxəssis və tərcüməçi (onunla
tanışlığımız da var - vaxtıyla bizi
MƏE-də* Jenya Sidorov** tanış etmişdi) tərtib
etdiyi və şərhlərini hazırladığı
"XVI əsr ispan teatrı" kitabının ön
sözündə obrazlı şəkildə belə bir
müqayisə apararaq, yazır ki, "X.R. de Alarkonun vətəni
Meksikada "Min zirvə" deyilən gözəl bir yer var.
Uzaqdan baxanda oradakı zirvələr bütöv bir silsiləyə
oxşayır. Ancaq ora gedəndə
görürsən ki, bu zirvələr necə də bir-birlərinə
oxşamırlar. Hərəsinin öz
forması, rəngi, yaşıllığı var".
Daha sonra yazır ki, "belə bir hadisə
Qızıl əsr ispan komediyasında da baş verir. Üç
yüzillik bir uzaqlıqda məxsusi çalarlar itir, konturlar əriyib
gedir. Buna görə deyilmi ki, Lope de Veqa, Tirso de Molina,
Xuan Ruis de Alarkon, Pedro Kalderon və Aqustin Moreto öz portretlərində
bir-birlərinə oxşayırlar və elə bil, onlar
ümumi şərti bir portretdə birləşib."
N.Tomaşevskinin bu maraqlı müqayisəsindən belə
çıxır ki, adını çəkdiyi müəlliflərə
"yaxından baxanda", onların da fərdiliyi
görünəcək və kitaba da bu dramaturqların pyeslərini
toplayıb.
Doğrusu,
mən bu pyeslərdə həmin fərdiliyi görmədim və
bu müəlliflərin əvəzinə mündəricatda
ancaq Löpe de Veqanın adı yazılsaydı, məndə
şübhə yaranmazdı ki, əslində, söhbət
ayrı-ayrı dramaturqlardan gedir, yəni stil etibarilə, eləcə
də mövzu etibarilə onlar bir-birindən ayrılmır.
İki səbəbdən biridir.
Rafaelin,
yaxud da Vinçinin tələbələri onların təsiri
ilə çəkdikləri kimi, o dramaturqlar da de Veqanın təsiri
ilə yazıblar, onun dəst-xəttindən kənara
çıxa bilməyib, onu təqlid ediblər,
yamsılayıblar.
Ya da bu
eynilik - həmin dövr ispan dramaturgiyasında ümumi bədii-estetik
bir hadisədir, elə bil ki, eyni böyük və gözəl
bir xalçanı bir yox, bir neçə nəfər toxuyub və
daha artıq zəhmətkeşliyi (yüzlərlə pyesi),
eləcə də "ədəbi bəxti" (!) de
Veqanı önə çəkib.
ELÇİN
525-ci qəzet.- 2020.- 26 sentyabr.-
S.14-15.